• çərşənbə, 24 Aprel, 19:59
  • Baku Bakı 23°C

Keçmişlə yaşayan gənc - Hobbi

03.05.16 11:05 1898
Keçmişlə yaşayan gənc - Hobbi

Xatirələrlə yaşayan insandır. Keçmişini o qədər sevir ki, keçən hər dəqiqənin hesabını tutur. Onun fərqli dünyası var. Hətta o, doğulmadığı, yaşamadığı illər üçün darıxır. Düşünür ki, bu zəmanənin adamı deyil və məhz keçmişdən gəlir... Keçmişə olan bağlılığını isə maraqlı hobbisi ilə yaşadır və bununla özünü ovundurur. "Hobbi” rubrikasının bu dəfəki qonağı Səma Baxşıyevadır. Müsahibimiz Bakı Slavyan Universitetinin Filologiya və jurnalistika fakültəsinin IV kurs tələbəsi, "Ustad” ədəbiyyat və sənət dərgisinin müxbiridir. Onun hobbisi getdiyi muzeylərin, teatrların, kinoların, konsertlərin biletlərini yığmaqdır: "Mən xatirələrlə yaşayan insanam. Buna görə mənə keçmişimi xatırladan, getdiyim, gəzdiyim yerlərdən nə isə xatirə saxlamağa çalışıram. Ən çox da getdiyim muzeylərin, konsertlərin, kino və teatrların biletlərini yığıram. Mənə hədiyyə edilən ən kiçik kağız parçası belə olsa, onu saxlayıram. Çünki bu, gözəl gündən xatirədir. Bir dəfə İçərişəhərdə kitab mağazasının satıcısı Elman dayı mənə şokolad bağışlamışdı. Onu hələ də yeməyib, soyuducuda saxlayıram. Yemək fikrim yoxdur. Çünki həmin vaxt adi gələn şokolad üstündən illər keçdikdən sonra mənim keçmişim olub. Hər o şokoladı gördükdə, Elman dayını, həmin anı xatırlayıram”.

"Keçmişdən gəlirəm...”

Müsahibimiz hətta köhnə Bakını görmədiyinə görə təəssüf hissi keçirir. Deyir ki, doğulmadığı, yaşamadağı illərin həsrətini çəkir: "Çoxdanıncı” illərin Bakısı... Doğulmadığım, yaşamadığım illər üçün darıxıram. İnsan yaşadığı illər üçün darıxar. Amma məndə elə deyil. Deyirəm, bax kaş o illərə qayıtmaq mümkün ola, mən də "Uşaqlığın son gecəsi”, "Şərikli çörək”, "Gün keçdi”, "Bizim Cəbiş müəllim”in çəkiliş meydanlarında iştirak edib, bir tamaşaçı kimi filmlərin necə çəkildiyini izləyim, Vaqif Mustafazadənin, Oqtay Ağayevin, Fikrət Əmirovun, Emin Sabitoğlunun konsertlərinə, yaradıcılıq gecələrinə gedim, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Cəfər Cabbarlının kitab təqdimatları olsun, oradan imzalı kitab alım və sair. Bir sözlə, mən bu zəmanənin adamı deyiləm, deyəsən. Keçmişdən gəlirəm... Uşaqlıqda gündəlik yazırdım. Lazımsız olduğunu düşünüb onu tulladım. İndi buna görə peşimanam. Uşaqlıqda nə etdiyimi, necə düşündüyümü oxumaq istərdim”.

"Məni məndən aldı”

Həmsöhbətimiz bilet yığmağa 2012-ci ildən başlayıb: "2012-ci ildə ingilis dilini tədris edən müəlliməmlə İncəsənət Muzeyinə getmişdim. Çox maraqlı və yaddaqalan gün idi. Bəlkə də qəribə görünə bilər, amma 2012-ci ilə kimi heç bir muzeydə olmamışdım. Muzeydə gəzinti çox xoşuma gəlmişdi. Sözün əsl mənasında, məni məndən aldı. Düşündüm ki, belə bir əziz günün xatirəsini mütləq saxlamaq lazımdır. Özü də həmin gün Binəqədidə dəhşətli yanğın olmuşdu. Muzeydə olarkən bundan xəbərim yox idi. Muzeydən çıxanda telefonla Feysbuka daxil olarkən bu xəbəri oxudum və sarsıldım. Bu kağız parçası mənə muzeydən çox həmin günü xatırladır. O gündən sonra hara getdimsə, biletləri saxladım. Bu günə qədər 30-a yaxın bilet yığmışam. Gələcəkdə getdiyim xarici ölkələrin biletlərini də saxlayacam”.

"Keçmişə səyahət edirəm”

Həmsöhbətimiz deyir ki, hobbisi onun ruhunu qidalandırır. Məhz bu biletlərlə o, keçmişə səyahət edir: "Bu biletlər keçmişimə səyahətin biletləridir. Xatirələrimi yadıma salır. Hətta bir dəfə Ədəbiyyat Muzeyindən çıxanda biletimi itirmişdim. Buna görə bileti əvəz edəcək bir balaca kağıza qeyd etdim ki, filan gündə filan ildə Ədəbiyyat Muzeyində olmuşam. Çünki mən muzeylərə getməyi, teatr tamaşalarını izləməyi, incəsənəti, mədəniyyəti, tarixi sevirəm”.
Müsahibimizin sözlərinə görə, bu biletləri yığmaqda məqsədi gələcəkdə övladlarına, nəvələrinə yaşadığı dövr haqqında məlumat verməkdir: "Mən abituriyent olanda hazırlaşdığım kursun sual kitabçalarını, imtahan nəticələrini, həmin kursda bizə bayramlarda verilən açıqcaları, müəllimimin mənə verdiyi konfetin kağızını saxlamışam. Düzü, bunları yığanda sırf hansısa məqsəd üçün yığmıram. Amma düşünürəm ki, burada şüuraltı bir mesaj var. İstəyərəm ki, gələcəkdə övladlarım, nəvələrim bunlara baxsınlar. Bu həm də tarixdir; bir insanın tarixi. Ailə üzvlərimdən kiminsə belə bir kolleksiyası olsaydı, sevinərdim. Maraqlı olardı ki, məsələn, 1950-ci illərin biletləri necə olub, atam hansı muzeylərdə olub, indi həmin muzeylər varmı, bəlkə adı dəyişib və s. Bir də onu deyim ki, məşhurluğa can atan adam deyiləm. Amma əgər nə vaxtsa belə bir hadisə olsa, bu əşyalar ev muzeyimin eksponatları ola bilər”.








banner

Oxşar Xəbərlər