• çərşənbə axşamı, 19 mart, 07:11
  • Baku Bakı 8°C

Kazuo İşiquronun Nobel nitqi

25.12.17 14:10 1560
Kazuo İşiquronun Nobel nitqi
1979-cu ilin payızında mənə rast gəlsəydiniz, sosial və irqi baxımdan hansısa sinfə aid etməkdə çətinlik çəkərdiniz. Onda 24 yaşım vardı. Xarici görünüşcə yaponlara oxşayırdım. Amma həmin günlərdə Britaniyada rast gəldiyiniz əksər yapon kişilərindən fərqli olaraq, çiyinlərimə tökülən uzun saçlarım, "bandit” tərzli saqqalım vardı. Nitqimdə İngiltərənin cənubunda Hippi erasından qalma qədim şivə ilə danışılan yerlərdə böyümüş bir adamın ləhcəsi sezilərdi. Əgər nəsə söhbət eləyəsi olsaydıq, Hollandiya futbolçularının hamısından, Bob Dilanın son musiqi albomundan, ya da sadəcə Londonda evsizlərlə işlədiyim illərdən söz salardım. Əgər Yaponiyadan, onun mədəniyyətindən nəsə soruşsaydınız, beş yaşımda tərk etdiyim o torpaqlara hətta bayramlarda belə ayaq basmadığımı, bir çox məsələlərdə məlumatsızlığımı dilə gətirərkən davranışlarımda səbirsizlik, dözümsüzlük hiss edə bilərdiniz.
Elə həmin payız çiynimdə çantam, gitaram və həmişə özümlə gəzdirdiyim yazı makinamla İngiltərənin qədim su dəyirmanı və dörd bir yanında hamar təsərrüfat sahələri olan balaca kəndi, Norfolkun, Bakston ərazisinə gəldim. Təhsili başa vurduqdan sonra Şərqi Anqlia Universitetində bir illik Yaradıcı Yazarlıq dərsləri almaq təklifini qəbul etdiyim üçün bura gəlmişdim. Universitet buradan on mil (16 km – red.) uzaqlıqda, Norveç şəhər kilsəsi yaxınlığındə yerləşirdi. Maşınım olmadığından yeganə çıxış yolum səhər, günorta və axşam bir dəfə burdan keçən avtobusa özümü çatdırmaq idi. Amma sonra gördüm ki, bunda elə böyük çətinlik yox imiş. Universitetə həftədə iki dəfədən çox gəlməyim tələb olunmurdu. Odur ki, həyat yoldaşı tərəfindən tərk edilmiş, təxminən otuz yaşlı bir kişinin balaca evində bir otaq kirayələdim. Çox güman, ona elə gəlirdi ki, ev onun pozulmuş yuxularından yaranan ruhlarla doludur. Bəlkə də, sadəcə məndən canını qurtarmaq istəyirdi. Hər halda, axır günə kimi ona fikir verməməyə çalışdım. Başqa sözlə, Londonda sürdüyüm çılğın həyat tərzindən sonra, burada məni daxilən transformasiya edib yazıçıya çevirən qeyri-adi dərəcədə dərin sakitlik və tənhalıqla qarşılaşdım.
Əslində, mənim balaca otağım klassik yazarların təsvir etdiyi mansartlara heç oxşamırdı. Tavanlar əcaib formada əyilmişdi – barmaqlarımın ucunda dursam, pəncərəmdən uzanan şumlanmış tarlalara mənzərə açılırdı. Otaqda balaca bir masam, üstünə qoyduğum yazı makinam və lampam demək olar ki, onu tamamilə doldururdu. Yerdə yataq yerinə hətta Norfolkun sərt ayazlı gecələrində belə tər-su içində qalmağıma səbəb olan böyük dördkünc süngər var idi.
