• cümə, 19 Aprel, 16:24
  • Baku Bakı 25°C

Kənan Hacı: “İnsafı olsa, istəyimə yox deməz…”

17.05.14 11:44 1508
Kənan Hacı:  “İnsafı olsa, istəyimə yox deməz…”
Mən onu lap çoxdan, tələbə vaxtı təsadüfən getdiyim bir ədəbiyyat dərnəyindən tanıyıram. Qəribə görkəmi vardı, çəkingən, qınına çəkilmiş, bir az da davakar təsir bağışlayırdı. Niyəsə mənə elə gəlmişdi ki, mən bu dərnəkdə necə təsadüfiyəmsə o da bu dünyaya təsadüfən gəlib. Yerini tapa bilmədiyindən də öz qınına çəkilib içində dava eləyir. Kiminlə? Allah bilir.
Kənan Hacıdan bəhs edirəm. O gün o şeir dərnəyində hamı haqqında nə fikrə gəlmişdimsə bu gün həmin adamlar ədəbiyyatda elə həmin yerdədilər. Kimi sözlərinin gücsüzlüyünü pafosla basdırmağa çalışırdı, indi də elə həmin vur-çatlasınla tüğyan eləyir. Kimi də içinin dərinliyindən utanıb həya eləyirdi indi də elə bir küncdən səssizcə boylanır.
O dərnəkdən, o məclisdən ağlımda qalan bircə o olmuşdu. Bu gün sözünə hörmət elədiyim də yenə odu. Və həmişəki kimi sakit, səssiz amma abırlı.
Kənan Hacı istedadını bağırmır, əksinə, onu gizləməkçün bütün gücünü ortaya qoyur. Nə xoşbəxt, özünün, sözünün abrını, həyasını gözləyənlərə!

-Biri axşamın birində sizə sual versə ki, ay Kənan Hacı, nə istəyirsən bu dünyadan, cavabınız nə olardı?
-Hə, yaxşı sualdır. Bu sualı özüm də özümə çox vermişəm. Mən vaxtilə çox maksimalist idim, həyatdan çox şey istəyirdim. Yaş artıqca istəklərim minimuma endi. Bilmirəm bu dünyayla, talelə barışmaqdımı, çarəsizlikdən doğan bir vəziyyətdimi, ya məğlubiyyətdimi… Hər halda arzulara məğlub olmaq çox ağrılı bir şeydi, mən bu ağrıları yazılarıma, şeirlərimə köçürmüşəm. Özümü bu yolla ağrıdan xilas etməyə çalışmışam. Allah sanki sözü mənə xilas yolu kimi nişan verib. Söz məni ölümdən xilas edib. İndi mən artıq həyatdan nəsə istəməyə qorxuram, həyat itkilərlə gözümün odunu alıb. Amma içimdə bir istək qalıb, hansı istəkdi, bunu açıqlamıram. Vaxtı gələndə deyəcəyəm. İnsafı olsa, bu istəyimə yox deməz…
-Dəlilikmi gözəl, sevdalıqmı?
-Sevdaya tuş olan adam artıq dəliliyin ilkin mərhələsinə qədəm qoymuş olur. Sevda insanı öz təbii halından çıxarır. Dilimizdə bir “dəli sevda” ifadəsi var, bu dəli sevda yeganə xəstəlikdi ki, insan bu xəstəliyə könüllü yenilir, bu xəstəlikdən sağalmaq istəmir. Gözəldi, əlbəttə. Amma gözəlliyin arxasında həmişə bir faciə yatır.
-Şairin əsir olduğu şeirmi, şairinə qul olan şeirmi?
-Şair şeiri yazıb bitirənə qədər onun əsiri olur. Şeir yazılandan sonra o artıq azad olur. Şeir şairdən xilas olan kimi quş kimi uçub gedir, öz ömrünü yaşayır.
-Sözə qul olanların dərdi də söz boyda olur. Kənan Hacının dərdi çəkiləndimi?
-Dərdi olmayan bəşər övladı yoxdur. Hər bir insanın içində bir dərd yuva salıb, sadəcə, o dərdin mənşəyi fərqlidi. Amma şairlər o dərdi canlarından sözlə çıxarmağa çalışırlar. Dərdi sözə çevirə bilirlər. Dərd sözə çevrilməyəndə bir az da ağırlaşır. Yaxşı ki, bu istedad bizə verilib. Bu baxımdan bizim işimiz nisbətən yüngüldü. Dərd içimizdə qalıb ağırlaşmır.
-Yeni ədəbiyyat ədəbini harda itirdi? Çayxanadamı, araq şüşəsindəmi? Yazı masasındamı?
-Bilirsiniz, ədəbiyyat ən azad bir zonadır. Ədəbiyyatın ədəbi deyilən bir şey yoxdu axı. Ədəbiyyatın insanı tərbiyə etmək kimi bir öhdəliyi yoxdur. İnsanın xisləti, xarakteri necədisə, o, yüz kitab oxusa da dəyişməyəcək. Yazıçı tərbiyəçi deyil, o, sadəcə, arzuladığı alternativ dünyanın yaradıcısıdır. Həyatı bütün yaxşı-pis tərəfləriylə birgə yazmaq lazımdı. Biz həyatda o qədər ədəbsizliklərlə rastlaşmışıq ki. Bu ədəbsizlikləri ədəbiyyat da fiksə edir, sadəcə, yazıçı bunları öz təxəyyülünün süzgəcindən keçirərək oxucuya təqdim edir.
-Niyə ədəbiyyat?
- Bu suala dəqiq cavab tapa bilməmişəm.
-Kimi oxuyursuz?
-Son zamanlar bir roman üzərində işləyirəm. Bununla əlaqədar Ziqmund Freydin “Totem və tabu” əsərini oxuyuram. Bundan əvvəl isə Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanını oxudum. Fikrimcə, son on ildə mənə bu qədər güclü təsir göstərən çox az əsər olub. Saramaqonun “İsanın İncili” romanı da bu qəbildəndir. Bu iki əsər dünya romançılığının ən yaxşı nümunələridir. Hər iki əsər haqqında ayrıca yazılar yazmışam.
-Zaman, məkan, həyat harda durur?
-Zamanın məkan və həyat üzərində hökmü əbədidir. Zaman məkanın və həyatın şəklini dəyişməyə qadirdir. Zaman hamıdan, hər şeydən üstündü.
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər