• cümə, 29 Mart, 18:39
  • Baku Bakı 14°C

Köçəryandan polis binasını ələ keçirənlərə dəstək

16.09.16 13:38 855
Köçəryandan polis binasını ələ keçirənlərə dəstək
Ermənistanda baş verən son hadisələr onu deməyə əsas verir ki, hakimiyyət çox ciddi problemlərlə üzləşməkdədir. Bu prosesin qarşısını almaq isə getdikcə çətinləşir. Hakimiyyət hər vəchlə bundan çıxış yollarını tapmağa çalışsa da, istədiyinə nail ola bilmir. Xüsusən də narazıların vaxtilə hakimiyyətdə təmsil olunan şəxslər arasından çıxması vəziyyəti gərginləşdirir. Bu sırada eks-prezident Robert Köçəryan xüsusilə fəallaşıb.
Ermənistanın keçmiş prezidenti erməni KİV-inə geniş bir müsahibə verib. Əvvəlcə eks-prezident bu yay Ermənistanda baş vermiş hadisələrə münasibət bildirib. Onun fikrincə, əhalinin radikal qruplaşmanı dəstəkləməsi insanların hakimiyyətə münasibətini, artıq xroniki hal almış siyasi, iqtisadi və sosial problemlərin ictimai fikrə təsirini göstərir:"Bu, ölkənin siyasi sisteminə göstərilmiş "sarı vərəqə” idi. Polis alayı binasının tutulması faktının özü yox, cəmiyyətin bu hərəkətə reaksiyası, kütləvi dəstəyi, küçə və sosial şəbəkələrdə bu aktı gerçəkləşdirənlərin qəhrəmanlaşdırılması narahatlıq doğurur”. R.Köçəryan qeyd edib ki, bu halı görməzdən gəlmək olmaz və bununla bağlı nəsə edilməlidir:"Əks halda ölkə barıt çəlləyinin üstündəymiş kimi yaşayacaq. Radikal islahatlara ehtiyac var. İnsanlar ölkədə dəyişiklik imkanını dövlət idarələrini tutmaqda yox, siyasi rəqabət və legitim seçkidə görməlidirlər”.
Eks-prezident daha sonra Rusiyanın tənqidinə keçib. O, silah satışlarının hərbi tarazlığı pozmasını"narahatlıq doğuran qanqaraldıcı amil” sayıb. Ermənistanın keçmiş prezidenti beynəlxalq təşkilatların Qarabağla bağlı Ermənistana sərfəli sayılmayan qətnamə və hesabatlarını, Azərbaycanın təşəbbüsü ilə Ermənistan qıraqda qoyan yeni regional əməkdaşlıq formatını və "Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasını da belə amillər sırasında sadalayıb. Onun sözlərinə görə, indi olub-bitənlərin geosiyasi nəticələri uzunmüddətli perspektivdə açıq hiss ediləcək və iqtisadi, beynəlxalq və regional məsələlərdə, eləcə də münaqişəyə dair danışıqlarda Ermənistanın çəkisinə mənfi təsir göstərəcək: "Hökumət baş verənlərin səbəblərini araşdırmalı, ortaya çıxan sınaqlara duruş gətirmək üçün praktik formul tapmalıdır. Vəziyyətin nizamlanmasına yetərincə vaxtımız olmadığı da gözardı edilməməlidir”. R.Köçəryanın fikrincə, Ermənistanın bugünkü statistikası real iqtisadi durumu əks etdirmir və hökumət artıq ölkənin iqtisadi siyasətini formalaşdırmır.
Keçmiş prezident indi sosial şəbəkələri insanların əhvalının və ölkədəki ictimai-siyasi vəziyyətin ən yaxşı göstəricisi sayır. Onun sözlərinə görə, cəmiyyətdə illərlə toplanmış neqativ əhval bu gün son dərəcə kəskinləşib:"Bu isə investisiya fəaliyyəti, istehlakçıların əhvalı, miqrasiya, yəni bütövlükdə iqtisadiyyata təsir etməyə bilməz”.
Ekspertlərin qənaətincə, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın qeyd olunan bəyanatı onun böyük siyasətə qayıtması anlamına gəlir. Məsələn, Ermənistanın müxalifyönümlü "Aykakan jamanak” qəzeti yazır ki, R.Köçəryan bundan əvvəl hakimiyyətə yaxın media orqanlarının jurnalistləri ilə görüşündə noyabr ayında siyasətə dönəcəyini bəyan edib.
Maraqlısı odur ki, Rusiyanın tənqid erməni mətbuatında özünə geniş yer alıb. Məsələn, "168 JAM” qəzeti yazır ki, Ermənistanda qarşıdan gələn parlament seçkilərinin gündəliyi formalaşdırılır və əsas məsələ də geosiyasi seçim olacaq. "Parlament seçkilərində qalib Vladimir Putin olacaq” başlıqlı məqalədə qeyd edilir ki, "Ermənistan bir qərara gəlməlidir – Avrasiya İqtisadi İttifaqında qalmaq və bununla da regional proseslərdən kənarlaşmaq istəyirmi?” Müəllifin qənaətincə, Aİİ və KTMT Ermənistan üçün alternativsiz deyil, Rusiya isə ölkənin təhlükəsizliyinin təminatçısı rolunda çıxış etmir. Müəllif hesab edir ki, Moskva hər vəchlə Ermənistanın geosiyasi seçimini müəyyən etməsinə qarşı olacaq: "Ölkəyə isə onu Rusiya "çəkməsi”ndən qurtara biləcək yeni siyasi qüvvə gərəkdir”. "Aravot”un şərhçisi isə "Avrasiya komediyası” faciəyə çevrilməmiş ona son qoymağa çağırır: "Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında körpü rolunu oynayacağı barədə xülya dağılıb, Rusiya isə mövcud körpüləri dağıdır. Rusiya faktiki olaraq Ermənistanın müttəfiqi deyil, Ermənistan isə onun girovudur. Hakimiyyətə Avropa inteqrasiyası adı altında gələn qüvvələr isə öz siyasətlərinə heç bir məsuliyyət daşımırlar”.
Ən maraqlısı isə odur ki, R.Köçəryanla yanaşı, indiki baş nazir Karen Karapetyan da ölkədəki ağır durumdan şikayətçidir. O, ötən gün etdiyi çıxışında ölkə iqtisadiyyatında sürətli dəyişikliyi gözləməməyə çağırıb.Karapetyan ölkə parlamentində hökumət başçısı kimi ilk dəfə qarşısına çıxıb. Müxalif Ermənistan Xalq Konqresi fraksiyasından olan millət vəkili Lyudmila Sarkisyanın ölkədə iqtisadi vəziyyətlə bağlı sualına K.Karapetyan xeyli susandan sonra, ah çəkərək belə cavab verib: "Xatırladım ki, bu vəzifəyə təyin edildiyim cəmi yarım gündür. Və mən bütün səmimiyyətimlə etiraf edirəm ki, iqtisadiyyatımız çox ağır vəziyyətdədir”.
Azər
banner

Oxşar Xəbərlər