AZE | RUS | ENG |

Kənd uşaqlarını xaricilərlə əlaqələndirən müəllim- Örnək

Kənd uşaqlarını xaricilərlə əlaqələndirən müəllim- Örnək
Lamiyə Bağırova: “İçində sevgi olmayan insan müəllimlik peşəsinə yiyələnə bilməz”

Şagirdlərini çox sevir. Deyir ki, müəllim olmaq 45 dəqiqə dərs keçib getmək deyil. Müəllimin vəzifəsi öyrətmək, cəmiyyətə yararlı vətəndaş yetişdirməkdir. Ona görə müəllim gələcəyin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Bu adın öhdəsindən gəlmək üçün də kənd məktəbində ingilisdilli şagirdlər yetişdirir.
Müsahibimiz Daşkəsən rayonu, Mədənçilər qəsəbəsi 3 nömrəli məktəbin ingilis dili müəllimi Lamiyə Bağırovadır. Lamiyə özü də Daşkəsəndə anadan olub. Ucqar kənd şagirdlərinin əziyyətlərini gördüyü üçün elə doğulub, təhsil aldığı rayonda müəllim işləmək istəyib. Bu məqsədinin ardınca da addımlayıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. Tələbəlik illərində müəllim kimi fəaliyyət göstərməyə cəhd edib. Kənd uşaqlarına ingilis dilini təmənnasız öyrətmək üçün çalışıb.
 
"Yeni düşüncələrlə yatıb qalxıram”
 
Lamiyəni digər müəllimlərdən fərqləndirən cəhət odur ki, çalışdığı məktəbdə öz təşəbbüsü və maddi imkanları ilə yeni innovasiyalar tətbiq edir. Deyir ki, kənd uşaqlarının ingilis dili səviyyəsi çox aşağıdır. Bu dili sevdirmək üçün müəyyən proyektlər əsasında dərs keçir: "Hər gün şagirdlərə ingilis dilini sevdirmək üçün innovasiyalar tətbiq etməyə çalışıram. Yeni düşüncələrlə yatıb qalxıram. Təəssüflər olsun ki, işlədiyim məktəbdə internet imkanları yoxdur. Məktəbdə uzun illərdir rus dili tədris olunduğu üçün ingilis dili səviyyəsi çox aşağıdır. 7-ci sinif şagirdlərinin ingilis dili bilikləri çox zəifdir. Amma şagirdlər öyrənməyə çox maraqlıdır və dərslərdə aktiv iştirak edirlər”.
 
"Müəllim şagirdin gözündə örnəkdir”
 
Lamiyə deyir ki, müəllimlik peşəsi kənardan göründüyü qədər asan deyil: "Ucqar kəndi seçməkdə məqsədim o yerlərdə müəllimlərə daha çox ehtiyacın olmasıdır. Gənc müəllimlər yeniliklər tətbiq etməyi bacarır. İndiki uşaqları da o yeniliklərlə ələ almaq mümkündür. Mən də bura çalışacağım məktəbdə nə isə maraqlı işlər görəcəyimi, fərqli ab-hava yaradacağımı düşünərək gəlmişəm. Biz müəllimlər təkcə şagirdlərimizin təhsili ilə məşğul olmuruq. Həm də çalışırıq ki, uşaqların təlim-tərbiyəsi ilə maraqlanaq, onları bir növ, həyata hazırlaya bilək. Çünki müəllim öz şagirdlərinin gözündə bir nümunə, örnəkdir”.
 
"Qız uşaqlarının təhsildən kənarlaşdırılması böyük problemdir”
 
Lamiyəni məktəbdə narahat edən əsas məqam qız uşaqlarının təhsildən kənarlaşdırılıb, ailə qurmağa məcbur edilməsidir: "Qəsəbənin acınacaqlı problemlərindən biri odur ki, qız uşaqları 9-10-cu sinifdən sonra məktəblərə göndərilmir, ailə həyatı qururlar. Bəzən kifayət qədər aktiv, dərslərini oxuyan qız uşaqları məktəbdən kənarlaşdırılır. Bu məni çox narahat edir. Bunun üçün də əlimdən gələni edəcəm ki, qız uşaqlarının məktəbdən kənarlaşdırılmasının qarşısını alım. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlamaq, bu mövzuda videoroliklər izlətmək, təhsilin nə dərəcədə önəmli olduğunu qızlarımıza aşılamaq istərdim. Ailədə elə tərbiyə verilir ki, qız uşaqları ailə qurmağa meyillənirlər. Ötən günlərdən birində bir qızı qardaşı məktəbə qoymayıb. Səbəb isə "ərgənlik yaşına çatdığı üçün məktəbə getməsi düzgün deyil” fikridir. Bu mənə çox pis təsir etdi. Qızlarımıza ailələri tərəfindən belə fikirlərin aşılanması çox pisdir. İstər qız, istərsə də oğlanın təhsil almaq hüququ var. Həmçinin qəsəbə məktəbi olduğu üçün valideynlər təsərrüfatla məşğul olurlar. Şagirdlərin əksəriyyəti də valideynləri ilə birlikdə Arana köçür, təhsildən kənarlaşırlar. Bunların aradan qaldırılması üçün çalışmaq istərdim. Məqsədim şagirdlərə elmin, təhsil almağın necə böyük bir məsələ olduğunu aşılamaqdır. Vətənə, millətə xeyirli gənclər yetişdirmək istəyirəm”.
 
"Şagirdləri xarici müəllimlərlə əlaqələndirdim”
 
Yuxarıda qeyd etdiyimiz kimi, Lamiyə ingilis dilini tədris etmək üçün yeni innovasiyalardan istifadə edir. Hətta skayp vasitəsilə xarici müəllimlərlə şagirdlərini əlaqələndirir, onların dərslərinə qonaq olurlar: "Xarici müəllimlərlə tez-tez ünsiyyət qurur, sinfimə canlı bağlanmalarını xahiş edirəm. Mən həm də "Ted Talks”da könüllü tərcüməçiyəm. Orada tanıdığım müəllimlər, spikerlərlə uşaqları görüşdürürəm. Xarici müəllimlərdən biri sinfimlə əlaqə saxladı. Uşaqlar çox sevindilər. "Ted Talks”un səhnəsinə çıxan insanlar həyatda müəyyən uğurlar əldə edən şəxslərdir. Onların söhbətindən sonra şagirdlərin həyata baxışı dəyişir. Öz vəsaitimlə sinfimi proyektorla təmin etməyi, maddi-texniki bazasını gücləndirməyi planlaşdırıram. Ümid edirəm, planlarım həyata keçər və mən məqsədimə çataram”.
 
"Bir kənd uşağının xarici dili sevməsi...”
 
Lamiyə həm də kənd uşaqlarına dərsdən əlavə ingilis dilini təmənnasız öyrədir: "Təmənnasız hazırlıq keçməyimin səbəbi tədris etdiyim fənni sevməyimdən irəli gəlir. O uşaqların heç biri hazırlıq üçün mənə müraciət etməyiblər. Hər dəfə başa düşmədikləri fənnin izahını məndən istəyirdilər. Mən də dedim ki, gəlin sizi təmənnasız hər gün hazırlaşdırım. Əgər şagirdlərə öyrətmək şansım varsa, bu mənim üçün ən böyük xoşbəxtlikdir. Pul hər şey demək deyil. Bir kənd uşağının xarici dili sevməsi, öyrənmək istəməsi mənim üçün ən böyük qazancdır”.
 
"Xarici müəllim kənd uşaqlarına dərs deyəcək”
 
Müəllim deyir ki, uşaqlar xarici müəllimlərlə danışmağı sevirlər və yenidən əlaqə qurmağı ondan tələb edirlər: "İlk günlər məni qorxutmuşdular ki, kənd uşaqları ilə işləmək çətin olur. Onların dərsə marağı olmur, nadinc olurlar. Amma mən gördüm ki, kənd uşaqları daha saf və öyrənməyə meyillidirlər. Sadəcə istər kənd, istər şəhər - indiki uşaqlarda öyrənməyə maraq oyatmaq lazımdır. Xarici müəllimlərlə danışmağı uşaqlar çox sevir. Onlar tələb edir ki, müəllim, bizi xaricilərlə görüşdür. İnternet imkanları yoxdur. Meqabaytla internet əlaqəsi qururam. İndiyə qədər canlı bağlantı ilə bir çox müəllimlərlə görüşmüşük. Uşaqlarının vaxtının daha səmərəli keçməsi və dərslərin maraqlı olması üçün mini lövhələr əldə etmişəm. Uşaqlar bir-biri ilə yarışır, bildiyi sözləri mini lövhələrə yazırlar. Proyektorlar vasitəsilə şəkillər və oyunlarla dili sevdirmək istəyirəm. Bunlar uşaqların marağına səbəb olur. Mini lövhələrin hesabına uşaqlar dərslərə hazırlıqlı gəlməyə çalışırlar. Xarici şagirdlərlə məktublaşmaq əlaqəsi xaricdə geniş tətbiq olunub. Mən də o layihədə iştirak etmək istəyirəm. Hətta bir layihəyə qoşulmuşam. Xarici müəllim məhz mənim sinfimə dərs deyəcək. Ümid edirəm, bu dərs də effektiv olar”.
 
"Müəllim insanları sevməlidir”
 
Lamiyə deyir ki, insana sağlamlıqdan sonra ilk olaraq təhsil lazımdır: "Gənclər təhsilə çox önəm verməlidir. Təhsilsiz gənc müasir dövrdə heç vaxt irəliyə gedə bilməz. İrəliyə getmək üçün dünya ölkələrində Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, tarixini, dilini tanıdan təhsilli, savadlı kadrlar yetişməlidir. Savadlı kadrın yetişdirilməsində də ən böyük məsuliyyət müəllimin üzərinə düşür. Müəllimlik valideyndən sonra ikinci müqəddəs vəzifədir. Müəllimlik o demək deyil ki, dərsini deyib evinə gedəsən. Müəllim bəzən ana, bəzən bacı, bəzən də qardaşdır. Öz tələbələrini, şagirdlərini övladın, bacın, qardaşın kimi sevmək, onlara dərsi sevgi ilə tədris etmək müəllimin borcudur. Sinfə daxil olanda uşaqların üzlərində yaranan təbəssümü görmək nəyə desən dəyər. İçində sevgi olmayan insan müəllimlik peşəsinə yiyələnə bilməz. Müəllim ilk olaraq həyatı, insanları sevməlidir”
Aygün ƏZİZ

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178