• cümə, 19 Aprel, 14:34
  • Baku Bakı 25°C

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

14.01.15 10:52 2582
Kənd təsərrüfatının inkişafında yeni mərhələ
Vahid Əhmədov: “Dünya arenasında neft bir siyasi alətə çevrilib”
Vahid Məhərrəmov: “Aqrar sahədə kadr potensialı gücləndirilməlidir”

Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2015-ci il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olundu. Dünyada neftin qiymətinin sürətlə ucuzlşadığı bir dönəmdə qeyri-neft sektorunun inkişafı olduqca vacib amildir. Kənd təsərrüfatının Azərbaycan üçün potensiallı sahə olması da sevindirici haldır. İndiyədək həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.
Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir. Belə bir vaxtda sözügedən sərəncamın əhəmiyyəti olduqca böyükdür.
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun sözlərinə görə, Azərbaycan hökuməti qarşıya ölkənin özü özünü qısa müddət ərzində ərzaqla təmin etməsini məqsəd qoyub: “O dövlət təhlükəsiz dövlət hesab edilir ki, heç olmasa özünü 80 faiz ərzaqla təmin etsin. Hazırda biz özümüzü müəyyən məhsullarla təmin edirik, amma tam təminat üçün vaxt lazımdır. Məsələn, Azərbaycan özünü taxılla təmin etmək üçün iri fermer təsərrüfatları yaradır. Hazırda Beyləqan zonasında iki belə böyük fermer təsərrüfatı yaradılıb ki, hər hektardan təxminən 50-56 sentner taxıl götürülür. Bu iş hökumət tərəfindən davam etdirilir. Amma biz qeyri-neft sektorunu prioritet kimi önə çıxarmalıyıq və qısa müddət ərzində elə etməliyik ki, Azərbaycanda iri sənaye müəssisələri, fabriklər, zavodlar fəaliyyətə başlasın. O cümlədən kənd təsərrüfatı, aqrar sahə inkişaf etsin ki, ölkə neftdən asılılığını minimum səviyyəyədək azaltsın. Çünki artıq proseslər elə gedir ki, dünyada neftə tələbat da azalır, neftin qiyməti də. Bir sıra iri dövlətlər faktiki olaraq neftdən iqtisadi yox, siyasi məqsədlərlə istifadə etməyə başlayıblar. Artıq dünya arenasında neft bir siyasi alətə çevrilib”.
Qeyri-neft sektorunda inkişaf əldə edildiyini vurğulayan millət vəkilinin sözlərinə görə, sənayenin, kənd təsərrüfatının inkişafı sahəsində ciddi işlər görülür: “Kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi altında böyük işlər görülür. Mən onunla görüşdə müzakirələr aparmışam, çox böyük işlər görülür ki, kənd təsərrüfatında ciddi irəliləyişlər olsun, insanların ərzaqla təminatında problemlər yaranmasın. Hər şeydən vacibi isə insan kapitalıdır, hansı ki, dövlət başçısı bu məsələyə çox böyük diqqət yetirir. Gec də olsa ciddi addımların atılmasına başlanılıb. Hesab edirəm ki, bu templə getsək, qeyri-neft sektorunu ildə 10-12 faiz artırsaq, problemimiz olmayacaq”.
V.Əhmədov qeyd etdi ki, son on ildə Azərbaycanın inkişafı yüksək səviyyədə gedir: “Azərbaycanda maliyyə problemi heç vaxt olmayıb, indiki qədər ehtiyat yaradılmayıb. Dünyada böhran olsa da, bizdə inkişaf gedib və bunun nəticəsində də ehtiyat yaranıb. Azərbaycanın rayonlarında işıq, qaz, su, yolla bağlı çox ciddi problemlər vardı, amma indi bunlar aradan qaldırılıb. Artıq 3-cü “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hesab edirəm ki, 2018-ci ildə artıq o proqramda nəzərdə tutulan məsələlər də öz həllini tapacaq. Təxminən 2020-ci ilə qədər Azərbaycanın ucqar kənd və rayonlarında infrastruktur problemi olmayacaq. Amma bütün bunları reallaşdırmaq üçün maliyyə olmalıdır. Azərbaycana investisiya qoymaq istəyən xarici şirkətlər kifayət qədər çoxdur. Bir vaxtlar ölkəmiz özü 20 faiz investisiya qoyurdu, 80 faiz cəlb edirdi, indi bu rəqəmlərin yeri dəyişib, 80 faiz özümüz qoyuruq, 20 faiz cəlb edirik. Yəni bütün bunlar ağıllı siyasi kurs nəticəsində əldə edilən inkişaf göstəricisidir. Eləcə də kənd təsərrüfatı ilə bağlı götürülmüş kurs uğurlar əldə edilməsinə səbəb olacaq”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, inkişafa nail olmaq üçün aqrar sahədə strateji əhəmiyyət kəsb edən bəzi sektorların inkişafına səbəb olacaq məsələlərin həlli vacibdir: “Birinci növbədə kənd təsərrüfatının inkişafı kadr potensialının olmasından asılıdır. Çalışmaq lazımdır ki, peşəkar kadrlar hazırlansın, texniki-peşə məktəblərində bağbanlar, traktorçular, müxtəlif kənd təsərrüfatı texnikasını işlədə bilən peşəkarlar yetişdirilsin. Bununla yanaşı, ali təhsilli mütəxəssislər hazırlanmalı, onlar keyfiyyətli təhsillə təmin edilməlidir, elm potensialımız artırılmalıdır. Xüsusən strateji əhəmiyyət kəsb edən toxumçuluğu inkişaf etdirmək, cins mal-qara tərkibini yaxşılaşdırmaq, bitkiçilikdə yeni sortlar yaratmaq üçün mövcud olan Seleksiya və Genetika institutlarının bazası gücləndirilməlidir. Həmçinin suvarma sistemini təkmilləşdirmək, torpaqların deqradasiyasının qarşısını almaq, münbitliyini artırmaq üçün bu sahədə də müəyyən proqramlar hazırlayıb həyata keçirmək lazımdır. Bu gün torpaqla bağlı ciddi problem var, deqradasiya, şoranlaşma, eroziya torpaqları ağzına götürüb, bütün bunlar aradan qaldırılmasa kənd təsərrüfatını inkişaf etdirmək olmayacaq.
O cümlədən məhsuldarlığı artırmaq lazımdır ki, istehsal olunan məhsulun da maya dəyəri aşağı olsun. Bunun üçün üzvi gübrə ilə təmin olunmasına çalışmaq lazımdır. Aqrotexniki qaydalara optimal müddətdə əməl olunması üçün lazım olan texnikaya fermerlərin əlçatanlığı təmin olunmalıdır. Kompleks tədbirlər var ki, onları reallaşdırmaqla müəyyən nəticələr əldə etmək mümkündür. Əks halda, yalnız maliyyə ayırmaqla inkişafa nail olmaq olmaz. Bu sahəni idarə edənlər mütləq peşəkar, bu sahədə təhsil almış, təcrübəsi olan insanlar olmalıdırlar. Kadr siyasəti vacib amillərdəndir. Ancaq peşəkarlar aqrar sahəni düzgün qiymətləndirə, işləri düzgün qura və sahəni irəli apara bilər”.
V.Məhərrəmov qeyd etdi ki, bu gün qanunlarda da ciddi boşluqlar var, onların da aradan qaldırılmasına ehtiyac var. “Statistik rəqəmlərin düzgün tərtibatı ciddi məsələdir. Belə hallar kənd təsərrüfatında problemi artıran məsələlərdir. Real problemlər üzə çıxarılmalı, onların həlli istiqamətində düzgün addımlar atılmalıdır. Lazım gələrsə dövlət proqramı qəbul olunmalıdır, layihələr gerçəkləşdirilməlidir. Düşünürəm ki, bu il hökumət aqrar sahəyə ciddi fikir vermək niyyətindədirsə ilk növbədə kadr potensialını gücləndirməlidir. Yerlərdəki kifayət qədər bacarıqlı, savadlı kadrlar dövlət strukturlarında yerləşdirilməli, bu sahədə fəaliyyət göstərənlərə məsləhət vermək üçün cəlb edilməlidirlər”.
V.Məhərrəmov bildirir ki, 2013-cü ildə yanacağın qiyməti 20-30 faiz artırılıb, həmin artımı hələ tam olaraq kənd təsərrüfatı məhsulunun qiymət strukturunda özünü göstərməyib. Qiymətlərin ucuzlaşmasının gözlənildiyini deyən ekspert bildirdi ki, 2 qəpik bir litrdə elə böyük əhəmiyyət kəsb etməsə də, dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda bu, gözlənilən deyildi: “Məsələ ondadır ki, digər ölkələrdə yanacaq ucuzlaşır və bu da məhsulun maya dəyərini azaltmaqla qiymətinin də aşağı, rəqabətqabiliyyətli olmasına səbəb olur. Bizdə isə əksinə, 2 qəpiklik artımdan sonra cüzi də olsa maya dəyəri bahalaşacaq və nəticədə yerli istehsalın rəqabətqabiliyyətliliyi azalacaq. Xaricdən gətirilən məhsul ölkə bazarında daha ucuz satılacaq, nəinki yerli məhsul. Bunları nəzərə alaraq çalışmaq lazımdır ki, Azərbaycan fermerinin istehsal etdiyi məhsul həm daxildə rəqabətqabiliyyətli olsun, həm də onu xaricə çıxaranda gəlir əldə etmək mümkün olsun”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər