• cümə, 26 Aprel, 17:30
  • Baku Bakı 23°C

Kərbəla hadisələrinin əsas mahiyyəti, fəlsəfəsi insanlara çatdırılmalıdır

05.09.18 16:52 2698
Kərbəla hadisələrinin əsas mahiyyəti, fəlsəfəsi insanlara çatdırılmalıdır
Müsəlman ölkələrində geniş yayılmış mərasimlərdən biri də dindaşlarımızın Məhərrəmlik ayında qeyd etdikləri Kərbəla faciəsi və yaxud Aşura günüdür. Artıq 13 əsrdir ki, müsəlman ölkələrində Məhərrəmlik ayı matəm günləri kimi anılır. Şübhəsiz, İmam Hüseynin müsəlmanlar üçün yüksək mənəvi-əxlaqi dəyərə sahib olmasının ən önəmli cəhəti, onun tutduğu şəhadət yolu idi. Elə bir yol ki, burada nə var-dövlət, nə hakimiyyət, nə də buna oxşar hər hansı bir məram və məqsəd yox idi. Bu yolda sadəcə olaraq doğruluq, etibarlılıq, imanlılıq və Allaha sədaqət var idi.
Məhərrəmlik ayında müəyyən mərasimlər keçirilir, illərdir formalaşmış adətlərə əməl edilir. Həmin mərasimlər coğrafi olaraq ölkəmizin böyük bir hissəsində qeyd edilir. Şəbih tamaşaları təşkil olunur, qəsidələr, mərsiyələr oxunur. Bu tədbirlərin keçirilməsindəki əsas məqsəd Məhərrəmlik ayının mahiyyət və əhəmiyyətini insanlara doğru-düzgün çatdırmaq və bu ayda şəhid olanlara hörmət və ehtiramı, onlara olan dərin sevgini göstərməkdir. Amma çox təəssüflər olsun ki, bu adətlər bəzən ifrat dərəcəyə çatdırılır, təhriflərə məruz qalır, İslam dininə yaraşmayan və ən əsası, dində göstərilməyən şəkildə keçirilir. Təbii ki, bu cür təhriflərin olmasında maraqlı olan, dindən istifadə edərək insanlar arasında qarışıqlıq salmaq istəyən müəyyən tərəflər var. Onların əsas məqsədi bu ayın adətlərinə uymaq yox, insanların Məhərrəmlik ayına olan həssaslığından istifadə edərək onları öz xain əməllərinə alət etməkdir. Bu işin isə başında ilk olaraq mövhumat, cahillik durur. Ona görə insanlarımızın radikal qrupların qurbanına çevrilməməsi üçün bacardığımız qədər maarifləndirmə işi aparmalı, onlarla bu ayda təşkil olunan məclislərdə görüşüb düzgün məlumatlandırmalıyıq. Din adı altında öz mənfur əməllərini həyata keçirməyə çalışanlara icazə verməməliyik. Bundan başqa, insanlar həmin günlərdə nahaq yerə qan çıxarır, özlərinə qamçı vurub, ağılar deyirlər. Hətta bəzən kiçik yaşda olan uşaqları belə bunları etməyə zorladıqlarının şahidi oluruq. Bu hərəkətlər nə dərəcədə doğrudur, bu ayda hansı əməllərlə məşğul olmaq daha labüd sayılır, Məhərrəmlik ayında şəhid olanları yad etmək üçün hansı addımları atmaq daha məqsədəuyğun sayılır? Qeyd etdiyimiz bu sualları mütəxəssislərimizlə müzakirə etdik.

Şəhidlər üçün ağlamaq yox, qürur duymaq lazımdır

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa bildirir ki, Aşura günü İmam Hüseynin xatirəsini yad etmək üçün ən gözəl addım Quran oxumaqdır, küçələrə çıxıb radikal hərəkətlər etməyin heç bir mənası yoxdur: "Bu cür hərəkətlər İslam dininə uyğun deyil. İnsanların bu kimi davranışlar sərgiləməyi anlaşılmazdır. İmam Hüseynə sevgi onu yad etməkdir. Bunun ən gözəl yolu ona şəhid kimi baxıb Quran oxumaqdır. Şəhidlər üçün ağlamaq yox, qürur duymaq lazımdır. Qısa desək, səviyyəli davranışa ehtiyac var. Faydalı iş görmək istəyirlərsə, qanvermə aksiyalarında iştirak etsinlər”.
Millət vəkili qeyd edir ki, digər hallar cəmiyyət üçün faydalı deyil və xoşagəlməzdir: "Uşaqlar həmin yerlərə aparılmamalıdır. Bayraq açıb müəyyən teatr səhnəcikləri düzəltmək İslamın mahiyyətinə uyğun deyil. İslama uyğun olmayan davranışları mərasim adı ilə keçirməyin mənası yoxdur. İslama uyğun nə varsa, onları edin. Heç kim sizə kimisə xatırlamayın, kədərinizi bildirməyin demir. Amma bunun üçün küçələrə çıxmaq lazım deyil. Evinizdə oturub Quran oxuyun, istəyirsinizsə, ağlayın. Bunu cəmiyyətə sərt görüntü verməklə, özünüzə əzab verməklə etməyin məntiqi izahı yoxdur”.

İşgəncə vasitələrindən istifadə etmək yolverilməzdir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov da bu məsələ ilə bağlı mətbuata açıqlama verib. Sədrin müavini bildirib ki, keçən illərdə aparılmış müşahidə və monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilib: "Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilmiş, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinmişdir. Qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir. Heç şübhəsiz, belə hallar aşkarlandıqda, yerli icra hakimiyyətləri hüquq-mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atırlar. Ümid edirik ki, cari ildə belə hallar təkrar edilməyəcək”.
S.Heydərov dindar insanlara Məhərrəmlik ayı ilə bağlı öz tövsiyələrini də verib: "Hər şeydən öncə, Məhərrəmlik ayı, xüsusilə də Aşura günü zamanı ifrat hərəkətlərə yol verməməyi və mövcud qanunvericiliyin tələblərinə riayət etməyi tövsiyə edirəm. Qeyd edim ki, Azərbaycanda məscidlərdə bu və ya digər ayinlər həyata keçirilərkən QMİ-nin fətvasına və təqvimə əməl olunmalıdır. Bu təqvimdən kənara çıxmaq olmaz. Çünki Azərbaycan Respublikasında İslam dini qurumları öz tarixi dini mərkəzində - Qafqaz Müsəlmanları İdarəsində birləşdiyi üçün məzhəbindən asılı olmayaraq, hər kəs bu təqvimlərə əməl etməlidir. Xatırladım ki, müxtəlif dini atributları məsciddən kənarda nümayiş etdirmək olmaz. Xüsusilə də bədənə xəsarət yetirmək, zəncir vurmaqla qan çıxarmaq və ya qan çıxarma ilə müşayiət olunan bədənə işgəncə vasitələrindən istifadə etmək yolverilməzdir. Komitənin yerlərdəki şöbələri qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı monitorinqlər keçirəcək. Əgər hər hansı pozuntular olsa, onunla əlaqədar müvafiq tədbirlər görüləcək. Əminəm ki, hamı bu qanuna əməl edəcək. Sonda hər il Məhərrəmlik ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyası kimi xeyirxah işdə dindarları fəal iştirak etməyə çağırıram. Qan çıxarmağı zəruri hesab edən dindarlara tövsiyə edirəm ki, onlar zəncir vurmaqla baş yarmaq əvəzinə, könüllü olaraq qanvermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar”.

Aşura sosial təsisat kimi götürülsə...
Sosioloq Cavid İmamoğlu deyir ki, Aşura günündə mövhumatdan daha çox emosionallıq artır: "Bu ayda insanlar peyğəmbər və onun ailəsinə olan sevgilərini, onların ölümündən dolayı yaşadıqları kədəri göstərməyə çalışırlar. Əslində, Aşura sosial təsisat kimi götürülsə, cəmiyyəti formalaşdıran bir mərasimdir. Burada həmrəylik məsələsi də ortaya çıxır. Yəni, insanlar həmrəy olurlar, bir amal uğrunda həm öz fikir və düşüncələrini, həm də emosional hallarını ifadə edirlər. Təbii ki, bir yerdə sevginin təzahürü varsa, orada emosionallıq olacaq və emosionallıq olan yerdə də bəzən insanlar qeyri-adekvat hərəkətlər edir. Ona görə də Aşura mərasimlərini təşkil etmə prosesi, orada səsləndirilən məsələlər din xadimləri tərəfindən məzmun baxımından elə diqqətlə təyin olunmalı və araşdırılmalıdır ki, artıq emosionallıq, aşırı assosiallıq nümayiş olunmasın. Şükürlər olsun ki, Azərbaycan Məhərrəmlik ayını qeyd edən digər ölkələr arasında Aşura mərasimlərini öz adət-ənənələrinə uyğun şəkildə qeyd edir. Bəzən emosional addımlar atılır, ifrat dərəcəsinə çatan hərəkətlər olur. Amma bunlar da nüfuzlu ruhanilərin məscidlərdə apardığı söhbətlər ilə aradan qalxır”.
Sosioloq qeyd edir ki, uşaq olan məclislərdə danışılan mövzuların məzmununa xüsusi həssaslıqla yanaşmaq lazımdır: "14 əsr əvvəl baş vermiş, imamların başına gətirilmiş bəzi müsibətlər var ki, onları ifrata varmadan, üstüörtülü şəkildə izah etsinlər. Məsləhətdir ki, çox qorxunc hadisələri səhnələşdirməsinlər, göstərməsinlər. İmam Hüseynin başına gətirilən müsibət həddən ziyadə insanlığa yaraşmayan hərəkətlər olub. Sırf uşaq hüquqlarının müdafiəsi baxımından onların iştirak etdiyi məclislərdə söhbətin məzmununa diqqət edilməlidir ki, azyaşlı uşaqlar narahat olmasınlar. Burada xüsusi məsuliyyət ölkə ruhanilərinin üzərinə düşür. Maarifləndirmə işində onların rolu daha böyükdür. Çünki onlar insanların sevdiyi, inandığı şəxslərdir. Yaxşı olar ki, Aşura mərasimlərini təşkil edənlər bu sahədə də hansı qırmızı xəttin, olmazların olduğunu unutmasınlar. Amma 18 yaşı tamam olmuş hər bir şəxs üçün Aşura mərasimlərində emosionallıq baxımından elə bir gərginləşdirici məqam yoxdur”.

Bu ayın əsas mahiyyəti, fəlsəfəsi izah olunmalıdır

İlahiyyatçı Elvüsal Məmmədov bildirir ki, məsələnin tam mahiyyətinə vararaq onların xatirəsini yaşatmalıyıq: "Aşura İslam tarixində daha çox peyğəmbərimizin nəvəsi imam Hüseynin Kərbəla çölündə şəhid edilməsinin illər boyu obrazlı şəkildə yaşadılmasının ifadəsidir. Təbii ki, məsələnin mahiyyətinə varanda, bu zaman şəhidlərimizin əziz xatirəsini doğru üsulla anırıq. Əsas məsələ o xatirəni səmimi bir şəkildə, başqa məqsəd və amal olmadan, məsələnin tam mahiyyətinə vararaq yaşatmaqdır. Amma təəssüflər olsun ki, bəzən Aşura mərasimlərində imam Hüseynin adı başqa ideoloji məsələlərlə bağlı istifadə olunur. Şəhidlərimizin adından bu və ya digər qruplara qarşı təzyiq vasitəsi kimi istifadə olunur və ya müəyyən konsepsiyalar əleyhinə üstüörtülü şüarlar səsləndirilir. Yaxud məzhəblərarası gərginliyi artıran çıxışlar olur. Əlbəttə, bütün bunlardan uzaq olmaq lazımdır. Çünki burada məqsəd İmam Hüseynin xatirəsini anmaq yox, onun adından istifadə edərək siyasi-ideoloji gərginlik yaratmaqdır. Əksinə, bu mərasimlər insanlar arasında həmrəyliyi, birliyi təbliğ etməlidir. Tarixən baş vermiş hadisəyə etiqad donu geyindirməməliyik”.
İlahiyyatçı maarifləndirmə məsələsinə də toxundu: "Təbii ki, bu zaman din sahəsində aktiv olan insanların, ruhanilərin, məscid imamlarının, ilahiyyatçıların öhdəsinə böyük iş düşür. Onlar Kərbəla hadisələrinin xurafatla, mövhumatla, fanatizmlə zənginləşdirilmiş variantını insanlara təqdim etməkdənsə, onun əsas mahiyyətini, fəlsəfəsini başa salmalıdırlar. Bu gün həmin dövrün hadisələrini yanlış şəkildə insanlara çatdırmaq məzhəblərarası tolerantlığın olduğu Azərbaycan kimi bir ölkədə gərginliyin yaradılmasına xidmət edə bilər. Buna görə də həmin günlərdə müəyyən alətlərlə özümüzdən qan çıxarmaq əvəzinə, qanvermə aksiyasına qoşulsunlar. Həmin qana ehtiyacı olanlara kömək edək. Həmçinin rasional, qızışdırıcı olmayan maraqlı informasiyalarla ictimaiyyət arasında çıxış etmək lazımdır”.

Günel Azadə
banner

Oxşar Xəbərlər