• cümə axşamı, 18 aprel, 12:17
  • Baku Bakı 22°C

Kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir

01.04.17 11:00 1279
Kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir
2014-cü ilin ortalarından başlayaraq neftin qiymətinin 3-4 dəfəyə yaxın aşağı düşməsi əsas gəlirləri neftdən asılı olan bir çox ölkələr üçün müxtəlif problemlər yaratdı. İqtisadiyyatı neft gəlirlərindən asılı olan bir çox ölkələr üçün bu dönəm bir sıra çətinliklərlə yadda qaldı. Məhz bu amil post-neft dövründə iqtisadiyyatın dinamik inkişafını təmin etmək, qeyri-neft sektorundan gəlirlər əldə etməyi prioritetə çevirdi. Qeyri-neft sektoru ölkəmiz üçün də daima mühüm əhəmiyyət kəsb edib. Qeyri-neft sektorunun ən gəlirli sahələrindən biri olan aqrar sahənin inkişafına dövlət daima xüsusi diqqət və qayğı göstərir. Bununla bağlı dövlət başçısı daima yeni sərəncamlar imzalayır, müxtəlif fərmanlar verir. Bu günlərdə Saatlı rayonunda İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi də bunun əyani sübutu hesab oluna bilər. Sözügedən müşavirədə prezident bir sıra vacib məsələləri qeyd edib. Bildirdib ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Əvvəlki illərdə Saatlı rayonunun inkişafı ilə bağlı çox böyük işlər görüldüyünü qeyd edən dövlət başçısı, rayonun infrastrukturunun tamamilə yenidən qurulduğunu da vurğulayıb: "Elektrik enerjisi ilə təminat böyük dərəcədə yaxşılaşıb. Bu gün açılışında iştirak etdiyim yeni yarımstansiyanın fəaliyyəti həm əhaliyə, həm də bütün təsərrüfatlara fasiləsiz elektrik enerjisini verməklə, əlbəttə ki, böyük bir inkişafa yol açır. Eyni zamanda, Saatlı rayonunun su problemləri də həll olunur. Uzun illər ərzində əhali bu problemdən əziyyət çəkirdi. Şəhərin cəmi 30 faizi su ilə təmin olunurdu, özü də gündə 2-3 saat. İndi isə fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir”.
Prezident öz çıxışı zamanı qeyd edib ki, Azərbaycanda sahibkarlığa böyük maliyyə dəstəyi göstərilir: "Mən hər il dəfələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatırım, yəni, sərmayə qoysunlar. Eyni zamanda, sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıbdır. Məhz bunun nəticəsində bu ilin ilk iki ayında qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının inkişafı dinamik inkişafdır. O, Azərbaycan iqtisadiyyatının dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə olduğuna diqqət çəkib: " Dünyada 200-dən çox ölkə var. Biz bu parametrə görə 37-ci yerdəyik. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bundan əlavə, biz keçən ilə nisbətən 3 pillə yuxarı qalxmışıq. Əlbəttə ki, bu, bizim işimizə verilən yüksək qiymətdir və bizi sevindirir. Ancaq əsas məsələ ölkəmizdə gedən proseslərdir və bu proseslər müsbət istiqamətdə gedir. Bizim uğurlu iqtisadi siyasətimiz, regionların inkişafı və yeni təşəbbüslər, islahatlar, əminəm ki, dayanıqlı inkişafı təmin edəcək. Bu yaxınlarda bir çox sahələr üzrə strateji yol xəritələri tərtib edilib, onlar dərc olunub. İctimaiyyət artıq bunu bilir. Hər bir sahə üzrə konkret proqramlar var, biz bu proqramlar əsasında işləyirik və işləyəcəyik”.
Müşavirədə ölkə başısı qeyd edib ki, növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft məhsulları ixracının artırılmasıdır: "Bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Bax, bunu etmək üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir. Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıbdır. Üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıbdır, bu il daha da yüksək rəqəm olacaq. Şəki ipək kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkini başlayıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyir. Biz daha çox yerli xammalı təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir. Ona görə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir”.
"Made in Azerbaijan” brendinin artıq dünyaya yayıldığını deyən prezident ən vacib məsələnin məhz Azərbaycan məhsullarının ixracı məsələsi olduğunu da qabardıb. Müşavirə zamanı o, sahibkarlara bu işdə fəal olmalarını da tövsiyə edib: "Onlar özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes forumlar keçirilir, hökumət nümayəndə heyətlərinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar. Biz əlbəttə ki, daxili bazarı da maksimum dərəcədə təmin etməliyik və bunu edirik”.
Şəbnəm
banner

Oxşar Xəbərlər