• cümə, 19 Aprel, 17:33
  • Baku Bakı 25°C

Kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm də sosial məsələdir

11.05.16 11:43 1649
Kənd təsərrüfatının inkişafı həm iqtisadi, həm də sosial məsələdir
2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak etməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.
Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri istiqamətlər üzrə təsnifatlandıraraq, layihə hazırlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi” adlanır. Layihə çərçivəsində alimlərin iştirakı ilə Dəyirmi masalar keçirilir, mövzular üzrə səsləndirilən təkliflər "Kaspi” qəzetində dərc olunur. Sonda ən səmərəli təkliflər paket şəklinə salınaraq, müvafiq dövlət qurumlarına ünvanlanacaq.
İkinci mövzu:
Kənd təsərrüfatının inkişafına həm iqtisadi, həm də sosial məsələ kimi baxılması
Dəyirmi masanın iştirakçıları: Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Faiq Xudayev, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun "Ərzaq təhlükəsizliyi” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Sahib Əliyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Həlimə Məmmədova, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Cəfərova; Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ülviyyə Hüseynova, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texniki elmlər üzrə fəlsəfə doktoru Teymur Musayev; Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ramil Nəbiyev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri İradə Əliyeva, Vüsalə Mirzəli, Şəhanə İsrafilova, Fəridə Şərbətova, İlahə İsmayılzadə, Saray Bayramova; Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Bürhanə Mürşüdova, Rəşadət Mehdiyev, Zəkəra Zaxarov, Səbinə Rüstəmli, Gülər Məmmədova; Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Tanrıverdi İslamzadə, Əsmər Əhmədova.
Dəyirmi masanın moderatoru Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu
Sahib Əliyev: Qədim və zəngin ənənələrə sahib olan aqrar sahənin inkişaf etdirilməsi hesabına aşağıdakı böyük problemlərin həllinə nail olmaq mümkündür:
-Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi;
-İxrac yönümlü istehsalın formalaşdırılması hesabına ölkəyə valyuta daxilolmalarının artırılması;
-Əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi.
Respublikada bu sahənin inkişaf tarixi və mövcud potensiallın xarici təcrübəyə əsasən qiymətləndirilməsi kənd təsərrüfatı istehsalının ən azı iki dəfə artırılmasına imkan verərdi. Potensialın düzgün qiymətləndirilməsi və innovativ texnologiyaların tətbiqi nəinki respublikadaxili tələbatın ödənilməsinə, hətta kifayət qədər ixracyönümlü məhsul istehsalına imkan verir. Fikrimcə, buna mane olan səbəblərdən ən əsası bütün aqrotexniki tədbirlərin vaxtında və tam yerinə yetirilməməsidir.
Dünyada əsas iqtisadi təhlükəsizlik enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyi sayılır. Enerji təhlükəsizliyinin təminatı xarici amillərdən asılı olsa da, ərzaq təhlükəsizliyinin təminatı əsasən daxili imkanlar hesabına formalaşmalıdır. Çünki burada iqtisadi deyil, sosial mənafe əsas götürülür. Ölkəmizin malik olduğu əkinə yararlı torpaq sahəsi və digər iqtisadi resurslar ərzaq təhlükəsizliyinin daxili imkanlar hesabına davamlı təmin oluna biləcəyini deməyə əsas verir.
Münbit torpaqları olan Rusiya aqrar məhsulları idxal, amma heç bir münbit torpağa sahib olmayan İsrail kənd təsərrüfatı məhsullarını ixrac edir. Aqrar sahənin inkişafı iri təsərrüfatların yaradılmasından keçir. Ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması üçün mütləq aqrar sığortanı işlək hala gətirmək lazımdır.
Faiq Xudayev: Həm strateji əhəmiyyət daşıyan sahələrimiz, həm də ölkəmizə gəlir gətirən sahələr var. Məsələn, taxılçılıq strateji əhəmiyyət daşıyırsa, üzümçülük, pambıqçılıq, tütünçülük gəlir gətirən sahələr hesab olunur. Rayonların dotasiyadan azad olub, öz hesabına yaşaması nəzərdə tutulursa, iqtisadiyyata gəlir gətirən sahələri dəqiq müəyyənləşdirməliyik, xarici sərmayəni ölkəmizə hansı istiqamətdə cəlb etməyin mümkünlüyünü dəqiqləşdirməliyik. İnvestorlar görməlidir ki, Azərbaycanda təkcə üzümçülük deyil, həm də baramaçılıq mövcuddur, təkcə pambıqçılıq deyil, başqa istehsal sahələri də inkişaf edir. Ancaq bu inkişafa nail olmaq üçün birinci növbədə aqrar sahənin sığorta sistemini təkmilləşdirməli, fermerin tələblərinə cavab verəcək səviyyədə formalaşdırmalıyıq. Konkret bölgələr üzrə təsərrüfat müəssisələri yaradılmalıdır.
Əsas işlərdən biri də gənclərin aqrar sahəyə cəlb olunmasıdır. Biz bu istiqamətdə bir neçə bölgədə tədbirlər keçirdik, şagirdlərlə görüşdük. Onlarla ətraflı söhbət apardıq. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə görüş keçirəndə 5-ci sinifdə oxuyan oğlan bizə çox maraqlı suallar verirdi. Soruşurdu ki, taxıl ehtiyatımız nə qədərdir, torpaqların səhralaşmasının, duzlaşmasının qarşısını necə almaq olar, bizim ölkədə gemo məhsullar yetişdirilirmi? Hətta bir qız bizə yaxınlaşıb bildirdi ki, bu görüşdən sonra Aqrar Universitetə daxil olmaq istəyir. Bir görüşlə məktəbliləri bu səviyyədə maarifləndirmək mümkündürsə, görün mütəmadi görüşlər keçirilsə, nə qədər gənci aqrar sahəyə cəlb etmək olar. Aqrar sahənin inkişafı üçün kadr potensialı güclənməlidir.
Zəkəra Zaxarov: Kənd Təsərrüfatı Nazirliyi başqa nazirliklərlə, dövlət qurumları ilə tandemdə işləməlidir. Kənd təsərrüfatı sahəsinə alternativ enerji daşıyıcılarını tətbiq etməklə çox böyük nailiyyət əldə etmək mümkündür. Bizim əsasən təcrübəçilərə, yeni texnologiyalar əsasında yüksək məhsul yetişdirməyi bacaran, onun mümkünlüyünü elmi şəkildə sübut edən mütəxəssislərə ehtiyacımız var. Avropada torpağın 4-5 qatında müxtəlif adlı məhsullar əkirlər. Azərbaycanda isə heç bir qatında əkilən məhsuldan xeyir götürmək olmur. Təcrübəçi alimlərə dövlət dəstək durmalıdır, onlara yeni üsulların aşakara çıxarılması və yayılmasında böyük kömək olmalıdır. Gənc alimə stimul vermək vacibdir. Belədə başqa gənclər də bunu görür və işləməyə həvəs göstərirlər. Rayonlarda hektarlarla torpaqlar istifadəsiz qalıb. Sahibkar alıb, hasarlayıb, nə əkir, nə becərir. Torpaqları həmin adamlarda saxlamaq olmaz.
Gülər Məmmədova: Təklif edirik ki, aqrar sahənin müxtəlif istiqamətlərini əks etdirən sərgilər təşkil olunsun. Eyni zamanda, müxtəlif təlim və seminarların da təşkili sahəyə diqqətin daha da artmasına səbəb ola bilər. Bu xüsusda informasiya məsləhət xidmətlərinin fəaliyyəti daha çox səmərə verərdi. Lakin belə xidmət mərkəzlərini təkcə iri rayonlarda deyil, eyni zamanda ucqar dağ rayonları və kəndlərində də yaratmaq lazımdır. Məsləhət xidməti mütləq sahibkarlarla birgə işləməli və onların problemləri haqqında icra hakimiyyəti, bələdiyyə orqanları, eləcə də digər müvafiq qurumlara məlumat verməlidir.
Bürhanə Mürşüdova: Azərbaycanın gələcək inkişafı bilavasitə sənaye və kənd təsərrüfatı sahələrindən asılı olacaq. Bunu cənab Prezident də öz çıxışlarında dəfələrlə vurğulayıb. Deməli, biz konkret olaraq kənd təsərrüfatının inkişaf yollarından danışarkən, birinci növbədə bu sahənin gələcək kadr potensialının formalaşdırılması məsələsinə xüsusi önəm verməliyik. Hesab edirik ki, orta məktəb şagirdlərində aqrar sahəyə maraq yaratmaq üçün məktəblərdə, (şəhər və kənd məktəbləri) xüsusilə 9-cu sinfə qədər şagirdlərlə tez-tez görüşlər keçirilməli, alim və mütəxəssislərin məktəblərdə açıq dərs demələrinə şərait yaradılmalıdır ki, məktəblilər aqrar sahə haqqında hərtərəfli məlumatlandırılsınlar. Bu, onlara gələcəkdə ixtisas seçimində çox böyük köməklik edəcək.
Ramil Nəbiyev: Biz - Tərəvəzçilik-Elmi Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri olaraq, belə düşünürük ki, kənd təsərrüfatının inkişafına həm iqtisadi, həm də sosial məsələ kimi baxılması çox vacibdir. Bunun üçün konkret təkliflərimiz var:
- Orta məktəb dərsliklərində aqrar sahə geniş təbliğ edilsin; şagirdlərə biologiya dərslərində kənd təsərrüfatı sahəsinə dair təcrübi biliklər aşılansın və ölkədə aqrar yönümlü liseylər yaradılsın.
- Bölgələrdə kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə aqroturizm inkişaf etdirilsin;
- BMT FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının) təşkilatçılığı ilə bölgələrdə aqrobiomüxtəlifliyin qorunması və brend məhsulların istehsalının genişləndirilməsi məqsədi ilə Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı Varislik Sisteminin ölkədə tətbiqinə nail olunsun".
Həlimə Məmmədova: İxtisasım aqronomdur, sənətimi özüm seçmişəm, böyük həvəslə oxuyub, qırmızı diplomla bitirmişəm. Geniş təcrübi biliyə malikəm. Bilirəm ki, aqrar sahədə işləmək çox çətin və əzablıdır. Sahibkar hansı işlə məşğul olmaq istədiyini dəqiq müəyyənləşdirməlidir, onda mütəxəssis də düzgün seçəcək. Əksər ölkələrdə fermerlərin dəstəklənməsi sistemli və mütəmadi olaraq həyata keçirilir. Dövlət fermerin məhsulunu alır, xaricə satır, onun yüksək təhsil almasına böyük dəstək verir. Ən vacib investisiya təhsilə qoyulan investisiyadır. Öncə mütəxəssisin olmalıdır, sonra fermer təsərrüfatı yaratmalısan. Əsas təcrübədir. Mən üzümü necə dərməyi oxumuşdum, amma sahəyə çıxanda üzümü dərə bilmədim. Sahibkarlar tələbələrin təcrübəsini artırmaqda yaxından iştirak etməlidir. Sahibkar pul xərcləmək istəmir, düşünür ki, pul qazanmalıdır. Belə olmur, sən gərək kapital qoyasan ki, ondan iki dəfə çox pul götürəsən. Dünyanın əksər ali məktəblərində təhsil alan tələbələr oxuduqları müddətdə hansısa şirkətin nəzarətində olurlar. Onlara tələbəykən pul ödənilir, həmin şirkətdə geniş təcrübə keçirlər. Universiteti bitirəndən sonra məzun dəqiq bilir ki, işləyəcəyi şirkət var. Şirkət də dəqiq bilir ki, gənc mütəxəssis onun biznesini inkişaf etdirəcək.
Ceyhun Musaoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
banner

Oxşar Xəbərlər