• çərşənbə axşamı, 19 mart, 09:34
  • Baku Bakı 8°C

Kentaydan Ulutauya doğru - tarixi yaddaşın yenilənməsi

26.09.17 10:45 620
Kentaydan Ulutauya doğru - tarixi yaddaşın yenilənməsi
Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiya başa çatıb. 15 avqustda Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri 18 sentyabrda Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində yekunlaşıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə, Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub.

TWESCO prezidenti Dərxan Kıdıralinin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Qazaxıstandakı ən qədim tikililərdən biri olan Dombaul Mavzoleyini, 12-13-cü əsrlərə aid Alaşa, Qızıl Orda dövlətinin qurucusu olan Batu və onun atası Çuçi xan türbələrini ziyarət ediblər.

Daha sonra Satpayev şəhərində məşhur geoloq Kanış Satpayevin abidəsi önünə əklil qoyulub və iştirakçılar alimin fəaliyyəti haqqında məlumatlandırılıb. Ziyarətçilər Satpayev şəhərinin tarix muzeyində bölgədə tapılan qədim türk tarixinə aid tapıntılarla tanış olublar və Ulutau qəsəbəsində Xan Ordası heykəlini ziyarət ediblər.

Səfər çərçivəsində Ulutau bölgəsindən olan ziyalıların iştirakı ilə elmi konfrans təşkil edilib. Səfərin məqsədi haqqında danışan TWESCO prezidenti Dərxan Kıdırali tədqiqat səfərinin Prezident Nursultan Nazarbayevin "Gələcəyə Yol: Mənəvi Dirçəliş” adlı məqaləsində toxunduğu tarixi şüurun canlandırılmasına xidmət etdiyini bildirib. O, beynəlxalq kəşfiyyat səfərinin bu sahədə elmi tədqiqatlar üçün zəmin yaratdığını, türk xalqları arasında dostluğu və birliyi gücləndirdiyini bildirib. Akademiya rəhbəri qeyd edib ki, bundan əvvəlki səfərlərdə Monqolustanda aşkar olunan külliyyələr ilə Qazaxıstan ərazisindəki tapıntılar arasında sıx əlaqə olduğu təsbit edilib.

Konfransda Ulutau bölgəsinin tarixi əhəmiyyəti, dövlətçilik ənənəsinin davamlılığı, buradakı abidələrin Türk dünyasının ortaq mədəni mirasının öyrənilməsində oynadığı rol və Avrasiya çöl mədəniyyəti ilə bağlı aktual məsələlər barədə müzakirələr aparılıb.

Səfərin yekunu olaraq, Astana şəhərində Qazaxıstanın Milli Kitabxanasında TWESCO tərəfindən indiyədək təşkil olunan beynəlxalq tədqiqat səfərlərinin nəticələri ilə bağlı hesabat toplantısı təşkil olunub. Toplantıda tədqiqat səfərinin elmi yenilikləri və nəticələri barədə məlumat verilib. Bununla yanaşı, Monqolustan qədim türklərə aid Şiveet Ulaan abidələr kompleksində iki il ərzində aparılan qazıntı işlərindən əldə edilən tapıntıların təqdimatı keçirilib.

Akademiya prezidenti D.Kıdırali Monqolustan tərəfi ilə əldə olunan razılaşmalar nəticəsində uğurlu layihələr həyata keçirildiyini, Şərqi Monqolustanda qədim türklərə məxsus yeni kurqan və heykəllər aşkar edildiyini bildirib. Bundan başqa, Monqolustan Milli Muzeyi ilə Hunlar və Göytürklər dövrünə aid dəyərli tapıntıların elmi nüsxələrinin köçürülməsinə dair anlaşma əldə olunub. Monqolustan Milli Muzeyinin direktor müavini Bayarsayhan Jamsranjavın isə Kültegin, Bilgə Xaqan və Tonyukuk yazıları kimi qədim türk abidələri də daxil olmaqla, qədim mənbələr əsasında əski toponimlər xəritəsinin hazırlanması barədə razılaşma əldə olunduğunu qeyd edib.

Beynəlxalq Türk Akademiyası türk dünyası tarixində önəmli yerə malik Monqolustanın Şiveet Ulaan külliyyəsində 2016-cı ildə 2 ay sürən qazıntı işləri aparıb. Qazıntı işləri zamanı əski çağlara işıq tutacaq əvəzsiz tapıntılar aşkara çıxarılıb. Tədqiqatçılara görə, Şiveet Ulaan kompleksi bir çox türk etnoslarını bir araya gətirən və onları vahid dövlətdə birləşdirərək uzun illər Avrasiya coğrafiyasına hökmranlıq edən İlteriş Kutluk Xaqanın (682-692-ci illərdə hakimiyyətdə olub) adına ucaldılmışdır.

Qeyd edək ki, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan zirvəsində yaradılan Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə birinci beynəlxalq kəşfiyyat səfəri Altaylara, ikinci ekspedisiya isə Monqolustanın Şiveet-Ulan və Orxon bölgələrinə təşkil olunmuşdu. "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" tədqiqat səfəri türk dünyasının ortaq tarixi mirasının öyrənilməsini hədəfləyən sayca üçüncü beynəlxalq ekspedisiya olub.

Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan və Qafqaz regionuna təşkil olunması nəzərdə tutulur.

Füzuli



banner

Oxşar Xəbərlər