• cümə, 19 Aprel, 23:26
  • Baku Bakı 24°C

Kənd təsərrüfatı: Nə əkək və necə suvaraq?

17.05.16 11:19 2358
Kənd təsərrüfatı: Nə əkək və necə suvaraq?
2015-ci il noyabrın 9-u Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram xarakterli konseptual çıxış edib. Müasir dünyada baş verən siyasi, iqtisadi, hərbi, mənəvi proseslərin mahiyyətini incəliyi ilə alimlərin diqqətinə çatdıran cənab Prezident Azərbaycanın elm adamlarını ölkənin inkişafında yaxından iştirak etməyə çağırıb, onların qarşısına konkret vəzifələr qoyub.
Jurnalist Ekspert Mərkəzi ölkə başçısının alimlər qarşısında qaldırdığı məsələləri istiqamətlər üzrə təsnifatlandıraraq, layihə hazırlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə "Azərbaycan Prezidentinin alimlərə ünvanlanan çağırışının KİV-də ictimai müzakirəsi” adlanır. Layihə çərçivəsində alimlərin iştirakı ilə Dəyirmi masalar keçirilir, mövzular üzrə səsləndirilən təkliflər "Kaspi” qəzetində dərc olunur. Sonda ən səmərəli təkliflər paket şəklinə salınaraq, müvafiq dövlət qurumlarına ünvanlanacaq.

Üçüncü mövzu:

Kənd təsərrüfatı üçün yararlı olan torpaqların suvarılmasına və hansı məhsulların əkilməsinin səmərəli olduğuna elmi cəhətdən yanaşılması.

Dəyirmi masanın iştirakçıları: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Faiq Xudayev, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun "Ərzaq təhlükəsizliyi” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Sahib Əliyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmləri üzrə fəlsəfə doktoru Həlimə Məmmədova, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzov, Kənd Təsərrüfatı İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Gülnarə Cəfərova, Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ülviyyə Hüseynova, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, texniki elmlər üzrə fəlsəfə doktoru Teymur Musayev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ramil Nəbiyev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri İradə Əliyeva, Vüsalə Mirzəli, Şəhanə İsrəfilova, Fəridə Şərbətova, İlahə İsmayılzadə, Saray Bayramova, Baytarlıq Elmi-Tədqiqat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Bürhanə Mürşüdova, Rəşadət Mehdiyev, Zəkəra Zaxarov, Səbinə Rüstəmli, Gülər Məmmədova, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Tanrıverdi İslamzadə, Əsmər Əhmədova.

"Dəyirmi masa”nın moderatoru Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu


***

Sahib Əliyev: Əkilməyən sahələri, meleorativ və irriqotiv səbəblərdən əkin dövriyyəsindən çıxmış torpaqları əkin sahəsinə çevirərək, yararlı hala salıb becərilməsi hesabına mövcud istehsalı ən azı 50 faiz artırmaq mümkündür. Belə torpaqların dəqiq qeydiyyatı aparılmalıdır. Statistik məlumatların dəqiqləşdirilməsi mövcud potensialın inkişaf və dəyərləndirmə imkanlarını açıq şəkildə ortaya qoyacaqdır. Aparılan uçot zamanı torpaqlardan istifadənin obyektiv mənzərəsi bilinərsə, bundan sonra qısa, orta və uzun müddətli inkişaf planı tərtib edilə bilər. Torpaqların ilkin qeydiyyatını aparmaq uzunmüddətli və baha başa gələn proses kimi görünsə də, rayonlarda yeni yaradılan Kənd Təsərrüfatı İdarələri vasitəsilə bu prosesi tez bir zamanda, həm də heç bir xərc tələb etmədən həll etmək mümkündür. Bu zaman ilkin aqrar islahatlardan sonrakı dövrdə əkinə yararlı torpaqların hərəkəti, yararlılıq səviyyəsi, hətta fiziki tərkibi öyrənilməlidir.
Ümumiyyətlə, respublikada kənd təsərrüfatının dayanıqlı inkişafını təmin etmək üçün aşağıdakı proseslərin həyata keçirilməsi vacibdir:

- İri təsərrüfatların yaradılması;
- Kənd təsərrüfatı sığortasının təşkilinə dövlət dəstəyi;
- Kənd təsərrüfatı məhsullarının dövlət satınalmasının təşkili.

Alimlər hesab edirlər ki, torpaqların istifadəyə yararlı vəziyyətə gətirilməsi və ölkə üzrə məhsuldarlığın artırılması üçün daha çox iri təsərrüfatların yaradılmasına üstünlük verilməlidir. Bu isə təbii təmərküzləşmə və kooperasiya ilə həyata keçirilə bilər. Belə hesab olunur ki, kiçik təsərrüfatlarda innovativ texnologiyaların tətbiq imkanları məhdud olduğundan səmərəli istehsal qurmaq mümkün deyil. "Həm maddi imkan buna yol vermir, həm də yüksək məhsuldarlıqlı maşın və avadanlıqları belə sahələrə tətbiq etmək olmur. Bazar iqtisadiyyatı prinsiplərinə görə, təbii olaraq artıq iri təsərrüfatlar formalaşmaqdadır. Aqrar biznesə kapital qoyan iri sahibkarlar əsasən bitkiçilik sahəsində böyük təsərrüfatlar yaratmışlar. Onların əksəriyyəti artıq yüksək məhsuldarlıq əldə etmişlər. Yeni yaranan iri taxılçılıq təsərrüfatlarında hər hektardan 55 sentnerdən çox taxıl məhsulu toplanmışdır ki, bu da orta respublika göstəricisindən təxminən iki dəfə çoxdur. Bu nailiyyətlərin təkrarlanması prosesin doğru yolda olmasının isbatıdır” deyə, alimlər bildiriblər.

Faiq Xudayev: Müəyyən obyektiv və subyektiv səbəblərə görə istifadədən kənarda qalmış torpaqların yararlı hala salınması kənd təsərrüfatının gələcək inkişafını təmin edəcək mühüm tədbirlərdən biridir. Torpağın bəhrə verməsi və məhsuldarlığın artırılması üçün sahələrin su ilə davamlı şəkildə təmin olunması və suvarılması sisteminin düzgün qurulması çox vacib amildir. Hansı məhsulların əkilməsinin səmərəli ola biləcəyinə gəldikdə, hesab edirik ki, bunun müəyyənləşdirilməsi üçün ərazilər üzrə torpağın xassələrini öyrənmək və nəticələrə uyğun olaraq, əkiləcək bitkilərin növlərini dəqiqləşdirmək lazımdır. Təkliflərimizi aşağıdakı kimi sistemləşdirə bilərik:

- Ərazidə becərilən torpaqların aqrokimyəvi xassələrinin elmi əsaslarla öyrənilməsi;
- Ərazidə olan torpaqların aqrokimyəvi xassələrinə uyğun olaraq əkiləcək kənd təsərrüfatı bitkilərinin müəyyənləşdirilməsi;
- Suvarılan torpaqlarda elmi əsaslarla meliorativ tədbirlərin aparılması;
- İri təsərrüfatlarda intensiv əkinçilik sisteminin tətbiq olunması;
- Ənənəvi suvarma metodundan fərqli olaraq müasir suvarma sistemlərinin təsərrüfatlarda tətbiq olunması və bu sistemlərə uyğun kənd təsərrüfatı bitkilərinin əkilməsinin təşkil edilməsi;
- Müntəzəm suvarma aparmaq üçün bölgələrdə yağış sularından, mövsümi çaylardan və digər təbii su mənbələrindən istifadə edərək su hövzələrinin yaradılması.


Zəkəriyyə Zaxarov: Kənd adamları var ki, pay torpaqlarını əkib-becərmək əvəzinə şəhərə üz tutur, gəlib burada müxtəlif işlərlə məşğul olurlar. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Lakin müşahidələr göstərir ki, subyektiv amillər daha çoxdur. Məsələ burasındadır ki, torpağını istifadə etməyən kəndlilər həmin əraziləri başqalarına da vermirlər ki, heç olmasa işləmək istəyənlər orada əkin işlərilə məşğul olsunlar. Torpaqlarını istifadə etməyən kəndliləri müxtəlif vasitələrlə həvəsləndirmək olar ki, onlar həmin istifadəsiz qalmış torpaqları işləmək istəyənlərə versinlər. Bunun üçün torpaq sahibi olanlara müəyyən miqdarda vəsait də ödəmək olar. İnsanları torpaqla ünsiyyətə cəlb etmək üçün ciddi maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlara izah etmək lazımdır ki, istifadə etmədikləri torpaqları işləmək istəyənlərə verməklə qazanc əldə etmiş olacaqlar.

Gülər Məmmədova: Azərbaycanın iqlim şəraiti əkin işləri üçün çox əlverişlidir. Bu şəraitdən maksimum dərəcədə yararlanmaq olar. Torpağın verdiyi faydanın əvəzsiz olduğuna əminlik yaransın deyə, orta məktəblərdə maarifləndirmə işləri aparılmalıdır. Təəssüflə qeyd etməliyik ki, abituriyentlər ixtisas seçimi edərkən aqrar sahəni seçmirlər, çünki sahənin özəlliyindən, üstün tərəflərindən xəbərləri yoxdur. Onlara kənd təsərrüfatının nə qədər gəlirli olması ilə bağlı heç kim bilgi vermir. Valideynlər də uşaqlarının kənd təsərrüfatı mütəxəssisi olmasını istəmirlər. Əslində bu sahədən kifayət qədər gəlir götürmək mümkündür. Başqa ixtisas sahibləri işsiz qala bilərlər, amma əkməyi, becərməyi, biçməyi, fermer təsərrüfat yaratmağı bacaran adamlar çörəksiz qalmazlar.

Bürhanə Mürşüdova: Mən də həmkarlarımın o fikri ilə razıyam ki, istifadə edilməyən torpaqlar başqalarına verilməlidir. Belədə həmin sahələrdən məhsul götürülər. Nəticədə kəndlilərin gəlirləri artar. Bunun üçün müxtəlif hüquqi yollar tapmaq mümkündür. Hər halda, pay torpaqlarını istifadəsiz saxlayan kəndlilər həmin sahələri başqalarına icarəyə də verə bilərlər. Hansı növ bitkilərin əkilməsinə gəldikdə isə məncə, Azərbaycanda taxılçılığı inkişaf etdirmək daha çox səmərə vermiş olar. Bunun üçün ölkəmizdə maddi-texniki baza və kifayət qədər geniş təcrübə var. Bu gün biz ölkə üzrə taxıl tələbatını tam ödəyə bilmirik. Taxıl da hələ ki, ölkəyə idxal olunan məhsullar sırasındadır. Amma bu reallığı tamamilə dəyişə və özümüz taxıl ixracatçısına çevrilə bilərik. Ölkənin həm iqlim şəraiti, həm də təcrübəsi buna yol verir.

Ülviyyə Hüseynova: Burada torpaqların suvarılma məsələsindən danışıldı. Bu məsələ ölkəmizin bəzi bölgələri üçün ciddi problem səviyyəsindədir. Elə rayonlarımız var ki, fermerlər, sahibkarlar su çatışmazlığına görə əziyyət çəkirlər. Düzdür, son illər bu sahədə dövlət səviyyəsində xeyli işlər görülüb və artıq ortada nəzərəçarpacaq nəticələr var. Lakin problem hələ ki, tam olaraq aradan qaldırılmayıb. Faiq müəllimin bölgələrdə yağış sularından, mövsümi çaylardan və digər təbii su mənbələrindən istifadə edib, su hövzələri yaradılması təklifi ilə tamamilə razıyam. Dünyanın aparıcı aqrar ölkələri bu gün əsasən təbii mexanizmlərdən istifadə edirlər. Lakin burada bir məqamı nəzərə almaq lazımdır ki, belə təbii su hövzələri əsasən dağlıq rayonlarda səmərə verə bilir. Aran rayonlarının iqlim və coğrafi şəraiti bir qədər fərqli olduğundan burada insanlar daha çox artezian quyularından istifadə edirlər. Belə quyuların qazılması müəyyən vəsait tələb edir. Fikrimcə, aran zonalarının fermerlərinə, əkinçiliklə məşğul olan sahibkarlarına məhz artezian quyularının qazılması üçün əlavə subsidiyalar verilməlidir. Sahibkarlar, artezian quyularının qazılması kimi işləri xüsusi layihə şəklində müvafiq dövlət qurumlarına da təqdim edə bilərlər.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb
Ceyhun Musaoğlu

banner

Oxşar Xəbərlər