• cümə axşamı, 28 mart, 12:40
  • Baku Bakı 16°C

Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat

25.11.20 14:45 427
Kəlbəcərin azad edilməsi ölkəmiz üçün yeni imkanlar açacaq - Deputat
Kəlbəcər kimi mühüm və strateji əhəmiyyətli, o cümlədən çətin relyefə malik bir rayonun bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın böyük və tarixi qələbəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, 10 noyabrda Ermənistanın kapitulyasiyası ilə nəticələnən bəyanata əsasən bu gün artıq Kəlbəcər rayonu Azərbaycanın nəzarəti altında keçdi: "1993-cü ildə işğaldan sonra ermənilər Kəlbəcərdə qeyri-qanuni məskunlaşma aparmışdı. Kəlbəcərin sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni Kəlbəcərdən çıxmağa vadar etdi”.
A.Hüseynov vurğulayıb ki, Kəlbəcər strateji baxımdan vacib olduğu qədər təbii sərvətləri ilə də zəngin bir rayondur: "Bilirsiniz ki, Kəlbəcər ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Kəlbəcər həm yeraltı, həm də yerüstü sərvətləri ilə olduqca zəngindir.
Belə ki, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli çoxsaylı ehtiyatlar, o cümlədən qızıl yataqları, mis yataqları, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, yüngül beton doldurucusu kimi istifadə olunan perlit yatağı, üzlük daşı yatağı, qum-çınqıl qarışığı yatağı, yüksək dekorativ xüsusiyyətlərə malik 4 mərmər oniksi, nefroid yatağı, 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1 listvenit yatağı və digər yataqlar mövcuddur.
Eyni zamanda Kəlcəbərdə dünya şöhrəti qazanmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da mövcuddur. Bu baxımdan Kəlbəcər rayonu sənayenin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Eyni zamanda Kəlbəcərin kənd təsərrüfatında heyvandarlıq əsas yer tutub. 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada ildə 660 hektar sahədə tütün əkilib.
Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb.
Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur ki, bu da ölkəmizdə kənd təsərrfüatının inkişafına böyük dəstək göstərəcək”.
A.Hüseynov vurğulayıb ki, Kəlbəcər turizm baxımından da geniş imkanlara malikdir: "Füsunkar təbiətə və zəngin mədəni irsə malik olan Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" müalicə-istirahət sanatoriyası ilə dünyada tanınıb. İstisu sanatoriyası Kəlbəcərin qərb hissəsində – silsilə dağ yamaclarındadır. Kəlbəcərin əsrarəngiz təbiəti turizmin inkişafı üçün böyük perspektivlər açacaq. Əlbəttə ki, Kəlbəcərin zənginliklərini saymaqla qurtarmaq olmaz, lakin əminliklə onu demək olar ki, Kəlbəcər Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək”.

banner

Oxşar Xəbərlər