• şənbə, 20 Aprel, 10:03
  • Baku Bakı 14°C

Keçmişdə pərt olduğum anlar

24.04.18 12:30 1831
Keçmişdə pərt olduğum anlar
Mənim sevgilim vardı. Davn Menq sevgilim idi. O çox gözəl, mülayim bir qadın idi. Mən ona deyəndə ki, bütün günü onu düşünürəm, o deyirdi ki, o da bütün günü məni düşünür. Mən ona deyirdim ki, onu çox sevirəm, o da eyni sözü mənə deyirdi. Bir gün ona dedim ki, gedib birlikdə restoranda yemək yeyək, o dəqiqə razılaşdı. Onunla yanaşı gedəndə bir daha əmin oldum ki, Davn sevgili olmağa layiq qadındır.
Mən Davnı restorana apardım. Onu başqa yerə apara bilməzdim. Əgər ailəli ola-ola başqa qadınla görüşürsənsə qapalı yerdə görüşmək daha yaxşıdır.
Həmin axşam biz yenicə istifadə verilmiş fransız restoranına getdik. Çox yaxşı restoran idi, onun yerləşdiyi yeri tapmaq üçün internetdə nə qədər vaxt itirmişdim.
Restorana çatanda Davndan soruşdum:
– Xoşuna gəlir? Yaxşı restorandır?
O başını tərpətdi:
– Hə.
Davn mənimlə söhbət edəndə gülümsəyirdi, gözləri ulduz kimi parlayırdı, onun gözəlliyi məni dəli edirdi.
– Davn Menq! Sən, doğrudan da, gözəlsən. Çox gözəlsən.
Biz nahar edərkən gözləmədiyimiz bir şey baş verdi, bir də gördüm kimsə əlini çiynimə qoyub. Dönüb baxanda tanış adamı gördüm, Vanq Fayv, mənim təzə kolleqam. O gah mənə baxdı, gah da Davn Menqə. Mən utanmağa başladım, özünüz də təsəvvür edin, ailəli bir kişi gözəl bir qadınla restoranda nahar edir. Biz onunla o qədər yaxın oturmuşduq ki, bəzi adamlar bunu düzgün hesab etməzdi.
Birinci Vanq Fayv danışdı:
– Ah, nə xoş təsadüf! Sən arvadınla nahar etməyə gəlmisən? Əvvəlcə elə bildim səhv edirəm. Sənin arvadın çox qəşəngdir! Dost, pis olma, sən özün çox da çirkin deyilsən.
Nə deyəcəyimi bilmirdim, o danışdıqca başımı tərpədirdim. Mövzunu dəyişmək üçün fürsət axtarırdım. Birdən yadıma düşdü ki, Vanq Fayv heç vaxt mənim arvadımı görməyib, narahat olmağıma dəyməz.
– Vanq, sənin üçün nə sifariş verim?
O arxaya döndü, bir qadına işarə edib utana-utana dedi:
– Evliliyimizin birinci ildönümünü qeyd etməyə gəlmişik.
Davnla restorandan çıxanda gec idi. Evimizə çatanda arvadım artıq çarpayıya uzanıb kitab oxuyurdu. Kitabın adına ötəri göz gəzdirdim, romantik roman idi. Mən içəri girəndə o ac olub-olmadığımı soruşdu. Dedim ki, ac deyiləm, ondan sonra o kitabın o biri səhifəsini çevirib oxumağına davam etdi.
Qəflətən o kitabı örtüb məndən soruşdu:
– Sənin sevgilin var?
Onun bu sualını eşidəndə az qala ürəyim ağzıma gələ. Öz-özümə dedim: "Cidanı çuvalda gizlətmək olmaz”. Sonra özümü sakitləşdirdim, axı Vanq Fayv mənim arvadımı tanımır, onunla necə əlaqə saxlayıb o xəbəri ona çatdıra bilərdi?
Mən dişlərimi bir-birinə sıxıb hər şeyi danışdım.
– Necə ola bilər mənim sevgilim olsun? Sən həyatımın mənasısan!
Onun üzündə təbəssüm yarandı, kitabı açdı, yenidən oxumağa başladı. Yenə də kitaba göz gəzdirdim, arvadımın oxuduğu səhifədə yekə hərflərlə "sənin sevgilin var?” yazılmışdı. Arxayınlaşdım ki, arvadım kitabın təsiri altında mənə belə sual verib. Onun mənə yenə də sual verməsinin qarşısını almaq üçün onu qabaqladım:
– Yaxşı, bəs sənin sevgilin var?
Sualı eşidəndə arvadım səksəndi, hiss etdim ki, heç vaxt məndən belə sual eşidəcəyini gözləmirmiş.
– Yox, yox, – o dedi.
Mən gülümsədim, arvadım da gülümsədi.
Bir gün sonra axşam iş yerimdən iş günündən əlavə də işim oldu, bu vaxt başqa bir gözlənilməz hadisə baş verdi. Bir də gördüm telefonum uğuldadı, mesaj gəldi. Mesajı açıb oxudum: "Sənin arvadın yad bir kişi ilə "Xoşbəxtlik” otelində, 517-ci otağa girdi. Tez ol, ora get!”
Mesajı göndərən adamın nömrəsi mənə tanış deyildi.
Beynim uğuldayırdı, düzünü desəm, şoka düşdüm. Heç vaxt inana bilməzdim ki, arvadım mənə xəyanət edə bilər. Neçə dəfə evimizə zəng etmək istədim, ancaq dəstəyi götürməyə əlim gəlmədi. Bilmirdim nə qərar verim, bəlkə boşanım?
Nəhayət, özümü ələ alıb evimizə zəng etdim. Dəstəyi arvadım götürdü, "alo” dedi. Az qala dəstək əlimdən düşəcəkdi, o bir neçə dəfə "alo, alo” deyəndən sonra səsimi çıxartdım: "Əzizim, mənəm. Hələ işdəyəm. Evə bir az gec gələcəm”.
– Aha, yaxşı, özündən muğayat ol!
Neçə dəqiqə özümə gələ bilmədim, elə hey öz-özümə deyirdim: "Yox, hər kimdirsə mənimlə zarafat etmək istəyib”.
Bir neçə gün sonra işdən evə qayıdıb şam yeməyindən sonra divanda oturub televizora baxırdım, yenə də telefonuma mesaj gəldi, tez mesajı oxudum: "Sənin arvadın yenə də bir yad kişi ilə...”
Mesajı bir neçə dəfə oxudum, mətbəxdə iş görən arvadımı səslədim:
– Əzizim, sən orda nə edirsən?
Arvadım qonaq otağına gəldi, əlilləri yuyucu vasitənin köpüyü ilə örtülmüşdü.
– Qabları yuyuram, nə olub? Məni niyə çağırdın?
Güldüm.
– Heç nə, – dedim.
O mənə tərs-tərs baxıb mətbəxə getdi.
Artıq tam əmin olmuşdum, mənə mesajı göndərən adam ya zarafat edirdi, ya da hər kimdirsə mesajı səhvən mənə göndərirdi.
Mən mesajı sildim.
Bir həftə sonra arvadımı iş yerindən ezamiyyətə göndərdilər. Mən onunla elə yenicə telefonla danışıb qurtarmışdım ki, yenə də mesaj gəldi, cəld mesajı açıb oxudum: "Sənin arvadın yad bir kişi ilə "Meşə” otelindəki 408-ci otağa girdi. Tez ol, tələs!”
Mesajı oxuyanda bərkdən güldüm, çünki arvadım mənə bizim şəhərdən çox uzaq olan bir şəhərdən zəng etmişdi. Necə ola bilərdi axı o bir dəqiqənin içində bizim şəhərdəki otelə gəlsin. Bu dəfə də tam arxayın oldum ki, mesajı səhv göndəriblər.
Birdən məni maraq bürüdü. Axı mesajda haqqında söhbət gedən qadın kim ola bilər? Görəsən mən onu tanıyıram?
Həmin axşam evdə tək oturmaqdan bezmişdim, evdən çıxdım, taksi tutdum, birbaşa "Meşə” otelinə sürdürdüm.
Otelə çatanda 408-ci otağa getmədim. Həmin otağın yerləşdiyi mərtəbədə koridorda dayanıb gözlədim.
Dəqiq deyə bilmərəm mən koridorda nə qədər dayanıb gözləmişəm. Bir də gördüm ki, 408-ci otağın qapısı açıldı. Otaqdan əvvəlcə bir kişi çıxdı, onun arxasınca isə bir qadın.
Qadını görən kimi tanıdəm. O Davn Menq idi. Kişini isə heç tanımırdım. Amma bilirdim ki, əri deyil. Onun ərini bir dəfə görmüşdüm.
Onlar gedəndən sonra bir müddət yerimdən tərpənmədim. Mənə bir şey aydn olmuşdu. Mesajları mənə Vanq Fayv yollayırmış. O bizim şirkətə təzə gəldiyindən imkan tapıb onun telefon nömrəsini qeyd etməmişdim.
Fikirləşməkdən beynim yorulub. Görəsən o gün Vanq Fayvla restorana gələn qadın onun arvadı idi?
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər