Kəhrəba bilərzik
Briz Zhu təxminən
6-7 il idi ki, xəstəxanada xəstə baxıcısı işləyirdi. Xüsusilə, qoca qadınlara
baxırdı. Baxdığı xəstələr xəstəxanadan çıxanda onları qapıya qədər müşayiət
edirdi, həmin vaxt onların ailə üzvlərinin, qohumlarının müxtəlif
reaksiyalarına adət etmişdi. Bəziləri ondan razı qalır, bəziləri tam razı
qalmırdı. Bəzi ailə üzvləri bədxərclik etmədən ona "cibxərcliyi” verir, bəziləri
xəbislik edib heç nə vermirdi. İşlədiyi ilk vaxtlarda xəbislik edənlərin hərəkəti
ona pis təsir edirdi, sonralar o bir az ehtiyat pul yığandan sonra buna vərdiş
etdi. İndi onun vecinə deyildi, kim ona necə reaksiya verir, ona "cibxərcliyi” çox
verirlər, ya az. Əsas o idi ki, tibb bacıları onun işindən razılıq edirdilər, xəstəxanada
ən yaxşı xəstə baxıcısı hesab edilirdi.
Bir dəfə
Briz bir yaşlı qadına qulluq edirdi. Qadının adı Lin idi. Əslində, o çox ağır xəstə
deyildi, çox qayğıya, qulluğa ehtiyacı yox idi. Lin Brizlə çox yaxşı rəftar
edirdi, ona "Balaca Arzu” deyə müraciət edirdi. Çünki çin dilində
"Zhu”
sözünün mənası "Arzu” idi. Lin ona gətirilən hədiyyələrdən Brizə də verirdi.
Linə baş çəkmək
üçün xəstəxanaya çox adam gəlirdi. Ancaq tezliklə Brizə məlum oldu ki, bu qoca
qadının cəmi bircə uşağı var. Onun qızı böyük bir şirkətdə rəhbər vəzifədə işləyirdi,
hamı ona "Menecer Lin” deyə müraciət edirdi. Ana ilə qızı bir-biri ilə çox
yaxın idi.
Menecer Lin
demək olar ki, hər gün anasına kuryer vasitəsilə qəlyanaltı, ya gül-çiçək
yollayırdı. Bir gün o anasına bir cüt qara, yumşaq materialdan ayaqqabı və bir
dəstə gül göndərdi. Briz heç bilmirdi bu ayaqqabıları qoca qadın xəstəxanada
geyəcəkdi ya yox. Ancaq o ayaqqabıları görəndə çox kövrəldi və Linə "siz xoşbəxt
qadınsınız, madam!” dedi. Qoca Lin dərindən ah çəkib başını buladı.
Qoca Lin
başqa xəstələrdən fərqlənirdi. Demək olar o biri qocalar kimi deyildi. O uşaq
kimi idi. O çarpayıda bütün günü uzanıb qalmazdı. Bir dəfə kimsə ona oyuncaq
qurbağa gətirmişdi. Qurbağa palatanın bir küncündən o biri küncünə tullanır,
quruldayırdı. Lin bu qurbağanı müşahidə etməyi çox sevirdi. Briz öz-özünə
deyirdi ki, yaşlanandan sonra da oyuncaqla oynamaqdan həzz almaq çox yaxşıdır.
Briz qoca
Linə xoşbəxt olduğunu deyəndə daha çox onun qızına heyran olduğu üçün belə
demişdi. Demək olar ki, Linin qızı " Balaca Arzu” ilə eyni yaşda olardı.
Menecer Linin yüksək vəzifəsi, özünün sürücüsü, katibəsi, kuryeri olsa da o
tez-tez anasına baş çəkirdi. Nədənsə o heç vaxt anası ilə xəstəliyin
simptomları, müalicəsi barədə söhbət etmirdi. Kim bilir, bəlkə də o həkimin
kabinetində onunla bu haqda söhbət edirdi.
"Balaca
Arzu” bilirdi ki, qoca Linin ürəyi xəstədir. Ancaq konkret olaraq onun ürəyində
hansı xəstəlik olduğunu bilmirdi. Əslində buna ehtiyac da duymurdu. Briz üçün fərqi
yox idi, baxdığı xəstələrin hansı xəstəliyi var. Onun işi onlara yaxşı baxmaq,
yaxşı qulluq etmək idi.
