• cümə, 29 Mart, 15:15
  • Baku Bakı 14°C

Keşiş bəhanədir

02.08.18 19:31 959
Keşiş bəhanədir
Türkiyə ilə ABŞ arasında artan siyasi gərginlik artıq müttəfiqlik çərçivəsindən çıxmağa başlayıb. Məlum olduğu kimi, ABŞ Türkiyənin 2 nazirinə qarşı sanksiya tətbiq edib. Həmin rəsmilər Türkiyənin Ədliyyə və Daxili İşlər nazirliklərinin rəhbərləridir.
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.
Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Millətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ Maliyyə Nazirliyinin qəbul etdiyi sanksiya barədə qərara qarşı birgə etiraz açıqlaması yayıb.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Amerikanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarda keşiş məsələsi bəhanə rolunu oynayır: "ABŞ-Türkiyə münasibətləri indi ən gərgin dövrünü yaşayır. Çünki Türkiyə çox aydın şəkildə öz prinsipial və müstəqil mövqeyini Amerika qarşısında qoydu. Burada silah satışı və 15 iyul hadisələrində Amerikanın rolu ilə bağlı məsələ də var. Eyni zamanda, ABŞ tərəfindən rəsmi Ankaraya müəyyən diktələr də müşahidə olunur. Türkiyə rəhbərliyi heç vaxt bunu normal qəbul edə bilməzdi. Bir nəfərə görə iki nazirə qarşı sanksiya tətbiq olunursa, görünür Amerikada Türkiyənin rolunu axıra qədər ya başa düşmürlər, ya da normal qiymətləndirə bilmirlər. Çünki hazırda Türkiyə güclü bir oyunçudur və NATO-nun ən güclü dövlətlərindən biridir. Türkiyəni belə sanksiyalarla nə əzmək, nə əymək, nə də yolundan döndərmək mümkün olmayacaq. Ümumiyyətlə, dünya təcrübəsi onu göstərir ki, hansısa sanksiyalar konkret bir nəticəyə gətirib çıxarmır. Bu, sadəcə olaraq ABŞ dövlətinin siyasi ambisiyalarıdır və düşünürəm ki, bu heç vaxt Türkiyəyə mənfi təsirini göstərməyəcək”.
F.Sadıxov qeyd etdi ki, Türkiyə bu məsələ ilə bağlı müəyyən nəticələr çıxaracaq: "Bəlkə də ABŞ-ın hərəkətlərinə qarşı adekvat addımlar atılacaq. Ola bilsin ki, Türkiyə Amerikanın rəsmilərinə, yaxud da iqtisadi sahə ilə bağlı sanksiyalar tətbiq etdi. Hələlik bunu konkret demək tezdir. Çünki bu, düşünülmüş addım olmalıdır”.
Politoloq Elşən Manafov bildirdi ki, ABŞ-ın özünün NATO müttəfiqi olan Türkiyəyə qarşı sanksiya tətbiq etməsinin səbəbləri olmamış deyil: "İlk olaraq Birləşmiş Ştatları narahat edən və qayğılandıran amillərdən biri hazırda Türkiyə iqtidarının Rusiya ilə olan münasibətləridir. Bildiyimiz kimi, bu münasibətlər məhz ABŞ-ın müəyyən mənada Suriya konfliktinin həlli bağlı məsələlərdə geri çəkilməsinə səbəb oldu. Etiraf etmək lazımdır ki, ABŞ Bəşər Əsədi devirmək, Suriyanı parçalamaq və o cümlədən burada "Kürdüstan” dövlətinin yaradılması ilə bağlı müəyyən layihəyə malik idi. Təbii ki, ABŞ-ın kürd dövlətinin yaradılması ilə bağlı maraqları Türkiyənin maraqları ilə üst-üstə düşmürdü. Eyni zamanda, ABŞ bu layihəni gerçəkləşdirmək üçün PKK terror təşkilatına bu və ya digər mənada maliyyə dəstəyi verirdi. Bu da ciddi şəkildə rəsmi Ankaranı narahat edirdi. Ona görə də Türkiyə Rusiya ilə əməkdaşlığa getməyə məcbur oldu. Digər tərəfdən, Suriya probleminin çözülməsində Türkiyənin İranla birgə sərgilədiyi mövqe də ABŞ-ın ürəyincə deyil.
Digər bir məqam isə Türkiyənin Rusiya ilə hərbi sahədə əməkdaşlığı, məlum S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı razılaşması da Amerikanın maraqlarına cavab vermədi. Amma bu məsələdə ABŞ və NATO birbaşa məsuliyyət daşıyırdı. Çünki onlar Türkiyənin israrlı təklif və xahişlərinə baxmayaraq, Ankaraya raket sistemlərini satmaqdan imtina etdilər. Eləcə də Ərdoğan iqtidarının İsraillə münasibətlərində olan müəyyən amillər də Birləşmiş Ştatların diqqətindən yayınmır. Sirr deyil ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə bağlı Tramp administrasiyasının qərarına ən sərt təpki göstərən məhz Türkiyə oldu. Bu mənada da Ərdoğan iqtidarı ABŞ-ın Yaxın və Orta Şərqlə bağlı maraqlarının yedəyində getmədi, əksinə, onun maraqlarına zərbə vura biləcək bir mövqe sərgilədi”.
E.Manafov vurğuladı ki, ABŞ NATO-dakı müttəfiqlərinə müraciət edərək onları İranla əməkdaşlıqdan imtina etməyə çağırıb: "Bildiyimiz kimi, ABŞ İranla bağlanmış nüvə razılaşmasından birtərəfli şəkildə çıxıb və Tehrana qarşı sanksiyalar tətbiq olunur. Türkiyə isə ABŞ-ın bu tələblərinin əleyhinə olaraq bəyan etdi ki, İranla enerji sahəsində əməkdaşlığını davam etdirəcək. Bu da tamamilə anlaşılan idi. Çünki Türkiyənin enerjiyə olan tələbatının 50 faizə qədəri İran qazı hesabına təmin olunur. Bu mənada onların başqa yolu da yoxdur. Hətta ötən il Qətərlə bağlı problem yarananda Türkiyə ABŞ-a belə bir mesaj verdi ki, Qətərə müdaxilə olacağı təqdirdə türk qoşunları ilə üzbəüz qalacaqsınız. Ərdoğan iqtidarının Türkiyənin milli maraqlarına, təhlükəsizliyinə söykənən ciddi mövqeyi, əlbəttə ki, ABŞ-ı qayğılandırmaya bilməz. Ona görə də Türkiyə ilə ABŞ arasındakı münasibətlər müttəfiqlikdən daha çox mehriban düşmən təsiri bağışlayır. Ən əsası, ABŞ çalışacaq ki, türk lirəsinin dəyərdən düşməsi istiqamətində məlum maliyyə siyasətini davam etdirsin. Təbii ki, lirənin dəyərdən düşməsi Türkiyə iqtisadiyyatı üçün arzuolunan hal deyil. Düşünürəm ki, Ərdoğan iqtidarı bütün bunları nəzərə alır və baş verən proseslərin qarşısını almağa yönəlik addımlar atılacaq”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər