• cümə axşamı, 28 mart, 23:24
  • Baku Bakı 13°C

“Keçmiş məhkum” ömürlük damğa olmamalıdır

16.01.18 10:30 2222
“Keçmiş məhkum” ömürlük damğa olmamalıdır
Bu yaxınlarda 175 saylı marşrut avtobusunun Xətai rayonu, Zığ şosesində hərəkət edərkən dərəyə aşması müzakirələrə səbəb oldu. Maraqlıdır ki, sosial mediada qəzadan daha çox, avtobusu idarə edən sürücünün keçmiş məhkumluğu ilə bağlı fikirlər səsləndirildi. "Sərnişinlərlə dolu avtobus nə üçün vaxtilə məhkum olan bir şəxsə etibar edilib?” - kimi fikirlər hadisənin təfərrüatını az qala küncə sıxışdırdı. Təbii ki, sürücülük hüququndan məhrum edilən bir insanın qanunsuz halda sükan arxasına keçib sərnişinlərlə dolu avtobusu idarə etməsi, digər tərəfdən, idarə etdiyi nəqliyyat vasitəsini aşırması cinayət hadisəsidir. Bu hadisəyə yol açan səbəblər də diqqətdən kənarda qalmamlıdır. Amma bu, başqa bir söhbətin mövzusudur.
Sürücünün keçmişdə məhkum olunmasının qabardılması və bu mövzuda müzakirələrə yer verilməsi məsələsi isə birmənalı qarşılanmadığından, bəzi sosial media istifadəçilərinin "nə vaxtsa məhkum olan bir insanın cəzasını çəkəndən sonra cəmiyyətə qayıtmaq, işləmək haqqı yoxdurmu?” - deyə narazı fikirləri də səsləndi. Cinayət edib cəzasını çəkən insanlar ömürlük öz səhvlərinin odunda yanmalıdırlarmı? Onlara ömürlük «məhkum» damğasını vurmaq hansı qanunda yer alır? Əgər qanun onların hüquqlarını azadlıqda olan insanlarla bərabər tutursa, nə üçün onlara münasibətdə "keçmiş məhkumluq” fikri qabardılmalıdır? Digər tərəfdən, tez-tez baş verən nəqliyyat hadisələrinin, lap elə avtobusla törənən hadisələrin hamısının səbəbkarı keçmiş "məhkumlar” deyil.
Həbs cəzasını çəkib cəmiyyətə qayıdan və normal həyatını davam etdirən minlərlə insanlar var. Eləcə də məhbəs divarları arasından çıxmaq, işləmək, vicdanla ailəsini dolandırmaq arzusu ilə yaşayanlar az deyil. Sadəcə, onlara münasibətdə stereotiplərin qırılmasına ehtiyac var.
Cinayətlərin xüsusiyyətləri nəzərə alınmalıdır
"175 nömrəli marşrut üzrə hərəkət edən avtobusla qəza törədən sürücünün məhkum olması yox, onun sürücülük hüququndan məhrum edilməsi narahatlıq doğuran məsələ idi” – deyə Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin mudiri Mais Ağayev bizimlə söhbətində hadisədən çıxış edərək bildirir: "Yəni məhkəmənin hökmü ilə bu şəxs avtonəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edildiyi halda, sərnişin avtobusu idarə edib və nəticədə bu cür ağır qəzaya səbəb olub”. Ümumən məhkumluğu olan şəxslərin sərnişindaşımada sürücü kimi işləməsinin qadağan edilməsi və ya bu şəxslərin işə qəbul edilməsinin yolverilməz olmasına gəlincə, M.Ağayev qeyd edir ki, bizim qanunvericilikdə bu cür qadağa ilə bağlı hər hansı bir maddə yoxdur: "Hər hansı bir cinayət əməli törədən şəxs məhkəmənin hökmü ilə müəyyən edilən cəzanı çəkib çıxdıqdan sonra təbii ki, cəmiyyətə inteqrasiya olmalı və cəmiyyətimizin sağlam üzvü olaraq həyatına davam etməlidir. Lakin bir məsələ var. Bu gün sürücülər işə qəbul olunarkən onlarla müəyyən söhbətlər aparılmalıdır. Bu proses hazırda daşıyıcılar tərəfindən həyata keçirilir. Bu işdə fərdi yanaşmalar olmalıdır. Sürücü kimi işə girmək istəyən şəxslə söhbət və ya müsahibələr təşkil edilməli, onun təkrar cinayətə meyillilik dərəcəsi öyrənilməlidir. Əgər şəxsdə aqressivlik, insanlarla ünsiyyətində problemlər varsa, bu halda həmin şəxslərin işə qəbulu məqsədəuyğun hesab edilmir. Bu cür şəxslər daşıyıcılar tərəfindən istehsalat bazasında başqa işlərə cəlb edilə bilər. Eyni zamanda, məhkumluğu olan şəxslər işə götürülərkən onların törətmiş olduğu cinayətlərin xüsusiyyətləri də mütləq şəkildə nəzərə alınmalıdır”.
Səhv yanaşma
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Mehman Sadıqov qəzetimizə açıqlamasında sosial mediada qeyd edilən fikirlərə etiraz etdi: «Əgər bir şəxs məhkəmənin qərarı ilə nəqliyyat vasitələrini idarə etməkdən məhrum edilibsə, bu və ya digər nəqliyyat növündə işləyə bilməz. Amma o, əvvəllər hər hansı bir maddəyə görə məhkum olunubsa, azadlığa çıxandan, cəmiyyətə inteqrasiya olunandan sonra nəyə görə avtonəqliyyat vasitələrini idarə etməsin? Bu baxımdan, onun keçmişdəki məhkumluğu müzakirə mövzusu olmamalıdır. Bu cür yanaşma da tamamilə səhvdir. Avtonəqliyyat vasitələrini qanunazidd idarə etmək, yol-nəqliyyat qaydalarını kobudcasına pozmaq onun əvvəlki məhkumluğu ilə bağlı deyil. Bu o demək deyil ki, sürücü məhkum olduğuna görə idarə etdiyi avtobusla qanunazidd hərəkət edib və qəzaya səbəb olub. Bu, hadisədir”.
M.Sadıqov dövlətimizin həbsdən azad olunmuş şəxslərin cəmiyyətə daha tez inteqrasiya olunması üçün çalışdığını bildirir: "Həbsdən azad olunanların işlə təmin edilməsi, onların total əlaqələrinin bərpa olunması müvafiq qanunlarla tənzimlənir. Əgər onların yaşayış yerləri yoxdursa, reabilitasiya mərkəzləri yaradılır. Bu baxımdan, bu səpkidə yanaşmaq çox səhvdir».
Məhkum olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası
"Cəzadan azad edilmiş şəxs cəmiyyətə inteqrasiya olunmalıdır. Bu, birmənalı şəkildə belədir”. Bunu hüquq müdafiəçisi Sahib Məmmədovdeyir: "Cəzasını başa vurmuş şəxslərin sosial reabilitasiyası haqqında ayrıca qanun var. Heç bir qanun şəxsin azad olunandan sonra sürücü və ya hər hansı bir başqa peşədə işləməsinə məhdudiyyət qoymur. O, cəzasını başa vurub azadlığa çıxandan sonra niyə işləməməlidir? Şəxsin psixoloji, tibbi vəziyyəti yoxlanılmalıdır. Əgər bununla bağlı heç bir problem yoxdursa, niyə sürücü kimi işləməsin? Yox, əgər dəfələrlə avtoqəza törətmiş, ehtiyatsızlıq üzündən insan ölümünə səbəb olan şəxs olarsa, bu məsələdə müəyyən qədər tərəddüd etməyə, ona sərnişin avtobusu etibar etməməyə müəyyən əsaslar ola bilər. Belə olan halda, həmin sürücüləri əsasən sürücülük hüququndan məhrum edirlər. Əgər şəxsin sürücülük hüququ varsa, onunla bağlı hər hansı bir əks-fikir söylənilə bilməz». S.Məmmədovun sözlərinə görə, cəmiyyətdə belə səhv fikirlərin olmasının kökündə sosial problem durur. Yəni əvvəllər məhkum olunmuş şəxslərə cəmiyyətin münasibəti adekvat deyil. Bu baxımdan da, o məhkumlar sonradan iş yeri tapmaqda çətinlik çəkirlər. Onların cəmiyyətə inteqrasiyası problemə çevrilir, bir qismi yenidən cinayət törədir və cəzaçəkmə müəssisələrinə bir daha qayıtmalı olurlar. Hüquq müdafiəçisi qeyd edir ki, məhkum olunmuş şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı problem əslində bu günlə bağlı deyil. Hətta, sivil ölkələrdə belə bu problem qalmaqdadır: "Tutaq ki, məhkum olunmuş bir şəxs cəzasını başa vurub qayıdandan sonra bir iş yerinə gedəndə peşəkarlığına üstünlük versələr də, kriminal keçmişinə görə ondan imtina edirlər. Bu yanaşma həmin şəxslər üçün cəmiyyətdə problem yaradır. Xüsusən dələduzluq, narkotik maddələrin satışı, işdə oğurluqla bağlı ittiham olunan şəxsləri işə götürəndə müəyyən baryerlər ortaya çıxır: «Yenidən oğurluq edəcək» - deyə düşünürlər. Bu da başadüşüləndir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, elə cəmiyyətlər var ki, orada həbsxanadan çıxan insanlar üçün dövlətin, QHT-lərin müxtəlif reabilitasiya proqramları mövcuddur. O proqramları keçəndən sonra bu tip insanların cəmiyyətə inteqrasiyası asan olur. Bundan əlavə, belə insanların cəmiyyətə inteqrasiyası ilə bağlı maarifləndirmə işləri geniş olmalıdır: "Əvvəllər bizdə də bu cür proqramlar həyata keçirilirdi. Son illər isə maliyyə çatışmazlığı ucundan belə proqramlar yoxdur. Dövlətin öz proqramları var, sadəcə, onların bəzisi yarımçıq yerinə yetirilir, bəzisi həyata keçirilmir və ya problemi tam əhatə etmir. Bir sıra dövlət proqramları var ki, məhkumların işlə təmin olunması, məşğulluğun təmini ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə öhdəliklər qoyur”. Hüquq müdafiəçisi bu məsələdə KİV-in üzərinə məsuliyyət düşdüyünü deyir: "KİV də öz növbəsində maarifləndirici təbliğat aparmalıdır. Sosial mediada yayılan informasiyalar isə cəmiyyətdə səhv fikirlərin formalaşmasına gətirib çıxarır”.
Təkrar cinayətə səbəb
"Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev hesab edir ki, bu və ya digər şəxsin hər hansı bir işə təyin olunması hər şeydən əvvəl onun ixtisası ilə bağlı olan məsələdir. Belə ki, o əgər sürücülük hüququndan məhrum edilibsə və məhrum edilmiş müddət başa çatmamış onu işə qəbul edirlərsə, o zaman rəhbərlik yanlışlığa yol verir: "Digər tərəfdən, bəziləri belə fikirləşir ki, bir şəxs məhkum edilibsə, azadlığa çıxandan sonra hər zaman ona məhkum kimi yanaşılmalıdır. Bu, yanlış tendensiyadır. Bu, təkrar cinayətə və məhkumluğa gətirib çıxara bilər. Bu stereotipdən qaçmaq lazımdır. Hər kəs etdiyi əməldən peşman ola, yenidən islah ola bilər. Bir insan əgər cinayət edibsə, bütün ömrü boyu onun cəzasını daşımamalıdır. Hər bir kəs səhv edə bilər”.
Hüquqşünas sərnişindaşımada hər hansı bir şəxsin işə qəbul olunmasını ciddi və məsuliyyətli iş sayır. Belə ki, bunun üçün müvafiq peşə vərdişləri, həmin kateqoriyadan olan sürücülük vəsiqəsi önəm daşıyır: "Qəzanı hər kəs törədə bilər, ancaq «hadisə keçmişdə məhkum edilən şəxs tərəfindən törədilib» fikrini söyləmək yanlışdır. Əgər o, vəzifə tələblərinə cavab verirsə və müvafiq sənədləri varsa, işə götürülməsində heç bir qəbahət yoxdur. Bu zaman onun nə vaxtsa məhkum olması da söhbət mövzusu ola bilməz. Ancaq ayrı-ayrı cinayətlər edən zaman şəxs sürücülük hüququndan məhrum edilərsə, ona sükanı etibar etmək olmaz”. Ə.Nuriyev bildirir ki, cəmiyyət əvvəllər məhkum olunan insanları ata bilməz. Çünki cəmiyyətin yanlış yanaşması həmin şəxslərin yenidən cinayət etməsinə, kriminogen durumun daha da kəskinləşməsinə gətirib çıxara bilər: "Əksinə, cəmiyyət həmişə belə adamların işləməsinə, inteqrasiya olunmasına imkan yaratmalıdır».
Məhkumluq vurğulanmamalıdır
İnsan Hüquqları XXI Əsr Fondunun sədriŞahin Camalov isə hesab edir ki, indi olduğu kimi, elə sovet dövründə də məhkumluq həyatı keçirmiş şəxslərin cəmiyyətə adaptasiya olunması, onların reabilitasiya edilməsi ən problemli məsələlərdən biri olub. Yəni şəxs məhkum olunub və buna görə cəmiyyət artıq ondan imtina edir: "Həmçinin qəbul etməməklə yanaşı, o insanları özündən uzaqlaşdırırlar. Bu da həmin insanların gələcəkdə təkrar cinayət törətməsinə, cəmiyyətdən küsməsinə, insanlara olan inam və etibarının azalmasına səbəb olur. Hansısa cinayət törətməkdən heç kim sığortalanmayıb. İnsan səhvən hansısa qəzanı törədə bilər. Əlbəttə, bu, dəfələrlə qəsdən adam öldürmə və s. kimi əməllərə şamil edilmir. Ancaq insanlar var ki, təsadüf nəticəsində hər hansı əməl törədir və bu, sonradan cinayət kimi qiymətləndirilir. Bu, hər birimizin başına gələ bilər. Cəmiyyət bu tip insanları düzgün qəbul etməlidir. Bu baxımdan, şəxsin məhkumluğu ilk növbədə vurğulanmamalıdır. Bu vəziyyətdə vurğulanacaq hal «bu insan avtobus sürməyə yararlıdırmı? Onun psixoloji və fiziki durumu buna imkan verirmi?» və s. suallar olmalıdır. Bu gün cəmiyyətimizdə məhkumluq həyatı yaşamayan minlərlə insan var ki, onların psixoloji durumu bir kəlmə kəsməyə belə imkan vermir, nəinki avtobus sürməyə. Ancaq məhkumluq həyatı yaşayan insanlar var ki, psixoloji durumu kifayət qədər yerindədir və bu, onu ittiham etmək üçün əsas ola bilməz. Avtobusun yararlı olmayan insanın əlinə verilməsi, nəqliyyat vasitəsinin yararsızlığı – qabardılmalı məsələlər budur. Şəxs əgər qanunla ona kəsilmiş cəzanı çəkdikdən sonra yenidən cəmiyyətə dönübsə, onu əvvəllər məhkumluq yaşayıb-yaşamamaqda ittiham etmək düzgün deyil. Onu cəmiyyətdən uzaqlaşdırmaq, təkrar məhkumluq həyatı yaşamağa sövq etmək yolverilməzdir».
Mütəxəssislərin dediyi kimi, məsələyə həssas yanaşmağa ehtiyac var. İllərdən bəri beyinlərdə kök salan stereotipləri dəyişmək çətin olsa da, vacibdir. Çünki söhbət insan taleyindən gedir.
P.S. "Arxadan vurulan zərbə” filmində belə bir kadr var: Vaxtilə həbsdə yatan İmaş işsizlikdən əziyyət çəkir. Mayor Gündüz ondan "niyə işləmirsən” soruşanda, "oğru İmaşa iş verən kimdir? Onunla işləyən kimdir?” - deyə acı-acı cavab verir. Mayor onun su maşınında işə düzəlməsinə kömək edir. İmaş isə normal həyata qayıdır.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər