• şənbə, 20 Aprel, 00:32
  • Baku Bakı 15°C

Kənd bələdiyyələrinin ekoloji maarifləndirilməsi ilə bağlı seminar keçirilib

28.04.14 13:02 1008
Kənd bələdiyyələrinin ekoloji maarifləndirilməsi ilə bağlı seminar keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən «Ətraf mühitin yaxşılaşdırılması üçün yerli bələdiyyələrlə maarifləndirmə işlərinin aparılması» mövzusunda layihənin icrası davam etdirilir. İctimai Birlikdən verilən məlumatda qeyd olunur ki, aprelin əvvəlindən icra olunan layihə əsasən ölkəmizin meşə fondunun mühafizəsinə yönəlib.
Layihə Azərbaycanın cənub bölgəsində - Lənkəran rayonun 20-dən artıq dağ kəndini əhatə edən bələdiyyələrin ərazisində həyata keçirilir. Bu qəbildən olan növbəti tədbirlər Lənkəranın ucqar bələdiyyələrində - Hirkan Milli Parkının ərazisinə daxil olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən Biləsər bələdiyyəsində, eləcə də rayon mərkəzindən 30 km məsafədə yerləşən İstusu bələdiyyəsində keçirilib. Tədbirlərdə çıxış edən natiqlər respublikamızın meşə fondunun mühafizəsində bələdiyyələrin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd ediblər.
Bildirilib ki, Lənkəran rayonunun ərazisindəki meşələrdə adı ölkəmizin «Qırmızı Kitabı»na düşmüş nadir ağac növləri bitir. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdurlar. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılırlar. Lənkəran meşələrində həmçinin çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Zəngin flora və faunası ilə məşhur olan Hirkan Milli Parkı və Qızılağac qoruğu Lənkəranın zəngin təbiət muzeyləridir. “Təəssüflər olsun ki, yerli sakinlər tərəfindən meşələrin kortəbii surətdə qırılması həmin ağacların nəslinin kəsilməsi ilə nəticələnə bilər. Odur ki, vətəndaşlar öz istilik tələbatlarını ödəmək üçün meşələrə üz tutduqları zaman əllərinə balta almazdan əvvəl diqqətlə düşünməli, yalnız yararsız, qoca, artıq çürüyüb məhv olmaqda olan ağacları kəsməlidirlər. Bununla belə, hər kəsilən ağacın yerində yeni ağac tinglərini əkməyi də unutmamalıdırlar”. Çıxışlarda meşələrin insan həyatı üçün ən önəmli komponent olan oksigeni istehsal edən nəhəng «təbii müəssisə» olduğu da qeyd olunub və bu müəssisənin fəaliyyətinin davamlı olması üçün hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl, analoji tədbir Lənkəranın rayon mərkəzindən 30 km məsafədə yerləşən Günəhir bələdiyyəsində keçirilib. İB-dən verilən məlumatda qeyd olunur ki, layihə çərçivəsində rayonun digər kənd bələdiyyələrində də analoji seminarların keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər