• şənbə, 20 Aprel, 02:40
  • Baku Bakı 15°C

Keçmiş SSRİ-nin xüsusi təyinatlı azərbaycanlısı - Fotolar

01.03.18 12:00 3128
Keçmiş SSRİ-nin xüsusi təyinatlı azərbaycanlısı - Fotolar
Deyir ki, insanın içindəki qayə sevgi olmalıdır. Ailəyə, vətənə, cəmiyyətə, işə - hər şeyə sevgi ilə yanaşmaq lazımdır. Çünki vicdan və sevginin azlığı cəmiyyətdə boşluq yarada bilər. Bununla yanaşı, düşünür ki, insan daima oxumalı, öyrənməli, inkişaf etməlidir. Əgər insan mütaliə etməsə, intellekt səviyyəsi məhv olacaq. Müsahibim Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin fiziki hazırlıq bölməsinin əməkdaşı Rəsul Məmmədovdur. O, hazırda Ədliyyə Nazirliyinin xüsusi təyinatlı dəstəsində əlbəyaxa döyüş üzrə baş məsləhətçi və təlimçi-müəllim vəzifəsində də çalışır.

"75-ci dəstədəki yeganə azərbaycanlı”

Qeyd edim ki, Rəsul Məmmədov 1970-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncədə alan müsahibim Elektron Sənayesi Texnikumunu bitirib. Ali təhsilini isə Ukraynada Pedaqoji İnstitutda qiyabi formada alıb: "Səkkiz yaşımdan idmanla məşğul oluram. 1988-90-cı illərdə Macarıstanda Sovet ordusunun hərbi-desant qoşunlarının xüsusi təyinatlı qrupunda xidmət etmişəm. Sovet dövründə ordunun bu növü məxfi sayılırdı. Qarabağ müharibəsinin könüllü iştirakçılarından biri kimi Xanlar batalyonunda vuruşmuşam. Əsgərliyə getməzdən əvvəl cüdo və sambo idman növləri üzrə dərəcəm var idi. Bildiyiniz kimi, karate o dövrdə qadağan edilən idman növü sayılırdı. Ancaq mən 14 yaşımda müəllimlərimdən gizli olaraq pullu dərs alırdım. Dörd il də karate ilə məşğul oldum. Əsgərliyə getməzdən əvvəl hərbi-desant qoşunlarında xidmət etmək istəyirdim. İndi adətən, bu qoşunlara qəbul olunmaq üçün idmançı olman kifayət edir. Amma o dövrdə tələblər çox idi. Orduya qəbul zamanı sənin təkcə idman qabiliyyətlərinə baxmırdılar. Mənim boyum tələb olunan standartdan aşağı idi deyə, qəbul etmək istəmirdilər. Buna görə də hərbi komissarlığa dəfələrlə ərizə yazdım. Onlar mənim idmandakı nailiyyətlərimlə yanaşı, məktəbi yaxşı qiymətlərlə başa vurduğuma və yazdığım ərizələri də nəzərə aldılar. Mən 75-ci xüsusi təyinatlı dəstədə qulluq etmişəm. O dövrdə Qafqaz və Orta Asiya xalqlarının dəstədə qulluq etməsinə məhdudiyyət qoyulmuşdu. Bunun üçün sən mütləq hansısa sahə üzrə mütəxəssis olmalı idin. Rus dilinə xüsusi önəm verilirdi. Mən özüm rus dilli ailədə böyümüşəm. Anam ukraynalı olduğundan evdə rus dili çox işlənirdi. Buna görə də mənim dillə bağlı bir problemim yox idi. Orada olanda mənə dedilər ki, sən burada olan yeganə azərbaycanlısan. Dəstədə qulluq edən 110 nəfərdən 17-si ukraynalı, qalanları rus idi. Biz Macarıstana gedəndə təyyarədə 154 nəfər adam var idi. Təyyarədən enəndə hamını apardılar, məndən başqa. Bir sutka gözləməli oldum. Ardımca xüsusi adam göndərildi. Baxdılar ki, mənim boyum balacadır və etiraz etdilər. Əl çəkmədim və bildirdim ki, mənə icazə veriblər. Hərbi hissəyə aparıldım və hərbi desant qoşunlarının rota komandir ilə söhbət etdik. Komandir Əfqanıstanda xidmət etmişdi. Söhbət zamanı bildirdi ki, döyüşlərin birində hamı onu qoyub qaçıb, yalnız Azərbaycanın Ağdam rayonundan olan bir nəfərdən başqa. Komandirin də həyatını məhz o ağdamlı xilas edib. O gündən bəri azərbaycanlılara xüsusi hörmət bəslədiyini söylədi. Bildirdi ki, əgər sənin parametrlərin orduya yarayacaqsa, burada qalacaqsan, əks halda geri qayıdacaqsan Orada qulluq etmək bir çoxları üçün fiziki cəhətdən çətin gəlsə də, mənim üçün asan idi”.

"Pianino çalmağı bacaran hərbçi”

Həmsöhbətim deyir ki, orduda xidmət edərkən ciddi problemlərlə rastlaşmayıb: "Heç vaxt uyğunlaşmaq, yoldaşlarımla dil tapmaq problemi yaşamamışam. Çünki hər şey qarşılıqlı münasibətdən və insanın özündən asılıdır. Bəzən ideal olmayan və fərqli təbiətli insanları cəmiyyət sındırmağa çalışır. Mənə görə, kiminsə cəmiyyətə ziyanı yoxdursa, onun nə etdiyi şəxsi işidir. Əsas odur ki, insanın işə və insanlara ziyanı olmasın. Biz çox vaxt insani keyfiyyətlərlə peşəkarlığı bir-biri ilə qarışdırırıq. Bəzən balaca bir şeyi o qədər böyüdürük ki, həmin insanın peşəkar fəaliyyətindən yararlana bilmirik. Mənim 47 yaşım var və indiyə kimi xeyli ölkələrdə olmuşam. Dünyanın bir çox ölkələrində xeyli dostlarım yaşayır. Çalışmışam ki, hər yerdə özümü idmançı kimi yox, insan kimi təqdim edim. Hərdən deyirlər ki, ruslar şovinist olurlar. Onlarla dil tapmaq mümkün deyil. Mənə görə, qarşındakı nə qədər şovinist insan olsa belə, hər kəsin içində insanlıq var. Şərq fəlsəfəsində deyilir ki, hər bir kəs özlüyündə iki hissəyə bölünür. Yəni onun yaxşı və pis, qaranlıq və işıqlı, pak və çirkin tərəfləri var. Sən hansına üstünlük versən, o birinə qalib gələcəksən. Düzdür, ideal insan heç yerdə yoxdur. Hamının içində bir pislik yatır. Əgər biz ona aldansaq, o bizə qalib gələcək. Qəlbindəki pislik yaxşılığa qalib gəldiyi zaman, insan cəmiyyətin aşağı təbəqəsinə düşür. Mən ümumiyyətlə imkan vermirəm ki, kimsə mənə psixoloji təsir etsin. Orduda bizim həm fiziki, həm də psixoloji sağlamlığımıza diqqət yetirilirdi. Hər bazar günü filmlərə baxır, ekskursiyalara gedirdik. Həmçinin qidalanma rejimimizə xüsusi diqqət ayrılırdı. Bu, mənim gələcək həyatıma çox təsir etdi. Əsgərlik mənə orta və ali məktəbdən də çox təsir edib. Orada mənə çox şey öyrətdilər. Hərdən deyirəm ki, imkanım olsa 10 dəfə də təkrar gedib qulluq edə bilərəm. Orada vaxtilə tanıdığım bir çox adamlarla indi də dostluq edirəm. Orduda xidmət edərkən karantin dövründə cəmi bir dəfə münaqişəm olub. Bir dəfə yemək zamanı bir nəfər başqa bir əsgərin qabına toxunaraq supu dağıtdı. O da götürüb stolu çörəklə təmizlədi. Mən etiraz edib dedim ki, çörəklə stol silməzlər. Çörək əski deyil. O, mənə dedi ki, səsini kəs. Cavabını verəndə, məni vurdu və kisel üstümə töküldü. Dözməyib stolun arxasından qalxıb onu yerə çırpdım. Bizi araladılar və ikimizi də zala apardılar. Bütün bölük yığıldı və komandir dedi ki, özünüzü güclü hesab edirsinizsə, burada dalaşın. Sabah gedib başqa yerdə tutuşmaqdansa, hamının gözü qabağında dalaşın və söhbət bitsin. Əsəblərimiz sakitləşdiyinə görə, ikimiz də dava edə bilmədik. Biz həmin adamla indi də dostuq. Olub ki, kimsə "qara millət” deyib. Mən ona sübut etmişəm ki, azərbaycanlılar "qara millət” yox, intellektual millətdi. Çünki mən özüm küt idmançı deyildim. Rusların adət-ənənələrini özlərindən yaxşı bilirdim. Orduda kiməsə məktub yazmaq lazım olanda, deyirdim ki, ver mən yazım. Pianino üzrə 7 illik təhsilim var idi. Onlar görürdülər ki, azərbaycanlı olsam da, idmançı olmaqla yanaşı, digər qabiliyyətlərim və təhsilim də var. Hərdən məəttəl qalırdılar ki, idman hara, pianino hara. Ona görə mənim uyğunlaşmaq problemim olmayıb. Orada tanıdıqlarımın əksəriyyəti ilə sıx əlaqəmiz var. Bəziləri ilə internet vasitəsilə əlaqə saxlayarıq. Hər il 2 avqust Hərbi Desant Qüvvələri Günü kimi qeyd edilir. Harada keçirilməyindən asılı olmayaraq, hər il bu tədbirə qatılmağa və dostlarımı görməyə çalışıram”.