Brizi daha
çox menecer Linin geyimi maraqlandırırdı. O hər dəfə xəstəxanaya müxtəlif
paltarda gəlirdi. Bəzən geyindiyi koftalarda açıq yerlər çox olurdu, sanki
qorxurdu ki, hava bədəninə girmək üçün yer tapmaz. Bəzən ayaqqabılarından qoşa
qotaz sallanardı. O yeridikcə qotazlar yellənirdi. Bir dəfə qoca Linə baş çəkən
adamlardan biri Brizə demişdi ki, menecer Lin hər hansı tədbirə gedəndə müxbirlər
daha çox onun geyimindən yazırlar.
Qoca Lin bu
sözləri eşidəndə yenə də ah çəkib başını bulamışdı.
Bir dəfə
menecer Lin anasına bir buket qəşəng gül gətirdi, dedi ki, elə indicə Yunan əyalətindən
göndəriblər. Həmin gün o qara sviter geyinmişdi, sviterdə açıq-saçıq yer yox
idi. Qırmızı rəngli dəri yubkası vardı. Boynundan parlaq, bal rəngli kulon
asılmışdı. Biləyinə eyni rəngdə bilərzik taxmışdı. Briz onun kulonunun və bilərziyinin
hansı materialdan hazırlandığını bilmirdi, bircə onu bilirdi ki, onlar çox qəşəng
görünürdü.
– Bugünkü
geyimin çox qəşəngdir, – qoca Lin qızına dedi. – Qara və sarı bir-birinə uyğun
gəlir. Çox zərif görünürsən.
Menecer Lin
bilərziyini açdı, anasının ovcuna qoyub dedi:
– Bu ən
yaxşı kəhrəbadan düzəldilib, zərgər işi çox incədir.
Qoca Lin
barmağını bilərziyə sürtüb dedi:
– Bərbəzəyin
ən sadəsi daha gözəldir. Nə yaxşı ki, sən ləl-cavahirat xoşlamırsan.
Menecer Lin
anası ilə bir az söhbət etdi, həmin gün çox məşğul olduğunu bildirib tez getdi.
Briz qoca Linə nahar etməkdə kömək etdi. Nahar üçün diyetoloq balıq məsləhət
görmüşdü. Briz balığın sümüyünü ehtiyatla ayıranda qoca Linə sual verdi:
– Kəhrəba
çox bahadır?
– Bu asılıdır
onun keyfiyyətindən, – qoca Lin cavab verdi və sonra o öskürməyə başladı. Briz
tez bir stəkana su töküb ona içirtdi, kürəyini tumarladı. Daha ona başqa sual
verməyə cürət etmədi.
Bir neçə
gün sonra Brizin əri onu görməyə gəldi, onlar şəhərdən kənarda yaşayırdı,
arvadı xəstəxanada işləyir, o isə evdə qalırdı. Briz qazancının çoxunu ali təhsil
alan oğluna göndərirdi. Briz yay aylarında hər gün işdən sonra evlərinə
qayıdır, qış aylarında isə xəstəxanada qalırdı. Əri arabir gəlib ona baş çəkir,
evdən bəzi yeməli şeylər gətirirdi. Bu dəfə o bir neçə paket çin xurması və
yerfındığı gətirmişdi. Onların doğma qəsəbəsində bu quru meyvələr paketlənib
satışa göndərilirdi.
Ər-arvad
mağazalara baş çəkmək istəyirdi, çünki oğullarına jaket almalı idi. Beləcə,
onlar topdansatış qiymətinə mallar satılan mağazaya getdilər. Cütlük mağazaya
girib istədiklərini aldılar. Onlar qayıdanda müxtəlif növ saxta bilərzik, sırğa
satılan köşkün yanından keçdilər. Briz ayaq saxladı, o bir bilərziyə baxdı. Kəhrəba
bilərziyə oxşayırdı. O bilərziyi ovcuna aldı, tumarladı, nədənsə ona elə gəldi
ki, menecer Linin bilərziyi ilə orda satılan bilərziyin arasında fərq yoxdur. O,
bilərziyi qaytarıb yerinə qoydu, sonra bir də götürdü.
