• şənbə, 20 Aprel, 05:48
  • Baku Bakı 15°C

Kerrinin səfəri ilə bağlı gözləntilər böyükdür

04.04.14 10:15 985
Kerrinin səfəri ilə bağlı gözləntilər böyükdür
Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi geniş müzakirələrə yol açıb. Rusiya və Qərb nəşrləri bunu Vaşinqtonun Azərbaycana böyük önəm verməsinin göstəricisi kimi qiymətləndirirlər. Mənbələr səfərin dəqiq tarixini göstərmirlər. Lakin əlavə edilir ki, bu səfər Kerrinin “yanvarda Azərbaycana hərtərəfli yardım göstərəcəyi” barədə verdiyi vədinə uyğun olaraq həyata keçiriləcək. Gürcü mənbələri də qeyd edirlər ki, Kerri regiona səfəri zamanı Gürcüstanda da olacaq. Lakin gürcü mənbələri də dəqiq tarix göstərmirlər. “Vestnik Kafqaza” nəşri Kerrinin səfərinin regional, yəni Ermənistanı da əhatə edəcəyinin hələ dəqiqləşmədiyini irəli sürüblər. Nəşr iddia edib ki, Amerika siyasətçiləri və diplomatları Ukrayna böhranından sonra postsovet məkanında aktiv fəaliyyətə keçiblər. Məsələn, Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland bu yaxınlarda Moldovada, onun həmkarı Nişa Devai Nisval isə Qazaxıstanda olub. Onların şefi Con Kerri isə Azərbaycan və Gürcüstanda olacaq. Xüsusi vurğulanır ki, səfərin gündəliyində əsas məsələ ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir. Diplomatik dilə çevirdikdə - Vaşinqton birincisi, bu ölkələrdə vəziyyəti öyrənmək niyyətindədir. İkincisi, Rusiyanın mövqeyinin genişlənməsi və mövqeyinə qarşı addımlar atmaq niyyətindədir. Rusiya nəşrləri Kerrinin səfəri ilə bağlı ekspert və politoloqların fikirlərini də alıblar. Məsələn, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə hesab edib ki, bu səfər Azərbaycan - ABŞ münasibətləri tarixində ən önəmli bir səfər kimi qeyd edilməlidir. Onun qənaətincə, bu səfər özündə bir sıra məqsədləri güdə bilər. “Söhbət ikitərəfli münasibətlərə kompleks mənada baxılmasından gedir. Gündəmdə olan əsas aktual məsələ Əfqanıstandan çıxarılacaq ABŞ qüvvələrinin tranziti və Amerika kompaniyalarının iştirakı ilə enerji layihələrinin reallaşmasıdır» - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, Kerrinin Bakıya səfəri zamanı regional mövzulara da toxunulacaq. Bu sırada təbii ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prioritet olacaq. “Bu problemin prizmasından Ukraynada baş verən proseslər, eləcə də İran məsələsi müzakirə oluna bilər. Tərəflər heç bir vaxt gizlətmirdilər ki, ikitərəfli münasibətlərin stabil formada inkişafında maraqlıdırlar. Buna eyni zamanda xüsusi məna da qatırdılar. ABŞ Azərbaycanı sadəcə tərəfdaş kimi deyil, Cənubi Qafqazda maraqlarının müdafiəçisi olacaq bir müttəfiq kimi görmək istəyir. Rəsmi Bakı bu istiqamətdə mili maraqları əsas götürərək, Moskva və Tehranla münasibətlərin korlanmasını istəməyib. Bu səbəbdən də səfərin əhəmiyyətini həddən artıq şişirtmək də gərək deyil” - deyə politoloq vurğulayıb.
Yeri gəlmişkən onu da qeyd edək ki, Con Kerri Brüsseldə enerji məsələləri üzrə Aİ-ABŞ Şurasının iclasında bildirib ki, ABŞ və Avropa öz enerji resurslarının nəqlinin şaxələndirilməsi yolunda çox işlər görməlidirlər və Azərbaycandan qazın böyük həcmlərdə nəqli məsələsi gündəlikdədir: “Bu gün “Cənub Qaz Dəhlizi” ilə Türkiyəyə, oradan da Avropaya nəql olunacaq Azərbaycandan böyük həcmlərdə qazın ixracı yollarının axtarışı məsələsi gündəlikdə durur”. Kerrinin sözlərinə görə, vacib olan enerji resurslarının bir tədarük mənbəyindən asılı olmamaqdır. Bu səbəbdən də Kerrinin səfərində bu məsələnin də prioritet təşkil edəcəyi gözlənilir.
Ekspert İ.Vəlizadə daha sonra Kerrinin Bakıya səfərini əvvəlki dövlət katibləri Hillari Klinton və Dik Çeyninin səfərləri ilə müqayisə də edib. Klintonun səfərindən əvvəl Vaşinqton və Bakının “böyük yaxınlaşması” versiyası geniş yayılmışdı. Onun qənaətincə, bu, baş vermədi. “Çeyni isə 2008-ci il Gürcüstanla Rusiya arasında yaşanan avqust müharibəsindən sonra dərhal Bakıya gəlmişdi. Səfərdən sonra Azərbaycanın xarici siyasətində radikal addımlar yaşanmadı” - deyə İlqar Vəlizadə xatırladıb. “Yalnız bir qanunauyğunluq odur ki, hər dəfə yüksək səviyyədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəallıq nəzərə çarpır. Lakin təəssüf ki, hər dəfə də nəticəsiz başa çatır. Kerrinin Bakıya səfəri zamanı konkret ciddi təkliflər gətirəcəyi inandırıcı deyil”, - deyə o, əlavə edib. İstisna deyil ki, Kerri səfər zamanı Azərbaycan və Türkiyənin hərbi alyansı məsələsinə də toxuna bilər. Bir sıra iddialara görə, Bakı və Ankara yeni miqyaslı hərbi razılaşma imzalamağa hazırlaşırlar. Türkiyənin diplomatik mənbələri qeyd edir ki, bu razılaşma ölkələrin xarici aqressiya baş verəcəyi təqdirdə üzərilərinə düşəcək öhdəliyi müəyyən edəcək. İddia edilir ki, NATO əvvəllər Türkiyəni bu razılaşmanı imzalamamaq üçün dilə tuturdu. Lakin indi Ukraynada baş verən proseslərdən sonra alyans bu razılaşmanın imzalanmasına yaşıl işıq yandırıb. Rusiya nəşrinə müsahibəsində deputat Rasim Musabəyov hesab edib ki, bu cür razılaşmanın imzalanmasını sadəcə alqışlamaq gərəkdir. “Bu razılaşma regionda təhlükəsizliyi möhkəmləndirə bilər. Eyni zamanda Gürcüstanı da bura daxil olsa, pis olmazdı”, - deyə Rasim Musabəyov vurğulayıb.
O ki qaldı Kerrinin Gürcüstana səfərinə, bu səfər daha şəffaf təsir bağışlayır. Yəni hər şey göz önündədir. Tərəflər çox güman ABŞ prezidenti Barak Obamanın bu yaxınlarda söylədiyi məşhur bir açıqlamasını müzakirə edəcəklər. Obama bildirib ki, NATO Ukrayna və Gürcüstanın hesabına genişlənməyəcək. Gürcüstanda hesab edirlər ki, Tbilisi Kerridən heç olmasa sözdə də olsa bir sakitləşdirici cavab almağa çalışacaq. Bir məsələni də qeyd edək ki, “Spiegel Online” bu günlərdə NATO-nun 7 səhifəlik Tərəfdaşlıq Komitəsinin sənədini alıb. Orada isə yalnız Ermənistan, Moldova və Azərbaycanla əməkdaşlığın genişləndirilməsindən söhbət gedir. Orada qeyd edilir ki, alyans onunla əməkdaşlığa güclü səy göstərən dövlətlərlə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. Yerevandakı mənbələr isə bildirirlər ki, Kerri səfər zamanı Ermənistana gəlməyə bilər. Səbəb Ermənistanın Krım məsələsində tutduğu mövqedir. Yəni rəsmi Vaşinqton BMT-də keçirilən səsvermədə birmənalı olaraq Rusiyanın işğal planını təsdiq etdi. Kerri ötən ilin sonunda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana söz verib ki, Yerevana gələcək. Lakin məlum hadisədən sonra bu ağlabatan deyil.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər