• çərşənbə axşamı, 23 aprel, 19:06
  • Baku Bakı 20°C

“Kəndin son yəhudisi” İsrail festivalında

30.05.16 09:15 1073
“Kəndin son yəhudisi” İsrail festivalında
İsrailin Afula şəhərində 65 ölkənin iştirakı ilə "Near Nazareth Festival” beynəlxalq film festivalı başlayıb. Afula şəhəri bələdiyyəsinin dəstəyi ilə təşkil edilən beynəlxalq tədbirin təşkilatçısı "Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Mədəniyyət Mərkəzi və "Tovushi” (ABŞ) Mərkəzidir. Hər iki mərkəz İsrail ictimaiyyətinin Azərbaycanın mədəniyyəti və tarixi, habelə əsrlər öncə bu torpaqlarda məskunlaşan yəhudi icmasının həyat ilə daha yaxından tanış olması üçün səylər göstərir.
"Azİz” AssosiasiyasındanAZƏRTAC-a verilən məlumata görə, kinofestival Azərbaycan rejissoru Rüfət Əsədovun "Kəndin son yəhudisi” sənədli filminin nümayişi ilə açılıb.
Filmin qəhrəmanı Meir Manaşirovdur. O, əvvəllər böyük dağ yəhudi icmasının yaşadığı Müqdi-Qaftaran kənddə qalmış yeganə yəhudidir.
Açılış mərasimində iştirak edən rejissor Rüfət Əsədov nümayişdən sonra bildirib ki, ağır taleli, amma həyata aydın baxışı olan baş qəhrəmanı kamera ilə "izləmək” heç də asan başa gəlməyib. Meir Manaşirov uzun müddət çəkilişə razılaşmayıb və yalnız çoxsaylı xahiş və təkidlərdən sonra kameralı "təqibi”nə imkan yaradıb: "Bu filmi bir neçə ay çəkdik. Filmdəki qəhrəmanın dünyanın müxtəlif ölkələrində yaşayan böyük ailəsi, uşaqları və nəvələri var. İsraildə yaşayan Meirin oğlanlarından biri Rəhim Manaşirov da Afulda, filmin premyerasında, tamaşaçılar arasında idi. Ekranda gördüyü onun üçün gözlənilməz idi. Rəhim deyir ki, bütün uşaqları imkan düşdükdə atalarına baş çəkirlər. Onların hər biri istəyir ki, yaşlı atanı öz yanlarına aparsın. Lakin Meir evini, əcdadlarının yurdunu tərk etmək istəmir”.
Qeyd edək ki, filmdə Qafqaz yəhudilərinin tarixi, Azərbaycandakı yəhudi icmasının həyatı və Azərbaycana xas tolerantlıq mühitinə dair faktlar sadalanır.
banner

Oxşar Xəbərlər