Kənd təsərrüfatının sürətli inkişafı üçün tədbirlər görülür - Fotolar
Azərbaycan iqtisadiyyatında
kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla
iş yerləri ilə təminatda böyük pay sahibidir. Eyni zamanda, kənd təsərrüfatı
həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir.
Məhz buna görə də ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin
sədri vəzifəsində çalışarkən bu sahənin inkişafına xüsusi diqqət ayırıb. O,
böyük uzaqgörənliklə ilk dəfə Naxçıvanda torpaq islahatları həyata keçirib.
1993-cü ildə xalqın təkidli tələbi ilə paytaxt Bakıya dəvət edilən,
Azərbaycanın siyasi rəhbərliyinə gətirilən ulu öndər Naxçıvanda başladığı bu
islahatları bütün ölkə miqyasında davam etdirib. 1995-ci ildən uğurla həyata
keçirilən aqrar islahatlar nəticəsində ölkə iqtisadiyyatında bazar
münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi,
aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın
formalaşmasına, kəndin simasının dəyişdirilməsinə ciddi təsir göstərib. Kənd
təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş verib. İri
təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat
subyektləri yaradılıb, genişmiqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd
təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal
obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi
mülkiyyətlə əvəz edilib. Sonrakı illərdə dövlət tərəfindən həyata keçirilən
tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində ildən-ilə irəliləyişlər hiss
olunmağa başlayıb.
Ulu öndər Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin 2003-cü ildən
ölkəyə rəhbərlik etməsi nəticəsində kənd təsərrüfatı sahəsində daha
genişmiqyaslı işlər görülüb. İqtisadiyyatın neftdən asılılığını aradan
qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etmək
əsas hədəf kimi qarşıya qoyulub. Bu hədəflərə çatmaq üçün ard-arda qəbul edilən
və uğurla həyata keçirilən regional inkişaf proqramları mühüm rol oynayıb.
Dövlət Proqramlarının reallaşdırılması kənd təsərrüfatının bir qədər də
dirçəlməsinə, istehsalatın, məhsuldarlığın artmasına, Azərbaycan məhsullarının
daxili tələbatı ödəməklə bərabər, xarici bazarlara yol tapmasına gətirib
çıxarıb. Bu da nəticə etibarilə bütövlükdə iqtisadiyyatın inkişafına, o
cümlədən yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınının çoxalmasına
səbəb olub.
Bütün bunlar barədə
oktyabrın 9-da Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı söhbət açılıb. Dövlət
başçısı İlham Əliyev son 9 ayın sosial-iqtisadi göstəricilərini, o cümlədən
kənd təsərrüfatı sahəsində əldə edilən uğurları konkret faktlarla sadalayıb. Bildirilib
ki, ötən doqquz ayda kənd təsərrüfatında 2,8 faiz artım olub: "Tərəvəz ixracı
68 faiz artıb. Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor
ixracıdır. Səkkiz ayda bu, ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım
var. Kartof 63 faiz, salat tərəvəzi 20 faiz, soğan ixracı 15 dəfə artıb. Pambıq
2,4 dəfə, o cümlədən pambıq lifi 8,4 dəfə, meyvə ixracı bütövlükdə 12 faiz
artıbdır. Ancaq alma və şaftalı üzrə artım iki dəfədən çox olub. Süd
məhsullarının ixracı dörd dəfə artıb. Spirtli və spirtsiz içkilər 28 faiz, onun
içərisində şərab 56 faiz artıb. Meyvə-tərəvəz emalı məhsulları 50 faiz, tütün
məmulatları 45 faiz, çay 63 faiz, bitki və heyvan mənşəli yağlar 19 faiz,
şokolad 65 faiz”.
Prezident İlham Əliyev ölkədə
əsas infrastruktur layihələrinin 9 ayda uğurla icra
edildiyini, 700 kilometrdən çox içməli su xətti çəkildiyini, qazlaşdırmanın
ölkəmizdə 93 faiz səviyyəyə çatdığını bildirib. Qeyd olunub ki, ölkədə elektrik
enerjisi ilə təminat da yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik
xətləri çəkilir. Dövlət başçısının sözlərinə görə, meliorasiya tədbirləri
çərçivəsində ilin əvvəlində qarşıya məqsəd qoyulub ki, bu günə qədər
suvarılmayan, yaxud suvarılması zəif olan 150 min hektar torpaqda cari ildə
müasir suvarma sistemləri quraşdırılsın. O, bu ilin əvvəlindən indiyə qədər 50
min hektardan çox torpaqda meliorativ tədbirlər görüldüyünü, təsərrüfat
sahələrinin suvarma suyu ilə təmin edildiyini vurğulayıb. Qeyd edib ki, qalan
iki ay yarım ərzində bütün bu işlər başa çatmalıdır.
Prezident deyib
ki, infrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa,
regionların inkişafına, o cümlədən kənd təsərrüfatının inkişafına ciddi təkan
verir: "İnfrastruktur layihələri arasında meliorasiya məsələləri indi ön
plandadır. Bu layihələrin icrası artıq öz səmərəsini verib. Bu il nəzərdə
tutulub ki, 150 min hektar yeni sahəyə suyun verilməsi təmin edilsin və biz bu
hədəfə çatmalıyıq. Gələn il isə ən azı bu günə qədər suvarılmayan, yaxud da
suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanallar
çəkilməlidir ki, bu proses daha da sürətlə getsin. Beləliklə, suvarılan
torpaqların həcmi hər il artacaq. Bu da təbii ki, özlüyündə kənd təsərrüfatının
sürətli inkişafını təmin edəcək. Çünki bu gündən sonra, - əslində bu məqsəd, bu
vəzifə əvvəlki dövrlərdə də qarşıya qoyulmuşdur, - kənd təsərrüfatının intensiv
inkişafı təmin edilməlidir. ...Bizim torpaq fondumuz məhduddur. Kənd
təsərrüfatının sürətli inkişafı ancaq intensiv metodlardan asılı olacaqdır.
Onların arasında əlbəttə ki, aqrotexniki tədbirlər, laboratoriyaların qurulması,
torpağın düzgün təhlili, - bütün bu məsələlər Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən təmin edilir, - və suvarma məsələləridir. Ona görə, meliorativ
tədbirlər həm növbəti ilin Dövlət İnvestisiya Proqramında, ondan sonrakı
illərdə də daim prioritet olmalıdır. ...Onu da qeyd etməliyəm ki, bu il
yerlərdən gələn təkliflər nəticəsində bir neçə önəmli layihənin icrasına
başlanılıb. Şəmkirçay su anbarından kanalın Goranboy rayonuna qədər uzadılması,
Neftçala su kanalının tikintisinin davam etdirilməsi və digər layihələr on
minlərlə hektar yeni torpaq sahəsinə suyun verilməsini təmin edəcək. Əlbəttə
ki, Taxtakörpü su anbarının mövcudluğu və yeni kanalların çəkilməsi Xızı,
Siyəzən, Şabran rayonlarındakı böyük torpaq sahələrinə suyun verilməsini təmin
edəcək”.
Xatırladaq ki,
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il kənd təsərrüfatı sahəsində bir
çox önəmli tədbirlər həyata keçirilib. Dövlət başçısının sədrliyi ilə bir neçə
rayonda müxtəlif sahələr üzrə müşavirələr keçirilib, pambıqçılıq, baramaçılıq,
tütünçülük, fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və sair bu kimi
məsələlər çox geniş müzakirə edilib. Bu müşavirələrdən sonra dövlət proqramları
hazırlanıb, təsdiq olunub və bütün hədəflər müəyyən edilib. Paralel olaraq, sahibkarlığın
inkişafı da diqqət mərkəzində saxlanılıb. Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə indiyə qədər 34 minə yaxın sahibkara 2 milyard 20 milyon manata yaxın
güzəştli kredit verilib. Təbii ki, bu güzəştli kreditlər kənd təsərrüfatına
bağlı olan sahələrə də ayrılıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, ölkəmiz
vaxtilə qarşıya qoyulan hədəflərə doğru inamla addımlayır. Bu gün
iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd
yerlərinə daha çox yayılmasını təmin etmək xəyal deyil, reallıqdır.
Alpər
TURAN