Tərxisinə bir ay qalmış hərbi desant diviziyasında işləmək istədiyini bildirən R.Məmmədovun təyinatını istədiyi yerə veriblər: "Rus ordusu Azərbaycandan çıxana qədər orada işlədim və xüsusi təyinatlılara fiziki hazırlıqdan dərs dedim. 1993-cü ilin avqust ayından Gəncə şəhərində DİN-nin polis idarəsinin idman cəmiyyətində məşqçi-müəllim vəzifəsinə təyin olundum. 2001-ci ilə kimi orda işləmişəm. 2001-ci ildə məni Bakıya göndərdilər. O vaxtdan bəri Bakıda dərs keçməyə başladım və hazırda federasiyanın vitse-prezidentiyəm. 2001-ci ilin dekabr ayından isə milli yığma komandanın baş məşqçisiyəm. Hal-hazırda 92 tələbəyə dərs keçirəm Ən kiçik tələbəmin 5, ən böyük tələbəmin isə 56 yaşı var. 92 tələbəni yaş kateqoriyası üzrə qruplara bölmüşəm. Onlarla həftədə üç dəfə, saat yarım məşğul oluruq. Amma təəssüflər olsun ki, getdikcə idmana maraq azalır. Bir çox idman növlərinə dövlət tərəfindən böyük dəstək göstərilsə də, əvvəlki maraq indi yoxdur. 10 il bundan əvvəl mənim 250-300-ə yaxın tələbəm var idi. Bəzən dərsləri çatdıra bilmirdim. İndi isə bu rəqəm 70-80-ə düşüb. Gənclərdə vətənpərvərlik hissi yüksəkdir. Amma onlara bir qədər istiqamət verilməli və maarifləndirmə işləri aparılmalıdır. Medianın bu sahədə rolunu xüsusi vurğulamaq istərdim. 90-cı illərdə doğulan uşaqlar böyük bir boşluğa düşdülər. Valideynlərin əksəriyyəti çörək pulu ardınca düºdüyünə görə, uşaqlar özləri özlərini tərbiyə etdilər. Bu boşluqlar sonradan ciddi problemlərə çevrildi. Onların insan kimi formalaşmasına önəm verilmir. Bir dəfə 17 yaşlı tələbəm mənə dedi ki, sizin dedikləriniz reallıqda öz əksini tapmır. Cəmiyyətdə vəziyyət tamam başqa cürdür. Hər nə qədər izah etməyə çalışsam da, mən özüm də başa düşdüm ki, müəyyən mənada o da haqlıdır. İnsan tərbiyəsini ailədə və cəmiyyətdə alır”.

"Ən pis sözüm "sən tənbəlsən”dir”

Deyir ki, uşağı döymək, yaxud cəza verməyin əleyhinədir: "Gəncə elə bir yerdir ki, onun həmişə özünəməxsus adət-ənənəsi olub. Uşaq vaxtı biz görəndə ki, o biri küçədən tanımadığımız bir yaşlı adam gəlir, həmişə ayaq üstə qalxırdıq. Yaxud dava edəndə sinfimizdən hansısa qız gəlib aralayırdısa, biz davanı dayandırırdıq. Yaşlıya, xanıma həmişə hörmət etmişik. Bu, bizdə qanun idi. Yaşlılardan kimsə bizə tapşırıq verəndə, onu özümüzə fəxr bilirdik. İndiki uşaqlara isə bunu deyə bilməzsən. Bəzən valideynlər mənə şikayət edirlər ki, uşaqlar sizdən qorxur. Amma mən heç vaxt uşaqları vurmamışam. Həmçinin, dərsdə xüsusi cəza da tətbiq etmirəm. Ən pis sözüm "sən tənbəlsən” olur. Çünki insanın başına ən pis işlər tənbəlliyi ucbatından gəlir. Ən ağır cəzam isə azyaşlı uşaqları küncə qoymağımdır. O küncdə dayansa da, üzünü divara tərəf yox, zala tərəf tutmasını tələb edirəm. Üzü cəmiyyətə baxır. Onda başa düşür ki, bu zaman hamı nə isə öyrənir, amma o kənarda qalır. Beləcə, şagird etdiyi səhvi daha yaxşı dərk edir. Mənə elə gəlir ki, oğlan uşaqlarını həmişə tərifləmək, cəsarətləndirmək lazımdır. Qızları tərifləyəndə isə onlar əksinə, tənbəlləşir. Qızlardan tələb etmək lazımdır. Uşağa sevgi göstərməsən, onun etdiklərini qiymətləndirməsən, onu öldürürsən. Uşaq vaxtı əsası qoyulan baza zamanla formalaşır. Bunun bizim sonrakı həyatımıza böyük təsiri olur. Sevgisiz böyüyən uşaq heç vaxt normal olmayacaq. Amma bu problemin də kökü cəmiyyətdən qaynaqlanır. İnsanı nə iləsə qorxutmağın heç bir mənası yoxdur. İnsanın təməlində sevgi və vicdan yoxdursa, onun insanlığı yoxdur. Bunun üçün dövlət proqramı hazırlanmalıdır. Bu işə məktəblərdən başlanılmalıdır”.

"Hər şeyin təməlində sevgi dayanır”

Həmsöhbətim deyir ki, insan yalnız oxuyub öyrənməklə inkişaf edə bilər: "Mən tələbələrimə yapon döyüş növü olan Ciu-Ciutsunu öyrədirəm və bu döyüş növünün 850-1000-ə yaxın yaşı var. Karate, cüdo, aykido kimi idman növləri onun tərkibindən ayrılaraq yaranıb. Ciu-ciutsu 17 döyüş növünün təməlini qoyan idman növüdür. Bu qədim samurayların döyüş sənəti olub. Hətta bəzi ölkələrdə bu döyüş növü qadağan edilib və yalnız xüsusi təyinatlılar və polislərə öyrədilir. Bu, bir növ hərbiləşdirilmiş idman növü sayılır. Bu döyüş sənətinin başında 20-yə yaxın postulat dayanır. Onun özünəməxsus döyüş fəlsəfəsi var. Fəlsəfənin əsas və mənim ən bəyəndiyim postulatında deyilir ki, böyük həmişə haqlıdır. Əgər şübhələnirsənsə, həmişə birinci bəndə qayıt. Bütün insanlara hörmət qoy. İnsana hörmət qoyub-qoymamaq sənin şəxsi işindir. Ona hörmətlə yanaşmaq sənin tərbiyəndir. Göründüyü kimi, 850 il keçsə də deyilən bu sözlər hələ də aktualdır. İndiki dövrdə uşaqlar elektron cihazlardan istifadə etdikdə, elə bilirlər ki, yaşlı nəsildən daha çox bilirlər. Amma ayını da meşədən gətirib ona velosiped sürməyi öyrətmək olar. Onlara sevgi aşılamaq lazımdır. Ailəyə, vətənə, cəmiyyətə, işə sevgi ilə yanaşmaq lazımdır. Çünki vicdan və sevginin azlığı cəmiyyətdə boşluq yaradır. Həmçinin, çoxlu oxumaq, öyrənmək , inkişaf etmək lazımdır. Mən indi də çoxlu kitab oxuyuram. Psixologiya ilə maraqlanıram. İnsan ədəbiyyat oxumasa, intellekt səviyyəsini yüksəltməsə, o, məhv olacaq. Bəzən öz hesabıma kurslara gedib yeni nələrsə öyrənirəm. Hərdən mənə deyirlər ki, bu yaşında sənə lazımdı bu qədər pul töküb, kursa gedirsən. Mən belə düşünmürəm. Mənə elə gəlir ki, insan öz üzərində işləmirsə, deməli, o, ölüb. Quru nəfəs almağının isə heç kimə xeyri yoxdur”.

Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər