• cümə, 29 Mart, 03:49
  • Baku Bakı 7°C

Kerri ermənilərlə işbirliyindədir

02.05.15 06:29 991
Kerri ermənilərlə işbirliyindədir
ABŞ dövlət katibi Con Kerrinin ölkəmizə qarşı hazırladığı qara kampaniya ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılanıb. Bəziləri buna təəccüblənmədiyini, Qərbin bu cür anti-Azərbaycan fəaliyyətinin gözlənilən olduğunu desə də, əksəriyyət belə kampaniyalara etiraz edir. Onların fikrincə, ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur və ölkəmizi təzyiq altında saxlamaq üçün atdığı belə addımlar yersizdir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli də bizimlə söhbətində dedi ki, ABŞ artıq neçə illərdir ki, ölkəmizə qarşı məkrli planlarını həyata keçirmək istəyir ki, bu işdə ən aktiv şəxslərdən biri dövlət katibi Con Kerridir: “Onun Azərbaycana qarşı münasibəti hər zaman mənfi olub. Təbii ki, bu, səbəbsiz deyil və belə davranışın əsasında bir sıra amillər dayanır. Birinci əsas məqam Kerrinin erməni diasporu ilə sıx əlaqəsidir. Hazırda ABŞ dövlət katibi olan Con Kerri bu vəzifəsindən öncə də ermənipərəst olduğunu gizlətməyib və artıq bunu bilməyən şəxs qalmayıb. Məlumdur ki, ABŞ-da Kaliforniyadan sonra ermənilərin ikinci ən sıx yaşadığı ştat Massaçusetsdir. Hansı ki, bu şəxs həmin ştatdan senator seçilib. Daha öncə isə bu ştatın qubernatorunun müavini olub. Ümumilikdə, Kerri təxminən 30 ilə yaxındır ki, ermənilərlə işbirliyindədir. Bunun nəticəsidir ki, ermənilər həmin ştatda kifayət qədər yüksək vəzifələri tutublar”.
E.Mirzəbəyli xatırlatdı ki, C.Kerri senator olduğu müddətdə Azərbaycana qarşı 907-ci düzəlişin tətbiq edilməsində ən fəal nümayəndələrdən biri olub: “ABŞ-ın Azərbaycana belə münasibət göstərməsində, Ermənistanın ABŞ-ın ticarət tərəfdaşı seçilməsində, bununla bağlı qətnamənin qəbul olunmasında, qondarma soyqırımının tanınması istiqamətində göstərdiyi fəaliyyət və s. Kerrinin ermənilərin maraqlarından çıxış etdiyini açıq şəkildə ortaya qoyur. Faktiki olaraq, indiyə qədər işğalçıların maraqlarına xidmət edən kifayət qədər addımlar atılıb. Ermənilər də həmişə onun namizədliyini dəstəkləyiblər. Hesab edirəm ki, bu, prinsip etibarilə Kerrinin Azərbaycana münasibətini şərtləndirən əsas amillərdəndir. O ki qaldı prosesdə iştirak edən digər qüvvələrə, onların arasında korporativ maraqları olan insanlar da var idi, erməni diasporu ilə sıx əlaqədə olan da. Onların da Azərbaycana münasibətləri bəlli məsələdir”.
Sədr müavini qeyd etdi ki, bu kampaniya sırf Azərbaycanın nüfuzunun aşağı salınmasına hesablanıb: “Məqsəd ölkəmizə qara yaxmaq, bizi gözdən salmaqdır. Fikir verin, hər zaman ölkəmizə müsbət dividentlər gətirə biləcək tədbirlər reallaşdırıldıqda, bu cür əks hücuma keçirlər, haqqımızda neqativ məlumatlar yayırlar. Çalışırlar ki, Azərbaycanda gedən inkişafa, mövcud duruma kölgə salsınlar. Ölkəmizdə daxili sabitliyi pozmağa da cəhd edirlər. Heç bir nəticə əldə etmədikcə, təzyiqlərin miqyasını genişləndirirlər. Ölkəmizdə müəyyən sahələrdə problemlər olduğunu iddia edirlər. Hamı bilir ki, Ermənistanda vəziyyət acınacaqlıdır. Bəs nəyə görə onlar üçün “narahat” olmurlar, haqlarında heç bir tənqidi fikir bildirmirlər? Oradakı reallıqlara münasibət bildirməyib inkişafda olan Azərbaycanı tənqid edirlər və öz əlaltılarına çevirə bilmək üçün müxtəlif təzyiq metodlarından istifadə edirlər. Deməli, onları narahat edən ölkəmizin inkişafıdır”.
Müsahibimizin fikrincə, amerikalılar həm də ermənilərin irəli sürdüyü arqumentləri əsaslandırmağa çalışırlar: “Ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmağa çalışırlar. Bilirlər ki, belə məsələlərə xüsusi diqqət yetiririk və müsbət imicimizin möhkəmlənməsinə çalışırıq. Faktiki olaraq, bir çox dövlətlər və beynəlxalq təşkilatlar müxtəlif mövzularda Azərbaycana etibar edirlər və əlaqələri genişləndirirlər. Təbii ki, bu, onları narahat edir. Azərbaycan bir sıra mühüm tədbirlərə ev sahibliyi edir və hər şeyi ən yüksək səviyyədə təşkil edir. Həmçinin dünyanın bir çox ölkələrində Azərbaycan multikulturalizmi təbliğ olunur. Şübhəsiz ki, ölkəmizdə keçirilən mühüm tədbirlər – idman yarışları, beynəlxalq humanitar forumlar və s. Azərbaycanın müsbət imicinin formalaşdırılmasına xidmət edir. Bu isə ermənilərin ölkəmiz haqda mənfi iddialarının yalan olduğunu ortaya qoyur. Bu da onları qıcıqlandırır. Düşünürəm ki, Kerri və onun himayə etdiyi dairələr tərəfindən atılan bütün addımlar Qarabağın Azərbaycandan qoparılmasına xidmət edir. Onlar ermənilərin əsas arzusunu yerinə yetirməyə çalışırlar. Nəzərinizə çatdırım ki, ermənilərin əsas arqumentlərindən biri odur ki, Azərbaycanda tolerant mühit yoxdur və ermənilərə qarşı münasibət pisdir. Buna görə də Qarabağdakı ermənilərin azərbaycanlılarla bir yerdə yaşaması mümkün deyil. Bu kimi iddiaların doğruluğunu isbat etmək istəyən Qərb Azərbaycan haqda mənfi məlumatlar yayır. Amma mən əminəm ki, hər zamankı kimi, bu dəfə də heç nəyə nail olmayacaqlar və Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər