• cümə axşamı, 25 aprel, 17:00
  • Baku Bakı 23°C

Kəndlərə inkişaf gətirən turizm

14.06.16 13:30 3563
Kəndlərə inkişaf gətirən turizm
"Artıq illərdir ki, evimizi turistlərin üzünə açmışıq. Bu müddət ərzində Azərbaycanın müxtəlif bölgələrindən, xaricdən bir çox qonaqlarımız olub. Kənd turizminə əsasən yay aylarında havanın daha isti olduğu bölgələrimizin sakinləri üstünlük verirlər. 2-3 ay qalanlar da olur, qısa müddətə səfər edənlər də”. Bu sözləri bizimlə söhbətində Göygölün Toğana kəndindən olan müsahibim Məltəm Talıbzadə dedi.
M.Talıbzadə bildirdi ki, uzun müddətə səfər edənlər daha çox isti regionların insanları, bir neçə günlük, bir həftəlik gələnlər isə ölkə turuna çıxmış xarici turistlər olur. Müsahibim deyir ki, bu turizm növünü seçənlər kəndin bütün gözəlliklərindən zövq almağa, təbii məhsullarından dadmağa çalışırlar: "Kəndin yerli məhsulları ilə çox maraqlanırlar. Bizimlə tarlaya, bağçaya gedirlər, yetişdirdiyimiz məhsullarla maraqlanırlar. Əsasən ağartı məhsullarını, tərəvəzi, bağdan dərilmiş meyvələri çox sevirlər. Həmçinin Göygöl ətrafında çox gözəl gəzməli yerlər var. Kəndimiz dağların əhatəsindədir. Ətrafında Göygöl, Kəpəz, Murov dağları var. Murov dağına qalxanda Turşsu deyilən müalicəvi bulaq var ki, yerən qaynayaraq çıxır. Gələnləri onunla tanış edirik”.
Turistlərin kənd əhalisinin təhsil və dünyagörüşünə təsiri
M.Talıbzadənin sözlərinə görə, maddi tərəflərindən başqa, gələn turistlərin yerli əhalinin təhsili və dünyagörüşünə böyük təsirləri olur: "Kəndə özləri ilə sanki bir inkişaf gətirirlər, faydalı məlumatları paylaşırlar, uşaqlara köməklik edirlər. Kəndi tərk etsələr də, əlaqə saxlayır, problemlərlə maraqlanırlar. Şəhərdə oxuyan uşaqlara dəstək olurlar. Məsələn, Bakıdan rayona istirahətə gələn biri qaldığı evin sahibinin uşağına Bakıda öz dəstəyini göstərir. Mən kəndimizə gələn bir nəfərin məsləhət və dəstəyi ilə universitetə hazırlaşdım. Sonra xəyal belə edəməyəcəyim Bakıda ali məktəbə qəbul oldum. Təhsil aldığım müddətdə mənə maddi və mənəvi dəstək oldular. Bu gün çox yaxın münasibətimiz var. Yəni bir növ doğma insanlar qazanırıq”.
Müsahibimizin də qeyd etdiyi kimi, kəndlərin gözəlliklərini görmək, meyvə-tərəvəzləri təzə-tər dərib yemək, kəndin buz kimi bulaqlarından su içib, təmiz havasını ciyərlərinə çəkmək istəyənlərin istirahət üçün seçimi çox zaman kənd turizmi olur. Bir çox insanlar ən qısa müddətlik tətilini, hətta həftə sonunu belə yay aylarında hansısa kənd evində qalmaqla keçirməyə çalışır. Bu istək və arzu isə kənd turizmi anlayışını formalaşdırıb. Vaxtilə icma əsaslı turizm, kənd turizmi deyilən anlayışlar da olub. Bu gün isə bu, bizdə daha çox kənd yaşıl turizmi deyə qəbul olunur. Bu məqsədlə "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi yaradılıb.
Kəndlilər maarifləndirilir
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyir ki, birliyin yaradılması ilə kənd yerlərində turistləri qəbul etməyə hazır olan ev sahibləri müəyyən edilib və onlar müxtəlif təlim proqramlarına cəlb olunublar: "Azərbaycanda icma əsaslı yaşıl kənd turizminin inkişafına dair konsepsiyanın hazırlanması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin qanunvericilik, marketinq və s. ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədilə 2015-ci ilin 12-16 oktyabr tarixlərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti (TAİEX) üzrə Azərbaycanda Ekspert Missiyası təşkil olunub. Missiya çərçivəsində Finlandiya və İspaniyadan dəvət olunmuş ekspertlər "Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin sədri və yerli nümayəndələri, turizm şirkətlərinin icraçı direktorları, Turizm şöbəsinin əməkdaşları və digər maraqlı tərəflərlə məhsuldar görüşlər keçirilib, müzakirələr aparılıb. Missiyanın sonunda maraqlı tərəflərə müvafiq təkliflər və tövsiyələr verilib”.
M.Qəhrəmanov qeyd etdi ki, bölgələrdə fəaliyyət göstərən turizm informasiya mərkəzləri (Gəncə, İsmayıllı, Şəki, Qəbələ, Zaqatala, Lənkəran, Quba, Xaçmaz) tərəfindən regionların mövcud turizm potensialının təbliğ olunması ilə yanaşı, yerli əhali arasında kənd turizminin fəaliyyət növü kimi təşviqi, eləcə də kənd sakinlərinin turistlərin qəbulu, xidmətlər göstərilməsi və s. barədə maarifləndirilməsi aparılır.
Hər bir kəndli turist cəlb edə bilər, amma...
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin rəhbəri, Turizm və Menecment Universitetinin müəllimi Qəhrəman Yusupov bizimlə söhbətində bildirdi ki, birliyin yaradılmasında əsas məqsəd turistlərə fərqli xidmətlərin göstərilməsidir: "Fərqli xidmət təqdim edən turizm növlərindən biri kənd yaşıl turizmidir. Kənd yaşıl turizminin özəlliyi odur ki, burda yerləşdirmə obyektləri hotellər, motellər, istirahət mərkəzləri deyil, kənd qonaq evləridir. Burada heç kim qidalanma rejiminə riayət etmir, yaxud hansısa zaman kəsiyində ekskursiyaya gedilmir. Bu, daha sərbəst turizmdir”.
Q.Yusupov deyir ki, hər bir kəndli şəraiti olan evinin qapısını turistlər üçün aça bilər. Azərbaycanın isə bir neçə kəndi var ki, daha çox turist cəlb edir: "Hər hansı bir kənd sakini bu işə qoşula bilər. Turistin kənddə istirahətdən məmnun qalması üçün evin şəraiti yaxşı olmalıdır. Daha çox kənd qonaq evləri yayılmış ərazi Nabran, Yalamadır. Həmin ərazidə çoxlu istirahət mərkəzləri olsa da, yerli kənd evlərinin hər birində turistlər qalırlar. Qəbələnin Vəndam, İsmayıllının Lahıc, Gülyan, İvanovka, Şəkinin Kiş, Fazıl, Çeşməli kəndləri turistlər tərəfindən daha çox müraciət edilən yerlərdir”.
Q.Yusupov deyir ki, kənd turizmində dəqiq statistika yoxdur, burada yalnız təxmini rəqəm səsləndirmək olar. Bu sahə də Mədəniyyət və Turizm Nazirliyinin nəzərindədir və inkişaf gedir.
Kənd turizmi vergiyə cəlb edilirmi?
Kənd yaşıl turizmi ilə məşğul olan kəndlilərin gəlir vergisi ödəməsinə gəlincə, Q.Yusupov deyir ki, bu məsələ qanunla tənzimlənir: "Nazirlər Kabinetinin qərarına əsasən, ailə-kəndli təsərrüfatının hər bir üzvünə il ərzində 5000 manatadək gəlir əldə edilərsə, o, heç bir vergiyə cəlb olunmur. 4 ailə üzvü varsa, təsərrüfatındakı fəaliyyətdən 20 mindən çox gəlir əldə etdiyi zaman sahibkar kimi qeydiyyatdan keçib vergisini ödəməlidir. Az olduqda isə gəlir vergisindən azaddır. Ailə-kəndli təsərrüfatı illik hesabatını yerli bələdiyyə orqanına verir”.
Q.Yusupov deyir ki, bu turizm növünün inkişafı üçün dövlət dəstəyi də olsa, işin xeyrinədir: "Orta və aşağı gəliri olan kəndli əlavə gəlir mənbəyi əldə etmək istəyirsə, evini müvafiq şəraitə uyğunlaşdırıb turistlərə verməlidir. Ona görə də bu cür ailələrə məqsədli kreditlər verilməsinə ehtiyac var. Bu, kənd yaşıl turizminin inkişafına bir dəstək ola bilər”.
Q.Yusupov onu da bildirdi ki, bu turizm növünün inkişafı üçün vacib amillərdən biri də əhalinin maarifləndirilməsi ilə bağlıdır: "Ölkəmizin iki rayonunda kənd yaşıl turizmi ilə məşğul olan kənd qonaq evi sahiblərinə təlimlərin keçirilməsini düşünürük. Çünki evdə şəraitin olması ilə yanaşı, turistlərə müvafiq xidmətin düzgün göstərilməsi məsələsi var. İsmayıllı və Xaçmaz rayonlarında bu təlimlərin keçirilməsi gözlənilir. İctimai Birliyin əməkdaşları turizm sahəsi ilə uzun illərlə məşğul olan insanlardır və təlimlər həmin mütəxəssislər tərəfindən həyata keçirilir”.
"Bu turizm kəndlinin şəhərə axınının qarşısını alır”
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov qəzetimizə açıqlamasında bildirdi ki, hazırda Nabran, Quba-Xaçmaz istiqaməti, Altıağac, Masallı, Lənkəran, Göygöl, Şəki, Qəbələ, İsmayıllı, Şamaxının bir çox yerlərində bu turizm növü geniş yayılıb. O deyir ki, dünya təcrübəsində kənd turizmi ölkə turizmində 8-15 faizlik bir paya malik olur. Amma burada önəmli məqam onun tutduğu yer faizi yox, ətraf mühitin korlanmamasına, davamlı turizmə xidmət etməsidir: "Bir kənddə parkla əhatələnmiş ərazidə 200 yerlik 5 ulduzlu hotel tikmək olar. Onun tullantıları çox olacaq, xeyli maşın gələcək, səs-küy çox olacaq. Amma kənd turizmi yaşıllığı, kənd həyatını korlamadan kəndillərə gəlir gətirir. Bu turizm həm də kəndlinin güzəranının yaxşılaşmasına, şəhərə axının qarşısını almağa kömək edir. Bu, kəndli üçün məşğulluq formasıdır. Bununla bağlı dünyada çox geniş təcrübələr var. Xüsusilə Almaniya və ABŞ-da kənd yaşıl turizmi böyük bir sahəni əhatə edir. Azərbaycanda da bunun inkişaf etdirilməsi arzuolunandır”.
Evi hotel otağına bənzətməyə ehtiyac yoxdur
E.Aslanov deyir ki, kənd turizminin inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsinə, bu işlə məşğul olan kəndlilərin dəstəklənməsinə ehtiyac var: "Treninqlər, təlimlər, məlumatlandırıcı kitabçalar formasında, turizm informasiya mərkəzlərinin, turizm şirkətlərinin onlarla işləməsi mənasında dəstək bu sahənin inkişafına köməklik edər. Bu sahə ilə bağlı bir çox təkliflər, təşəbbüslər olub, ictimai birlik də yaradılıb, amma hüquqi baza yoxdur.
Bir də kəndlilər turistlərə kirayə verəcəkləri evləri hotel otaqlarına bənzətməsinlər. Ev gigiyenik olmalı, regionun xüsusiyyətlərini özündə əks etdirməli və ümumi təhlükəsizlik standartlarına cavab verməlidir. Evdə internetin, plazma televizorun, bütün beynəlxalq kanallara çıxış imkanlarının olması şərt deyil”.
E.Aslanov onu da bildirdi ki, Azərbaycanda kənd yaşıl turizmi konkret qeyd etdiyi rayonların timsalında kifayət qədər inkişaf edib. Amma ümumiyyətlə, ölkəmizin bütün rayonlarını əhatə etməsi arzuolunandır: "Son dövlər iqtisadiyyatda baş verən dəyişikliklərdən dolayı kənd yerlərinin bu cür də inkişafı üçün çalışmaq lazımdır. Nəinki Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər əlaqədar dövlət orqanları, yerli icra hakimiyyəti orqanları, xüsusilə bələdiyyələr bu işdə aktiv olmalıdırlar”.
"Təbiəti hiss etmək üçün kəndə getmək lazımdır”
E.Aslanovun sözlərinə göprə, xüsusilə daxili turizm üçün kənd yaşıl turizminin inkişafı vacibdir: "Nəzərə alsaq ki, ölkə əhalisi bahalı avro və dollardan uzaq durmaq üçün ölkə daxilində turizmə üstünlük verəcək, regionlarda hotellərdə yataq yeri kifayət qədər deyil, onda kənd evləri aşağı və orta gəlirli vətəndaşlarımızın istirahətini təmin etmək üçün gözəl bir fürsət olar”.
Müsahibim onu da bildirdi ki, kənd evinin kirayəsinin cəlbedici olması üçün o, ərazidə olan hotel, motel, sanatoriya, sosial mərkəzlərdə təqdim olunan gecələmə yerlərindən ucuz olmalıdır.
Müsahibim Məğrur Əli Polad deyir ki, təmtəraqlı hotellər və istirahət mərkəzlərindənsə, kənd evində istirahətə daha çox üstünlük verir: "Hotellərdə səs-küy olur. Amma kənd evlərində bir sakitlik olur ki, insanın ruhu dincəlir. Kənd yerlərində istirahət uşaqlar üçün xüsusilə maraqlıdır. İstədikləri qədər gəzirlər, əylənirlər, kənd mühitini görürlər. Həm qiymət, həm təzə kənd məhsulları dadmaq baxımından kənd turizmi əvəzedilməzdir. Kəndi gəzirik, getdiyimiz məkana yaxın yerlərə gedirik. Eyni zamanda, bu turizmin özəlliyi odur ki, qida rejimin sərbəstdir. Öz istədiyini evində bişirib yeyə bilərsən. Dəbdəbəli otellər hər yerdə var. Amma təbiəti hiss etmək üçün kənd evində olmaq lazımdır”.
Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
banner

Oxşar Xəbərlər