Kəmalə Mustafayeva: “Teatr eqolu insanları sevmir” - Fotolar
O, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
rejissorluq fakültəsini bitirib. Azərbaycanda bir çox layihələrdə aktrisa
olaraq özünü təsdiqləyib. Ancaq bununla kifayətlənməyib. Daha böyük kütləyə
çıxmaq, sözünü demək, ayaqları üzərində möhkəm dayanmaq üçün Türkiyəyə üz
tutub.Müsahibim Kəmalə Mustafayeva burada "Lady radio”-da
aparıcı, redaktor və Kumbara Görsel Sanatlar Teatrının əsas aktrisası olaraq fəaliyyət
göstərir. Deyir ki, özünü bir aktrisa kimi təsdiqləmək üçün bu uzun yola çıxmaq
bir imtahan olub.
- Niyə məhz
aktrisa? Hesab edirsiniz ki, aktrisa olaraq səsinizi dünyaya daha tez çatdıra bilərsiniz?
- Əslində universitetə daxil olarkən hədəfim sırf
aktrisa olmaq deyildi. Düşünürdüm ki, xəbərlər aparıcısı və incəsənətin daha
ciddi bir sahəsində çalışaram. Rejissorluq ixtisasına daxil olduqdan sonra öz tələbə yoldaşlarımızla
tamaşalarımızı hazırlayır, müxtəlif əsərlərə tamaşa həlli verirdik. Bundan
başqa, universitet yoldaşlarımın hazırladıqları tamaşalarda rol almağa başladım
və hər şey buradan başladı. Çevrəmdəki insanların təkidi ilə aktrisa kimi
fəaliyyətə başladım. Əslində içimdə belə bir istək yox idi. Ancaq dostlarımın,
müəllimlərimin haqqımda səsləndirdiyi xoş fikirlər mənə stimul verdi və bir də gördüm
ki, artıq aktrisa kimi fəaliyyətə başlamışam. Başqalarının inancı sayəsində
aktrisa oldum.
- Və davamı gəldi.
- Bəli, ali təhsilimi başa vurduqdan sonra
Nicat Qafuroğlunun "Məcbur” adlı qısametrajlı filmi ilə debüt etdim. Daha sonra
"Bu şəhərdə” kollektivinin "Qızıl gül” konsertində nişanlı qız obrazını
canlandırdım. Onlarla da çox uğurlu iş birliyimiz alındı. Bakıda, Qəbələdə,
Naxçıvanda konsert proqramlarımız oldu.
Sonra bir müddət "Həyat, sən nə qəribəsən” serialında çəkildim. Daha sonra isə
Xəzər Televiziyasında "Bir ailəm var” serialında oynadım. Bir çox sosial
filmlərdə rol aldım. Azərbaycanda ən
məşhur, tanınmış şirkətlərin reklamlarında oynadım. Teatr təcrübəm də var. Belə
ki, 4 ay Bakı Uşaq Teatrında çalışmışam.
- Buradakı
işinizi, çəkilişləri tərk edib, Türkiyəyə getməyə səbəb nə idi?
- Əslində
hər zaman Türkiyəyə gəlmək və burada çalışmaq istəyim olub. Bu istək
birdən-birə yaranmayıb. Mənim üçün tanımadığım bir mühit, fərqli insanlar,
fərqli düşüncə tərzi, həyata fərqli baxışı olan bir çevrə hər zaman maraqlı
olub. Bu qərarı verəndə ilkin olaraq valideynlərimdən icazə aldım. Onların
razılığını aldıqdan sonra yola düzəldim. Bu yolda tək deyildim. Bacımla birlikdə
Türkiyəyə gəldik. Hər şeyə sıfırdan başlamaq, özümü doğrultmaq istəyirdim.
Düzdür, çox çətinliklərlə üzləşdim. Əldə etdiyim nailiyyətlərə heç də asan
sahib olmadım. Ancaq indi hər şey qaydasındadır.
- İncəsənət
Universiteti sizə nə qazandırdı?
- Universitet mənə çox şey qazandırdı. Sənətdə
sözünü demiş sənətkarlardan dərs aldım, dostlar qazandım, ən əsası isə, ciddi
nizam-intizam, qayda-qanunu öyrəndim. Türkiyədəki sənət dostlarım deyirlər ki,
çox intizamlısan. Teatr canlı və kollektiv bir sənətdir. Nizam-intizam kollektiv
sənətdə, xüsusən də teatr mühitində çox vacibdir. Teatr eqosu olan insanları
sevmir və onları özü sıradan çıxarır. Teatra nə qədər xeyirxah əlini uzatsan,
sözün yaxşı mənasında o da sənə doğru üzünü çevirəcək.
- Hazırda
Kumbara Görsel Sanatlar Teatrında hansı işləri görürsünüz?
- Burada tamaşa hazırlayır və bu tamaşa ilə qastrol
səfərlərinə çıxırıq. "Notre Dame'ın Kamburu Müzikali” tamaşasında Esmeralda
obrazını canlandırıram. Tamaşanın rejissoru Vural Bingöldür. O özü bu tamaşada Quasimodo
(kambur adam) obrazını canlandırır. Bir ildən artıqdır ki, Kumbara Görsel Sanatlar Teatrında çalışıram. Bu tamaşanı
Türkiyənin bir çox şəhərlərində nümayiş etdirmişik. Getdiyimiz bütün şəhərlərdə
tamaşamızı sevərək izləyirlər. Tamaşa haqqında gözəl fikirlər səsləndirirlər. Təbii
ki, bu da bizi çox məmnun edir.
- Bu teatrda
işləmək üçün təklifmi aldınız?
- Türkiyədə olanda eşitdim ki, teatra aktrisa
axtarırlar. Mən də CV-mi göndərdim. Onlar da dəyərləndirdilər, mənimlə əlaqə
saxladılar. Məndən bir səhnə canlandırmağımı istədilər. 3-4 gün sonra əlaqə saxlayıb,
seçildiyimi bildirdilər. Beləcə, işə başladım.
- Teatra CV ilə
işə qəbul olunmağı ilk dəfə eşidirəm.
- Bəli, məhz CV ilə işə qəbul olundum. Azərbaycanda
teatrlarda işləmək üçün gedəndə, məni qapıdan
içəri belə almırdılar. Heç baxıb, bu aktrisa nəyi bacarır, səhnədə oynaya
bilərmi, ona verilən obrazı canlandırmaq potensialı varmı - deyə yoxlamırdılar
belə. Hətta başqa bir televiziya demişdi ki səsin yaxşıdır, dublyajda işləyə
bilərsən. Mənə dedilər ki, "səni kimsə göndərib?” Onlara məni heç kimin
göndərmədiyini deyəndə, heç CV-mi belə qəbul etmədilər.
- Siyahıya
baxdıqda, səfərlərinizin çox olduğunu görürük. Bu sizi yormurmu?
- Əsla. Təbii ki, yol yorğunluğu olur.
Tamaşalarımız axşam saatlarında olduğu üçün dincəlmək imkanı əldə edirik.
Getdiyimiz yerləri gəzir, maraqlı gün keçiririk. Səfərlərimiz gözəl zaman
keçirmək üçün əla fürsət yaradır. Həm gəzirik, həm də işimizi görürük.
- Azərbaycandakı
teatr mühiti ilə oradakı teatr mühiti arasında hansı fərqlər var?
- Söz-söhbət, dedi-qodu hər yerdə var. Ancaq
çalışdığım teatr mühiti fərqlidir. Aktyorlar mehriban və səmimidirlər. Bu da
mənim üçün çox önəmlidir.
- Xarici vətəndaş
olduğunuz üçün hər hansı soyuqluq hiss etmisinizmi?
- Bizim dilimizdə elə kəlmələr var ki, türkcə onun
mənası tamamilə fərqlidir. Bu onlarda yanlış başa düşülür. Bu kimi problemlər
yaşadım. Mənim şəxsiyyət vəsiqəmdə adım "ə” hərfi ilə yazılıb. Onlarda bu hərf
olmadığına görə mənə Kamala deyirlər. Əslində bu mənim çox xoşuma gəlir. Tez-tez
mənə Azeri qızı deyirlər. Onlardan özümə qarşı soyuqluq görməmişəm. Mənə qarşı
istiqanlıdırlar. Təzə gələndə, "xaricisən, şivən var” deyirdilər. Zamanla türk
dilində əsərlər oxuyaraq özümü inkişaf etdirməyə çalışdım. Televiziyalarda bir
layihədə iştirak etsəm, bu şivənin mənə maneçilik törətməsini də istəmirəm.
- Hazırda
Türkiyədə serial və film sektoru daha çox inkişaf edib. Serialların bu qədər
çox çəkildiyi bir ölkədə nə üçün sizi orada görmürük?
- Artıq 4 ildir Türkiyədəyəm. Yeni gələndə "Köşəm
Sultan” serialında onun cariyəsini canlandırırdım. Bir-iki ay onlarla
oynamışdım. "Ver elini aşk”, "İstanbullu gelin” seriallarında da qonaq aktrisa
kimi rol almışdım. Seriallara özüm getmirəm, əslində gedə bilmirəm. Çünki
teatrda əsas aktrisayam. Burada məni əvəz edən başqa biri yoxdur. Əslində bir
neçə dəfə belə şansım yaranıb, ancaq onlardan yararlana bilmədim. Çünki hər
dəfə belə bir şans yarananda, teatr kollektivimizlə birlikdə qastrol
səfərlərinə çıxırdıq. Teatr mənim daimi iş yerimdir deyə və burada dublyorsuz
oynadığım üçün getmək məcburiyyətində qalırdım. Əslində peşman da deyiləm. İlk
olaraq gedə bilmədiyim üçün təəssüflənirdim, ancaq qismətdə yoxdursa, ondan
qaçmaq da olmaz. Seriala dəvət edən rejissorlar mənə görə xüsusi gün təyin
etmək vəziyyətində deyillər. Onların iş qrafiki çox çətindir, 12 saatdan çox
işləyirlər. Ancaq teatr elə bir mühitdir ki, əlində davamlı olan bir işin var.
Çəkiliş prosesləri isə daimi iş baxımından o qədər də güvənilir deyil. Özümü
rahat hiss etdiyim bir şəraitdə çalışmaq mənim üçün daha önəmlidir.
- Deyəsən
orda rejissorlar aktrisaların nazı ilə oynamır.
- Düzdür, Türkiyədə böyük masştablı seriallar,
filmlər çəkilir. Ancaq bu o demək deyil ki, burdakı rejissorların hamısı
dahidir. Türkiyədəki aktrisalar belə hər rejissoru bəyənmirlər. Bəzən görürsən
ki, rejissorluğun nə demək olduğunu bilməyənlər rejissor kürsüsünə oturub film
çəkir.
- Çalışdığınız
"Lady radio”-da nələr təqdim olunur?
- Artıq 9 aydır radioda çalışaram. Bu, bir internet
radiosudur. Burada İlhamə Novruzova ilə birlikdə çalışırıq. O, Azərbaycandakı
"Lady radio”nu Türkiyədə açıb. Radioda həftədə bir dəfə "Kulis” proqramında
aparıcılıq edirəm. Fərqli sənətçilərlə fərqli mövzuları müzakirə edirik,
musiqilərlə dolu bir proqram hazırlayırıq. Bu radio qadınlara xitab edir.
- Ordan baxanda
bizim teatrımız necə görünür?
- Azərbaycan teatrının uzun bir tarixi var. Biz heç
də Türkiyənin teatrlarından geri qalmırıq. Teatr sahəsində çox gözəl
aktrisalarımız da var.
Xəyalə Rəis