• şənbə, 20 Aprel, 01:17
  • Baku Bakı 15°C

Kənd təsərrüfatı: Xarici investisiya üçün potensial sahə

26.05.16 13:06 2622
Kənd təsərrüfatı: Xarici investisiya üçün potensial sahə
2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak etməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.
Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri istiqamətlər üzrə təsnifatlandıraraq, layihə hazırlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi” adlanır. Layihə çərçivəsində alimlərin iştirakı ilə Dəyirmi masalar keçirilir, mövzular üzrə səsləndirilən təkliflər "Kaspi” qəzetində dərc olunur. Sonda ən səmərəli təkliflər paket şəklinə salınaraq, müvafiq dövlət qurumlarına ünvanlanacaq.
Beşinci mövzu:
- Ölkəyə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması;
Dəyirmi masanın iştirakçıları: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Faiq Xudayev, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun "Ərzaq təhlükəsizliyi” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Sahib Əliyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Həlimə Məmmədova, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Cəfərova; Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ülviyyə Hüseynova, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texniki elmlər üzrə fəlsəfə doktoru Teymur Musayev; Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ramil Nəbiyev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri İradə Əliyeva, Vüsalə Mirzəli, Şəhanə İsrəfilova, Fəridə Şərbətova, İlahə İsmayılzadə, Saray Bayramova; Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mutəxəssislər Şurasının üzvləri Bürhanə Mürşüdova, Rəşadət Mehdiyev, Zəkəra Zaxarov, Səbinə Rüstəmli, Gülər Məmmədova; Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Tanrıverdi İslamzadə, Əsmər Əhmədova.
Dəyirmi masanın moderatoru Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu
Sahib Əliyev: Respublikamızın təbii-iqlim şəraiti burada kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün kifayət qədər əlverişlidir. Təbii-iqlim şəraitinin müxtəlifliyi respublikamızda əksər kənd təsərrüfatı məhsullarını yetişdirməyə imkan verir. Odur ki, təbiətin bizə bəxş etdiyi bu nemətdən maksimum yararlanmağa, məhsuldarlığı dünya səviyyəsinə çatdırmağa ən qısa müddətdə nail olmaq lazımdır.
Aqrar sahəyə investisiya qoyuluşunun stimullaşdırılmasına gəldikdə, fikrimcə, istehsal olunan məhsulun satış problemini aradan qaldırılması üçün xüsusi dövlət dəstəyi olmalıdır. Bu gün dünya aqrar iqtisadiyyatında böyük bir problem məhsulun satışının çox ucuz qiymətə olmasıdır. Bu isə fermerləri narahat edir. Türkiyə mətbuatına istinadən bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Bazarda bibərin satışının 2$ /kq olmasına baxmayaraq, onun istehsalçılardan alışı 10sent/kq –dan yuxarı olmamışdır. Eləcə də bu yaxınlarda Avropa fermerləri onlardan südün hər litrinin 30 sentdən alınaraq marketlərdə 1 avrodan baha satılmasına etiraz əlaməti olaraq 10 tonlarla südü böyük şəhərlərin küçələrinə axıtmışlar.
Belə misallar çox göstərmək olar. Hesab edirəm ki, qeyd olunana problemin olmaması üçün dövlətin dəstəyi olduqca vacibdir.
Faiq Xudayev: Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycandakı siyasi sabitlik və sürətli iqtisadi inkişaf xarici dövlətlərin ölkəmizin iqtisadiyyatına uzunmüddətli sərmayə qoymaq üçün marağını daha da artırıb. Respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, eləcə də əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı bir sıra qanunlar qəbul edilərək möhkəm hüquqi baza yaradılmışdı ki, bu da xarici investorların ölkəyə marağının artmasını şərtləndirən əsas amillərdən biridir.
Azərbaycanda xarici investisiyanı cəlb edən və rentabelliyi ilə seçilən əsas sahələrdən biri sözsüz ki, kənd təsərrüfatıdır.
Ülviyyə Hüseynova: Ən qədim əkinçilik mədəniyyətinə malik olan Azərbaycan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin və heyvandarlığın əsas mərkəzlərindən biri hesab olunur. İstər sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycanın aqrar iqtisadiyyatı yeni texnologiyaların tətbiqi ilə daim inkişaf etdirilib. Odur ki, xarici investisiyadan danışarkən, ilk növbədə Azərbaycanın kənd təsərrüfatı sahəsindəki vəziyyət göz önünə gəlir. Düzdür, kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli iş adamlarının, sahibkarların, fermerlərin sahəyə marağının artırılması istiqamətində dövlət səviyyəsində xeyli işlər görülüb. Aqrar sahəyə yerli investisiyaların cəlb olunması xüsusunda da nəzərəçarpan nəticələr var. Lakin, biz dünya bazarlarına çıxış imkanlarımızın genişləndirilməsi, məhsuldarlığın artırılması, rəqabətə davamlı məhsulların yetişdirilməsi, eləcə də aqrar sahədə tətbiq olunan yeni üsul və texnoloji avadanlıqların istifadəsinin zəruriliyindən danışırıqsa, deməli, dünya ölkələrinin təcrübəsindən da yararlanmalı və bu sahəyə xarici sərmayənin cəlb olunmasını da əsas hədəf kimi müəyyənləşdirməliyik.
Zəkəra Zaxarov: Araşdırmalar göstərir ki, qeyri-neft sektoru üzrə yönəldilmiş investisiyaların həcmi neft sektoru üzrə yönəldilmiş investisiyaların həcmini üstələyir. Bu vaxta qədər aparılmış tədqiqatlarla tanış olarkən görürük ki, qeyri-neft sektorunda fəaliyyət göstərən birgə və xarici investisiyalı müəssisələri cəlb edən əsas sahələr sənaye, tikinti, nəqliyyat və ticarətdir. Lakin son dövrlərdə xüsusən dövlət səviyyəsində həyata keçirilən tədbirlər qarşıdakı illərdə aqrar sahəyə daha çox investisiyanın cəlb ediləcəyini deməyə əsas verir. Dövlət proqramlarında da göstərilir ki, qarşıdakı illərdə dövlət investisiyaların aqrar bölmənin infrastruktur təminatının yaxşılaşdırılmasına, kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsinə yönəldilən siyasətini davam etdirəcəkdir.
Gülər Məmmədova: Ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinə yaradılan süni əngəllərin aradan qaldırılması və aqrar sahənin potensialının yüksəldilməsi istiqamətində bilavasitə Prezident İlham Əliyev tərəfindən atılan addımlar, qəbul olunan dövlət proqramları, şübhəsiz ki, xarici investisiyaların cəlb olunması işinə də öz töhfəsini verəcək. Bu gün bütün dünyada əsas diqqət təbii enerji mənbələrindən tədricən uzaqlaşır. Dünya postneft dövrünə gedir ki, bu da xarici investorların başqa sahələrə diqqət ayırmağa həvəsləndirir. Belə sahələrdən biri və bəlkə də birincisi aqrar sahədir. Bütün dövrlərdə gəlir vəd edən bu sahə Azərbaycanda da xarici investorların üzünə açıqdır. Artıq KİV-də belə məlumatlara rast gəlinir ki, xarici investorlar Azərbaycanda aqrar sahənin vəziyyətini araşdırır. Bu isə o deməkdir ki, yaxınlarda bu sahəyə investisiya axınını müşahidə etmək mümkün olacaq.
Bürhanə Mürşüdova: Əvvəlki mövzuların müzakirəsi zamanı da qeyd etmişdim ki, Azərbaycanın kənd təsərrüfatı imkanlarını, aqrar sahədəki vəziyyəti xaricililərə göstərmək üçün müxtəlif ölkələrdə xüsusi tanıtma aksiyaları keçirilməlidir. Xarici investorların cəlb olunması üçün isə belə tədbirlər davamlı xarakterdə olmalı və xüsusi proqramlara əsaslanaraq keçirilməlidir. Mənim fikrimcə, yerli və xarici investisiyalar təkcə birbaşa torpağa deyil, həm də elmi araşdırmalara qoyulmalıdır.
Dünya təcrübəsində də belə qəbul olunur ki, elmi-tədqiqat yeniliklərinə investisiyaların qoyuluşu kənd təsərrüfatına dəstəyin ən effektiv üsuludur. Elmi-tədqiqat yeniliklərinə iri dövlət və fərdi qoyuluşlar vacibdir, çünki kənd təsərrüfatı müasir texnologiyalardan və metodlardan istifadə etməklə gəlir əldə edir. Odur ki, investisiyaların qoyuluşundan danışılarkən, elmi-tədqiqat işləri heç bir halda arxa plana keçirilməməlidir.
Müzakirələr nəticəsində məlum etdik ki, Azərbaycanda xarici investisiyanın cəlbolunması üçün aşağıda qeyd etdiyimiz istiqamətlər kənd təsərrüfatı üzrə potensial sahələr kimi müəyyənləşdirilib:
-Kənd təsərrüfatı məhsullarının uzunmüddətli saxlanılması məqsədilə regionlarda soyuducu kameralar, anbarlar, elevatorlar və s. ilə bağlı layihələr;
-Kənd təsərrüfatı texnikası və ehtiyat hissələrinin, gübrələrin və bitki mühafizəsi vasitələrinin, eləcə də baytarlıq preparatlarının istehsalı;
-Heyvandarlıq və quşçuluq sənayesinin tələbatını təmin etmək üçün müasir tipli yem emalı müəssisələrinin tikintisi və məhsul istehsalı;
-Un dəyirmanlarının tikintisi;
-Pambıqçılıq;
-Üzümçülük, meyvəçilik;
-Tütünçülük;
-Şəkər çuğunduru;
-Taxılçılıq;
-Toxumçuluq, tingçilik təsərrüfatlarının yaradılması;
-Tərəvəzçilik və bostançılıq;
-Çayçılıq;
-Yağlı bitkilər, zeytunçuluq, günəbaxan;
-Ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı;
-İntensiv bağçılıq təsərrüfatlarının yaradılması;
-Cins heyvanların yetişdirilməsi üzrə təsərrüfatlar;
-Quşçuluq, damazlıq quşçuluq;
-Arıçılıq;
-Balıqçılıq;
-Damazlıq və südlük istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılması.
Hazırladı:
Nicat Dağlar
Jurnalist Ekspert Mərkəzinin sədr müavini
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
banner

Oxşar Xəbərlər