Kazuo İşiquronun Nobel nitqi
1979-cu ilin payızında mənə rast
gəlsəydiniz, sosial və irqi baxımdan hansısa sinfə aid etməkdə çətinlik
çəkərdiniz. Onda 24 yaşım vardı. Xarici görünüşcə yaponlara oxşayırdım. Amma
həmin günlərdə Britaniyada rast gəldiyiniz əksər yapon kişilərindən fərqli
olaraq, çiyinlərimə tökülən uzun saçlarım, "bandit” tərzli saqqalım vardı.
Nitqimdə İngiltərənin cənubunda Hippi erasından qalma qədim şivə ilə danışılan
yerlərdə böyümüş bir adamın ləhcəsi sezilərdi. Əgər nəsə söhbət eləyəsi
olsaydıq, Hollandiya futbolçularının hamısından, Bob Dilanın son musiqi
albomundan, ya da sadəcə Londonda evsizlərlə işlədiyim illərdən söz salardım.
Əgər Yaponiyadan, onun mədəniyyətindən nəsə soruşsaydınız, beş yaşımda tərk
etdiyim o torpaqlara hətta bayramlarda belə ayaq basmadığımı, bir çox
məsələlərdə məlumatsızlığımı dilə gətirərkən davranışlarımda səbirsizlik,
dözümsüzlük hiss edə bilərdiniz.
Elə həmin payız çiynimdə çantam,
gitaram və həmişə özümlə gəzdirdiyim yazı makinamla İngiltərənin qədim su
dəyirmanı və dörd bir yanında hamar təsərrüfat sahələri olan balaca kəndi,
Norfolkun, Bakston ərazisinə gəldim. Təhsili başa vurduqdan sonra Şərqi Anqlia
Universitetində bir illik Yaradıcı
Yazarlıq dərsləri almaq təklifini qəbul etdiyim üçün bura gəlmişdim.
Universitet buradan on mil (16 km – red.) uzaqlıqda, Norveç şəhər kilsəsi
yaxınlığındə yerləşirdi. Maşınım olmadığından yeganə çıxış yolum səhər, günorta
və axşam bir dəfə burdan keçən avtobusa özümü çatdırmaq idi. Amma sonra gördüm
ki, bunda elə böyük çətinlik yox imiş. Universitetə həftədə iki dəfədən çox
gəlməyim tələb olunmurdu. Odur ki, həyat yoldaşı tərəfindən tərk edilmiş,
təxminən otuz yaşlı bir kişinin balaca evində bir otaq kirayələdim. Çox güman,
ona elə gəlirdi ki, ev onun pozulmuş yuxularından yaranan ruhlarla doludur.
Bəlkə də, sadəcə məndən canını qurtarmaq istəyirdi. Hər halda, axır günə kimi
ona fikir verməməyə çalışdım. Başqa sözlə, Londonda sürdüyüm çılğın həyat
tərzindən sonra, burada məni daxilən transformasiya edib yazıçıya çevirən
qeyri-adi dərəcədə dərin sakitlik və tənhalıqla qarşılaşdım.
Əslində, mənim balaca otağım
klassik yazarların təsvir etdiyi mansartlara heç oxşamırdı. Tavanlar əcaib
formada əyilmişdi – barmaqlarımın ucunda dursam, pəncərəmdən uzanan şumlanmış
tarlalara mənzərə açılırdı. Otaqda balaca bir masam, üstünə qoyduğum yazı
makinam və lampam demək olar ki, onu tamamilə doldururdu. Yerdə yataq yerinə
hətta Norfolkun sərt ayazlı gecələrində belə tər-su içində qalmağıma səbəb olan
böyük dördkünc süngər var idi.
Məhz bu otaqda bütün yay ərzində
yazdığım iki qısa hekayəmi yeni sinif yoldaşlarıma təqdim etmək, yaxşı
olub-olmadığını dəqiqləşdirmək üçün diqqətlə oxumuşdum. Biz – sinifdəki altı
nəfər hər iki həftədən bir toplaşırdıq. Həyatımın bu dövrlərində yazdığım bir
xırda nəsr parçası (hekayə) ilə BBC-nin
yayımlamaqdan imtina etdiyi radio pyesdə iştirak hüququ qazanmışdım. 20
yaşımın əvvəllərində bir rok-star olmaq üçün qəti qərar vermiş olsam da,
getdikcə ədəbi ehtiraslarım bütün istəklərimə güc gəlməyə başladı. O vaxt
həvəslə, dönə-dönə oxuyub, yoxladığım hekayələr isə universitetdə yaradıcı
yazarlıq dərslərinə qəbulla bağlı aldığım cavabın həyəcanı ilə yazılmışdı. Biri
tükürpədən intihar sövdələşməsi haqqında, digəri isə bir zamanlar sosial işçi
kimi çalışdığım Şotlandiyada baş vermiş küçə davaları barədə idi. Elə də yaxşı
alınmamışdılar. Odur ki, başqa bir hekayəyə başladım. O dövrün İngiltərəsində
həmyaşıdlarından örnək alaraq, pişiyini zəhərləmiş bir yeniyetmə haqqında yazdım.
Sonra həmin o balaca otaqda keçirdiyim üçüncü, ya da dördüncü həftədə bir gecə
yeni və qarşısıalınmaz gərginliklə Yaponiya, doğulduğum şəhər – Naqasaki
barədə, İkinci Dünya müharibəsinin son günləri haqqında yazmağa başladım.
Xüsusilə qeyd edim ki, bu mənə də sürpriz
kimi gəldi. Günümüzdə qarışıq mədəni irsi təmsil edən həvəskar gənc yazarlar
üçün ədəbi nümunələrə hədsiz dərəcədə həssaslıqla köklənmək, az qala instinktiv
bir hərəkət kimi qəbul edilir. Amma o zamanlar bu əlçatan ideya deyildi. Biz hələ
də Britaniyada "çoxmədəniyyətli” ədəbiyyat partlayışından bir neçə il uzaq
idik. Salman Rüşdi nəşri tamamilə satılıb qurtarmış bir romanı olmasına
baxmayaraq, ədəbi imzası ilə tanınmırdı.
O günlərdə qabaqcıl Britaniya yazarları ilə maraqlansaydınız, insanlar
ya Marqaret Drabblın adını deyərdi, ya da daha yaşlıları İris Murdok, Kinqsli
Amis, Uilyam Qoldinq, Entoni Börges, Con Faulesi misal göstərərdilər. Xarici
yazarlardan isə Qabriel Qarsia Markes, Milan Kundera, Borxes belə az oxunurdu.
Bəzən daimi oxucular üçün belə onların adı bir məna kəsb etmirdi.
Daxili
dünyamda əhəmiyyətli yeni bir istiqamət tapmış olmağın əminliyi ilə ilk Yapon
hekayəmi tamamlayanda ədəbi mühit belə idi. Hekayəni bitirən kimi içimi birdən
bu mövzu ilə bağlı nigaranlıq bürüdü. Birdən oradan ayrılmağımız rahatlıq
axtarışı kimi qəbul edilər, bəlkə belə həyati mövzuya qayıtmaq üçün çox tezdir
deyə düşündüm. Bu nigaranlıq sadəcə hekayəni yaxın ətrafıma göstərənə kimi
davam etdi. Həmin gün üçün tələbə dostlarıma, müəllimlərimə, Malkolm Bredböri,
Angela Karter və universitetimizin həmin il mühazirəçi-yazarı olmuş Paul
Beyliyə təkidli və cəsarətləndirici cavabları üçün dərin təşəkkürümü
bildirirəm. Əgər təqdiredici fikirlərində qeyri-əminlik hiss etsəydim, yəqin
ki, bir də heç vaxt Yaponiya haqqında yazmazdım. Buna görə də, otağıma
qayıtdım, yazdım, yazdım, yazdım...
1979-80-ci
ilin qışı və yaza doğru beş tələbə yoldaşım, səhər yeməyi üçün yulaf və
qarğıdalı kəpəyi, quzu ciyəri aldığım kəndin ərzaq mağazasının satıcısı,
həftəsonlarının hər bir saniyəsini mənə ayıran sevgilim, indi xanımım olan
Lornadan başqa heç kimlə danışmadım. Düzdür, bu normal həyat tərzi deyil, amma
həmin o dörd-beş ay ərzində hadisələrin atom bombasından sonrakı yenidənqurma
illərindəki Naqasakidə baş verdiyi birinci romanım "Təpələrin solğun
mənzərəsi”nin ("A pale view of hills”) ilk yarısını tamamlamağı bacardım. Bu
müddət ərzində xatırlayıram ki, sürətlə tükənən yaratmaq ehtirasımı artırmaq
üçün bəzən Yaponiyada baş verməyən qısa hekayə ideyalarını da yazıya gətirirdim.
O aylar mənim üçün çox kritik
mərhələ idi və bəlkə də o mərhələdən keçməsəydim, heç vaxt yazar olmayacaqdım.
Sonralar həmin dövrləri xatırlayıb, tez-tez özümə sual verirəm: mənə nə
olmuşdu, görəsən? Bütün bunlara məni sövq edən o qəribə enerji nədən qaynaqlanırdı?
Gəldiyim yeganə nəticə bu idi: həyatımı tamamilə mühafizə etmək və təcili
şəkildə harasa bağlanmağa məcbur olduğumu anlamaq. Bunu aydınlaşdırmaq üçün,
bir qədər də keçmişə qayıtmalı olacağam.
1960-cı ilin aprelində, beş
yaşımda ailəm və bacımla birgə Londonun 30 mil cənubunda yerləşən, varlı
birjaçılar qrupunun vətəni olan Gildforda gəldim. Atam okean axtarışları üzrə
mütəxəssisləşmiş araşdırmaçı alim kimi Britaniya hökuməti üçün işləmək
təklifini qəbul etmişdi. Onun xoşbəxt bir təsadüf nəticəsində kəşf etdiyi
makina bu gün London Elm Muzeyinin daimi kolleksiyasının ayrılmaz parçasıdır.
Bizim gəlişimizdən çox qısa zaman
sonra çəkilən şəkillərdə gördükləriniz İngiltərədə yox olmuş bir dövrü əks
etdirir. Kişilər ipli, "V” hərfinə bənzər kəsimli yun koftalar geyinirdi,
maşınlara minmək rahat olsun deyə kiçik pillələr qoyulurdu, arxasında da
ehtiyat təkəri olurdu. Bitlz, seksual inqilab, tələbə üsyanları, hər küncdən
baş qaldıran burum-burum qalxan "multikulturalizm” havası... Hətta ailəlikcə
ilk vaxtlarda, həqiqətən də, İngiltərəyə gəldiyimizə inanmaqda çətinlik
çəkirdik. Fransa və İtaliyadan gələn xaricilərlə tanış olmaq kifayət qədər
cəlbedici idi, Yaponiyadan gələnləri isə veclərinə də almırdılar.
Biz asfalt yolların bitib, dağ
cığırlarının başladığı yerdə on iki evdən ibarət dalana dirənmiş küçədəki
evlərdən birində yaşayırdıq. Yerli fermaya kimi beş dəqiqəlik piyada yol idi,
həmin dar yolla hər gün inəklər enir, axşamlar çətinliklə qalxırdılar. Südü hər
səhər ya at, ya da arabalarla gətirib paylayırdılar. İngiltərəyə gəldiyim ilk
günlərdən yadımda qalan ən canlı xatirə kirpilərdir. Şirin, tikanlı, gecələr
işə başlayan bu varlıqlar bölgəni "ələ keçirmişdilər”. Gecələr maşınların
təkərlərinə yapışır, səhərlər çöldə yol kənarında sıra ilə büzüşür, zibilyığanlar
tərəfindən toplanmağı "gözləyirdilər”.
Bütün qonşularımız ənənəvi qaydada
kilsəyə gedirdilər. Bəzən onların uşaqları ilə oynamağa gedəndə fikir verirdim
ki, yeməkdən əvvəl qısa bir dua oxuyurlar.
Bazar günü məktəbinə qoşulmamışdan
əvvəl mən də uzun müddət idi ki, kilsə xorunda oxumağa başlamışdım. 10 yaşımda
Gildfordun ilk yapon xor aparıcısı idim. Oxuduğum yerli orta məktəbdə ingilis
olmayan yeganə uşaq idim, bəlkə də o məktəbin tarixində ilk yapon şagird mən
idim. 11 yaşımdan qonşu şəhərdəki məktəbə getməli oldum və qatarla səyahət
etməyə başladım. Hər səhər Londondakı ofislərinə gedən xırda cızıqlı, rəsmi
kostyumlar geyinən, melon şapka taxan kişilər çantamı aparmaqda mənə kömək
edirdilər.
Bu mərhələdə dövrün orta sinif
ingilis ailələrində böyümüş oğlan uşaqlarından gözlənilən nəzərəçarpan mədəni
davranışları dərindən mənimsəməyə başladım. Dostlarımın evinə qonaq gedəndə
otağa daxil olan böyüyə hörmət əlaməti kimi ayağa durmalı, yemək masasından
qalxmaq üçün böyüklərdən icazə istəməli olduğumu öyrənşdim. Qonşuluqdakı
ərazilər də daxil olmaqla, bölgədə yeganə xarici uşaq idim və təbii ki, yaxın
çevrəmdə məni daima qəribə, nəcib maraq izləyirdi. Tanımadığım uşaqlar belə kim
olduğumu tanışlıqdan əvvəl bilirdilər. Kim olduğuma tamamilə nabələd olan böyüklər isə məni çağıranda hansısa
küçənin və ya mağazanın adı ilə müraciət edirdilər.
İndi geriyə – həmin illərə baxanda
yadıma düşür ki, onda Yaponiyanın Britaniyanın qatı düşməni olduğu müharibə
dövründən iyirmi ildən də az bir vaxt keçmişdi. Buna baxmayaraq, bu sadə
ingilis cəmiyyətinin ailəmizə göstərdiyi səxavətli, mehriban münasibət, bizi
səmimiyyətlə qəbul etmələri məni heyran qoymuşdu. Məndə hər şeyə sevgi, hörmət
və xoş maraqla yanaşmaq hissi İkinci Dünya müharibəsindən çıxmış
britaniyalıların bu nəslinin davranışları yarandı. Müharibənin dağıntılarını
aradan qaldırmaq, rifahlı hökumət qurmaq uğrunda cəhdlər məhz həmin illərdə
şəxsi təcrübələrimin qaynağı oldu.
Amma bütün bu zaman ərzində
paralel olaraq, evimizdə yapon valideynlərimlə başqa bir həyat yaşayırdım. Evin
içində tamamilə başqa qaydalar, umacaqlar, fərqli bir dil vardı. Çünki
valideynlərim, əslində bir, uzağı iki il sonra Yaponiyaya qayıtmağı
planlaşdırırdılar. İngiltərədə yaşadığımız ilk on bir ilin hər birində "gələn
il qayıdırıq” fikrinə köklənib, yaşadıq. Nəticə isə bu idi ki, ailəmin
cəmiyyətə münasibəti immiqrant yox, turist münasibəti formasında qaldı. Tez-tez
yerli camaatın onlarda maraq oyadan qəribə ənənələrini qətiyyən mənimsəməyə
meyillilik həvəsi olmadan müzakirə edirdilər. Hətta təhsilimi düşüncəmdəki
yapon ənənələrini möhkəmləndirsin deyə, yeniyetməlik illərimdə Yaponiyaya
qayıtmaqla bağlı qərar əvvəlki illərə nisbətən daha qəti şəkildə
səsləndirilirdi. Hər ay Yaponiyadan qısa müddətdə həvəslə oxuyub, bitirəcəyim
cizgi romanlarından, jurnallardan, təlim materiallarından ibarət bağlama
gələrdi. Yeniyetməlik illərimin bir dövründə bu bağlamaların arası kəsildi –
yəqin ki, babam rəhmətə getdiyi üçün. Amma valideynlərimin dostları, qohumları
haqqında xatirələri, Yaponiyada yaşadıqları hadisələr yaddaşımda canlı və sabit
təsvirlər, təsirlər oyadırdı. Sonra isə bu xatirələri yaddaşımda səhmana
salmağa başladım: nənə-babamın, orada qoyub gəldiyim sevimli oyuncaqlarımı,
yaşadığımız ənənəvi yapon evini (hətta bu gün də o evi beynimdə otaq-otaq
rekonstruksiya edirəm), uşaq bağçasını, tramvay dayanacağını, körpünün yanında
məskən salmış quduz iti, bərbərin dükanın qarşısında sırf balaca oğlan uşaqları
üçün qoyulmuş stulu, qarşısında maşın təkəri ilə bərkidilmiş güzgünü unutmamağa
çalışdım.
Nəzmdə qurmaca dünyalar yaratmaq
haqqında düşünməyə başlamamışdan çox-çox əvvəl, mən özüm bu dünyaların içində
böyüyürdüm. Beynimdə zəngin detallarla bəzədilmiş "Yaponiya” adlı bir diyar
inşa edirdim. Bura mənim hansısa hələ dərk etmədiyim bir yolla bağlı olduğum,
kimliyimi, özgüvənimi buradan aldığım yer idi. Bütün bu illər ərzində bir dəfə
də olsun fiziki şəkildə Yaponiyada olmadım. Amma eyni zamanda bütün bu illər
ərzində bu ölkənin yaddaşımda daha canlı və xüsusi bir görünüşdə qalmasına
çalışdım.
Başqa sözlə, bu mənim Yaponiyanı
yaddaşımda qorumağa duyduğum ehtiyacdan yarandı. Zaman axıb keçdi, iyirmi
yaşlarımın ortalarına çatdım. Bunu heç vaxt açıq şəkildə ifadə etməmiş olsam
da, artıq bəzi şeylərin əhəmiyyətini dərk etməyə başladım. Daha "mənim”
Yaponiyamın təyyarə ilə gedə biləcəyim bir yer olmadığını qəbul edirdim. Valideynlərimin
nəql etdikləri həyat tərzi, uşaqlıq illərimdən xatırladıqlarım 1960-70-ci
illərdə artıq tamamilə yox olub, sıradan çıxmışdı. Mənim təxəyyülümdəki
Yaponiya uşaqlıq xatirələrindən, xəyal gücündən, iki dünyanın qarışığından
yaranmış emosional bir konstruksiya idi. Və bütün bunların fonunda ən vacib
məsələ bu idi ki, hər il yaş üstünə yaş gəldikcə, böyüdükcə, mənim olan
Yaponiya, onunla böyüdüyüm dəyərli məkan yaddaşımda ildən-ilə solğunlaşırdı.
Artıq tamamilə əminəm ki,
Norfolkda, o balaca otaqda məni yazmağa sövq edən də məhz içimdəki bu başqaları
tərəfindən kəşf olunmağa qapalı, özünəməxsus və eyni zamanda incik Yaponiyamın
oyatdığı duyğu idi. Mən sadəcə o dünyanın rənglərini, ənənələrini,
vərdişlərini, ağırçəkililiyini, çatışmazlıqlarını – bu dünyanı "inşa edərkən”
ona aid etdiyim hər şeyi, onlar yaddaşımdan silinmək taleyi ilə üzləşməmiş
kağıza köçürürdüm. Öz Yaponiyamı bir romanda yenidən inşa etmək, onu əbədiyyən
qorumaq mənim arzum idi. İstəyirdim ki, nə zamansa bir kitabı göstərib,
əminliklə deyə bilim: "Bəli, bu mənim Yaponiyamdır, o, bunun içindədir”.
***
Üç il yarım sonra, 1983-cü ilin
yazı. Lorna ilə Londondayıq artıq. Şəhərin ən yüksək təpəsində tikilmiş yığcam,
hündür binanın ən üst mərtəbəsində iki otaq kirayələdik. Evin düz yanında televiziya
dirəyi vardı. Nə vaxt səs yazılarına qulaq asmaq istəsək, qorxunc radio xətləri
araya girib, valdakı səslərə mane olurdu. Qonaq otağında nə divan, nə kreslo
vardı, əvəzində üstü yastıqlarla örtülmüş iki matras qoyulmuşdu. Bir də böyük
bir masa. Gündüzlər bu masada mən işləyirdim, axşamlar isə şam edirdik. Heç də
dəbdəbəli mənzil deyildi, amma ikimizə də burada yaşamaq xoş idi. Bir müddət
əvvəl ilk romanım çapdan çıxmışdı. Və tezliklə Britaniya televiziyasında
yayımlanacaq qısametrajlı filmin ssenarisi üzərində işləyirdim.
İlk romanımın nəşrindən sonra bir
müddət özümlə fəxr edirdim və buna əsasım da var idi. Ancaq elə həmin yaz içimə
qayğılı bir narahatlıq doldu. Nəsə problem var idi. İlk romanım və ilk
televiziya ssenarim bir-birinə çox oxşayırdı. Mövzu baxımından fərqli olsa da,
metod və üslub eyni idi. Bir az da çək-çevir edəndən sonra başa düşdüm ki,
romanım ssenariyə daha çox oxşayırdı, dialoqlar, istiqamətləndirmələr
bənzərdir. Bu müəyyən mənada başadüşülən idi, amma mənim o dövr üçün arzum yalnız
kitab səhifələrində işləyən metodlarla bir roman yazmaq idi. Əgər insanlar
televizoru açanda da eyni şeyi görəcəklərsə, onda niyə roman yazıram ki? Əgər
hekayə oxucuya digər forma və janrların aşılamadığı özünəməxsus bir şey vəd
etmirsə, onun kino və televiziya ilə "mübarizədən sağ çıxması”na necə ümid
bağlamaq olar?
Elə həmin vaxtlarda bədənim virusa
yoluxdu və bir neçə günü yataqda keçirtdim. Xəstəliyin yuxululuqla müşayiət
olunan lap ağır dövründən qurtulub, özümü artıq daha ayıq hiss etməyə başlayanda
yorğan-döşəyimin altında nəsə sərt bir şeyin məni narahat etdiyini duydum. Bu,
Marsel Prustun "İtirilmiş zamanın axtarışında” romanının ilk nəşrinin bir
nüsxəsi idi. Madam ki, əlimin altındadır, oxumağa başladım. Bəlkə də, hələ də
qızdırmalı olmağımın da bunda rolu var idi, odur ki, "Svana doğru”daki iki
hissəyə çox bağlandım. Onları dönə-dönə oxudum. Bu hissələrin hər səhifəsindəki
gözəllik bir yana, Prustun bir epizoddan digərinə keçərkən sərgilədiyi ustalıq,
yaradıcı metodlar məni valeh elədi. Hadisələrin və səhnələrin sıralanması heç
bir ənənəvi xronologiyaya uyğun gəlmirdi, bizə tanış süjetlərlə ayaq
uydurmurdu. Əvəzində toxunaqlı fikir assosiasiyaları, yaddaşın dəlilikləri
yazını bir epizoddan digərinə doğru aparırmış kimi görünürdü. Bəzən oxuduqlarımı
saf-çürük edirdim: necə olub ki, açıq-aşkar bir-birilə heç bir əlaqəsi olmayan
anlar təhkiyəçinin şüurunda paralel şəkildə canlanıb? Qəfildən mənə ikinci
romanımı yazmaq üçün həyəcanverici və daha azad yol göründü. Heç bir ekran
əsərində alınmayacaq dərəcədə daxili bir axına yol verməklə bir səhifədə
istənilən qədər zənginliyə yer vermək mümkündür. Əgər mən bir hissədən digərinə
təhkiyəçinin fikir assosiasiyaları və həyatın axarına uyğunlaşmış xatirələr
hesabına keçid edə bilsəydim, abstrakt rəssamın kanvasın ətrafına rəngləri və
formaları yerləşdirmək üçün seçim etdiyi üsullarla nəsə yaza bilərdim. Mən isə
iki gün əvvəl ağlıma gəlmiş bir səhnəni, iyirmi il əvvəldən beynimdə ilişib
qalmış bir səhnənin yanında təsvir edə və oxucudan bu ikisi arasındakı əlaqə
haqqında düşünməsini istəyə bilirdim. Bu üsullara baxa-baxa düşünməyə başladım.
İstənilən insana onun daxilinə və keçmişinə dair baxışını ört-basdır edən
özünüinkar və rəddetmənin müxtəlif yollarını təklif edə bilərdim.
(ardı
var)
İngilis
dilindən tərcümə edən: Elcan Salmanqızı