• cümə, 29 Mart, 00:03
  • Baku Bakı 7°C

Kədər işığında

06.05.19 14:30 1837
Kədər işığında
Bir neçə gün öncə Əbülfət Mədətoğlu yenicə çapdan çıxan "Bir qadına” adlı növbəti kitabının ilk nüsxələrindən birini mənə hədiyyə edəndə qəlbən sevindim. "Adiloğlu” nəşriyyatının mətbəəsində araya-ərsəyə gələn bu kitabının xeyir-duasını Xalq yazıçısı Elçin verib. Yeri düşmüşkən bu yaxınlarda Azərbaycanın ədəbiyyat camesində böyük əks-səda doğuran "Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?” adlı tənqidimiz və ədəbi prosesimiz haqqında məqaləsində Elçin şair Əbülfət Mədətoğlunun yaradıcılığına da geniş yer ayırıb və onun ədəbiyyatımızdakı layiqli mövqeyini məxsusi vurğulayıb. O, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Nizami Cəfərov kimi ədəbiyyat nəhənglərinin yüksək qiymət verdiyi Əbülfət Mədətoğlu kimi yazarların yaradıcılığına ədəbi tənqidimizin nisbətən biganə münasibətinin qəbuledilməz olduğunu hərtərəfli əsaslandırıb. Azərbaycan ədəbiyyatında halal və dəyərli mövqeyi ilə seçilən Elçinin şəxsən tanımadığı Əbülfət Mədətoğlu yaradıcılığı ilə bağlı həmin peşəkar qeydləri özünün istəyi ilə onun "Bir qadına” adlı yeni kitabında ön sözü əvəzi yerini alıb.
Əbülfət Mədətoğlunun yaradıcılıq texnikası neştərə bənzəyir. O, hədəfi nişan almaqda pərgardır, oxucunun, ələlxüsus da, qələm əhlinin ruhunu yerindən oynadır. Təbii ki, ruhən Tanrının və təbiətin bir parçasına çevrilmədən bu cür nəfis şeirləri qələmə almaq mümkün deyildir. Onun ruhu sərhəd tanımır, mənəviyyat dünyasının bütün qalaktikalarına baş vurmaqdan yoruldum demək bilmir.

Sönür içimdəki şam...
Qaranlığa çökürəm...
Günahları bu axşam –
Dizim üstə tökürəm...

Çeşidləmək istəyim –
Bircə anda daş olur...
Günahların üstünə –
Kirpik damır – yaş olur...

Acıların dadını...
Dil-damağım hiss edir...
Nəmdi deyə günahlar –
Yanmır ürək! – his edir...

Əbülfət Mədətoğlu poeziyası kədərə bələnib. Bu, sıravi deyil, poetik ovqatı baxımından bəşəri kədərdir. Onun yaradıcılığı yeri gəldikcə indinin qayğıları ilə yanaşı folklorumuzdan, klassik ədəbiyyatımızdan da qaynaqlanır. İlk baxışdan bəllidir, yazıçı Elçinin də dəfələrlə vurğuladığı kimi Əbülfət Mədətoğlu kədərin sirdaşıdır.

Mən indi
başımı
söykəmişəm
tənhalığın
çiyninə...
Kədər və xatirələr
Nimdaş olsa da
Kip oturub əynimə...


Şairlik Əbülfət Mədətoğluna Tanrı payıdır. Qələmə aldıqları təkcə onluq deyil, bu deyimlərin mayasının qeybdən gəldiyi də, məncə, şəksizdir. Bunlar bəni-insanın fərdi imkanlarından qat-qat üstün nəsnələrdir. Əbülfət Mədətoğlunun böyüklüyü də ondadır ki, o, Ulu Yaradanın seçiminə, bu hədsiz-hüdudsuz doğmalığa daim həssaslıqla yanaşır.

Ruhumu Cənnətdə gördüm...
O, pəncərədən baxırdı...
İlahi, mən içdən öldüm –
Bu nə uğursuz axırdı?!

Həmişə əllərim göydə
Torpaq öpür dizim yerdə...
İstədim ki, ölüm göydə –
Amma qalsın izim Yerdə!..

Alınmadı, bu arzum da...
Asi oldu ruhum cismə...
Mən sahibsiz dəfn olundum –
Buna görə məndən küsmə!...


Bu şairin poeziyası say-seçmə hikmətlər, mükəmməl fəlsəfə bağçasıdır. Həmin məkanın bağbanı öz işinin ustasıdır, köksündən pərvazlanan kəlamlar tutumludur, sanki mayası qopuz sədasından yoğurulub.

Özümü Məcnun bilirdim –
Bitməyən dərdə dözümdə...
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..


Əbülfət Mədətoğlu "Söz”ə ocaq çatandır. O, bu ocağı körüklədikcə, sözün qol-qanad açaraq süzməkdən başqa çıxış yolu qalmır. Bir parça əppəyini "Söz”dən çıxaran şair poeziyanın müqəddəsliyini bir an belə unutmur, onun təəssübünü çəkənlər sırasında layiqli mövqedədir. Dərdə abunə olan bu qələm əhli arada xəzəl dilində də danışır, xəyallarla bağırbadaşdır. Onun şeirləri əsasən üç-beş bəndlikdir, di gəl, bunların məna yükü ölçüyəgəlməz və özünəməxsusdur. O, yazılarında mətləb üstə kəsə gəlməyin ustasıdır. Ən qəribəsi də odur ki, həmin mətləblər çox vaxt bir ömürə yetməyəcək miqyasda olur.

Tanrım ağrı böləndə
Qoymadı heç dinəm də!
Tapmadı yer sinəmdə –
Tikdi çiyinlərimə!..


Əslində, şairin yeni kitabı da nəzmə çəkilən növbəti məhəbbət dastanıdır. Həmin şeirlərdəki müasir Məcnun da elə Əbülfət Mədətoğlunun özüdür. Bu eyni zamanda indiki dövrün də Məcnunlardan, Kərəmlərdən xali olmadığına əyani sübutdur.

Ay Məcnun, ay Kərəm, ay insafsızlar,
Mənə bu qapını siz göstərdiniz!
Məni açıq-aşkar oda salanlar,
İndi də "döz” deyib, gözlədirsiniz...


Əbülfət Mədətoğlu yaradıcılığında eşq və yurd həsrəti qoşa qanaddır. "Bir qadına” kitabında onun yalnız son dövrlərdə qələmə aldığı məhəbbət şeirləri əksini tapsa da, dünyaya göz açdığı Tuğ kəndinin (Dağlıq Qarabağdakı) timsalında yağı tapdağında olan torpaqlarımızın ah-naləsi də şairin poeziyasının tükənməyən mövzularındandır. Özü də bu yanğı təkcə dünənlik deyil. Əksəriyyət bilməsə də, onunla az-çox oturub-duranlara bəllidir ki, şairin Qarabağ dərdi cığırlarını Aşıq Ələsgər və Məmməd Araz yurdlarından da (Əbülfət Mədətoğlunun şəcərəsinə əsasən deyirəm) götürür. Bu baxımdan Əbülfət Mədətoğlunun yurd həsrəti əsrlərə söykənir, həm də gendən gəlmədir. Tanrı onun timsalında cəmi qaçqın və məcburi köçkünlərimizin gözünü yollardan çəksin, onları doğma ocaqlarına qovuşdursun... Amin...

Çəkdiklərim bir dəvə,
Bir də ki, fil yüküdü...
Dərdimin üzündəki –
Vallah, şeytan tüküdü...

Üzümə gülümsəyib
qoymur küsüb-inciyim...
Şərbət kimi süzülür –
Amma dərddi içdiyim!..


Təbii ki, ədalət naminə onu da deməliyik ki, Əbülfət Mədətoğlunun şeirlərinin heç də hamısı say-seçmə deyildir. Onların da arasında babatlarına da, sıravilərinə də rast gəlmək olur, amma bu da birmənalıdır ki, belə şeirlərin də hamısı peşəkar qələmin məhsuludur, sadəcə, şahə qalxanları ilə müqayisədə nisbətən "kölgədə” qalır. Dəyərli söz ustadı Elçin də Əbülfət Mədətoğlunun "Bir qadına” kitabındakı ön sözündə bu məqama da toxunub. O, Əbülfət Mədətoğlu kimi yazarların yaradıcılığını təhlil meydanına çəkməyin vacibliyini ədəbi tənqidçilərin diqqətinə çatdırıb və onları bu cür yazarların Azərbaycan ədəbiyyatı tarixində layiq olduqları halal mövqeyini ortalığa qoymağa çağırıb.

Azad Müzəffərli
banner

Oxşar Xəbərlər