• cümə, 19 Aprel, 20:47
  • Baku Bakı 24°C

“Kenqurular ölkəsi”nin həmişəcavan futbol ulduzu - Portret

07.04.18 12:00 1203
“Kenqurular ölkəsi”nin həmişəcavan futbol ulduzu - Portret
Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına sayılı günlər qalıb. Dördilliyin ən möhtəşəm futbol turnirində iştirak haqqı qazanmış ölkələr mundialın start fitini səbirsizliklə gözləyirlər. Ancaq futbol, dünya çempionatında iştirak haqqı qazanan ölkələrin heç də hamısında bir nömrəli idman növü deyil - Avstraliya kimi. "Kenqurular ölkəsi”ndə futboldansa, reqbiyə daha çox maraq olduğu məlumdur. Lakin bu ölkənin futbol millisi son illərdə qazandığı uğurlarla bu oyunu "sarı qitə”də də az-çox sevdirməyə nail olub. Ancaq hər nə qədər olsa da, futbol yenə də reqbinin kölgəsində qalmağa davam edir. Dünya çempionatı kimi mötəbər turnirlərdə isə futbol yenə ön plana çıxır. Elə Rusiyadakı mundial da yəqin ki, bu cəhətdən istisna olmayacaq.

Tarixi ərzində 5-ci dəfə mundialda çıxış edəcək Avstraliya millisinin bu turnirdə ən yaxşı nəticəsi 2006-cı ilə təsadüf edir (1/8 finala vəsiqə). Digər DÇ-lərdə isə avstraliyalılar bir qayda olaraq, mübarizəni qrup mərhələsində başa vurublar. "Kenqurular” bu dəfə də qrupun favoritlərindən sayılmır. Fransa, Danimarka və Peru ilə bir qrupda yer alan avstraliyalıların ən yaxşı halda qrupda 3-cü yeri tutacağı proqnozlaşdırılır. Lakin "sarı qitə” təmsilçiləri 12 il öncəki kimi bütün bu proqnozları alt-üst etmək niyyətindədir. Avstraliya millisinin üzvlərinin əksəriyyəti Avropa klublarında çıxış edir. Ancaq komandanın heyətinə nəzər saldıqda, ilk diqqətçəkən adın Tim Keyhill olduğunu görərik. Bu dəfə sizə reqbinin vətənində futbola meyl salan, uzun illər İngiltərə Premyer Liqasında çıxış etmiş Keyhillin uğur hekayəsindən bəhs edəcəyik.

Premyer Liqa üçün yuxusuz qalan uşaq
Tim Keyhill 1979-cu il, dekabrın 6-da Avstraliyanın Sidney şəhərində dünyaya göz açıb. Onun atası ingilis, anası isə samoalıdır. Tim reqbinin çox sevildiyi ölkədə doğulmuşdu. Ancaq onun qanında futbol var idi. Ata Keyhill daim İngiltərə Premyer Liqasının oyunlarını izləyirdi. Balaca Tim də atası ilə birgə bu çempionatın oyunlarını yaxından təqib edirdi. Ancaq bir problem var idi - İngiltərə ilə Avstraliya arasında olan saat fərqi. "Dumanlı Albion”da oyunlar "sarı qitə” vaxtı ilə gecə 00:00-04:00 aralığında keçirilirdi. Bu saatda Keyhill kimi 5-6 yaşlarında uşaqlar çoxdan yataqlarında olmalı idilər. Lakin o, valideynlərinin bütün tənbehlərinə rəğmən, Premyer Liqa oyunlarına baxmaqda inadkarlıq edirdi. Tim çətinliklə də olsa, atasından sevimli komandası "Everton”un oyunlarını izləmək üçün icazə ala bilirdi. Onun sevimli futbolçusu isə bu komandanın "vuran ayağı” Qari Lineker idi. Çox çəkmir ki "mavi ekran” qarşısında izlədiyi futbol, Timdə bu oyunla məşğul olmaq həvəsi yaradır. Ancaq onun dostları, qohumlarının əksəriyyəti reqbini seçmişdilər. Keyhill də müəyyən müddət bu idman növü ilə məşğul olur. Lakin Tim reqbini sevmirdi. Anası da buna qarşı çıxırdı. Reqbini təhlükəli hesab edən ana Keyhill, ərindən oğlunu daha təhlükəsiz idman növünə yazdırmağı tələb edirdi. Ata Keyhill kiçik oğlu Krislə birlikdə Timi futbola yazdırır. Beləcə, Tim Keyhillin uzunmüddətli futbolçu karyerası başlayır.
Bankdan götürülən kreditlə futbolun vətəninə...
Avstraliyada "Balmeyn Polis Boyz”, "Merrikvil”, "Plampton/Okhörst” komandalarında çıxış edən Keyhill, 1995-ci ildə "Sidney Olimpik” klubuna keçir. 1997-ci ildə isə şəhərin digər klubu "Sidney Yunayted”lə anlaşır. Tim artıq 18 yaşına çatmışdı və hələ də futbolda istədiyi yerdə deyildi. O, futbol ölkəsi olmayan Avstraliyada inkişaf etməyin mümkünsüz olduğunu bilirdi. Bunun üçün də futbolun vətəni - İngiltərəyə yollanmaq, burdakı klublarda baxışdan keçərək, karyerasını "dumanlı albion”da davam etdirməyi planlaşdırır. Lakin bu planı həyata keçirmək üçün onun pulu yox idi. Valideynləri onu İngiltərəyə yollamaq üçün 10 min dollar kredit götürürlər. Beləliklə, Tim Londona yola düşür. Lakin onun İngiltərəyə getməsi üçün kredit götürən Keyhill ailəsinin maddi vəziyyəti pisləşir. Valideynləri kredit borcunu ödəmək üçün dayanmadan çalışmalı olurlar. Kiçik qardaşı ailə büdcəsinə kömək olmaq üçün məktəbdən ayrılıb, çalışmağa başlayır. Lakin Keyhill ailəsi bundan narazı deyildi. Onların tək arzusu oğullarını Premyer Liqada görmək idi.