– Almaq istəyirsən?
– əri soruşdu.
– Belə şeyə
kim pul xərcləyər? – Briz dedi, ancaq bilərziyi qaytarıb yerinə qoymadı.
Əri Brizi
kitab kimi oxuya bilirdi, onun ürəyindən keçənləri dərhal hiss etdi, satıcı ilə
sövdələşdi və bilərziyi 5 yuana aldı.
Briz çox məmnun
oldu, halbuki bilərziyi onun öz qazanc ilə almışdılar.
Sonra onlar
kiçik kafeyə girdilər, ucuz yemək sifariş verib nahar etdilər. Yemək yeyib
qurtarandan sonra Briz ərinə dedi:
– Xəstəxanada
mənim işlədiyim palata ilə üzbəüz palatada yatan xəstə qadın xəstəxanadan
çıxandan sonra Xaynan adasına getmək istəyir. Eşitdiyimə görə, özü ilə bir xəstə
baxıcısı da aparmaq fikri var.
– Ora çox
uzaqdır. Bu söhbəti unut! – əri fikrini bildirdi.
Briz bilərziyə
görə çox sevinirdi. Xəstəxanaya qayıdanda yol boyu bilərziyə baxır, sevinirdi.
O xəstəxanaya çatanda ərinin gətirdiyi meyvə qurusunun bir hissəsini Linə
verdi. Qoca qadın protez dişini taxdı ki, meyvələrin dadına baxsın.
Sonra Briz
biləyindəki bilərziyi qoca Linə göstərib ondan soruşdu ki, bilərziyi hansı qiymətə
aldıqlarını təxmin edə bilərmi?
– Lap
qızımın bilərziyinə oxşayır. Neçəyə aldın? 10 yuana? Yoxsa 20 yuana?
– Əgər belə
çox qiymət deyirsinizsə onda bunu sizə sata bilərəm, – Briz dedi.
İkisi də
güldü.
Nahardan
sonra xəstəxananın xəstə baxıcıları bir yerə toplaşıb Brizin təzə bilərziyi
haqda danışırdılar. Onlardan biri dedi:
– Mən o bilərziyi
görən kimi hiss etdim ki, saxtadır. Şüşədən hazırlanmış muncuqlardan
hazırlanıb, vəssalam!
Başqa bir
qadın dedi:
– Saxta
olmasının nə əhəmiyyəti var Əsas odur ki, o, xalis kəhrəbaya oxşayır.
– Mən də
saxta olmasını nəzərə almıram. Çox qəşəng görünür.
Həmin axşam
menecer Lin də anasına baş çəkməyə gəldi. Briz bilərziyini ona göstərdi,
fikrini soruşdu. Həmin gün menecer Lin də kəhrəba bilərziyini nazik, boz
sviterinin qolu üstdən taxmışdı.
– Briz belə
şeyləri çox xoşlayır. Yaxşısı budur, bilərziyinizi bir neçə günlüyə dəyişin, –
qəflətən qoca Lin dedi.
– Ana, sən
həmişə çox yaxşı ideyalar irəli sürürsən, – menecer Lin gülümsəyib dedi və bilərziyini
açıb Brizə uzatdı. Briz bilərziyi könülsüz götürdü.
– Utanma,
biləyinə tax, – menecer Lin dedi. – Utanmalı heç nə yoxdur, təki anamın ürəyi
şad olsun!
Briz də öz
bilərziyini açıb stolun üstünə qoydu.
– Əgər Lin
istəyirsə, mən sizin bilərziyi taxaram, – Briz dedi və menecer Linin bilərziyini
taxdı. Sonra palatadan çıxıb ana ilə qızını təkbətək qoydu.
O otaqdan
çıxandan sonra Lin saxta bilərziyə baxıb dedi:
– Düzdür,
xalis kəhrəbaya oxşayır. Ancaq xalis kəhrəba kimi parıldamır. Baxan kimi hiss
olunur.
Sonra o bilərziyi
qızına uzatdı: – Bunu yaxşı yerdə saxla, itirmə. Onu Brizə qaytaracaqsan.
