• cümə, 19 Aprel, 11:27
  • Baku Bakı 13°C

Kənd turizmini necə inkişaf etdirməli?

06.03.18 10:00 4062
Kənd turizmini necə inkişaf etdirməli?
Turizm potensialı yüksək olan və bu sahənin inkişafından qazanan dünya ölkələri turizm növləri içərisində kənd yaşıl turizminə böyük önəm verirlər. İnsanların məşğuliyyəti, kənd sakinlərinin istehsal etdiyi məhsulların satışı, ölkənin təkcə paytaxt və iri şəhərlərinin deyil, həmçinin ucqar yerlərin və kəndlərin təbiətinin, tarixinin, adət-ənənəsinin tanıdılması və s. istiqamətində turistlərin cəlbi bu sahənin inkişafına təkan verir.

Artıq ölkəmizdə də turizmin bu sahəsinin inkişafı istiqamətində işlərin görülməsinə baxmayaraq, problemlər də az deyil. Turizm sahəsinin ekspertləri, layihə müəllifləri kənd yaşıl turizminin inkişafını bu sektorun mühüm sahələrindən hesab edirlər. Xatırladaq ki, Ümumdünya Turizm Təşkilatının (ÜTT) hesablamalarına görə, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollar olacaq və bu məbləğin 20 faizə qədəri kənd turizminin payına düşəcək.
Məşğulluğun təmini
Kənd turizminin inkişaf etdirilməsini təbliğ etmək məqsədilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə ötən il "Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” layihəsini həyata keçirib. Layihə çərçivəsində aztəminatlı gənc ailələr və gənc kənd sakinləri arasında kənd yaşıl turizmini stimullaşdırmaqla onların məşğulluğunun təmin edilməsinə və sosial-iqtisadi göstəricilərinin artmasına nail olmağın mümkünlüyü barədə təlimlər həyata keçirilib. Həmçinin kəndlərdə yaşayan yeni nəslin nümayəndələrinin kənd infrastrukturunun verdiyi imkanlardan yararlanaraq turizmin bu növündən bəhrələnmək imkanları müzakirə edilib: "Kəndlərdə yaşayan gənclərimizi aqroturizm, fotoovçuluq, yaşıl turizm operatorluğu kimi yeni peşə və ixtisaslara həvəsləndirməklə regionlardakı vətəndaşların öz imkanlarını reallaşdırmasına, bununla yanaşı, yeni iş yerlərinin yaradılmasına, öz məşğulluqlarını və gəlir əldə etməsini təmin etmələrinə nail olmaq mümkündür”- deyə layihənin rəhbəri İlqar Orucov "Kaspi”yə açıqlamasında bildirir: "Həyata keçirdiyimiz layihə sırf maarifləndirmə məqsədi daşıdığından biz qeyd olunan infrastrukturları təbii ki, onlar üçün qura bilməzdik. Amma gözəl təbiəti ilə fərqlənən Oğuz, Şəki, Qəbələ və İsmayıllı rayonlarında yerli gənc ailələrin mümkün imkanları çərçivəsində qeyd olunan turizm növünü inkişaf etdirmək, əlavə qazanc əldə etmək mümkündür”.

İ.Orucovun sözlərinə görə, regionlarda kənd yaşıl turizminin, aqrar turizmin inkişafı kəndin və kəndlilərin sosial-iqtisadi inkişafına təkan verməklə dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə də yardımçı ola bilər: "Azərbaycanda mövcud olan əlverişli coğrafi şərait, zəngin təbiət, adət-ənənələr, qonaqpərvərlik kənd yaşıl turizminin inkişafına əlverişli şərait yaradır”. İ.Oucov bütövlükdə Azərbaycanda kənd yaşıl turizminin inkişafını müxtəlif təbii və iqtisadi amillərlə əsaslandırır. Belə ki, 4200-dən çox kənd yaşayış məntəqəsinin 68%-nin dağlıq və dağətəyi ərazilərdə, landşaft ekzotikliyi ilə seçilən bölgələrdə yerləşməsi; kənd əhalisinin özünəməxsus adət-ənənələri, etnoqrafik rəngarəngliyi və zəngin mətbəxinin olması; bəzi qədim kəndlərdə dulusçuluq, misgərlik, xalçaçılıq, ipəkçilik, arıçılıq sənətinin yayılması; ölkənin ayrı-ayrı bölgələrində müxtəlif sənət bayramlarının, folklor festivallarının keçirilməsi imkanları turizmin bu növünün inkişafına şərait yaradır. İ.Orucovun fikrincə, ölkəmizdə kənd yaşıl turizminin inkişafı üçün əsas nümunələr Türkiyə və Ukraynadan götürülə bilər. Belə ki, Türkiyədə kənd turizmi birbaşa xalqın adət-ənənələri, folkloru ilə bağlıdır: "Həmçinin Türkiyədə kənd turizminin daxili Anadolu və Qara dəniz sahili bölgələrində həyata keçirilməsi həmin ərazilərin iqtisadi inkişafına, əhalinin məşğulluğuna, işsizlik probleminin aradan qaldırılmasına nail olmağa imkan verir. Türkiyədə kənd turizmi kənd yerlərində istehsalın, xüsusilə kəndlilərin gəlirlərinin artımına təkan verib və daxili turizm hərəkatında ildə 20 mln-a yaxın vətəndaş iştirak edir ki, bunun da yarıdan çoxu kənd yaşıl turizminin payına düşür. Ukraynada kənd turizmi bölgələrin, xüsusilə, kəndlərin sürətli inkişafına, əhalinin məşğulluğunun və gəlirlərinin artmasına təkan verib”.

İ.Orucov hesab edir ki, Azərbaycanın da kənd yaşıl turizmin inkişafında Türkiyə və Ukrayna təcrübəsindən istifadə etməsi üçün əlverişli şəraiti var: "Ukraynanın təcrübəsindən istifadə etmək birbaşa kəndlilərin sosial-iqtisadi göstəricilərinin artımına, kəndlərdə işsizliyin həllinə, kiçik biznesin inkişafına gətirib çıxarar. Bizim təklif etdiyimiz ideya çərçivəsində aztəminatlı kəndlilər arasında kənd yaşıl turizminin stimullaşdırılması onların sosial-iqtisadi cəhətdən inkişafına təkan verər, məşğulluq probleminin qismən də olsa həllinə səbəb olar”. İ. Orucovun fikrincə, kənd yaşıl turizminin mahiyyəti təkcə turistləri kənd evlərində yerləşdirmək deyil, eyni zamanda, kənd yerlərində infrastrukturun, yeni iş yerlərinin yaradılmasından və bununla da kəndlərdə işsizlik kimi sosial problemin həllinə kömək göstərməkdən ibarətdir. Bu baxımdan, kənd yaşıl turizminin inkişafı regionda müxtəlif problemlərin həllinə yönəldilə bilər. Belə ki, şəhər mühitinin kənd mühiti ilə əvəz olunması şəhərdən kəndə miqrasıyanın sürətlənməsini, kəndlilərin gəlirlərinin artması və onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını təmin edə bilər. Kəndlərdə yaşayan əhali üçün kənd yaşıl turizmindən gələn gəlirin kənd təsərrüfatının inkişafında daxili investisiya mənbəyinə çevrilməsi, kəndlilərin yeni peşə və ixtisas qazanması, işsizlik probleminin qismən həll olunması, istirahətə gələnlərin vaxtlarını səmərəli keçirmək üçün kəndlərdə təşkil olunan əyləncə və istirahət yerlərinin inkişafı, kəndlərdə turistlərə iaşə xidməti göstərə bilən kiçik restoranların, kafe və yeməkxana sektorunun genişlənməsinə imkan açar: "Azərbaycanda kənd yaşıl turizminin inkişaf etdirilməsi üçün mümkün imkanları nəzərə alaraq aidiyyatı qurumlar məqsədli, ardıcıl və sistemli şəkildə fəaliyyət həyata keçirməklə qeyd olunan sahənin inkişaf etdirilməsinə nail ola bilərlər. Bu istiqamətdə imkanların çox cüzi bir hissəsindən istifadə olunur. İlk növbədə aztəminatlı gənc ailələr, gənc kənd sakinləri arasında kənd yaşıl turizminin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə fəaliyyətinin təşkili, kənd yaşıl turizminin inkişafının yeni metod və vasitələrinin təbliğ edilməsi və regionlarda kənd yaşıl turizm mədəniyyətinin formalaşdırılmasına nail olmaq vacibdir. Yerli hakimiyyət qurumlarının diqqətini kənd yaşıl turizminin inkişafına və bununla bağlı infrastrukturun yaradılmasına yönəltmək effektiv ola bilər. Aztəminatlı gənc kənd sakinlərinin gələcəkdə məşğulluğunun təmini üçün onlar arasında yerli kadr potensialının formalaşmasına, onların kənd yaşıl turizmi ilə bağlı yeni peşələrə yiyələnməsinə dəstək olmaq üçün regionlarda müvafiq peşə kurslarının yaradılması faydalı ola bilər”.
Vergidən azad olsa
Kənd turizmini ekoturizmin maraqlı və populyar sahəsi adlandıran "Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəriRuslanQuliyevturizmin bu sahəsinin inkişafını ölkəmiz üçün vacib hesab edir: "Avropa ölkələrində, əsasən də Fransa, İtaliya kimi ölkələrdə aqroturizm böyük populyarlıq qazanıb. Bu sahə bizim ölkəmiz üçün də vacibdir. Azərbaycanda da kənd yaşıl turizminin modern formasını hazırlamaq olar”. R.Quliyevin sözlərinə görə, son illər Mədəniyyət və Turizm Nazirliyinin və bir sıra təşkilatların köməyi ilə cənub və şimal regionlarında, həmçinin Şəki və Zaqatala bölgəsində bu istiqamətdə maraqlı layihələr həyata keçirilib: "Kənd turizm imkanlarının təbliğ olunması ölkəmiz üçün çox vacibdir. Çünki bu sahənin inkişafı kənddən şəhərə olan axının qarşısının alınması, işsizliyin həll olunmasına yönəlik fəaliyyətdir. Eyni zamanda, xalq tətbiqi sənətinin inkişaf etdirilməsi, qadınların, yaşlı nəslin, bölgə gənclərinin bu işə cəlb olunması çox aktualdır. Yoxsulluğun aradan qaldırılması üçün də vacib amildir”. R.Quliyev, həmçinin bəlli bir dövr üçün kənd turizmi ilə məşğul olan fiziki və hüquqi şəxslərin tamamilə vergidən azad olunmasının tərəfdarıdır.
Yaxşı infrastruktur yaradılmalıdır
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovkənd yaşıl turizmini turizmin yeni növü kimi dəyərləndirir: «Kənd yaşıl turizminin inkişafı çox vacibdir. Bu, həmçinin kənd təsərrüfatının inkişafı üçün təkan ola bilər, həm də rayonlarda yeni iş yerlərinin yaradılması üçün fürsət yaradar. Eyni zamanda, turizmin bu sahəsi ölkəyə xarici turistlərin cəlb olunması üçün mühüm şərtdir. Məsələn, İtaliya, Sloveniya və s. Avropa ölkələrində yaşıl kənd turizmi yaxşı inkişaf edib. Avropa turistləri yaşıl kənd turizminə maraq göstərirlər. Onlar sakit məkanda, kənd həyatında dincəlmək istəyirlər. Turizmin bu növü inkişaf edərsə, kəndlilər öz məhsullarını turistlərə təqdim edə bilərlər ki, bu da onların dolanışığına kömək edər. Bu sahənin inkişafı ilə ölkəyə daha çox turist cəlb etmək mümkündür”.

