• cümə, 19 Aprel, 19:57
  • Baku Bakı 24°C

KƏLMƏLƏR VƏ ƏŞYALAR

18.07.16 10:23 3372
KƏLMƏLƏR VƏ ƏŞYALAR
Ədəbiyyat – cavab çıxılsın sual deməkdir
Rolan Bart


Siz, şairlər! Görünən şeylərin xətrinə
əşyaları mənasız yerə dartmayın şeirin içinə,
buz dolabına rəf deyə kitab yığmadınızsa....

Bu şeirlərdə əşyalara qəribə nüfuzetmə var, hətta bəzi məqamlarda ya sözlərin, ya da əşyaların belə deformasiya edildiyini duyursan. Hərdən sənə elə gəlir ki, sözlər insan əli dəymiş, insan baxışı altında yaşamış əşyaların içindəki çatları (necə ki, ürəkdə çatlar olur) göstərmək və bildirmək üçündür. Bəlkə belədir. Səlimin şeirlərində, yəni bizim oxuduğumuz bəlli şeirlərində demək olar eyni əşyalardır, rəf, tavan, kitab və sair, məsələ əşyaların sayının az olmasında və onların demək olar hər bir şeirdə təkrarlanmasında deyil, məsələ hər dəfə bu əşyalara eyni münasibətin fərqli çalarlarının aşkar edilməsindədir. Gözəl və bitkin şeirlərdə belə olur. Səlimin şeirlərinin əksəriyyəti eşidilməkdən ziyada duyulmağı, özü də dərindən, əşyalardakı bütün çatları içinə alıb yaşamağı tələb edir.
Ədəbiyyatşünaslıqda "dəruni struktur” anlayışı var. Elə bir məqam ki, orada bədii mətnin bütün komponentlərinin fəlsəfəsi hifz edilir. Kəlmələrlə əşyaların qəliz münasibətlərinin pərdə arxası da. Sözlərlə əşyaların bu mürəkkəb və qəliz münasibəti Səlimin şeirlərində hansı mənada funksionallıq kəsb edir? Anlayırsan ki, sözlər əşyaların paxırını açmaq üçünmüş, ya da əksinə bu titrəyiş və təmasdan sözlərin də dərinliyi, daha doğrusu dərinlik ölçüsü görünməliymiş.
Onların üz-üzə, yaxud qarşı-qarşıya gəlib görüşdükləri an nələr baş verir? Hər şeydən əvvəl fanilik duyğusu aşılanır və bu duyğu əvvəldən sonadək dərinləşir, yəni əsl deyiləcək sözlər qəsdən yaddan çıxarılır, "təhkiyə axarında” itib-batır. Yalnız əşyanın yanından keçməklə, ona hənirini hiss etdirməklə onların hər ikisinin daxilində illər, bəlkə əsrlər boyu yatıb qalmış nəsnələr oyanır, əsas olan heç bu da deyildir, əsas olan, mahiyyət səciyyəsi daşıyan bu nəsnələrin bir-birini qəribə şəkildə izah və dəf etməsidir və bu iki hadisədən virtuallıq hissi aşılanır, sən gördüyün, haçansa həzz aldığın şeylər, sən demə başqa keyfiyyətlərə də malikmiş, bu əşyalara başqa bucaq altınan da görsənə bilərmiş.

Arabir heç baxma getdiyin yollara, yəni ki, diqqətsiz yürü sən;
Yəni ki, görmə - görməz ol – yəni ki, elə bil ölüsən;

Bu çox qəribə bir duyğudur, yuxarıda vurğuladığımız kimi, həmin iki hadisə - sözlərin və əşyaların bətnindəki nəsnələrin görüşüb ayrılması, qovuşması və bir-birini dəf etməsi sənin yaşadığın və gördüyün həyatı, onun rəngini və koloritini dəyişdirir, həyat bəzən insanı elə vəziyyətlə qarşılaşdırır, qarşına elə şeylər çıxarır ki, sanki yaşamırsan, az qalır instinktlər əsas rol oynasın, bir növ hər şeyə vərdişkar olursan.

Yəni ki, ruhunla bax bir az; özünə fərqli şey təklif et, gözünə;
Yəni ki, bağrın çatlayar bənzəsə gün günə,
Yollar yollara bənzəsə, həmişəki tanışlar gülərsə üzünə;
Unut sən hər şeyi, yadlaşsın, yad olsun, qoy hər şey, yəni ki;
əslində yeni və yad olan hər kəsçün yalnız bir dəfə yenidir...

Burda şair fəlsəfə irad eləmir, hansısa formuldan çıxış eləmir, onsuz da məlum olan şeyləri poetik qəlib içinə salmır. Bəs nə baş verir? Zənnimizcə, burada şairin səsi əslində kadr arxasından gəlir və burada əsas olan dilin, sözlərin, frazaların özləri yox, onların, xüsusən də dilin arxa planıdır. Yəni, müəlliflə implisit, "uydurma” müəllifin səslərinin qovuşub ayrılması o dəruni strukturdan qalxan səsləri tel-tel göstərir. Bu hislər əslində illər boyu həmin o arxa yaddaşda yığılıb qalan, bir-birini az qala bastalayan düşüncələrin qaynayıb-qarışıb nəhayət bu gün bu şeirin diliylə danışmasıdır. Yəni, real olan budur. Və bu qədər irreal olan, konturları görsənməyən, öz içində itib-batan şeyləri bu qədər real müstəvidə görsətməyin özü ciddi suallar doğurur. Hər şeydən qabaq: reallığın özü nədir. Varmı, yoxmu? Çünki sən özün də bilirsən "...Əslində, yeni və yad olan hər kəsçün əslində bir dəfə yenidir...”.

Bu şeirlərdə mətləbin, mahiyyətin üzə çıxmasında əşyalar mühüm rol oynayır, kəlmələr sadəcə bu əşyaların ən müxtəlif tərəflərini göstərir, yaxud bu yerlərə işıq salır. Disharmoniya. Şeirlərdə əşyalar yer səthində kor bucaq altında, yaxud köndələn yerləşir və bununla da əşyanın "faş olan tərəfi” dalınca başqa yaşantılar gətirir, keçmiş zaman, onun içinə gömülən hərəkətlər... həmin bu əşyaların faş edilən tərəflərindən boylanır və zamanın axan qanının dayandığını görürsən.

Təksən.
Köndələn boşqablar yığılmış şkaf dişini ağardar,
masaya sərilmiş çirkli süfrəyə.
Qarderob boyunca asılmış şalvarlar şax durar,
yollar da acizdi faninin çəkdiyi ütüyə.

Təklik tənhalıq deyil, dünyada səni dövrələyən əşyalarla tək qalmaqdı, səsini içinə çəkmiş və danışmaqdan yorulmuş əşyalar. Burada beş misra – beş sətir var, ancaq bunlarla son misra arasındakı məsafə müddətsiz zamanla ölçülə bilər. Zaman yorulub, kəfkirli saatın əqrəbləri yorulub, biri başını o birinin çiyninə qoyub, yəni zaman bitib, son damcı son misraya nöqtə kimi düşüb. Ancaq bu bitmək, bu bitmişlik nəhayətsiz, davamedici prosesdir, yəni, zaman hardasa axsa da, burda, bu məkanda donub qalıb, əvvəlki ovqat – boşqablar düzülmüş şkafın masaya diş ağartması, şax duran şalvarların üstünə çəkilən fanilik... dünya durduqca davam edəcək, qıvrılacaq ağrı kimi... təklik də belədir. Yəni, "həyat eşqi” arxa plana keçir, əsas olan "həyat yanğısıdır”, daha doğrusu keçmiş təcrübələrdən qalan nisgilin bu günün içində mənalanması, insanı ölənə qədər yandırmasıdır.
Sonra hərflərlə oyunlar başlayır – sözdən hərfə keçid, kətil və "k” hərfi...

Təksən.
Uzunbel kətilə kənardan baxsan,
çox şeyə bənzədə bilərsən sən onu: ağzıaşağı baltaya; «h»ya.
yorulub otursan, günahkar-günahkar boynunu irəli uzatsan,
dönəcək açılmış kitaba, «k»ya.

Sözdən hərfə keçid əşyaları unutdurmur, əksinə onların funksionallığını üzə çıxarır. Məsələn, ikinci bənddəki əşyalar üçüncü bənddə "hərəkətə gəlir”. Bu bir nəfəs kimidir, şeirin arxitektonikasında nəfəs alıb-vermə "süjeti” gizlənib, kitab açılır, vərəqlənir, yavaş-yavaş, yuxarıda son damcı sonuncu misranın sonuna düşdüyündən hər şey – indiyə qədər duyduqlarına qarşı daha həssas olursan, kətil qabağa sürüşüb, yəni "dayanan” zamanın müstəvisindən başqa bir zamana doğru əyilibsən, "h” hərfinin üstündə, "h” – fanilik heçlik deyil, yoxluq deyil, baxırsan:

Təksən.
Vərəqi çevirsən, görərsən sözlərin içində söz varmış,
sözləri ağactək budamaq olarmış.
Misalçün, günahda «ah» var (əsas da bu imiş),
qalanı bir az səs, bir az da səssizlik.

Burda söz nədənsə həm də gözə bənzədi, yaxud yanıb qaralmış közə, ümumən şeirdə assosiativ zəncir səni ixtiyari gedişlər etməyə məcbur edir; bu yeni tipli şeirdir, tam olaraq assosiativ xarakterli deyil, indiyə qədər sınanmamış bir poetik sistemdir, nədirsə, sözlərlə (kəlmələrlə) əşyaların azca təmas tapıb "dilləndiyi”, sözsüz danışdığı bir dildir. Proses ənənədə olduğunun tərsinə cərəyan edir, belə ki, əşyaların canındakı xasiyyətin, keyfiyyətin harasa köçürülməyindən getmir söhbət, əksinə sözlərin içindəki əşyaların sözlərdən kənardakı əşyalarla təması, qovuşub ayrılması bəhs mövzusuna çevrilir. Kəlmələrin içindəki hər bir söz ümumi anlamda əşyadır, yəni anlayış bildirən nəsnədir, məsələn, "ah”... Ona görə də poetik sistemdə assosiativlik ikinci dərəcəli vasitəyə çevrilir. Yuxarıdakı əşyaların görüntülədiyi səssizlik, səsin onları büsbütün tərk etməsi bu məqamda meydana çıxır: bir az səs, bir az da səssizlik...
Prosodiyada zaman üfüqidir, poeziyada şaquli, tutulub dayandırılmış zamana şaquli baxış, daha doğrusu bu iki xəttin kəsişməsi intibalar doğurur, həm də əşyaların "yerə, əslində məkana və zamana bitişən” altındakı metafizikanın gözünü açır; bu şeirdə bənd bitdikcə sözdən sözə, əşyadan əşyaya keçid metafizikanın bitib-tükənməz olmasına işarədir, sözlər pardaqlanıb açıldıqca təsəvvür sanki donuşluqdan çıxır, kəlmələr, onların içindəki əşyalar (özü də ilk baxışda və bu şeirə qədər - !) hiss etmədiyimiz əşyalar söz-söz titrəyir, canındakı enerjini və titrəyişi sonra gələnə ötürür, deməli ilk baxışdan hiss etdiyimiz donuşluq açılacaq nə vaxtsa, əvvəlki bəndlərdəki güzgüyə çəkilən adam da təşrif gətirəcək:

Tavandan aşağı sallanan beşbarmaq çilçıraq
şəhadət edər ki, adamlar acizdi yerdə.
Qəzadan sonra sönsə işıqlar, qorxsan,
təksən,
şam yandır. İşıqdan başqa
göylərə işarə oxunar şişpapaq şamda.

Şam yanır. Gözünü açırsan astaca:
hansısa filmin əvvəli, ortası, sonudur.
Toxunsa əlin və böyrün sağdan taxtdakı soyuğa - çevrilsən,
təksən,
saatın əsgər yerişli saniyəölçən əqrəbi ya səni qoruyur,
ya da ki, əbədi zamanı addımla ölçür.

Qayıdaq "IX Hissə”yə. Bu şeirin təhlili bir sıra çətinliklər törədir, çünki orada ənənəvi mənada məzmun, süjet, dinamika, obraz... yoxdur, hər şey necə deyərlər, məlum oyunun dolaşdırılmasından, başqa lada keçirilməsindən başlanır. Bu uzun mətni oxuyanda hər şeydən qabaq belə bir sual meydana çıxır: ürəyimizi coşduran, bizi həyəcanlandıran, dolaşdıran, ruhumuzu məşğul edən bu mətndə poetik sirr nədən ibarətdir?

Cavanşir Yusifli
banner

Oxşar Xəbərlər