Menecer Lin
bilərziyi biləyinə taxanda anası dərindən nəfəs aldı, sanki bir az yüngülləşdi.
O, öz-özünə dedi ki, qızı ilə dil tapmaq asandır. Elə qadınlar var ki, öz bəzək
əşyalarının kiminsə işlətməsinə heç vaxt razı olmur.
Elə bu vaxt
menecer Linin mobil telefonuna zəng gəldi. O telefonla danışanda çantasındakı
başqa telefon da zəng çaldı. O, gözucu nömrəyə baxdı, sonra o biri telefonla
söhbətini qısa etdi, bəzi göstərişlər verib söhbətə son qoydu. O biri telefonu
götürüb tamam başqa tonda zəng edən insanla danışdı, nəyisə təşkil etməyi
tapşırdı.
Qoca Lin
qızına diqqətlə baxıb yenə də ah çəkib dedi:
– Sənin biləyində
saxta bilərzik xalis bilərzik kimi görünür.
Bir azdan
menecer Lin xəstəxanadan çıxıb iş yerinə getdi. O, şirkətə çatdı, liftin
qabağında durub düyməni basanda biləyindəki bilərzik göründü. Orda ondan başqa
iki qadın da vardı, hər ikisi son dəblə geyinmişdi. Onlar Linin bilərziyini
görüb bir-birinə nəsə pıçıldadı. Onlardan biri dedi:
– Bir
menecer Linin bilərziyinə bax! Mərc gələrəm ki, onun biləyindəki xalis kəhrəbadır.
O biri
qadın ekspert ədası ilə dedi:
– Bəli, düz
deyirsən. Yəqin Baltik dənizindən tapılıb, ya da Hindistandan gətirilib.
Son sözləri
deyən qadın heç Linin bilərziyini yaxşı görməmişdi.
Menecer Lin
onların söhbətini eşidib öz-özünə gülümsədi. O kabinetinə girib bilərziyi açdı
və balaca stolun ütünə qoydu.
Növbəti gün
menecer Linin tanışlarından biri, bir cavan kişi onun kabinetinə gəlmişdi, nəsə
xahiş edirdi. Balaca stolun üstündəki bilərziyi görüb dedi:
– Belə bir
qiymətli əşyanı niyə bura qoymusan?
Linin
kabinetindən çıxandan sonra o çox zərif bir qutu alıb Linə göndərdi ki, bilərziyi
o qutuya qoysun.
Menecer
Linin katibəsi kişinin göndərdiyi qutunu Linə verdi, o da qutuya ötəri göz gəzdirdi,
qərara gəldi ki, anasına baş çəkməyə gedəndə qutunu ona da göstərsin.
Briz biləyindəki
xalis kəhrəba bilərziyə baxıb çox sevinirdi. O istəyirdi işdə bütün rəfiqələrinə
bilərziyi göstərsin, onlara desin ki, bu dəfə o saxta bilərzik taxmayıb.
Nahar vaxtı
bütün xəstə baxıcıları yenə də işçilər üçün ayrılmış yemək otağında idi. O biləyindəki
bilərziyi bir-bir qadınlara göstərir, onların fikrini eşitmək istəyirdi. Demək
olar ki, onlar yenə də saxta bilərzik haqda dediyi sözləri dedilər. Dedilər ki,
heç kim inanmaz ki, o xalis kəhrəba bilərzik taxıb.
Briz çox pərt
oldu. Bu vaxt baş tibb bacısı yemək otağına girdi, o da Brizin bilərziyini
görüb heyrətləndi:
– Ah, nə
gözəl bilərzikdir!
Briz
sevindi ki, nəhayət, tibb bacısı onun bilərziyinin xalis kəhrəba olduğunu deyəcək,
ona görə də biləyini irəli tutdu ki, tibb bacısı bilərziyi yaxşı görsün. Ancaq
tibb bacısının sözlərini eşidəndə yenə də sarsıldı.
– Düzdür, xalis
kəhrəbaya oxşayır. Adama elə gəlir çox bahalıdır. Ancaq pleksiqlas şüşələr
adamı tez aldadır. Sənin çox yaxşı zövqün varmış! – Tibb bacısı dedi.
–Yox, düz
demirsən, – Briz dedi. – Bilərziyə daha yaxından bax, o xalis kəhrəbadır.
– Əgər onu
sən taxmısansa deməli, saxtadır, – tibb bacısı son sözünü dedi.
Menecer Lin
Amerikaya ezamiyyətə getdiyi üçün bir neçə gün anasına baş çəkmədi. Xəstələrin
palatasında sakitlik idi. Briz qoca Linin palatasına girdi, o biri işçilərin
bilərzik haqda fikirlərini ona da dedi. Qoca qadın Brizə elə baxdı, sanki onun
nə dediyini anlamırdı. Heç elə bil bilərzik söhbətini də unutmuşdu.
Bir gün
menecer Lin anasına zəng etdi, dedi ki, Amerikadan qayıdır, hələ yoldadır, o,
bu gecə xəstəxanaya gələ bilməyəcək, yalnız növbəti gün gələ bilər.
Lin qızına
nəsə dedi, sözləri aydın demədiyi üçün Briz onun nə dediyini başa düşmədi. Hətta
qoca Lin qızı ilə bərkdən danışırdı ki, Bris səksəndi.
Arada
telefon rabitəsi kəsildi, bir azdan menecer Lin yenə də zəng etdi, anasından vəziyyətinin
yaxşı olub-olmadığını soruşdu.
– Narahat
olma, yaxşıyam, – Lin dedi.
Menecer Lin
telefonda nəsə dedi, Brizə elə gəldi ki, o "narahatam” deyirdi. O, anasına bir
neçə söz deyəndən sonra telefon rabitəsi kəsildi.
Həmin gün
Lin özünü çox qəribə aparırdı. O qəflətən Brizdən soruşdu ki, ona mahnı oxuya
bilərmi. Briz ona cavab verdi ki, hərdən evlərində olanda mahnı oxuyurmuş,
ancaq indi o mahnıları unudub.
Lin Brizdən
ingilis mahnıları oxumağı xahiş edirdi. Ancaq xəstəxanada ona ingiliscə mahnı
oxuya bilən heç kim yox idi. O, xahişinə əməl edilmədiyini görüb bütün gecəni
susdu, heç nə demədi.
Gecə saat
12-dən sonra Brizə elə gəldi ki, qoca Lin hansısa mahnını zümzümə edir, ancaq
buna çox da əhəmiyyət vermədi. Ancaq o, öz çarpayısına tərəf gedəndə nədənsə
ona elə gəldi ki, Lin tərpənmir. Onun çarpayısına yaxınlaşanda gördü ki, onun
gözləri yumuludur, çox sakitdir. Briz Lini neçə dəfə səsləsə də qadın ona
reaksiya vermədi. Deyəsən, o nəfəs almırdı.
Qadını bu vəziyyətdə
görəndə yazıq Briz çox qorxdu. O cəld həyəcan siqnalını basdı ki, həkimləri xəbərdar
etsin, sonra palatadan qaçaraq çıxdı. Bir neçə dəqiqə sonra həkimlər və tibb
bacıları tökülüşüb gəldilər. Həkimlər Linin nəbzini yoxlayandan sonra bir neçə
saniyə onun çarpayısı yanında sakitcə dayandılar, sonra onlardan biri onun
üzünü mələfəylə örtdü.
Səhər tezdən
menecer Lin gəldi. O bir müddət anasının meyitini qucaqlayıb durdu. Onunla gələn
adamlar onu meyitdən güclə araladılar. Onun gözlərindən meyitin üzünə çəkilmiş
mələfəyə göz yaşları axırdı. Briz üçün maraqlı idi, nə üçün menecer Lin bərkdən
ağlamır, niyə kədərini belə sakitcə ifadə edir. Sonra o, öz-özünə dedi ki, bəlkə
onun kimi qadınlar ucadan ağlamırlar.
Həmin gün
palataya çox adam gəldi. Linin ölümündə heç kim Brizi günahlandırmadı.
Briz özünü
çox pis hiss edirdi. O, xəstə baxıcısı işlədiyi müddətdə hələ belə bir hadisə
olmamışdı. Lin çox asanca ölmüşdü, ona nə süni nəfəs verdilər, nə iynə
vurdular... O çox sakit öldü. Briz bütün baş verənləri xatırlayıb köks ötürdü,
düşündü ki, yəqin belə ölmək də xoşbəxtlikdir.