Azərbaycanda kənd yaşıl turizminin inkişafı üçün bir sıra layihələrin həyata keçirildiyini deyən M.Ağakərimov müəyyən işlərin görülməsinə ehtiyac olduğunu da bildirir: "İlk növbədə yaxşı infrastruktur yaradılmalıdır. Kənd evləri bərpa olunmalıdır. Yollar yaxşı vəziyyətdə olmalıdır ki, turistlər həm nəqliyyat vasitəsi, həm də piyada olaraq istədikləri ünvana gedib çata bilsinlər. Həmçinin gigiyenik normalara fikir vermək lazımdır. Həm bələdiyyələr, həm turizm qurumları, həm də icra orqanları turizmin bu sahəsinin inkişafı istiqamətində birgə fəaliyyət göstərməlidirlər. Bu, həm kənd təsərrüfatı üçün yaxşı mənbədir, həm də yeni iş yerləri və kəndli üçün əlavə qazancdır”.

Ekspertlər hesab edir ki, kənd yaşıl turizminin ölkəmizin şimal-qərb - Şamaxı, İsmayıllı, Şəki, Oğuz, eyni zamanda şimal-şərq - Quba, Qusar, Xaçmaz, Şabranda, o cümlədən cənub regionunda inkişafı üçün münbit şərait var. Təkcə həmin şəraitə turizm baxışını təkmilləşdirmək qalır.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər