• cümə axşamı, 25 aprel, 04:57
  • Baku Bakı 19°C

Köçəryanın həbsi reallaşır

21.07.18 09:30 663
Köçəryanın həbsi reallaşır
Gözlənildiyi kimi, Nikol Paşinyan özündən əvvəl hakimiyyətdə təmsil olunanlara qarşı total mübarizəni davam etdirir. Baş nazir seçiləndə qisasçılıq siyasəti yürütməyəcəyi barədə verdiyi vədə xilaf çıxan Paşinyan, ilk hədəf kimi sabiq prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı seçib. Məsələ ondadır ki, baş nazir on il bundan əvvəl yaşanan qanlı mart hadisələrinin araşdırılması ilə bağlı təhqiqatın aparılması barədə tapşırıq verib. Erməni xəbər saytları yazır ki, bir neçə dəfə istintaqın çağırışlarını rədd edən Ermənistanın ikinci prezidentiRobert Köçəryan üçün bu dəfə son müddət iyulun 26-ı təyin edilib. Həmin gün o, mütləq Xüsusi İstintaq Xidmətində ifadə verməli olacaq. Bu haqda xidmətin rəhbəriSasun Xaçatryan məlumat verib. Köçəryan 2008-ci ilin 1 mart hadisələri üzrə şahid kimi ifadə verməyə çağırılıb. İş üzrə Yerevan qarnizonunun o vaxtkı rəhbəriYuri Xaçaturovda şahid kimi dindiriləcək. Təqsirləndirilən isə keçmiş müdafiə naziriMikael Arutunyandır. Köçəryanın idarəsi daha öncə eks-prezidentin iyulun 25-də Ermənistana qayıdacağını, hüquq-mühafizə orqanlarının suallarını cavablandırmaqda problem görmədiyini açıqlamışdı. "Köçəryana çağırış göndərilib və onun iyulun 26-da istintaqa gələcəyi gözlənir”,– Xaçatryan deyib.
"Dindirilmənin videoçəkilişi aparılacaqmı” sualına cavabında o deyib ki, bu məsələ hələlik müzakirə olunmayıb. "Dindirilməyə kimin çağırılması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Şahid kimi vacib informasiyası ola biləcək istənilən şəxs dindirilə bilər”,– Sasun Xaçatryan deyib. "Petrosyan və Paşinyan istintaqa çağırılıbmı? "Azatutyun”un bu sualına qurum rəhbəri indi cavab vermək istəmədiyini açıqlayıb. Qeyd edək ki, 2008-ci il martın 1-dəSerj Sarkisyanın qalib gəldiyi prezident seçkisindən sonra kütləvi etirazlar olmuş, hüquq mühafizə orqanları ilə etirazçılar toqquşmuşdu. Martın 1-də səhər, polislər Yerevandakı Azadlıq meydanında gecələyən müxalifətçilərə hücum etmişdi. Müxalifətçilər seçkinin rəsmi nəticələrinə etiraz edirdilər. Həmin gün baş vermiş toqquşmalarda 10 nəfər həlak olub, yüzlərlə adam yaralanıb. Qanlı hadisələrdən 10 il keçir, ancaq ölüm səbəbləri də hələ də aydın deyil. Bu ilin aprel-mayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Sasun Xaçatryan istintaq xidmətinin rəhbəri təyin olunub. O deyib ki, "1 mart” işinin açılmasından ötrü xidmətin siyasi iradəsi var. Xidmət iyulun 3-də bildirib ki, keçmiş müdafiə naziri Mikael Arutyunyan "1 mart” işi üzrə təqsirləndirilən qismində cəlb olunub, ona ittiham irəli sürülüb, axtarış elan edilib. Məhkəmə Arutyunyan barəsində iki aylıq qiyabi həbs qərarı çıxarıb. 2008-ci ilin 1-2 mart hadisələri zamanı müxalifətin nümayəndəsi olmuş Nikol Paşinyan indi baş nazirdir və Köçəryan bu iş üzrə ilk dəfədir ki, dindirilməyə dəvət olunur. Hadisələrdən on il keçsə də, 1 mart olayının təfərrüatları müəmmalı olaraq qalır. Sasun Xaçatryan bu günlərdə deyib ki, onun təşkilatı 1 mart hadisələrini çözmək üçün siyasi iradəyə malikdir.
Məsələ ondadır ki, 1 mart hadisələri kriminal oliqarxiyanın bütün seqmentlərini özündə birləşdirən bir faktordur. Ermənistanda "məxməri inqilab” bu sahədə vəziyyəti dəyişməyə çalışsa da, bu, elə də asan olmayacaq. Məsələ həm də ondadır ki, Köçəryan və Sarkisyan Rusiyaya bağlı fiqurlardır. Onların cinayət məsuliyyətinə cəlb edilməsi isə ilk növbədə Moskvaya xoş gəlməyəcək. Digər tərəfdən, bu işin araşdırılması çox ciddi siyasi əhəmiyyət kəsb edir. Bu hal kriminal-oliqarxik sistemin ləğvi üçün əhəmiyyətlidir. 1 mart hadisələrinin üstünün açılması indiki hakimiyyətə prosesə bu və dolayısı yolla cəlb edilən şəxslərdən qurtulmağa kömək edə bilər. Köçəryanın dindirilməsi isə hadisələrin üstünün açılmasında əhəmiyyətli açar rolunu oynaya bilər. Bu, törədilən cinayətin daxili və xarici təbəqələrinə də işıq salmış olacaq. Eyni zamanda, kriminal oliqarx piramidasının fərdi məsuliyyətinin ölçüsünü müəyyən edə bilər. "Məxməri inqilab” Köçəryanı manevr və həyasızlıq etmək imkanlarından məhrum edib. Köçəryanın dindirilməsi bu mənada, simvolik akt olacaq və kriminal oliqarxiyanın hesab verməsi üçün siqnal rolunu oynayacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər