• cümə, 29 Mart, 02:34
  • Baku Bakı 7°C

Kərbəlada ürək-damar cərrahı işləyən azərbaycanlı həkim - Uğur hekayəsi

17.01.20 10:05 4078
Kərbəlada ürək-damar cərrahı işləyən azərbaycanlı həkim - Uğur hekayəsi
Yusif Əbdülov: "Ürəyin döyüntülərini ilk dəfə əllərimin arasında hiss edəndə az qala həyəcandan öləcəkdim”
Həkimlik uşaqlıq arzusu olmasa da, işləməyə başladıqdan sonra bu sahəni sevib. Tibb üzrə ikinci təhsilini Türkiyədə aldıqdan və bir müddət orada çalışdıqdan sonra İraqda işləməyə başlayıb. Deyir ki, İraqda işləmək ona böyük təcrübə qazandırıb. Gələcək üçün hədəfləri isə tamam başqadır.

"Uğur hekayəsi” rubrikamızın qonağı hazırda İraqın Kərbəla şəhərində Əl-Kəfil xəstəxanasında ürək-damar cərrahı işləyən Yusif Əbdülovdur.
Qeyd edək ki, Y.Əbdülov 1986-cı ildə İsmayıllıda anadan olub. Orta təhsilini orada aldıqdan sonra ali məktəbə qəbul olaraq Bakıya köçür. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində pediatriya fakültəsində oxuyub. 2012-2017 Türkiyənin Ege Universitetində ürək-damar cərrahlığı üzrə təhsil alıb. Cərrahiyyə və tibbi ixtisası üzrə 10 illik iş təcrübəsi var. 200-dən çox açıq ürək əməliyyatlarında baş cərrah, 450-dən çox açıq ürək əməliyyatların da isə ikinci dərəcəlicərrah olaraq iştirak edib. 400-dən çox periferik damar əməliyyatını baş cərrah kimi, 200-dən çoxunu isə baş asistant kimihəyata keçirib.
- Sosial media paylaşımlarınızdan hiss olunur ki, işinizi çox sevirsiniz. Peşənizə olan bu sevgi uşaqlıqdan var idi, ya işlədikdən sonra yarandı?
- Düzü, uşaqlıqda hansı peşəni istəməyimin bir əhəmiyyəti yox idi. Bu, o dövr üçün bir çox ailələrdə rast gəlinən situasiyadır. Valideynlər uşaqları yönləndirir, peşə seçimində öz qərarlarının düzgün olduğunu düşünürlər. Bizdə də anam həkim olmağımı istəyirdi. Evdəkilərin seçimimə təsiri ilk mərhələdir, növbəti mərhələ mühitin təsiridir. Yəni həkimə olan hörmət, peşənin sanballılığını, ağırlığını filan nəzərə alaraq bir də gördüm ki, Tibb Universitetinə hazırlaşıram. Tam olaraq sevginin yaranması isə iş həyatında atdığım ilk addımlarla başladı. İşlədikdən, insanları sağaltdıqdan sonra işimi sevdim.

- Deyirsiniz ki, o illərdə sizin hansı ixtisası istəməyinizin bir önəmi olmayıb. Maraqlıdır, "Yusif, hansı peşəyə yiyələnmək istəyirsən” sualını versəydilər, nə cavab verərdiniz?
- (Gülür) Alpinist.
- Bəs, nə üçün öz istəyinizdən əl çəkdiniz?
- Bu istək baxdığım filmlərin təsirindən yaranmışdı. Çoxuşaqlı ailə olsaq da, uşaqlıqdan tək olmağı, tək qalmağı sevən biriyəm və düşünürdüm ki, yüksəklikdə də tək olacağam. Hətta, onu xəyal etmək, özünü zirvəyə dırmanan təsəvvür etmək belə, gözəl duyğudur. Amma o sənətə necə çatacağımı bilmirdim. Həmin dövrdə rayonda qalırdım və istədiyin hər şey haqqında məlumat əldə etmək elə də asan deyildi. Alpinist olmaq üçün hansı məktəbə getməli, hansı fənni oxumalı, kimə müraciət etməli olduğumu bilmirdim. Digər tərəfdən, evdəkilərin də təsiri var idi. Ona görə alpinistlik sadəcə bir istək olaraq qaldı.
- Tibb Universitetinə qəbul olmaqla İsmayıllıdan Bakıya gəlirsiniz və tələbəlik həyatı başlayır. O illəri necə xatırlayırsınız?
- Kənddə, kasıb ailədə böyümüşdüm, gəlib zəngin ailələrin uşaqları ilə eyni mühitə düşdüm. Bu, məni ilk dönəmlər kompleksə salırdı. Qrup yoldaşlarımla elə yaxın əlaqəm olmadı, qaynayıb-qarışan biri deyildim. Həmçinin, maddi təminat üçün işləməyə məcbur idim deyə, dərsdən sonra işə gedirdim. İlk vaxtlar bir klinikada, daha sonra Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzində işləyirdim. Dərsdən çıxıb Maştağaya gecə növbəsinə gedirdim. Ona görə elə də sosial biri deyildim. Amma son illərdə əsl dostlarımı tapdım. Onlarla gözəl vaxt keçirirdik.
- Həm işləyib, həm oxumaq çətin deyildi?
- Bilirsiniz, həmin dönəmdə insana fərqli güc, motivasiya gəlir. Sanki qarşına məqsəd qoyursan və ona çatmağa çalışırsan. Bu yolda nə qədər çətinliklərlə üzləşsən də, hamısı ilə başa çıxa bilirsən. Çünki bir missiyan, arzun var. İndi arada düşünürəm ki, o yolu bir də keçə bilərəmmi? Yox, keçə bilmərəm. Mümkün deyil. Məncə, bu, yaşla, psixologiya ilə bağlıdır.
- Azərbaycandakı tibb təhsiliniz pediatriya üzrədir. Nə üçün bu ixtisası davam etdirmədiniz, xaricdəki təhsilinizi ürək-damar cərrahlığı üzrə aldınız?
- İxtisas seçimi zamanı ilk sırada müalicə işi, ikinci isə pediatriyanı yazmışdım və balıma görə ora düşdüm. Düşdüyüm ilk gündən özümə söz verdim ki, necə olursa, olsun ixtisası dəyişəcəyəm. Pediatriyanı heç vaxt istəməmişəm. Hətta ikinci ixtisasımda da uşaqlarda ürək-damar cərrahlığını seçmə şansım olsa da, imtina etdim. Çünki qəti şəkildə bu sahəni istəmirdim.
- Maraqlıdır, bu qərarın alınma səbəbi nədir?
- Həkimlik bütün ixtisaslarda çətindir, amma mən uşaqların xəstəliklərini, onların acı çəkmələrini görməyə dözə bilmirəm, özümdən asılı deyil. Bununla bağlı heç də yaxşı olmayan bir xatirəm var. Türkiyədə təhsilə təzə başladığım vaxtlarda reanimasiyada xəstəliyi çox ağır olan balaca bir uşaq vardı. Təxminən 5 yaşındakı bu uşaq ürək əməliyyatı olmuşdu. Əməliyyat uğurla keçsə də, ağciyərlərində problem yarandı və necəsə uşaq öldü. O, öləndən sonra onun görüntüsü gözümün önündən getmirdi. Neçə gün durmadan ağlamışdım. Uşaqların ölümünü görmək çox ağır mənzərədir. Bu, qəti şəkildə qeyri-peşəkarlıq kimi qarşılanmasın. Hazırda da işim elə də asan deyil. Ürək-damar cərrahlığı özü kifayət qədər çətindir. Lakin mövzu uşaqlar olanda, həssaslaşıram. Həmçinin, valideynlərin uşaqları xəstə ikən yaşadıqları kədəri, gərginliyi görmək istəmirəm. Onları təsəvvür edəndə əlim, ayağım titrəyir, işləyə bilmirəm.

- Bir az da indiki işinizdən danışaq.
- Təhsilimi başa vurduqdan sonra İzmirdə xəstəxanada çalışmağa başladım. Amma bir müddət sonra İraqda işləyən bir dostum orada mütəxəssisə ehtiyac olduğunu deyib, məni ora dəvət etdi. Hazırda İraqın Kərbala şəhərində Əl-Kafil xəstəxanasında ürək-damar cərrahı olaraq çalışıram.
- Maraqlıdır, necə oldu ki, İzmirdəki işinizi qoyub, dəvəti qəbul edərək İraqa köçdünüz?
- Bəlkə də təsadüfdür, amma İraqdakı həyat mənə əvvəldən maraqlı gəlirdi. Bir dönəmlər İŞİD haqqında maraqlanırdım, onların fəaliyyətini izləyir, barələrində çəkilmiş filmlərə baxırdım. Həmişə, görəsən, gənclər niyə ora qoşulur, kənardan danışılan kimi doğrudan da qorxunc ölkədirmi deyə, beynimdə suallar vardı. Ona görə təklif gələndə, düşünmədən qəbul etdim.
- Artıq, yarım ildən çoxdur ki, orada işləyirsiniz, beyninizdəki suallara cavab tapa bilibsiniz, özünüzü necə hiss edirsiniz?
- Özümü çox yaxşı hiss edirəm. Əslində, savaşın ortasına getdiyimi düşünürdüm, amma elə deyilmiş. Yəni istədiyim o savaş ab-havasını, həyəcanını tapa bilmədim (gülür). Həqiqətən də orada işləmək böyük zövq verir. Yəni qıraqdan deyilənləri eşitmək fərqli, amma gedib həmin hadisələrin canlı şahidi olmaq tamam başqadır. Bir məsələnin fərqinə vardım ki, islam dini ərəb ölkəsində daha gözəldir. Oradakı insani münasibətləri, dinə olan münasibəti görəndə islama olan hörmət və sevgim daha da artır. Onlar dini qaydalarına uyğun yaşayırlar.
- Orada səhiyyə sistemi necədir?
- Açığı, buradakı həkimlərin elə də peşəkar olmadığını, xəstələrini sevmədiklərini müşahidə etmişəm. Xəstələrinə qarşı çox amansız olurlar, pul üçün incidib, hətta, yanlış diaqnoz belə qoya bilərlər. Təbii ki, aralarında vicdanlıları da var, amma rüşvətə görə incidənlər çoxluq təşkil edir. Yerli həkimlərin peşəkarlığı istənilən səviyyədə olmadığından ölkəyə kənardan gətirilən həkimlərin sayı çoxdur. Xəstələrin xaricdən gələn savadlı həkimlərə böyük hörməti və inamı olur.
- Yəqin ki xaricdən gətirilən həkimin də maaşı yüksək olar.
- Bizdə aylıq sabit maaş verilir. Aya 4 min dollar alırıq. Başqa ölkədən gətirilən həkimlər xüsusi yataqxanada qalırlar və yeməklə təmin olunurlar. Biz sadəcə paltar və özümüzə lazım olan xüsusi nələrisə almağa pul xərcləyirik.
- Başqa ölkədə yaşamağın çətinlikləri nələrdir?
- Orada həkim işləyən yeganə azərbaycanlıyam deyə, tamamən asosial mühitdəyəm. Səhər işə gedirəm, axşam işdən evə gəlirəm. İşdən sonra gedilə biləcək əyləncə, alış-veriş mərkəzi yoxdur. Həmçinin, dili bilmədiyim üçün kimləsə danışmaq, nə isə fikir bölüşmək kimi şansım olmur. Tamamən qapalı bir vəziyyətdə yaşayıram. Türk həkimlər var, bəzən onlarla danışıram. Amma ümumilikdə asudə vaxtlarımı film izləyərək və kitab oxuyaraq keçirirəm.
- Dili bilmədiyinizi qeyd etdiniz. Bəs, işdə xəstələrlə, xəstəxana işçiləri ilə necə danışırsınız?
- Orada bütün xarici həkimlərin tərcüməçisi var. Xəstələrlə tərcüməçi vasitəsilə ünsiyyət qururuq. Tibbi personal aramızda ingiliscə danışırıq. Tərcüməçi səhər iş başlayandan, bitənədək mənim yanımda olur. Hətta, öz tərcüməçimdən xahiş etmişəm ki, sadəcə dediyim sözləri yox, danışarkən istifadə etdiyim jestləri belə xəstəyə düzgün çatdırsın.

- Maraqlıdır, ürək-damar cərrahı hansı xüsusiyyətlərə sahib olmalıdır?
- İlk olaraq vurğulayım ki, burada qadın-kişi, yəni cins ayrımı yoxdur. Deyə bilmərik ki, kişilər daha yaxşı cərrah olur, qadınlar yox və ya əksinə. Bunu təhsil illərindən anladım. Çünki qrup uşaqları ilə əməliyyata girən zaman elə oğlanlar vardı ki, qan görən kimi ürəyi gedirdi, amma qızlar çox rahatlıqla əməliyyatı izləyirdilər. Yəni ilk olaraq cərrahın qan fobiyası olmamalıdır. Bundan başqa, əməliyyat zamanı işini professional şəkildə görmək üçün soyuqqanlı olmalı, amma əməliyyatdan sonra xəstə ilə empatiya duyğusunu qurmağı bacarmalıdır. Bir də yaxşı tikmək qabiliyyəti olmalıdır. Bunu məişətdə istifadə edilən tikiş kimi yox, əl əzələlərinin həssaslığı və barmaqların hissiyyatı, biləyin tikiş zamanı dönməsi kimi anlayın. Son olaraq tez qərar vermə gücünə sahib olmaq lazımdır. Çünki əməliyyat zamanı qərar vermə vaxtı çox azdır. Bacardığın qədər tez və düzgün qərar verməlisən.
- Yüzlərlə əməliyyatda olubsunuz. Hər dəfə əməliyyata girəndə həyəcan hissi olur?
- Bu hiss xəstəyə, onun xüsusiyyətlərinə, psixologiyasına görə dəyişir. Məsələn, elə xəstə var ki, söhbət zamanı çox rahatlıq verir. Xəstə rahat, pozitiv, gülərüzlüdürsə, cərrah da rahat olur və əməliyyatı da uğurlu olur. Amma əksinə xəstə çox titiz, narahatdırsa, həmin əməliyyatda problem çıxma faizi yüksəkdir.
- Başqa birinin ürəyinin əllərinin arasında döyündüyünü görmək necə hissdir?
- Bu sözlə ifadə edilə bilməyəcək dərəcədə möhtəşəm duyğudur. İlk dəfə bunu 2012-ci ildə sentyabr ayında yaşamışam. O ki qəlbi əlinə alırsan və o döyünür. Həmin an həyəcandan öləcəkdim. İnanın səmimiyyətimə, hər əməliyyatda eyni səviyyədə olmasa da, ona yaxın hisslər keçirirəm. Bunu da qeyd edim ki, neçə ildir əməliyyatlarda iştirak edirəm, hələ ki eyni quruluşa malik ürək görməmişəm. Barmaq izlərimiz kimi ürəklərimiz də özünəməxsus olur.
- Həkimlərin bəzilərinin əməliyyatı musiqi sədaları altında etdiyi deyilir. Siz də əməliyyatlarınızda bu üsuldan istifadə edirsiniz?
- Əməliyyatın uğurlu keçməsi üçün əməliyyat otağında həkim üçün hər cür rahatlıq yaradılmalıdır. Mən xüsusilə rok, ağır metal musiqi janlarında olan mahnılar dinləyirəm. Həmin an çox rahat oluram, əməliyyat yaxşı keçir. Musiqisiz işləmək bir az çətin olur. Düzdür, bunu oxuyan xəstə yaxınları bizi yanlış anlaya, bunu xəstəyə sayğısızlıq kimi qəbul edə bilər. Amma bu, sırf əməliyyat prosesində psixoloji gərginliyi atmaq üçündür.
- Söhbətimiz zamanı İraqda tək olduğunuzu, asosial bir həyat keçirdiyinizi qeyd etdiniz. Elə an olub ki, hər şeyi geridə qoyub ölkəmizə və ya Türkiyəyə, yəni əvvəlki işinizə qayıtmaq istəyəsiniz?
- İlk getdiyim dönəmlər darıxırdım. Amma bir müddət sonra alışırsan. Hətta, arada valideynlərimi görməyə gələndə Kərbala üçün darıxıram. Türkiyə və ya Azərbaycana qayıtmaq planım isə yoxdur. Növbəti mərhələdə artıq Almaniyaya getməyi hədəfləyirəm. İraqda işlədiyim dönəm mənə böyük təcrübə qazandırdı və qazandırmağa da davam edir. Amma gələcək karyeramda daha uğurlu nəticələr əldə etmək üçün Almaniyaya gedib ürək köçürülməsi və robotik ürək cərrahiyyəsi ilə məşğul olmağı planlayıram.
- Uğur demişkən sizcə, uğurun sirri nədir?
- Çalışmaq. İnadla, əzmlə çalışmaq. Qarşına qoyduğun məqsəd üçün mütləq ciddi şəkildə çalışmalısan. Lazım gələrsə, dostlarından, ailədən belə vaz keçib bütün gücünü oxumağa, çalışmağa sərf etməlisən.
Günel Azadə




banner

Oxşar Xəbərlər