AZE | RUS | ENG |

“Kənd uşaqları üçün texnologiya ikinci planda gəlir” - Örnək

“Kənd uşaqları üçün texnologiya ikinci planda gəlir” - Örnək
Gövhərxanım Mirzəzadə: “Onların nə düşündüyü, nə istədiyi, hansı hisslər keçirdiyi mənə çox maraqlıdır”

"Hələ müəllim olmağı istədiyim ilk gündən fikirləşirdim ki, hər gün məktəbə gedib-gələn müəllimlərdən olmayacağam. Çalışacağam ki, uşaqlara yeni nələrsə öyrədə bilim” - bu sözləri bizimlə söhbətində Masallının Yeddioymaq kəndindəki Ramiz Əzizov adına 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışan Gövhərxanım Mirzəzadə söylədi.
 
Müsahibim deyir ki, Masallı onun üçün yad bir yer deyil. Çünki özü də 1996-cı ildə Masallı rayonunda anadan olub, orta təhsilini elə burada alıb. Həmsöhbətim Bakı Humanitar Kollecini bitirib. 
 
Mən müəllim olacağam
 
Deyir ki, müəllim olmaq qərarına birdən-birə gəlməyib: "Nə qədər qəliblənmiş bir ifadə olsa da, bu peşə ilə məşğul olmaq mənim uşaqlıqdan arzum olub. Hələ kiçik yaşlarımdan oyuncaqlarımı qarşıma qoyub onlara dərs keçirdim. Niyəsə özümü həmişə müəllim obrazında təsəvvür edirdim. Özüm üçün sinif düzəltmişdim. Məktəbdə müəllimlərimdən nə öyrənirdimsə, eynisini öz "şagirdlərimə” də izah edirdim. Hətta müəllimimin etdiyi jest və hərəkətləri, dediyi sözləri belə, olduğu kimi təkrarlayırdım. Məktəbdə onun etdiyi hər şeyi öz yaddaşıma həkk edirdim. Elə o vaxtdan da bu arzu ilə yaşayırdım. Yuxarı siniflərdə oxuduqca, bu istəyim daha da artmağa başladı. Qarşıma məqsəd qoydum ki, müəllim olacağam. Sevinirəm ki, bu gün öz məqsədimə çata bilmişəm”.
 

 
Kolleci bitirdikdən sonra Bakıda yaşamağa davam edən müsahibim, ilk ildən öz arzusuna çata bilmir. Amma bu uğursuzluq onu həvəsdən salmır: "Bitirdiyim il müəllim işləmək üçün imtahan vermək istəmədim. Çünki özümü buna hazır hiss etmirdim. 2017-ci ildə qərara gəldim ki, imtahan verəcəyəm. Amma elə oldu ki, ailə qurdum və başım qarışdı. Ona görə də imtahanlara istədiyim kimi hazırlaşa bilmədim. Bir həftə qalmış hazırlığa başladım. Amma özümü yoxlamaq üçün imtahana getmək qərarı verdim. Yaxşı hazırlaşmadığıma görə, yaxşı nəticəyə çox da inanmırdım. Hətta qəbul olmasaydım belə, ruhdan düşməyəcəkdim. Amma imtahan verdim və 46 bal topladım. Göstərdiyim nəticə məni çox sevindirdi və həvəsləndirdi. Elə əvvəldən də özümü bölgələrdə dərs deməyə hazırlamışdım. Çünki mənim əsas istəyim müəllim olmaq idi. Məndən müsahibə götürəndə də bunu demişdim ki, kənd, şəhər fərqi yoxdur, əsas odur ki, müəllim işləyim. Amma həmin il vakansiya seçimində uğur qazana bilmədim. 2018-ci ildə birbaşa seçimlərdə iştirak etdim, yenə də ümidsiz idim. Hətta cavablar çıxanda, baxmaq yadımdan çıxmışdı. Masallı rayonunun Yeddioymaq kəndi üzrə seçildiyimi biləndə çox sevindim. Beləcə, hazırda işlədiyim məktəbə təyinat aldım”.
 

 
İlk şagirdlərimi heç vaxt unutmayacağam
 
Gövhərxanım kənd məktəbində işləməyin çox maraqlı olduğunu söylədi: "Hərdən öz-özümə deyirəm ki, nə yaxşı, bura düşmüşəm. Şagirdlərin həyəcanlı baxışı, səbirsizliklə müəllimlərini gözləməsi məni çox sevindirirdi. İlk dəfə sinfə girdiyim gün, şagirdlərlə tanışlığım heç vaxt yadımdan çıxmır. Mənə elə gəlir ki, bundan sonra nə qədər çox şagirdim olsa da, ilk şagirdlərimi heç vaxt unutmayacağam. Kənd camaatı, məktəbin kollektivi çox mehriban, istiqanlı insanlardır. Burada məni gözlədiyimdən də yaxşı qarşıladılar. Məktəbə daxil olduğum gündən özümü doğma bir yerdə hiss edirdim və heç vaxt yadlıq hissi keçirməmişəm. Neçə illər arzu etdiyim peşəyə yiyələnmişdim. Amma ilk vaxtlar öz işimin öhdəsindən necə gələ biləcəyimlə bağlı düşüncə məni həyəcanlandırırdı. Buradakı mühit məndə özünəinam formalaşdırdı və ruh yüksəkliyi yaratdı. İlk ilim olmasına baxmayaraq, burada xeyli təcrübə qazandım”.
 


Həmsöhbətim deyir ki, kənd uşaqlarına dərs deməyin çətin və asan tərəfləri var: "Müəllimlik kənardan göründüyü qədər asan  iş deyil. Müəllim adını qazanmaq hələ sənin müəllim olmağın  anlamına gəlmir. Bu ada layiq olmaq həqiqətən də, çətin və məsuliyyətlidir. Kənd və ya şəhər məktəbi olmasının fərqi yoxdur, məsuliyyət eynidir. Şagirdləri öyrətmək, onların psixologiyasına bələd olmaq, qarşılıqlı əməkdaşlıq hər yerdə eynidir. Şəhər məktəblərində oxuyan uşaqlar texnologiyaya daha yaxından bələddir. Onlar kompüter və digər texnoloji vasitələrlə işləməyi yaxşı bacarırlar. Amma kənd uşaqları üçün texnologiya ikinci planda gəlir. Burada internetə çıxış da çox deyil. Ona görə də, kənd uşaqlarına dərs keçmək bir az daha çətindir. Onların öz dili var. Əslində müasir təlim-tədris metodikasını tətbiq etməklə, şagirdlərin informasiya ilə yararlanmaq qabiliyyətini formalaşdıra bildim. Artıq əksər şagirdlərim informasiya əldə etmək, onunla işləmək qabiliyyətini inkişaf etdirib. İndi onlar özləri müstəqil şəkildə bilik əldə edə bilirlər. Uşaqlarla ünsiyyət qurmaq mənim üçün özəl bir hissdir. Onların nə düşündüyü, nə istədiyi, hansı hisslər keçirdiyi mənə çox maraqlıdır. Çalışıram ki, dərsi, onların başa düşəcəyi dildə izah edim. Əgər sən şagirdin daxili aləminə bələd olmasan, onlarla işləyə bilməzsən. Onların daxili aləmini öyrənmək əsas məsələdir. Ona görə də, dərs dediyim şagirdlərimi yaxından tanımaq üçün ilk vaxtlar xeyli müşahidələr aparmalı oldum”.
 

 
Kənd uşaqlarının əsas məqsədi uğur qazanmaqdır
 
Müsahibim deyir ki, kənd məktəblərində yeni metodikaları tətbiq etmək bir qədər çətindir. Çünki uşaqlar bəzən yeni üsulu qavraya bilmir: "Mən şəhər məktəbində də təcrübə keçmişəm. Əsas fərq, kənd uşaqlarının şəhər uşaqlarına nisbətən öyrənməyə daha həvəsli olmasıdır. Çünki onların əsas məqsədi təhsil almaq, uğur qazanmaqdır. Onlar şəhərdə yaşayan uşaqları, məktəbləri görür və bunu arzulayırlar. Özlərini o səviyyəyə çatdıra bilmək üçün ikiqat artıq çalışırlar. Amma müasir təlim-tədris metodikasını tətbiq etdikdə, şəhər uşaqları daha tez qavraya bilir. Bu da onların yaşadığı mühitlə daha çox əlaqəlidir. Şagirdlərim demək olar ki, ilk gündən bu günə qədər bütün dərslərə hazırlıqlı gəliblər. Təbii ki, sinfin bütün şagirdləri eyni səviyyədə ola bilməz. Hər sinifdə olduğu kimi, burada da zəif və güclü şagirdlər var. Amma demək olar ki, hər kəs dərslərə hazırlıqlı gəlir. Hazır olmadıqları zaman isə onlara növbəti dəfə üçün şans verilir. Bunun üçün cəza tətbiq etməyi sevmirəm. Çalışıram ki, cəzadan çox, onları dərsə həvəsləndirim. Çünki əks halda, uşaqların həvəsi qırıla bilər. İbtidai siniflərdə uşaqlar daha çox dərslərin oyunlarla keçirilməsini sevir. Ona görə də çalışıram ki, dərsləri sıxıcı yox, maraqlı edim. Bunun üçün müxtəlif üsullardan istifadə edirəm. Bu, həm də zəif oxuyan uşaqlarda da dərsə maraq yaradır. Belə olanda onlar öz yoldaşlarından geri qalmaq istəmirlər. Ana dili dərslərini xüsusi oyun üsulu, səhnəciklərlə keçirməyə üstünlük verirəm. Çünki bir dəfə bunu tətbiq etdim, gördüm ki, uşaqlar dərsi əyani şəkildə daha yaxşı qavrayırlar. Onlar özləri rola girəndə, təfəkkür də inkişaf edir. Digər dərslərlə müqayisədə bu, onların yaddaşında daha yaxşı qalır. Uşaqlar özləri də həvəsli şəkildə hazırlaşırlar. Anlayışın çıxarılması, söz assosiasiyası və müxtəlif diaqramlardan istifadə edirəm”.
 

 
Elə bilirdim ki, kənd yerində heç kimin dərsə marağı olmaz
 
Deyir ki, gözlədiyinin əksinə olaraq burada valideynlər övladlarının təhsil almasına xüsusi həvəs göstərir: "Ümumilikdə, dərs dediyim sinifdəki şagirdlərin əksəriyyəti fəaldır. Bura ilk gəldiyim gündən direktor və müəllimlər mənə hər zaman kömək olub. Valideynlər də öz övladlarını oxutdurmaqda çox maraqlıdırlar. Gəlməzdən əvvəl elə bilirdim ki, kənd yerində heç kimin dərsə marağı olmaz.  Amma bura gələndən sonra yanıldığımı gördüm. Valideynlər gənc müəllimlərdən faydalanmağa çalışırlar. Burada bütün valideynlər övladlarının təhsil almasını çox istəyirlər. Bu, mənim üçün çox yaxşı motivasiya və dəstək oldu”.

 Gənc müəllim getdiyi ilk gündən dərs deməklə yanaşı, tədbirlərin təşkil olunmasında da fəallıq göstərməyə çalışıb: "Bu il məktəbimizdə Xocalı faciəsi ilə bağlı tədbir təşkil olundu. Kiçik səhnə hazırlamışdıq. Şagirdlərim üçün də bu, maraqlı təcrübə idi. Şagirdlərimlə ilk dəfə başqa bir rayona – Lənkərana getdik. Bu, valideynlər tərəfindən də yaxşı qarşılandı. Bu gün şagirdlərimin topladığı nəticələr, qruplarla işləmə qabiliyyəti, tədbirlərdə aktiv çıxışları mənim birillik əməyimin qarşılığıdır. Yəqin ki, növbəti illərdə daha çox uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Dərs dediyim məktəbdə şərait qaneedicidir. Bəzi çatışmazlıqlar olsa da, ümumi vəziyyət normaldır. Kollektiv özü də hər cür şərait yaradır. Hələ müəllim olmağı istədiyim ilk gündən fikirləşirdim ki, sadəcə, hər gün məktəbə gedib-gələn müəllimlərdən olmayacağam. Çalışacağam ki, uşaqlara yeni nələrsə öyrədə bilim. Şagirdlərimin bilik və qabiliyyətini artırmaq, işlədiyim məktəbin adını qaldırmaq üçün var gücümü sərf edirəm”.
 
Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973