"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" - Fotolar
"10 ildən
çoxdur ki, marketdə satıcı işləyirəm. İndiyə qədər 7-8 iş yeri dəyişmişəm.
Onlar arasında böyük marketlər də olub, balaca mağazalar da. Amma hamısında belə
olub ki, alıcılar nəsə alanda iki şeyə qiymət verirlər: Qiymət və keyfiyyət”. Bu
sözləri "Qida məhsulları alarkən insanlar seçim zamanı ən çox nəyə fikir verirlər?”
sualımızı cavablandıran satıcı Nazim Nuriyev dedi.
N.Nuriyev
deyir ki, alıcılar keyfiyyətinə əmin olduqları məhsulu davamlı olaraq almağa
üstünlük verirlər: "İndi elədir ki, tez-tez yeni məhsullar gətirirlər. Alıcının
əmin olduğu keyfiyyətli məhsuldan bəzən müəyyən qədər ucuz olanı da olur. Biz
onlara təqdim edəndə bir dəfə sınayırlar, əgər keyfiyyət yaxşı olmasa, cüzi
qiymət fərqinə baxmadan keyfiyyətli olanı almağa davam edirlər. Amma qiyməti
münasib, keyfiyyəti də yaxşı olursa, firmanı dəyişirlər. Əgər heç məlumatları
yoxdursa, bizdən kömək istəyirlər, məsləhətimizə əsasən bir dəfə alırlar, növbəti
dəfə artıq öz istəkləri ilə onu ya alırlar, ya da yox”,
Müraciət könüllüdür
Satıcının
dedikləri əslində artıq dünya bazarında formalaşmış bir fikirdir. Məhsulunu
bazara çıxarmaq istəyənlər qiymət siyasətini düzgün qurmalı, keyfiyyət məsələsini
ciddi şəkildə nəzarətdə saxlamalıdırlar. Azərbaycan da yerli tələbatı ödəməklə
yanaşı, həm də ixrac haqda düşünür. İqtisadi strategiyanın başlıca məqsədi də məhz
ixracyönlü, rəqabətqabiliyyətli məhsulların istehsal edilib, dünya bazarlarına
çıxarılması, brendlərimizin tanıdılmasıdır. Bəs qida istehsalçılarımız dünya
bazarında rəqabətə davam gətirəcək nə dərəcədə keyfiyyətli məhsullar istehsal
edirlər? Əvvəlki illərlə müqayisədə yerli istehsalımızda keyfiyyət cəhətdən
hansı dəyişikliklər var? Keyfiyyət cəhətdən ixrac imkanları böyük olan daha
hansı məhsullarımız var? Bu kimi bir çox suallar ətrafında düşünə-düşünə yolumu
qidalarımızın keyfiyyət süzgəcindən keçdiyi Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət KomitəsininTəcrübə-Sınaq Mərkəzindən(AzTEST) salıram.
Qapıda bizi AzTEST Yeyinti və Kənd Təsərrüfatı Məhsullarının sınaq laboratoriyasının müdiri Türkan
Abbasova qarşılayır. Öyrənirik ki, əslində buraya həm şirkətlər, həm də fərdi
şəxslər istədikləri qida məhsulunu sınaq üçün gətirə bilərlər. Şirkətlərin bura
müraciət etməsi də könüllüdür. Yəni keyfiyyətli məhsul istehsal etmək istəyən
istehsalçılar və qəbul etdikləri qidanın tərkibindən əmin olmaq istəyənlər
sınaq laboratoriyasına müraciət edirlər.
Qida məhsullarında təhlükəsizlik, mənşə və keyfiyyət
sınaqları
T.Abbasova
deyir ki, burada sınaqlar beynəlxalq tələblərə uyğun şəkildə aparılır. Sınaq
laboratoriyasında ISO 17025 beynəlxalq standartın şərtlərinə uyğun olaraq qida
məhsullarında təhlükəsizlik, mənşə və keyfiyyət sınaqları aparılır. Laboratoriya
ölkədə istehsal, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan məhsulların
keyfiyyətinin normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlayaraq,
onların nəticələrini təsdiq edən sənədlərin verilməsini qanunvericiliklə müəyyən
olunmuş qaydada həyata keçirir. Laboratoriya Almaniyanın Akkreditasiya Qurumu tərəfindən akkreditasiyadan keçib.
T.Abbasovanın
sözlərinə görə, laboratoriyanın beynəlxalq standartlara uyğun fəaliyyəti sınaq
protokollarının xaricdə tanınmasını, bununla da yerli müəssisələrin istehsal
etdikləri ərzaq məhsullarının maneəsiz Avropa Birliyi ölkələrinə ixracını,
ixrac imkanlarının genişlənməsini, yerli sahibkarların xarici bazarlarda özlərinə
layiq yer tutmaları üçün əlverişli şəraitin yaranmasını təmin edir. Eləcə də
ölkə daxilində insan sağlamlığı üçün təhlükəli olan ərzaq məhsullarının
istehsalının qarşısını alır.
Müəssisələr müştəriləri maraqlandıran sınaqlar istəyirlər
Laboratoriya
ilə tanış olmaq üçün şöbələri gəzirik. Qeyd edim ki, laboratoriya 5 şöbədən
ibarətdir. Nümunələr ilk olaraq "Nümunələrin qəbulu” şöbəsinə təqdim edilir.
Biz də ilk olaraq bu şöbəyə baş çəkirik. Şöbənin
əməkdaşı Sahilə Qasımova deyir ki, burada nümunə qeydiyyata alınır,
kodlaşdırılır, bölünür, saxlanılır, bütün sınaqlar aparılandan sonra hazırlanmış
sınaq protokolu sifarişçilərə təhvil verilir: "Müəssisələr əsasən müştəriləri
maraqlandıran sınaqlar istəyirlər. Şirkətlər sınağı müştəriyə keyfiyyətli məhsul
təqdim etmək, müştərilər isə keyfiyyətə əmin olmaq üçün etdirirlər”.
Məhsulda insan orqanizmi üçün zərərli olan nələrsə
varmı?
Qəbul
olunan nümunələr digər bütün şöbələrdən keçir. Biz də həmin şöbələrdə olub,
gördükləri işlə bağlı ümumi məlumat alırıq. "Mikrobiologiya” şöbəsində ərzaq məhsullarının
təhlükəsizliyi və yararlılığı yoxlanılır. Şöbənin
mütəxəssisləri Pərihan Eyvazova və Nərgiz Həsənova bildirdilər ki, onlar
burada su və qida məhsullarında rast gəlinən istər patogen, indikator, istərsə
də məhsulların korlanmasına, keyfiyyətinin azalmasına səbəb olan mikroorqanizmlərin
təsbitini həyata keçirirlər. Yəni ki, təqdim olunan məhsul xarab olub, yoxsa
yox. Yaxud həmin məhsulda insan orqanizmi üçün zərərli olan nələrsə varmı?
Hansısa zəhərlənmələrə səbəb olacaq faktorlar ola bilərmi? Bir sözlə, burada mikroorqanizmlərin
təyini gedir.
Yerli məhsullarımızda GMO yoxdur
PZR
adlanan Polizəncirvari Reaksiya sınaqları şöbəsində məhsulların geni, DNT-si araşdırılır. Şöbənin mütəxəssisi Aynur Quliyeva bildirdi
ki, məhsulların Genetik Modifikasiya Olunmuş orqanizmlərin olub-olmadığı araşdırılır,
ətin mənşəyini öyrənmək məqsədilə DNT-lərin sınağı aparılır: "Məsələn, hansısa
kolbasa və yaxud əti gətirib tərkibini öyrənirlər. Kolbasa nə ətindəndir, yaxud
ət gətirirlər ki, bu, hansı heyvanın ətidir? İstehlakçılar isə ətin mənşəyindən
tam əmin olmaq üçün müraciət edirlər”.
A.Quliyeva
deyir ki, yerli məhsullarımızda GMO yoxdur: "İnsanlarda məlumat azdır deyə,
böyük meyvələri gətirib deyirlər ki, GMO-dur. Əslində isə onların pestisidi
çoxdur. Azərbaycanda GMO-lu məhsul yaradılmır”
Fiziki-Kimyəvi
laboratoriya isə qida məhsullarının tərkibinin öyrənilməsi, qida və enerji dəyərinin
qiymətləndirilməsi məsələləri ilə məşğul olur. Məsələn, süd və süd məhsullarında
yağlılığın təyini aparılır, əsillilik, nəmlik, turşuluq, sıxlıq və s. ölçülür.
Digər məhsullar da tərkiblərinə uyğun yoxlanılır.
Cihaz laboratoriyasında
isə qida, yem və sularda ağır metal, sintetik boyalar, konservant, pestisid və
s. analizlər həyata keçirilir.
Əsasən fındıq, meyvə şirələri ixrac olunur
T.Abbasova
deyir ki, bütün bu şöbələrdə sınaq aparıldıqdan sonra müraciət edən şirkətə
sınaq protokolu verilir. Onun əsasında məhsulun texniki şərtləri yazılır:
"Sınaqlarımız beynəlxalq standartlara, QOST-lara görə aparılır. Standartlara
uyğun olanlar da olur, olmayanlar da. Biz bütün hallarda doğru məlumatı müştəriyə
təqdim edirik”.
T.Abbasova
deyir ki, ölkəmizdən əsasən fındıq, meyvə şirələri, ən çox da nar şirələri
ixrac olunur. Onun sözlərinə görə, Azərbaycan fındığı keyfiyyətli olduğu üçün
ixrac cəhətdən rəqabətədavamlıdır. Amma keyfiyyətə əminlik üçün sınaq lazımdır:
"Fındıqda aflatoksin adlı zəhərli bir parametr ola bilər. Məhsul düzgün olmayan
qaydada, nəm şəraitdə saxlananda bu maddə əmələ gəlir. 2013-cü ildə bizim
laboratoriya bu parametri beynəlxalq akkreditə elədi və hazırda bunu dəqiqliklə
yoxlayırıq”.
Meyvənin kilosu 3, şirənin litri 1,5 manata
Bəs şirələrimizin
keyfiyyəti necədir? Standartlara uyğun gəlirmi? Çünki satışda təbii meyvə şirələri
satılır. Meyvənin kilosu 3 manata olur, şirənin litri 1,5 manata. Bəs bu cür məhsullar
keyfiyyət standartlarına nə dərəcədə cavab verir? T.Abbasova deyir ki, tərkibinə
və hazırlanma üsuluna görə şirələr müxtəlifdir: "Şirələri iki qrupa ayıraq.
Birbaşa meyvə sıxılmaqla alınanlar və bərpa edilmişlər. Bərpa edilmiş şirələrin
ən azı 60-65 faizi konsentrant olur. Qalanını su ilə bərpa edirlər. Bərpa
edilmiş şirənin üstünə tam təbii olduğunu yazanlar da olur. Amma onların
normativ sənədləri, standartları fərqlidir. Məsələn, elə təbii meyvə şirəsi var
ki, ona şəkər qatmaq olmaz. Bəzən üstünə yazırlar ki, şəkər qatılmayıb, dad və
şirinlik təbii meyvənin özünündür. Amma yoxlayanda görürsən ki şəkər qatılıb.
Digər faktorlar da həmçinin. Elə nümunələr olur ki standartın tələbinə tam
olaraq cavab verir, elələri də olur ki yox. Şirənin tərkibi ilə üzərində
yazılan eyni olmayanda dünya bazarına çıxarılması, rəqabətə davamlı olmasından
söhbət gedə bilməz”.
Məhsulumuz Avropadan geri qayıtmır
T.Abbasova
bildirdi ki, ixrac haqqında düşünülürsə, məhsulun keyfiyyətinə nəzarət, izlənmə
davamlı olmalıdır. Əks halda məhsul ölkəyə qaytarılır. Bu isə həm ölkənin imici
üçün pisdir, həm də istehsalçı böyük zərərlə üzləşir: "İlk olaraq istehsalçı məhsulunun
keyfiyyətli olmasına çalışmalıdır. Sonra bizim kimi laboratoriyalar keyfiyyəti
araşdırıb istehsalçılara rəy verirlər, həm də digər ölkələrə gedəndə onsuz, o məhsulun
keyfiyyət standartları yoxlanılır. Avropada keyfiyyətə çox güclü nəzarət var.
Avropa Birliyinin xüsusi bir saytı var. Orda Avropaya daxil olan məhsulların
durumu haqda məlumat verilir. Azərbaycan da orada var. Bir müddət öncə orada
Gürcüstanla bağlı böyük qalmaqal yaranmışdı. Fındıq idxal ediblər, amma məlum
olub ki, bu araxisiymiş. Bu isə böyük problemdir, çünki orda insanların çoxunun
araxisə qarşı allergiyası var. Bizim fındıqəğəmız Avropanın böyük şirkətləri tərəfindən
alınır. Əvvəllər belə bir problem olsa da, məhsulumuz indi Avropadan geri
qayıtmır”.
Kənd təsərrüfatı məhsullarımızın ixrac imkanları
böyükdür
Bir çox
qida məhsullarının sınağını keçirdiklərini deyən T.Abbasova bildirdi ki,
keyfiyyət cəhətdən kənd təsərrüfatı məhsullarımızın ixrac imkanları böyükdür:
"Biz aqrar ölkəyik. Almanlar bura gələndə meyvə-tərəvəzlərimizi çox sevdiklərini
deyirlər. İqlim şəraitimiz yaxşıdır, yaxşı sortlar var. Biz burda məhsulların
GMO olub-olmadığını ayırd edə bilirik, 100-dən çox pestisidin sınaqlarını
aparmaq üçün işlərimiz gedir. Çünki kənd təsərrüfatı məhsulu ixrac edəndə idxal
edən ölkə məhsulun pestisid sınağını da tələb edəcək. Orqanikdir yoxsa yox?
Çünki orqanik məhsulda pestisid, GMO olmamalı, toksik metalların miqdarı çox
aşağı olmalıdır”.
"İnsanların psixologiyasında çox pul qazanmaq fikri
var, amma...”
Şirkətlərimiz
pul qazanmağa yoxsa keyfiyətə daha çox önəm verirlər? T.Abbasova deyir ki, şirkətlərimizin
çoxu keyfiyyət olmadan bazar tapmağın mümkünsüzlüyünü bilirlər: "Beynəlxalq
standartları tətbiq edən şirkətlərimizdə keyfiyyət üzrə xüsusi mütəxəssislər
var. Onların işi istehsal və idxal etdikləri məhsulların keyfiyyətinə nəzarət
etməkdir. Bunun üçün isə daimi olaraq laboratoriya ilə əlaqədə olmaq lazımdır.
Məhsulun təhlükəsizliyinə, keyfiyyətinə, əsilliyinə baxırlar. İnsanların
psixologiyasında çox pul qazanmaq fikri var. Amma indi bizə müraciət edən bir
çox müəssisələr var ki, keyfiyyətə önəm verirlər. Çünki bilirlər ki, rəqabətə
davam gətirmək üçün məhsul keyfiyyətli olmalıdır. Əlbəttə qeyri-sağlam rəqabət
də ola bilər. Hələ hədəf dünya bazarına çıxmaqdırsa, keyfiyyəti qorumaq artıq
qaçılmazdır”.
Aygün
Asimqızı
Yazı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
edilir