• cümə, 29 Mart, 03:04
  • Baku Bakı 7°C

Keçmiş həmsədrdən “istefa verərdim” çağırışı

12.09.19 18:20 660
Keçmiş həmsədrdən “istefa verərdim” çağırışı
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təzadlı fikirləri ayrı-ayrı ölkələrin siyasi ekspertləri arasında da birmənalı qarşılanmır. Onların fikirlərinə görə, münaqişənin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu Paşinyanın fikirlərinə sərt mövqe sərgiləməli olsa da, susurlar və bəzən də mahiyyətdən kənar bəyanatlar verməklə işlərini bitirmiş sayırlar.
Bu günlərdə məsələyə münasibət bildirən keçmiş amerikalı həmsədr, Atlantik Şuranın siyasi şərhçisi Metyu Brayza deyib ki, Ermənistan hökumətinin mövqeyi məzmunlu danışıqlar aparmağa imkan vermir. Onun fikrincə, bu mövqe Azərbaycan üçün tamamilə qəbuledilməzdir.
M.Brayza Ermənistanın baş naziri Nikol Paşinyanın qəribə bəyanatlar verdiyini qeyd edib: "Onun bəyanatları bir-birinə ziddir. Gah deyir Dağlıq Qarabağ müstəqildir, gah da deyir Ermənistanın bir hissəsidir. Mən vasitəçi olsaydım, buna açıq şəkildə etiraz edib istefa verərdim. Bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, ədalətli deyil”.
Keçmiş həmsədr olan M.Brayzanın ATƏT-in Minsk qrupunun həmsədrlərinə etdiyi bu çağırışı necə qiymətləndirmək olar?
Məsələ ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, vaxtı ilə ABŞ tərəfindən həmsədr olmuş Metyu Brayzanın ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər reallığı əks etdirir: "Məsələ ondadır ki, Paşinyan münaqişənin tənzimlənməsi prosesi ilə bağlı elə absurd, populist və avantürist fikirlər səsləndirir ki, o, bu halda sələflərini belə üstələyir. Koçaryan və Sərkisyan belə sərsəm mövqe nümayiş etdirmirdi. Bu da onu göstərir ki, Paşinyanın vəziyyəti çox gərgindir və ölkədə ona qarşı etimadsızlıq mühiti formalaşıb. Vaxtı ilə onu küçədən hakimiyyətə gətirən kütlə, Paşinyanın hərəkətlərindən məyus olmağa başlayıb. Məyusluq, ardınca peşmançılıq, ondan sonra isə etiraz gəlir ki, bu da son nəticədə növbəti inqilabın başlanmasına gətirib çıxarır. Bu baxımdan Brayzanın səsləndirdiyi fikirlər Paşinyanın son dərəcədə məsuliyyətsiz və avantürist mövqedə olduğunun təsdiqidir. Eyni zamanda Minsk qrupunun nə qədər dişsiz və prinsipsiz bir mövqe ortaya qoyduğunun ifadəsidir. Yəni əgər Paşinyan Azərbaycanın işğal olunmuş ərazisində "Qarabağ Ermənistanındır” deyirsə, bu, ATƏT-in Minsk qrupunun 1992-ci ildən indiyə qədərki fəaliyyətinin üstündən xətt çəkmək anlamındadır. Onun fəaliyyətini ayaq altına alıb tapdalamaqdır. Paşinyan belə deyirsə, bəs, onda 27 illik fəaliyyət nəyə lazım idi? Prezidentlər səviyyəsində danışıqlar nə üçün idi? Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun vasitəçiliyi nəyə lazım idi? Belə çıxır ki, Minsk qrupu münaqişənin tənzimlənməsi ilə bağlı nəinki bir addım irəli gedib, əksinə, iki addım geriləyib. Təəssüflər olsun ki, bu, acı reallıqdır”.
E.Nəsirov qeyd etdi ki, ATƏT-in Minsk qrupu öz simasını qoruyub saxlamaq üçün prinsipiallıq, obyektivlik və qətiyyət ortaya qoymalıdır: "O cümlədən, ünvanlı bəyanatlar verməlidir. İnsanlarda haqlı olaraq "həmsədrlər növbəti dəfə turist kimi regiona gəlməyə hazırlaşırlar”, ya da "turistlər növbəti bəyanat verdilər” kimi fikir formalaşıb. Artıq insanlar Minsk qrupunun həmsədrlərinə vasitəçi kimi yox, "turistlər” kimi qiymət verirlər. Hesab edirəm ki, Brayzanın bu fikirləri də cəmiyyətdə formalaşmış mövqe ilə üst-üstə düşür. Bu, çox acınacaqlı haldır. Bunun ən qorxulu tərəfi də odur ki, Paşinyan belə məsuliyyətsiz bəyanatlar versə də, bunun qarşılığında heç bir cəza almadığını görür. Eləcə də, o, ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər hansı ünvanlı bəyanatını və ya kəskin tənqidi yanaşmasını görmür. Bunu görməyəndə, Prezident İlham Əliyevin təbirincə desək, onda arxayınçılıq sindromu yaranır. Paşinyanda belə bir illüziya yaranır ki, cinayəti etdim, cəzasız qaldı və bundan sonra da təkrarlamaq olar. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu bütün bu reallıqlardan nəticə çıxarmalıdır, əks halda, hadisələr ən arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Buna görə də, məsuliyyət Ermənistanın, o cümlədən Minsk qrupunun üzərinə düşmüş olar”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi Metyu Brayzanın dediyində həqiqət var: "Əlbəttə ki, Paşinyanın sərsəm fikirlərinə reaksiya verməmək ATƏT-in Minsk qrupu həmsədrlərinin imicinə çox böyük ləkədir. Təəssüf ki, ABŞ, Rusiya və Fransa hər zaman olduğu kimi, Ermənistanın aqressiv siyasətinə qarşı ümumi bəyanatlar səsləndirərək, guya öz işlərini bitmiş hesab edirlər. Bununla da Azərbaycandan özlərinə qarşı neqativ imic qazanmaqdadırlar. ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsas məqsədi regionda nəyin bahasına olur-olsun, müharibəyə imkan verməməkdir. Yəni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaqdır. Bu isə birbaşa olaraq o deməkdir ki, həmsədrlər münaqişəni dondurulmuş vəziyyətdə saxlamasına çalışırlar. Münaqişənin həll edilməməsi isə müharibəyə gətirib çıxara bilər. Ona görə də, diqqətli olmaq lazımdır”.
Z.Məmmədov vurğuladı ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və həmsədr ölkələr bunu çox yaxşı bilirlər: "Sadəcə olaraq, indiki halda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi hegemon ölkələrin də maraq dairəsində deyil”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər