• cümə axşamı, 25 aprel, 02:13
  • Baku Bakı 19°C

Keyfiyyətsizdir deyə geri qayıdır, yoxsa... - ARAŞDIRMA

15.01.22 11:00 2482
Keyfiyyətsizdir deyə geri qayıdır, yoxsa... - ARAŞDIRMA
Mütəxəssislər deyirlər ki, Orta Asiya, Yaxın Şərq ölkələrinin bazarları bu gün Azərbaycan pomidorlarının ixracı üçün alternativ sayıla bilər. Ancaq bu bazarlara çıxmaq üçün məhsulumuzun keyfiyyətini də artırmalıyıq.
Bir müddət əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Dağıstanda Azərbaycandan idxal edilmiş 17,2 ton təzə tomat partiyasına baxış keçirərkən pepino mozaika virusu aşkar edib və mallar Azərbaycana geri qaytarılıb. Rusiyanın məhsulumuzu geri qaytarması ilk dəfə deyil. Artıq neçənci dəfədir ki, bu kimi hallarla qarşılaşırıq. Hazırda pomidor ixracında Azərbaycan üçün əsas bazar Rusiyadır və məhsulun geri qayıtması istehsalçılar üçün böyük zərər deməkdir.
Doğrudanmı, məhsulumuz keyfiyyətsizdir, yoxsa bu, Rusiyanın bəhanəsidir? Əgər ikinci variantdırsa, niyə fərqli bazarlara çıxmırıq?
Təsir yolu

İqtisadçı Eldəniz Əmirov bildirir ki, dövlətlər bir-birinə təsir etmək üçün belə yola əl atırlar: "Məhsulların geri qaytarılmasının səbəbi kimi qida təhlükəsizliyi məsələləri göstərilir. Dövlətlər ixrac olunmuş məhsulları geri qaytarmaqla bir-birlərinə təsir etmək istəyirlər. Eyni tərkibdə olan məhsullar bəzən geri qaytarılır, bəzən də qəbul edilir. Bu da ölkələrin bir-birini təsir vasitəsi olaraq istifadə etməsindən qaynaqlanır”.


Daha əlverişli bazar

E.Əmirovun sözlərinə görə, Rusiya bazarı bizim üçün daha əlverişlidir: "Rusiya bazarı istehlakçı kütləsi baxımından genişdir. Digər bir üstünlüyü logistik fəaliyyət məsələsidir. Logistik xərclər məhsulun maya dəyərinin formalaşmasında təsirə malikdir. Rusiya bazarı daha yaxındır. Uzaq məsafələrdə olan bazarlara məhsulların çatdırılması baha başa gəlir. Ona görə də, Rusiya daha əlverişlidir. Həm də Azərbaycanın ətrafında olan digər ölkələr bu kimi məhsulları özləri yetişdirirlər”.

Avropa bazarları daha çətindir

E.Əmirov deyir ki, alternativ bazarları ərəb ölkələri və ya Avropa istiqamətində axtarmaq olar: "Avropa istiqamətində bazarların tapılması daha çətindir. Ona görə ki, məhsula qoyulmuş standartlar və tələblər genişdir. Rusiyanın geri qaytardığı məhsulun Avropada qəbul olunması bir az inanılmazdır”.

Geri qaytarılmanın azalması üçün...

E.Əmirov bildirir ki, əgər məhsul yüksək keyfiyyətli olarsa, geri qaytarılma halları azala bilər: "Təkcə Rusiya və Azərbaycan deyil, digər dövlətlər arasında da buna bənzər halların yaşandığının dəfələrlə şahidi oluruq. Bu halların yaşanmaması üçün birinci növbədə atılmalı addım istehsal olunmuş məhsulun yüksək keyfiyyətinə nail olmaqdır. Aqrotexniki qaydalarla, qida təhlükəsizliyi sahəsindəki normativlərə uyğun məhsulun yetişdirilməsi lazımdır. Amma mən düşünmürəm ki, bütün tələblər uyğun olduqdan sonra məhsulun geri qaytarılması olmayacaq. Təbii ki, olacaq. Sadəcə məhsul keyfiyyətli olub geri qayıtdıqda günah bizdə olmayacaq”.

Yüksək texnologiyalar olarsa...

E.Əmirovun sözlərinə görə, texnoloji imkanlardan istifadə daha keyfiyyətli məhsul istehsalına şərait yaradar: "Alternativ bazarlara çıxış yollarından biri, təkcə bazarların axtarılması yox, eyni zamanda məhsulun keyfiyyətinin yüksəldilməsindən keçir. Aqrar sahədə innovativ texnologiyalar tətbiq etməklə məhsulun maya dəyərinin aşağı salınmasına nail olmalıyıq ki, alternativ bazarlara çıxış imkanı əldə olunsun, rəqabətə davamlı məhsul satışa çıxarılsın”.


Məsuliyyətsiz istehsal mühiti

İqtisadçı Rəşad Həsənov deyir ki,son illərdə pomidora olan tələbin yaranması məsuliyyətsiz istehsal mühiti yaradıb: "Bugünkü standartlara cavab verməyən, insan səhhəti üçün müəyyən zərərləri olan məhsul istehsalı müşahidə olunur. Bu problemin həlli üçün Qida Təhlükəsizliyi Agentliyi ciddi mövqe ortaya qoymalı, sahibkarlarla əməkdaşlıq etməlidir. Yəni məhsulun keyfiyyətini yüksəltdikdən sonra xarici bazarlarda yer tapmaq imkanı daha da güclənər”.

Etiraf edirlər ki...

R.Həsənov bildirir ki, bir çox hallarda Rusiyanın geri qaytardığı məhsullarda problem olur: "Rusiya bazarı aşağı və orta keyfiyyətli məhsullar bazarıdır. Rusiyanın məhdudiyyət tətbiq etdiyi məhsula inkişaf etmiş bazarlarda qapıların açılması çox çətin görünür. Rusiyanın məhsul idxalına məhdudiyyət tətbiq etməsinin səbəblərini sonradan bizim aidiyyəti qurumlar bir çox hallarda etiraf edirlər. Əsaslandırmada daha çox məhsulun keyfiyyətsizliyi, istehsal prosesində zərərli kimyəvi maddələrdən istifadə edilməsi və s. bu kimi səbəblər ortaya qoyulur”.

Alternativ bazarları necə yaratmalı?

R.Həsənov bildirir ki, sahibkarların əlaqələrinin zəif olması da məhsulların fərqli bazarlara çıxarılmasına maneədir: "Orta Asiya, Yaxın Şərq ölkələri bazarları bu gün Azərbaycan məhsulunun ixracı üçün alternativ sayıla bilər. Yaxın Şərq və Ərəb ölkələri ilə bu istiqamətdə artıq ilkin əməkdaşlıq, müzakirələr olub. Bu gün azərbaycanlı sahibkarların zəif əlaqələri məhsulların bazara çıxarılması imkanını məhdudlaşdırır. Hökumət bu istiqamətdə müəyyən dəstək verə bilər. Əlaqələrin qurulması, sərgilərin təşkilində iştirak və s. ilə bu bazarlara çıxışı təmin etmək mümkündür. Amma ilk növbədə standartlara cavab verəcək məhsulların istehsalı təmin edilməlidir”.
Zərif Salmanlı

banner

Oxşar Xəbərlər