• cümə, 29 Mart, 05:00
  • Baku Bakı 7°C

Kəlbəcərlilər BMT Təhlükəsizlik Şurasına müraciət ediblər

02.04.14 11:18 1521
Kəlbəcərlilər BMT Təhlükəsizlik Şurasına müraciət ediblər
APA-nın “AzərTac”a istinadən verdiyi məlumata görə, müraciətdə xatırladılır ki, 2014-cü il aprelin 2-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmasının 21 ili tamam olur:
“1993-cü il aprelin 2-də 3054 km² ərazisi, 72 min nəfərdən çox əhalisi olan Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 129 kənd, 10 min nəfərdən çox əhalisi olan Kəlbəcər şəhəri, şəhər tipli 2 qəsəbə ələ keçirilərək talan edilmiş, yandırılmış və məhv edilib. Dəhşətli Xocalı soyqırımının davamı olaraq Kəlbəcər faciəsini törədən Ermənistan silahlı qüvvələri dinc əhaliyə amansızlıqla divan tutaraq, növbəti soyqırımı törədib. Belə ki, Ermənistan ordusu hələ 1992-ci il aprelin 8-də Kəlbəcərin 800 nəfərə yaxın əhalisi olan Ağdaban və Çayqovuşan kəndlərinə hücum edərək 130-dan çox evi yandırıb, 33 nəfəri, o cümlədən 2 azyaşlı uşağı, 90-100 yaşlı 8 qocanı işgəncə ilə öldürüb, 7 qadını girov aparıb, 12 nəfərə ağır bədən xəsarəti yetirib. 1993-cü ilin aprelində rayonun Başlıbel kəndi eyni faciəni yaşayıb. Erməni quldurları kənddə 28 nəfər dinc sakini qətlə yetirib, 18 nəfər kənd sakinini girov götürüb. Erməni qəsbkarları Kəlbəcər rayonunu işğal edərkən 511 nəfəri qətlə yetirib, 665 nəfəri girov aparıb. Onlardan 122 nəfəri sonralar geri qaytarılıb, digərlərindən indiyədək heç bir xəbər yoxdur. Ermənistanın işğalçı ordusu tərəfindən 15 min yaşayış evi, 500-dən çox müxtəlif təyinatlı sosial-mədəni obyekt, 130-dan çox təhsil, 76 səhiyyə, 172 mədəniyyət müəssisəsi talan edilib yandırılıb. Əhaliyə məxsus 100 mindən çox iribuynuzlu, yarım milyon baş xırdabuynuzlu mal-qara, 4850 baş at, 1500 minik maşını talan edilərək Ermənistana aparılıb.
Qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu yarandığından işğal olunduğu vaxtadək bu ərazidə heç bir erməni yaşayış məntəqəsi olmayıb. Ermənistan 21 ildir ata-baba yurdlarımızı işğal altında saxlayır. Bu gün də oradakı təbii sərvətlər talan edilir. Suriyadan, Livandan və digər bölgələrdən qaçqın düşən ermənilər Kəlbəcərdə məskunlaşdırılır. Biz öz yurd-yuvamızdan, el-obamızdan uzaqlarda məcburi köçkün vəziyyətində Azərbaycanın 55 rayon və şəhərinin 800-dən çox yaşayış məntəqəsində müvəqqəti sığınacaqlarda ağır vəziyyətdə, doğma yurd yerimizə qayıtmaq ümidi ilə yaşayırıq. Kəlbəcərin qeyd-şərtsiz azad edilməsinə dair BMT-nin 822 saylı qətnaməsi hələ də Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilmir. Onlar sülh danışıqlarını yubadır, torpaqlarımızdan çıxmaq istəmir, işğal faktını yaddaşlardan sildirməyə çalışırlar. Biz, bugünkü anım mərasiminin iştirakçıları, 72 min nəfərdən çox Kəlbəcərlinin iradəsini ifadə edərək sizdən xahiş edirik ki, Ermənistanın silahlı qüvvələrinin Kəlbəcərdən və digər işğal olunmuş torpaqlarımızdan çıxarılmasına, işğala son qoyulmasına kömək göstərəsiniz. Sizdən xahiş edirik ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu qanlı münaqişənin sülh yolu ilə həll edilməsi üçün apardığı davamlı siyasəti birmənalı olaraq dəstəkləyəsiniz, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistanı işğal olunmuş torpaqlarımızı azad etməyə məcbur edəsiniz.
Kəlbəcər rayonunun əhalisi, bütövlükdə Azərbaycan xalqı sülh istəyir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına tərəfdarıq. Ermənistanın hazırkı rəhbərliyi, Xocalı soyqırımını törətmiş Serj Sarkisyan və onun komandası sülh danışıqlarını müxtəlif yollarla pozmağa, hakimiyyətlərinin ömrünü uzatmağa, torpaqlarımızın işğal olunması faktını azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışır.
Üzümüzü Sizə və bütün dünyaya tutub bir daha bəyan edirik ki, Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” yaratmaq barədə ermənilərin xam xəyallarının baş tutmasına heç vaxt imkan verməyəcəyik! Biz öz doğma yurdumuzdan heç vaxt əl çəkməyəcəyik!
Əgər Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməzsə, hər birimiz Ali Baş Komandanımızın rəhbərliyi ilə öz doğma torpaqlarımızı erməni işğalından hərbi yolla azad edəcəyik.
Sizdən bir daha xahiş edirik ki, bizim haqq səsimizə səs verəsiniz, ədalətsizliyə son qoyasınız, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə azad olunmasına kömək göstərəsiniz”.
Müraciət Kəlbəcər faciəsinin 21-ci ildönümü ilə bağlı 2014-cü il aprelin 2-də keçirilmiş anım mərasimində qəbul edilib.
banner

Oxşar Xəbərlər