• cümə axşamı, 28 mart, 13:18
  • Baku Bakı 16°C

Kərimlinin 19 oktyabr titrəməsi…

20.10.19 16:19 1209
Kərimlinin 19 oktyabr titrəməsi…
MilliŞuranın 19 oktyabrda razılaşdırılmamış mitinq cəhdinin görüntülərinin ən yadda qalanı, bəlkə də AXCP sədri Əli Kərimlinin qorxusundan titrəməsi ilə bağlı kadrlar idi. Onun polis tərəfindən həbs olunmamışdan qabaq iki nəfərin qolundan sallanaraq əsməsi 2005-ci ildəki hadisələri yenidən xatırlamağa vəsilə oldu. Keçmiş "Qələbə” meydanında təşkil olunan icazəli mitinqin sonunda Kərimli təxribata əl ataraq, meydandakı əhalini dağılışmamağa və oturaq aksiyaya çağırdı. Hamı yerə oturandan az sonra polisin müdaxiləsi başladı və dərhal qaçıb aradan çıxan elə birinci Əli Kərimli özü oldu.
İllər sonra Kərimlinin özündə cəsarət tapıb qəhrəman obrazını düzəltmək cəhdi yenə də alınmadı. Bu dəfə qaçmasa da tirtrəməsi ilə lider keyfiyyətlərinə malik olmadığını kameralar önünə sərgilədi.
Mitinq adlandırılan qarşıdurma cəhdlərinə gəldikdə isə, burada baş verənlərə görə məsuliyyəti Kərimli özü daşıyır.
Birincisi, kimlərsə iddia edə bilər ki, partiya sədrinin mitinqə görə həbsi doğru deyil. Amma bu vəziyyəti kim yaradıb? Hakimiyət Milli Şuraya Lökbatanda aksiya üçün yer ayırsa da, müxalifət qarşıdurmaya meyllənərək həmin əraziyə getməyəcəyini bəyan edib. Ardınca sosial şəbəkələr vasitəsilə əhali icazəsiz aksiyaya çağırılıb. Kərimli yaxşı anlayırdı ki, bu vəziyyətdə polis öz vəzifəsini yerinə yetirməli olacaq, kimlərsə polisə müqavimət göstərəcək və s. Beləliklə, məsuliyyət hakimiyyətin yox, əhalini icazəsiz aksiyaya sürükləyən müxalifətin, konkret olaraq Əli Kərimlinin üzərində qalır.
İkincisi, yer məsələsi Milli Şura üçün sırf bəhanədir. Vaxtilə müxalifət keçmiş "Motodrom” adlanan ərazidədə mitinq keçirməkdən imtina edirdi, həmin yerin uzaqlığını səbəb kimi ortaya qoyurdu . Yeni Azərbaycan Partiyası o ərazidə mitinq keçirəndən sonra müxalifətin bu bəhanəsi əlindən alınmış oldu və bir müddət orada aksiya keçirməyə razılaşdı. Indi də günü sabah hakim partiya müxalifətin bəyənmədiyi Lökbatanda mitinq keçirsə ora 10 minlərlə adam axışacaq. Çünki hakim partiyanın elektorat problemi yoxdur, müxalifətin isə tam əksinə, bu məkana çıxara biləcəyi insan qüvvəsi yoxdur. Belə olan təqdirdə müxalifət şəhərin mərkəzində icazəsiz aksiyalar təşkil etməklə, 200-250 adamı küçələrə çıxararmaqla güclü görünməyə çalışır. Guya icazə verilsəydi, daha çox adam gələrdi- fikri ilə ictimai rəyi azdırır.
Üçüncüsü, 19 oktyabr hadisələri həm radikal müxalifətin əsas sifəti kimi önə çıxan Milli Şuranın əsl potensialının nə olduğunu, həm də xalqın iqtidara olan münasibətini ortaya qoydu.
Belə ki, Kərimlinin çağırışına 200-dən artıq adam dəstək verdi. Xalq hakimiyyətdən narazı olub küçələrə axışsaydı, onun qarşısını heç kim, o cümlədən asayiş keşikçiləri belə ala bilməzdi. Əslində xalq bu gün bir daha hakimiyyəti dəstəklədiyini nümayiş etdirməklə, qarşıdurmaya, 90-cı illərin əvvəllərinə dönmək istəyənlərə "yox” dedi.
Kimlərsə onu da iddia edə bilərdi ki, icazəsiz aksiyanın qarşısını almaq üçün saatlar öncə tədbirlər görülmüşdü. Bəli, müvafiq dövlət qurumları əmin-amanlığın qorunması üçün müəyyən addımlar atmışdı. Fəqət, xalq narazı olanda bu tədbirlərin heç bir işə yaramadığı digər ölkələrin təcrübəsində hamımıza bəllidir. Bütün paytaxtdamı icazəsiz aksiya ilə bağlı tədbirlər görülmüşdü? Xeyr! Paytaxt Bakının bir neçə küçəsində müvafiq addımlar atılmışdı. Xalq hakimiyyəti dəstəkləməsə idi, digər küçələrə axışardı. Deməli, əsas olan xalqın dəstəyidir və o dəstək hakimiyyətə verilib. Hakimiyyət də borcludur ki, onu dəstəkləyən xalqın maraqlarını ifadə edib, bir ovuc radikala qarşı tədbir görsün.
Ən nəhayət, 19 oktyabrda Kərimli də istəyinə nail oldu. Azərbaycanı gözdən salmaq üçün həmişəki kimi bacardığını etdi. Bu, ona əsas müxalif qüvvə olduğunu iddia etməyə, Azərbaycanı sevməyən qüvvələrin maddi dəstəyinə nail olmaq üçün lazım idi. Ola bilsin ki, bu aksiya ona əlavə maddi nələrsə qazandıracaq, kimlərisə müəyyən maraqlarının təmin olunması müqabilində xaricə göndərəcək, xarici dairələrdən "afərin” alacaq.
Amma Kərimli əsas olanı-xalqın diqqətini, rəğbətini yenə qazana bilmədi...
banner

Oxşar Xəbərlər