• cümə, 26 Aprel, 01:09
  • Baku Bakı 16°C

Keçmiş müşaviri yenidən Əli Kərimliyə qarşı

10.09.16 10:27 1071
Keçmiş müşaviri yenidən Əli Kərimliyə qarşı
AXCP sədri Əli Kərimlinin sabiq müşaviri, Milli Şuranın üzvü Sahib Kərimli "Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. O, bir sıra məsələlərlə yanaşı, ölkə müxalifətinin bugünkü durumundan, hazırkı idarəçilikdən və keçiriləcək referendumdan da danışıb. Müsahibə boyu S.Kərimlinin AXCP sədri Əli Kərimlidən incikliyi hiss olunub. Xatırladaq ki, bu şəxs AXCP-nin son qurultayında sədrliyə namizədliyini irəli sürüb, alternativ namizəd olmuşdu. Amma onun bu cəsarəti Kərimli tərəfdarlarının xoşuna gəlməmişdi.
Budəfəki müsahibə boyu da S.Kərimli AXCP və Milli Şura haqda elə də ürəkaçan fikirlərlə yadda qalmayıb. Onun diqqətçəkən fikirlərindən biri budur ki, Azərbaycan region dövlətləri ilə heç bir problem yaşamır, əksinə, çox yaxın əlaqələr mövcuddur: "Bu mənada, biz reallıqları unutmamalıyıq. Bu gün İlham Əliyev qlobal və beynəlxalq güc mərkəzləri tərəfindən ciddi dəstəyə malikdir.Şəxsi bacarıqları, geosiyasi vəziyyət buna şərait yaradıb. Referendum reallaşmaq üzrədir. Artıq iki aydır bu proses gedir, amma müxalifət ortaya real nəticə qoya bilməyib”.
Əli Kərimlinin keçmiş rəqibi Milli Şuranın sentyabrın 11-ə təyin etdiyi mitinqi də mübarizənin imitasiyası adlandırıb: "Ölkədə konstitusiya dəyişikliyi gündəmə gəlib. Ölkə üçün önəmli bir hadisədir. Amma ölkənin bir nömrəli müxalif qurumu adına iddia edən Milli Şuranın sessiyası toplanmadı. Toplansa, mənə dəvət gələrdi. Koordinasiya Mərkəzi toplandı və reallıqdan çıxış edərək imitasiya xarakterli bir qərar qəbul edildi ki, sentyabrın 11-nə mitinq təyin olunsun. Aydın məsələdir ki, burada yenə də imitasiya var”.
S.Kərimli düşünür ki, mitinq adlı proses başladanlar onu yola verəcəklər: "Amma kimlərsə qəhrəman olacaq, "ən radikal, barışmaz mübarizənin simvolu” kimi xarakterizə olunacaq”.
Bir il öncə AXCP qurultayında Əli Kərimliyə alternativ olması və son anda geri çəkilməsi haqda da danışan S.Kərimli deyib ki, o vaxt Əli Kərimliyə 2018-ci ilə kimi zaman tanıyıb. Deyib ki, əgər həmin müddətə qədər hər hansı bir uğur əldə etməsə sədrlikdən getməlidir. Budəfəki müsahibəsində S.Kərimli bildirib ki, referendumdan sonra sədri ilə bağlı tələblərini daha da sərtləşdirə bilər: "Fəaliyyətimizlə bağlı referendumdan sonra yenilənmələr olacaq. Çünki yeni şərait yaranacaqsa, ona uyğun şəkildə qərarlar qəbul etmək zərurəti meydana çıxacaq. İndidən gələcək fəaliyyəti konkret müəyyən etmək mümkün deyil”.
S.Kərimli Əli Kərimli ilə münasibətlərinin heç indi də normal səviyyədə olmadığına işarə edib. Bildirib ki, partiyanın məlum qalmaqallı qurultayından sonra Əli Kərimli ilə əlaqələri yoxdur: "Bu dönəmdə Milli Şuranın sessiyası bir dəfə oldu. O zaman da ölkədə deyildim. Ondan başqa Xocalı faciəsi günü ənənəvi ziyarətimiz zamanı bir dəfə təmasımız oldu. Salamlaşdıq. Başqa şəxsi təmasımız, birlikdə nəyisə müzakirə etməyimiz olmayıb”.
Özünün də xatırlatdığı kimi, S,Kərimli 2018-ci ilə qədər AXCP sədri Əli Kərimliyə zaman tanıyıb. Xatırladaq ki, 2000-ci ildən bu yana ilk dəfə olaraq Əli Kərimliyə alternativ kimi partiya sədrliyinə namizədliyini irəli sürən bu şəxs namizədliyini müəyyən şərtlərlə geri götürdü. Səsvermənin də gizli keçirilmədiyini bildirən S.Kərimli Ə.Kərimliyə qoyduğu vaxt ərzində ondan keyfiyyətli rəhbərlik və real iş tələb edir. Həmin vaxt partiyadaşlarının da üstünə düşüb ondan geri çəkilməsini və sakit dayanmasını tələb etmələrini də xatırlasaq, deyə bilərik ki, o, vədinə əməl edir və susqunluğunu qoruyaraq vaxtın tamam olmasını gözləyir. Amma mübarizənin başlaması vaxtı daha da tezləşə bilər. Belə ki, müxbirin "siz qurultayda Əli Kərimliyə 2018-ci ilə qədər vaxt qoyanda prezident seçkilərini nəzərdə tutmuşdunuz. Amma referendumdan sonra prezident seçkiləri keçirilə bilər. Belə olan halda, AXCP rəhbərliyinə qarşı çıxmaq planınız tezləşə bilərmi” sualına cavabında deyib ki, bu, mümkün haldır: "Təbii ki, ölkədə prezident seçkiləri olacaqsa, yeni situasiya yaranacaqsa, qərarımıza yenidən baxmaq zərurətimiz yaranacaq”.
Bu da onu göstərir ki, artıq Ə.Kərimlinin ətrafında qalan azsaylı adamları da ona qarşı çıxır. Onun idarəçiliyi artıq heç partiyadaşları tərəfindən də tanınmır. Partiyasında təmsil olunan şəxs belə onun keçirməyi planlaşdırdığı mitinqi imitasiya hesab edir, məqsədinin görüntü yaratmaq istəyi olduğunu deyir, həm də ona qarşı planlaşdırdığı mübarizənin tezləşəcəyindən danışır. Deməli, daha Əli Kərimlinin AXCP-də "tək lider” olmaq arzuları və ya planları əvvəlki hökmündə deyil. Müxalifətin vahid lideri olmağa iddialı bu şəxs heç öz partiyasının lideri kimi qəbul edilmir.
H.Əsgər
banner

Oxşar Xəbərlər