• cümə axşamı, 25 aprel, 15:42
  • Baku Bakı 23°C

KERAMİKANIN FƏLSƏFİ - DÜŞÜNDÜRÜCÜ QATI

01.02.15 06:37 1520
KERAMİKANIN FƏLSƏFİ - DÜŞÜNDÜRÜCÜ  QATI
Etiraf edək ki, çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan keramika sənətində, onun yaradıcılarının ifadə palitrasında hələ ki, müasirimiz olan Məzahir Avşarın müxtəlif mövzulu əsərlərində, xüsusilə də onun türk tarixi və mənəvi dünyası ilə bağlı kompozisiyalarında rast gəldiyimiz qədər mürəkkəb və mənalı görüntülərə rast gəlməmişik. Bunun milli keramika sənətində yeni və özünəməxsus ifadə tərzi olduğunu söyləsək, yəqin ki, heç bir mübaliğəyə yol vermərik. Forma-biçim etibarilə kifayət qədər dəyişgən və ilk növbədə cəlbedici olan bu plastikanın məcmusu ilə kompozisiyanın ümumi ritminin əldə olunması heç şübhəsiz hər şeydən öncə müəllifinin yüksək sənətkarlığının göstəricisidir. Görünənlərin daha önəmli bədii məziyyəti isə müxtəlif çalar almış bu keramikanın ahəngdarlığından yaranan bədiiləşmiş görüntüləri rəssamın heyranediciliyi ilə yanaşı, düşündürücü və obrazlı-fəlsəfi tutuma bələyə bilməsidir. Lap qədim ecazkar miniatür üslublu əsərlərdə, cəlbedici və çoxqatlı digər milli bədii sənətkarlıq nümunələrində olduğu kimi...
Tanışlıq üçün deyək ki, Məzahir Avşar 1955-ci ilin yanvarında Ağcabədi rayonunda anadan olub. İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1972-1978), sonra isə V.İ.Muxina adına Sankt-Peterburq Ali Sənaye rəssamlığı məktəbində (1978-1984) almışdır. Bir müddət Bakıda çalışıb. 2000-ci ildən qardaş Türkiyədəki Səlcuq Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. O, azərbaycanlı həmkarları İlham Ənvəroğlu, Orxan Cəbrayıloğlu və ömür-gün yoldaşı Lalə Avşarla Səlcuq Universitetində Gözəl sənətlər fakültəsini qurmuş, bir müddət “Keramika” kafedrasına rəhbərlik etmiş, bir-neçə ildir ki, həmin təhsil ocağında yeni yaradılmış “Sənət və keramika dizaynı” kafedrasına rəhbərlik etməkdədir. Həmin universitetin professorudur. Ötən əsrin yetmişinci illərindən başlayaraq müxtəlif miqyaslı sərgilərin və beynəlxalq simpoziumların iştirakçısıdır. Əsərləri dəfələrlə yüksək mükfata layiq görülmüşdür. YUNESKO nəzdində fəaliyyət göstərən rəssamlar birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür...
Onu bir yaradıcı və bir insan kimi çoxdan və yaxından tanıdığımdan deyə bilərəm ki, bütün varlığı ilə milli mənəvi dəyərlərimizə bağlı olan Məzahir Avşar davamlı yaradıcılığı ilə Azərcaycan incəsənətini, onun çox qədim tarixə və zəngin bədii ənənlərə malik olan keramika növünü yüksək dəyərli əsərlərlə zənginləşdirməyə nail olmuşdur. Ərsəyə gətirdiyi müxtəlif mövzulu əsərlər də onun torpağa, soy-kökə, əski qaynaqlara bağlılığının, xalqının acılı-şirinli tarixini bədiiləşdirməyə yönəli davamlı yaradıcılıq səylərinin ifadəsidir. Bunu onun ötən əsrin səksəninci illərindən başlayaraq bu günə kimi davam edən yaradıcılığının Bakı və Konya mərhələləri də təsdiqləyir. Onun Şərq fəlsəfəsinə, türk xalqlarının çoxəsrlik tarixinə, ədəbi irsinə, maddi və mənəvi abidələrinə sonsuz məhəbbəti əsl vətəndaş təəssübkeşliyi ilə bələndiyindən yaradıcılığı yanğı dolu yaşantılarla zəngindir...
Etiraf edək ki, xalqımızın yaşanın çoxminillik qürur doğurucu tarixi qarşılığında uzun müddət yaradıcılarımız, o cümlədən də rəssamlarımız bəzən korşaldığı hiss olunan yaddaşımızı titrədə biləcək möhtəşəm əsərlər yarada bilməyiblər. Bunun sovet dönəmində baş tutmamasını çox vaxt mövcud ideologiya ilə əlaqələndirənlərlə razılaşmaq olmur. Çünki, kommunist rejimin süqutundan sonra heç birinin portfelindən və emalatxanasından “sandıq ədəbiyyatı” kimi dəyərləndiriləcək bir əsər belə çıxmadı. Təbii ki, Məzahir Avşar bütün bunları hələ təhsil illərindən bilirdi. Odur ki, onun tarixi keçmişimizə olan marağı, onu bədiiləşdirmək istəyi hələ yetmişinci illərdən başlamışdı. Hələ Bakıda oxuyarkən onun xalq qəhrəmanı Babəkin, Sankt-Peterburqda isə Dədə Qorqudun obrazına müraciət eməsi və onların daşıdıqları milli-mənəvi yükü yaddaqalan biçimdə ifadə etməsi görünür rəssamın sonralar davam etdirəcəyi yaradıcılıq axtarışlarının hələ başlanğıcı idi. Onun zamanında Bakıda açılmış fərdi sərgisində nümayiş etdirdiyi “Danışan daşlar”, “Yaralı daşlar”, Gecə qonağı”, “Xürrəmilər”, “Dədə Qorqud”, “Göyçə qaçqını”, “Döyüşçü”, “Əsgəran”, “Axaltəkə”, “Qarabağ”, “Oğuz”, “Vedi didərgini”, “Avşaran” və s. əsərləri də bunun davamı oldu.
Məzahir Avşarın yaradıcılığının Türkiyə mərhələsində onun türk dünyasına olan bədii münasibətində ciddi dəyişikliklər baş verib, desək, yanılmarıq. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb rəssamın tarixi qaynaqlarla canlı ünsiyyətdə olması, nə vaxtsa eşitdikləri barəsində daha tutarlı məlumatlar əldə edə bilməsi olmuşdur. Bütün bunlar heç şübhəsiz ilk növbədə bu vaxta qədər bədii görüntüyə çevrilməyən tarixi mövzuların keramikada obrazlı-fəlsəfi tutumda gerçəkləşməsini şərtləndirmişdir. Əgər desək ki, onun Konya şəhərində ərsəyə gətirdiyi keramik kompozisiyalar bədii-estetik tutumuna görə monumental heykəltəraşlıq əsərləri ilə rəqabət aparmaq gücündədirlər. Təkcə Məzahirin çalışdığı Səlcuq Universiteti şəhərciyində ucaldılan “Təkər” (2001), “Xəbərdarlıq” (2001), “Sarı Qamış şəhidlərinə” (2002) və “Soyağacı (“Totem”)” (2001) əsərləri dediklərimizin təsdiqidir. Bu abidələrin hündürlüyü müvafiq olaraq 400, 450, 300, 550 santimetrdir. Üzəri Orxon-Yenisey əlifbası ilə naxışlanmış təkər, bəyaz-işıqlı bütövlüyü parçalayan qara “paz”, xalqının azadlığını qanı bahasına əldə edən şəhidlərin adlarını yaşadan qayalıq və türkdilli xalqların ucalığını və yenilməzliyini hifz edən totem məcmusu öz möhtəşəmliyini məhz görkəmli keramika ustasının bədii və mənəvi ənənələrimizə bələdçiliyi sayəsində əldə etmişdir, desək, həqiqəti söyləmiş olarıq...
Məzahir Avşarın monumental duyumu həmişə onunladır. Türk tarixi və mənəviyyətinin zəngin aurası ilə nəfəs alan sənətkarın yaratdığı keramik kompozisiyalar da ənənəvilikdən çıxmaqla, tikililərin interyer və eksteryerlərinə cəlbedici oynaqlıq bəxş etmişdir. Onun şamotdan hazırladığı “Dərvişlər” (2001), “Balballar” (2003), “Panno” (2005), “Sirli yazılar” (2006), “Doğuluş” (2003), “Bəyaz qarğa” (2003), “Dədə Qorqud” (2001), “Göydən gələnlər” (2002) və “İlk türklər” (2006) silsilələri, “Müqəddəs yazılar” (2000), “Səlcuq döyüşçüsü” (2002) və “Qazi” (2006) diptixi, eləcə də “Səma vazaları” (2003-2004), “Mifologiya” (2004-2005) və “Ovçular” (2005) silsilələri onun “soyuq” keramikaya duyğulandırıcılıq və düşündürücülük bəxş etmənin mümkünlüyünü sərgiləyən bənzərsiz sənət nümunələridir. Onların hər biri türk mənəviyyatına verilən bədii-plastik görüntü kimi, doğrudan da yeni və maraqlı, çox vaxt da düşündürücülüyə yol açan fəlsəfi tutuma malik olduqlarından bütünlükdə Azərbaycan incəsənətinin çağdaş saxlancına böyük töhfədir.
Yeri gəlmişkən deyək ki, Məzahir Avşar xalqının tarixinə, türk dünyasına münasibətini təkcə plasikada ifadə etməklə kifayətlənməmiş, onu çoxsaylı qrafik əsərlərdə də özünəməxsus bədii tutumda əbədiləşdirməyə nail olmuşdur. Bu mənada onun papirus və kağız üzərində ərsəyə gətirdiyi lövhələrin adını çəkmək lazımdır. Papirus üzərində yaradılmış “Tarixdən məktublar” (2007) silsiləsini, eləcə də kağızda gerçəkləşən “Üçüncü üz”(2007), “Yurd” (2007), “Damğa” (2007), “Sultan” (2005), “Mövləvi” (2005) və “Pəri bacaları” (2005) lövhələri bu qəbildəndir.
Bu yerdə qısa da olsa keramika sahəsində kifayət qədər milli və dünyəvi təcrübə toplamış Məzahir Avşarın istifadə etdiyi materiala münasibətini şərh etmək istərdik. Belə ki, onun ictimailəşdirdiyi əsərlər materialın texnoloji imkanları ilə düşüncələrindən qayunaqlanan formaları sadəcə qovuşdurmaq deyildir. Bu mənada ənənəvi materialın-şamotun onun nəhayətsiz təxəyyülündə şaşırdıcı forma və rəng alması, çox ifadəli siluet daşıyıcısına çevrilməsi heç şübhəsiz görkəmli sənətkarın davamlı axtarışlarının və ekspermentlərinin nəticəsidir. Başqa sözlə desək, o, məhz ifadəli plastik tutuma və orijinal forma-biçimə tamaşaçısını duyğulandıracaq rəng və faktura verməklə əsərlərinin yaddaqalanlığını əldə etmişdir...
Hər bir yaradıcının arxaya dönmək, elədiklərinə, daha dəqiq desək, saldığı “bədii iz”ə nəzər salmaq və dəyərləndirmək zamanı olur. Düşünürük ki, 60 yaş yaradıcı insan ömrünün məhz belə anlarındandır. Bu mənada keramika ustasının arxada qalan 30 illik yaradıcılığı məhsuldarlığı ilə yanaşı, həm də özünəməxsus bədii məziyyətləri ilə seçilir. Məzahir Avşarın qədim keramikanı dar məişət çərçivəsindən çıxarması, ona fəlsəfi-düşündürücü mahiyyət bəxş etməsi onun Azərbaycan incəsənətinə layiqli töhfədir...
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər