• cümə, 29 Mart, 05:52
  • Baku Bakı 7°C

Kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir

01.05.19 17:11 1345
Kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir
"Bizim islahatlarımız davam edir. Bu gün məruzələrdə səslənən fikirlər deməyə əsas verir ki, islahatlar yaxşı nəticələr verir”. Bu fikirləri 30 apreldə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib. Ölkə başçısı bütün sahələrdə aparılan islahatlardan danışarkən, kənd təsərrüfatı sahəsindən də söz açıb. O bildirib ki, kənd təsərrüfatı daim diqqət mərkəzindədir: "Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, indiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür – həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Yəni bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq, kənd təsərrüfatında artım daha da yüksək ola bilər”.
Prezident bildirib ki, Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməli və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir: "Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. İşçi qrup da yaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır”.
Ölkə başçısının nitqindən aydın olur ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı prioritet məsələlərdəndir və bunun üçün ciddi addımlar atılır. Kənd təsərrüfatı sahəsində görülən işlərin, keçirilən islahatların effekti, növbəti mərhələdə daha hansı işlərin görülməli olduğu barədə mütəxəssislərin fiirlərini öyrəndik.
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli "Kaspi”yə açıqlamasında qeyd etdi ki, bundan sonrakı dövrdə innovativ və iqtisadi səmərəsi olan strategiya həyata keçirilməlidir: "Ümumiyyətlə, kənd təsərrüfatı sahəsində 2009-cu ildən başlayan bir mərhələ var. Bu mərhələni qısa olaraq ölkədə kənd təsərrüfatının birbaşa və ya dolayı yolla dəstəklənməsi kimi xarakterizə etmək olar. Artıq ölkənin ərzaq təhlükəsizliyi yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə kənd təsərrüfatının qarşısında bir sıra böyük məsələlər dayanır. Bura məhsuldarlıq göstəricilərinin artırılması, təbii resurslardan, əmək resurslarından səmərəli istifadə məsələləri daxildir. Eyni zamanda ən çox ehtiyac duyulan kadr bazasının zənginləşdirilməsi kimi nüanslar olduqca vacib strateji məsələlərdəndir. Sadalananlar, ümumilikdə keçən il qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında, eyni zaman kənd təsərrüfatı üzrə strateji yol xəritəsində öz əksini tapıb. Biz hesab edirik ki, kənd təsərrüfatında bundan sonrakı dövrdə innovativ və iqtisadi səmərəsi olan strategiya həyata keçirilməlidir. Elan olunan layihənin mahiyyətində də bu dayanır. Həmin layihədə konkret olaraq kənd yerlərinin inkişafı məsələləri qeyd olunub. Bu da birbaşa olaraq sosial məsələdir. Yəni kəndin inkişafı həm kənd təsərrüfatının inkişafını, həm də sosial inkişafı təmin edir”.
Ekspert aqrar sığorta məsələsinə də toxundu: "Ən mühüm yenilik aqrar sığorta mexanizminin tətbiq edilməsi ilə bağlıdır. Aqrar sığorta mövzusunda uzun illərdir ki, müzakirələr gedir. Amma real olaraq hələ ki, tətbiq edilməyib. Biz etiraf etməliyik ki, kənd təsərrüfatının bundan sonrakı mərhələsində aqrar sığorta olmalıdır. Əgər olmasa, bu sahədə innovativ inkişafı çətin olacaq. Aqrar sığorta dövlət təminatı, dövlətin əkinçiyə, sahibkara, istehsalçıya psixoloji və maliyyə dəstəyi deməkdir. Bu mexanizm tətbiq edilərsə, 1 milyon 200 minə yaxın istehsalçının iqtisadi müdafiəsi təmin ediləcək, onların təsərrüfatlarına dəymiş ziyanın böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək. Sual oluna bilər ki, bu mexanizmin tətbiqi bizə nə verəcək? İlk növbədə kiçik ailə təsərrüfatlarının iqtisadi müdafiəsinə, onların ziyandan sığortalanmasına nail olacağıq. İkinci ən böyük nailiyyət o olacaq ki, bu sahəyə investisiya qoyuluşu artacaq. Etiraf etmək lazımdır ki, hazırda sahibkarların bir çoxu bu sahəyə pul yatırmağa ehtiyat edir, çünki risklər var. Amma bu risklərin böyük bir hissəsini dövlət üzərinə götürərsə, təbii ki, bura investisiyalar cəlb etmək olar. Aqrar sığorta sisteminin tətbiqi, bu sahədə olan bir çox problemin həllinə zəmin yarada bilər”.
Günel Azadə





banner

Oxşar Xəbərlər