"Milluol”da başlayan uzunmüddətli macəra
Tim isə bu vaxt "Milluol”da baxışdan keçirdi. O, İngiltərəyə gələn kimi bir otaqlı ev kirayə götürür. "Milluol”a keçmək üçün çox çalışır. Nəhayət, klubun məşqçiləri bu avstraliyalı gəncə "yaşıl işıq” yandırırlar. Tim 1998-ci ildə "Milluol”la müqavilə bağlayır. Müqavilə üçün aldığı 5 min funt-sterlinqi isə evinə - ailəsinə göndərir. Düzdü, ilk illərdə onun "Milluol”dakı qazancı çox az idi. Lakin Tim bacardığı qədər ailəsinə yardım etməyə çalışırdı. Bir neçə il sonra isə ailəsi onun göndərdiyi pullarla ev belə almışdı.

Futbol karyerasına gəldikdə isə Keyhilldə olan həvəs onun "Milluol”da möhkəmlənməsinə kömək olur. Lakin avstraliyalı gəncin tezliklə Premyer Liqa klublarının diqqətini çəkmək şansı çox az idi. Çünki onun çıxış etdiyi komanda İngiltərədə 4-cü dərəcəli çempionat olan 2-ci liqada çıxış edirdi. Komandanın əsas üzvlərindən olan Tim, 2001-ci ildə "Milluol”un 1-ci liqaya vəsiqə qazanmasında yaxından iştirak edir. Onun böyük klubların diqqətini çəkmək üçün əsas yolu kuboklar idi. 2004-cü ildə Keyhillin bu cəhətdən bəxti gətirir. "Milluol” heç kimin gözləmədiyi halda İngiltərə FA kubokunda finala kimi irəliləyir. "Şirlər” növbə ilə "Valsall”, "Telford Yunayted”, "Bernli”, "Tranmir” və "Sanderlend”i mübarizədən kənarlaşdıraraq həlledici görüşə vəsiqə qazanır. "Sanderlend”ə qarşı yarımfinal görüşündə isə komandasına qələbə qazandıran yeganə qola məhz Tim imza atır. Kardiffin "Milennium” stadionunda keçirilən finalda "Milluol”un rəqibi İngiltərə nəhəngi "Mançester Yunayted” olur. Həmin vaxt səviyyəcə 3-cü divizion olan 1-ci liqada çıxış edən "Milluol”un İngiltərə nəhənginə qarşı heç bir şansı yox idi. Görüş mankunianların 3:0 hesablı qələbəsi ilə nəticələnir. Keyhill digər görüşlərdə olduğu kimi bu dəfə də 90 dəqiqə meydanda olur. Komandasının finalda böyük hesablı məğlubiyyətinə rəğmən, Tim Premyer Liqa klublarının "radar”ına düşə bilmişdi.

Gerçəkləşən xəyal
Onun xidmətində maraqlı olan klub isə uşaqlıq arzusu "Everton” idi. "İrislər” 2004-cü ildə 24 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə cəlb edir. Liverpul təmsilçisi Keyhill üçün onun klubuna 1,5 milyon funt-sterlinq ödəyir. Klubun menecerləri Timin transferini reallaşdırarkən, bəlkə də, onun komandaya bu qədər xeyir verəcəyini düşünmürdülər. Keyhill tezliklə "Everton”un əsas heyət üzvünə çevrilir. Tim Premyer Liqadakı ilk mövsümündə 33 oyunda şans qazanır, 10 qol vurur. O, düz 8 mövsüm "irislər”in əsas üzvlərindən olur. Ümumilikdə isə Keyhill sevimli klubunun formasında meydana çıxdığı 278 oyunda 68 qol vurmağı bacarır.
Amerika, Çin, Avstraliya və.... İngiltərə
Keyhill "Everton”dakı son mövsümünə kimi komandanın əsas üzvlərindən idi. Lakin o, getmək vaxtının çatdığını anlayırdı. 32 yaşı olan Tim, gələcəkdə maddi təminatını sığortalamaq üçün daha çox qazanacağı çempionatları nəzərdən keçirdi. 2012-ci ildə MLS təmsilçisi "Nyu-York Red Bulz”un dəvətinə "hə” cavabı verdi. 3 mövsüm ABŞ təmsilçisində çıxış edən Keyhill, daha sonra milyonların dövr etdiyi Çinə yollanaraq, burda "Şanxay Qrintaun Şenxua” və "”Hanqjou Qrintaun” klublarında çıxış edir. O, 2016-cı ildə uzun fasilədən sonra vətəni Avstraliyaya geri dönür, "Melburn Siti” ilə anlaşır.
Bu il Rusiyada keçiriləcək dünya çempionatında Avstraliya millisinin heyətində yer almaq istəyən Keyhill, ölkə çempionatında çıxış etməklə, bu istəyinə çatmağın çox çətin olduğunu başa düşürdü. O, məhz buna görə, ölkənin əsas millisinin bir çox üzvü kimi yenidən İngiltərəyə yollanmaq fikrinə düşür. Ancaq çətin ki hansısa ingilis klubu karyerasının qürub çağını yaşayan futbolçuya qucaq açardı. 38 yaşlı futbolçuya bu çətin anında qucaq açan komanda isə məhz İngiltərə macərasını başladığı "Milluol” olur. Keyhill hazırda Çempionşipdə mübarizə aparan "şirlər”in əsas heyət üzvü olmasa da, burdakı məşqlərlə formada qalaraq, Avstraliya millisinin DÇ-2018-dəki heyətinə düşməyi arzulayır. Mütəmadi olaraq milliyə dəvət alan Tim, bu arzusuna yaxın görünür.

4 variant, 1 seçim - Avstraliya
Millidən söz düşmüşkən, Keyhill İrlandiya yığmasında da çıxış edə bilərdi. Belə ki, onun atası İngiltərədən olsa da, məhz irland əsillidir. Onun, anasının mənsub olduğu Samoanın futbol millisində də çıxış etmək imkanı olub. O, hətta bu ölkənin U-20 komandasının heyətində 2 oyunda da forma geyinib. Maraqlıdır ki, o, Samoa U-20 millisində çıxış edərkən cəmisi 14 yaşında olub. Lakin daha sonra Avstraliya gənclər yığmasından gələn təklifə "hə” cavabı verib.

2004-cü ildə isə onun milli ilə bağlı nə az, nə çox, düz 4 (!) seçim şansı olub - İngiltərə, Samoa, İrlandiya və Avstraliya. Tim bir qədər götür-qoy etdikdən sonra doğma vətəni Avstraliya yığmasına üstünlük verir. O, millidə 2004-cü il martın 30-da CAR-la yoldaşlıq görüşündə debüt edir. Timin milli karyerası uğurlu alınıb. "Kenqurular”ın heyətində keçirdiyi 105 oyunda 50 qola imza atan Keyhill, yığmanın tarixi ərzində ən məhsuldar futbolçudur. O, Avstraliya millisinin heyətində çıxış etdiyi 3 mundialda 5 qol vurub. 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatında tarix yazaraq 1/8 finala adlayan Avstraliya millisinin əsas "silahlar”ından biri məhz Keyhill idi. O, 2006-cı illə yanaşı, DÇ-2014-də də yığmanın ən məhsuldar futbolçusu olur (hər iki turnirdə 2 qola imza atır). Keyhill Avstraliya millisi ilə 2 titul qazanıb. O, "kenqurular”ın heyətində 2004-cü ildə Okeaniya Millətlər Kubokunun, 2015-ci ildə isə Asiya kubokunun qızıl medallarına sahib olub.

Ailə
Keyhill 2010-cu ildə, uşaqlıq sevgisi Rebeka Qrinhill ilə ailə həyatı qurub. Cütlüyün 4 övladı - 3 oğlu, 1 qızı var. Tim bir çox futbolçudan fərqli olaraq, heç vaxt ailəsi ilə gündəmə gəlməyib.
Tim karyerasına, arzularına necə çatmasına işıq salan kitab da yazıb. Kitab "Tim Keyhill irsi” adlanır.
Portret

Onun futbola sevgisi hətta 38 yaşında da tükənmir. Tim böyük əzmkarlıq hesabına İngiltərə xəyallarını gerçəkləşdirdi. Bu "yuxu” hələ də davam edir. Ancaq hər bir şirin yuxunun sonu olduğu kimi, Keyhill də bu röyadan gec-tez ayılacaq. İndi əsas olan isə bu röyaya xoş sonluqla yekun vurmaqdı. "Oyanmaq” üçün ən yaxşı yer isə məhz Rusiyadır.
Elnur

banner

Oxşar Xəbərlər