Linin
ölümündən bir neçə gün sonra qəfil Brizin yadına bilərzik düşdü. Menecer Linin
kəhrəba bilərziyi. O qərara aldı ki, gərək bilərziyi aparıb sahibinə qaytara. O
heç vaxt istəməzdi ki, özünün ucuz bilərziyini verib belə bir bahalı bilərziyi
özündə saxlasın. Bundan başqa, o ucuz bilərziyi ona əri almışdı, hər halda. istəməzdi
ki, ərinin hədiyyəsi özgə adamda qalsın.
Briz tibb
bacılarından menecer Linin işlədiyi şirkətin ünvanını öyrəndi, onun iş yerinə
getmək üçün xəstəxananın baş həkimindən icazə aldı. O bir təmiz vərəq götürüb
bahalı bilərzik qutusunu ona bükdü və xəstəxanadan çıxdı. Avtobusa minib
menecer Linin şirkətinin yanında düşdü. Menecer Linin kabinetinin qabağında
çoxlu adam vardı, hamısı onu qəbuluna düşmək istəyirdi. Lap xəstəxananın gözləmə
zalındakı qədər adam vardı orda. Katibə Brizin gəldiyini menecer Linə xəbər verəndən
sonra o, hamıdan birinci onu qəbul etdi. Briz nə üçün gəldiyini ona izah etdi.
Menecer Lin siyirtmədən qutunu götürüb onu Brizə uzatdı.
Briz də öz
növbəsində kağıza bükdüyü qutunu ona uzatdı. Xahiş etdi ki, zərli qutudan öz
bilərziyini götürsün. Menecer Lin qutunu açdı, Brizə işarə etdi ki, həm qutunu,
həm də bilərziyi götürsün. Menecer Linin gözləri yaşlı idi, əynində qara paltar
vardı.
Briz qutunu
götürüb otaqdan çıxmaq istəyində menecer Lin ona dedi ki, bir az gözləsin. O,
qara çantasından bir dəstə pul götürdü və Brizə verdi.
–Sən anamın
son anlarında yanımda olmusan. Minnətdaram. Xəstəxanaya taksi ilə qayıt.
Briz pulu
götürüb çantasına qoymazdan əvvəl bir az tərəddüd etdi, pula baxanda başa düşdü
ki, bu qədər pulla Xaynan adasına bir neçə dəfə gedib – gəlmək olar.
Binadan
çıxandan sonra Briz başını qaldırıb menecer Linin kabinetinin pəncərəsini
axtardı, ancaq binanın bütün pəncərələri eyni idi. O menecer Linin pəncərəsini
ayırd edə bilmədi, hətta onun kabinetinin neçənci mərtəbədə olduğunu da
unutmuşdu.
Hava küləkli
idi və Brizin yanından bir taksi keçdi. O çantasına baxdı, ordakı pulun məbləğini
yadına saldı. Ancaq taksi saxlatmağa qərar verə bilmədi. Bir az düşünüb metro
stansiyasına tərəf getdi.
Günlər
bir-bir ötüb keçirdi. Xəstəxanada hər şey yenə əvvəlki kimi idi. Xəstəxanadan bəzi
xəstələr getmiş, təzə xəstələr gəlmişdi. Brizin həyatı yenə də əvvəlki kimi
idi, o qoca, xəstə qadınlara qulluq edirdi. O menecer Linin ona verdiyi kəhrəba
bilərziyi qutuda, qutunu isə mücrüdə saxlayırdı.
Bir il
sonra yazın sonlarında o qutunu mücrüdən çıxarıb bilərziyi biləyinə taxmağı qərara
aldı. Həmin vaxtlar o yenə də qoca, xəstə qadına qulluq edirdi. O Brizin biləyində
bilərziyi görən kimi onun çox qəşəng olduğunu bildirdi. Briz cəld dilləndi:
– Bu bilərzik
xalis kəhrəbadır.
Qoca qadın
çaşdı, ona baxıb yavaşca dedi:
–
Yalan danışma, bu
saxtadır, eləmi?
Zong
Pu
İngiliscədən
tərcümə: Sevil Gültən