Məhz bu otaqda bütün yay ərzində yazdığım iki qısa hekayəmi yeni sinif yoldaşlarıma təqdim etmək, yaxşı olub-olmadığını dəqiqləşdirmək üçün diqqətlə oxumuşdum. Biz – sinifdəki altı nəfər hər iki həftədən bir toplaşırdıq. Həyatımın bu dövrlərində yazdığım bir xırda nəsr parçası (hekayə) ilə BBC-nin yayımlamaqdan imtina etdiyi radio pyesdə iştirak hüququ qazanmışdım. 20 yaşımın əvvəllərində bir rok-star olmaq üçün qəti qərar vermiş olsam da, getdikcə ədəbi ehtiraslarım bütün istəklərimə güc gəlməyə başladı. O vaxt həvəslə, dönə-dönə oxuyub, yoxladığım hekayələr isə universitetdə yaradıcı yazarlıq dərslərinə qəbulla bağlı aldığım cavabın həyəcanı ilə yazılmışdı. Biri tükürpədən intihar sövdələşməsi haqqında, digəri isə bir zamanlar sosial işçi kimi çalışdığım Şotlandiyada baş vermiş küçə davaları barədə idi. Elə də yaxşı alınmamışdılar. Odur ki, başqa bir hekayəyə başladım. O dövrün İngiltərəsində həmyaşıdlarından örnək alaraq, pişiyini zəhərləmiş bir yeniyetmə haqqında yazdım. Sonra həmin o balaca otaqda keçirdiyim üçüncü, ya da dördüncü həftədə bir gecə yeni və qarşısıalınmaz gərginliklə Yaponiya, doğulduğum şəhər – Naqasaki barədə, İkinci Dünya müharibəsinin son günləri haqqında yazmağa başladım.
Xüsusilə qeyd edim ki, bu mənə də sürpriz kimi gəldi. Günümüzdə qarışıq mədəni irsi təmsil edən həvəskar gənc yazarlar üçün ədəbi nümunələrə hədsiz dərəcədə həssaslıqla köklənmək, az qala instinktiv bir hərəkət kimi qəbul edilir. Amma o zamanlar bu əlçatan ideya deyildi. Biz hələ də Britaniyada "çoxmədəniyyətli” ədəbiyyat partlayışından bir neçə il uzaq idik. Salman Rüşdi nəşri tamamilə satılıb qurtarmış bir romanı olmasına baxmayaraq, ədəbi imzası ilə tanınmırdı. O günlərdə qabaqcıl Britaniya yazarları ilə maraqlansaydınız, insanlar ya Marqaret Drabblın adını deyərdi, ya da daha yaşlıları İris Murdok, Kinqsli Amis, Uilyam Qoldinq, Entoni Börges, Con Faulesi misal göstərərdilər. Xarici yazarlardan isə Qabriel Qarsia Markes, Milan Kundera, Borxes belə az oxunurdu. Bəzən daimi oxucular üçün belə onların adı bir məna kəsb etmirdi.
Daxili dünyamda əhəmiyyətli yeni bir istiqamət tapmış olmağın əminliyi ilə ilk Yapon hekayəmi tamamlayanda ədəbi mühit belə idi. Hekayəni bitirən kimi içimi birdən bu mövzu ilə bağlı nigaranlıq bürüdü. Birdən oradan ayrılmağımız rahatlıq axtarışı kimi qəbul edilər, bəlkə belə həyati mövzuya qayıtmaq üçün çox tezdir deyə düşündüm. Bu nigaranlıq sadəcə hekayəni yaxın ətrafıma göstərənə kimi davam etdi. Həmin gün üçün tələbə dostlarıma, müəllimlərimə, Malkolm Bredböri, Angela Karter və universitetimizin həmin il mühazirəçi-yazarı olmuş Paul Beyliyə təkidli və cəsarətləndirici cavabları üçün dərin təşəkkürümü bildirirəm. Əgər təqdiredici fikirlərində qeyri-əminlik hiss etsəydim, yəqin ki, bir də heç vaxt Yaponiya haqqında yazmazdım. Buna görə də, otağıma qayıtdım, yazdım, yazdım, yazdım...
1979-80-ci ilin qışı və yaza doğru beş tələbə yoldaşım, səhər yeməyi üçün yulaf və qarğıdalı kəpəyi, quzu ciyəri aldığım kəndin ərzaq mağazasının satıcısı, həftəsonlarının hər bir saniyəsini mənə ayıran sevgilim, indi xanımım olan Lornadan başqa heç kimlə danışmadım. Düzdür, bu normal həyat tərzi deyil, amma həmin o dörd-beş ay ərzində hadisələrin atom bombasından sonrakı yenidənqurma illərindəki Naqasakidə baş verdiyi birinci romanım "Təpələrin solğun mənzərəsi”nin ("A pale view of hills”) ilk yarısını tamamlamağı bacardım. Bu müddət ərzində xatırlayıram ki, sürətlə tükənən yaratmaq ehtirasımı artırmaq üçün bəzən Yaponiyada baş verməyən qısa hekayə ideyalarını da yazıya gətirirdim.
O aylar mənim üçün çox kritik mərhələ idi və bəlkə də o mərhələdən keçməsəydim, heç vaxt yazar olmayacaqdım. Sonralar həmin dövrləri xatırlayıb, tez-tez özümə sual verirəm: mənə nə olmuşdu, görəsən? Bütün bunlara məni sövq edən o qəribə enerji nədən qaynaqlanırdı? Gəldiyim yeganə nəticə bu idi: həyatımı tamamilə mühafizə etmək və təcili şəkildə harasa bağlanmağa məcbur olduğumu anlamaq. Bunu aydınlaşdırmaq üçün, bir qədər də keçmişə qayıtmalı olacağam.
1960-cı ilin aprelində, beş yaşımda ailəm və bacımla birgə Londonun 30 mil cənubunda yerləşən, varlı birjaçılar qrupunun vətəni olan Gildforda gəldim. Atam okean axtarışları üzrə mütəxəssisləşmiş araşdırmaçı alim kimi Britaniya hökuməti üçün işləmək təklifini qəbul etmişdi. Onun xoşbəxt bir təsadüf nəticəsində kəşf etdiyi makina bu gün London Elm Muzeyinin daimi kolleksiyasının ayrılmaz parçasıdır.
Bizim gəlişimizdən çox qısa zaman sonra çəkilən şəkillərdə gördükləriniz İngiltərədə yox olmuş bir dövrü əks etdirir. Kişilər ipli, "V” hərfinə bənzər kəsimli yun koftalar geyinirdi, maşınlara minmək rahat olsun deyə kiçik pillələr qoyulurdu, arxasında da ehtiyat təkəri olurdu. Bitlz, seksual inqilab, tələbə üsyanları, hər küncdən baş qaldıran burum-burum qalxan "multikulturalizm” havası... Hətta ailəlikcə ilk vaxtlarda, həqiqətən də, İngiltərəyə gəldiyimizə inanmaqda çətinlik çəkirdik. Fransa və İtaliyadan gələn xaricilərlə tanış olmaq kifayət qədər cəlbedici idi, Yaponiyadan gələnləri isə veclərinə də almırdılar.
Biz asfalt yolların bitib, dağ cığırlarının başladığı yerdə on iki evdən ibarət dalana dirənmiş küçədəki evlərdən birində yaşayırdıq. Yerli fermaya kimi beş dəqiqəlik piyada yol idi, həmin dar yolla hər gün inəklər enir, axşamlar çətinliklə qalxırdılar. Südü hər səhər ya at, ya da arabalarla gətirib paylayırdılar. İngiltərəyə gəldiyim ilk günlərdən yadımda qalan ən canlı xatirə kirpilərdir. Şirin, tikanlı, gecələr işə başlayan bu varlıqlar bölgəni "ələ keçirmişdilər”. Gecələr maşınların təkərlərinə yapışır, səhərlər çöldə yol kənarında sıra ilə büzüşür, zibilyığanlar tərəfindən toplanmağı "gözləyirdilər”.
Bütün qonşularımız ənənəvi qaydada kilsəyə gedirdilər. Bəzən onların uşaqları ilə oynamağa gedəndə fikir verirdim ki, yeməkdən əvvəl qısa bir dua oxuyurlar.
Bazar günü məktəbinə qoşulmamışdan əvvəl mən də uzun müddət idi ki, kilsə xorunda oxumağa başlamışdım. 10 yaşımda Gildfordun ilk yapon xor aparıcısı idim. Oxuduğum yerli orta məktəbdə ingilis olmayan yeganə uşaq idim, bəlkə də o məktəbin tarixində ilk yapon şagird mən idim. 11 yaşımdan qonşu şəhərdəki məktəbə getməli oldum və qatarla səyahət etməyə başladım. Hər səhər Londondakı ofislərinə gedən xırda cızıqlı, rəsmi kostyumlar geyinən, melon şapka taxan kişilər çantamı aparmaqda mənə kömək edirdilər.
Bu mərhələdə dövrün orta sinif ingilis ailələrində böyümüş oğlan uşaqlarından gözlənilən nəzərəçarpan mədəni davranışları dərindən mənimsəməyə başladım. Dostlarımın evinə qonaq gedəndə otağa daxil olan böyüyə hörmət əlaməti kimi ayağa durmalı, yemək masasından qalxmaq üçün böyüklərdən icazə istəməli olduğumu öyrənşdim. Qonşuluqdakı ərazilər də daxil olmaqla, bölgədə yeganə xarici uşaq idim və təbii ki, yaxın çevrəmdə məni daima qəribə, nəcib maraq izləyirdi. Tanımadığım uşaqlar belə kim olduğumu tanışlıqdan əvvəl bilirdilər. Kim olduğuma tamamilə nabələd olan böyüklər isə məni çağıranda hansısa küçənin və ya mağazanın adı ilə müraciət edirdilər.
İndi geriyə – həmin illərə baxanda yadıma düşür ki, onda Yaponiyanın Britaniyanın qatı düşməni olduğu müharibə dövründən iyirmi ildən də az bir vaxt keçmişdi. Buna baxmayaraq, bu sadə ingilis cəmiyyətinin ailəmizə göstərdiyi səxavətli, mehriban münasibət, bizi səmimiyyətlə qəbul etmələri məni heyran qoymuşdu. Məndə hər şeyə sevgi, hörmət və xoş maraqla yanaşmaq hissi İkinci Dünya müharibəsindən çıxmış britaniyalıların bu nəslinin davranışları yarandı. Müharibənin dağıntılarını aradan qaldırmaq, rifahlı hökumət qurmaq uğrunda cəhdlər məhz həmin illərdə şəxsi təcrübələrimin qaynağı oldu.
Amma bütün bu zaman ərzində paralel olaraq, evimizdə yapon valideynlərimlə başqa bir həyat yaşayırdım. Evin içində tamamilə başqa qaydalar, umacaqlar, fərqli bir dil vardı. Çünki valideynlərim, əslində bir, uzağı iki il sonra Yaponiyaya qayıtmağı planlaşdırırdılar. İngiltərədə yaşadığımız ilk on bir ilin hər birində "gələn il qayıdırıq” fikrinə köklənib, yaşadıq. Nəticə isə bu idi ki, ailəmin cəmiyyətə münasibəti immiqrant yox, turist münasibəti formasında qaldı. Tez-tez yerli camaatın onlarda maraq oyadan qəribə ənənələrini qətiyyən mənimsəməyə meyillilik həvəsi olmadan müzakirə edirdilər. Hətta təhsilimi düşüncəmdəki yapon ənənələrini möhkəmləndirsin deyə, yeniyetməlik illərimdə Yaponiyaya qayıtmaqla bağlı qərar əvvəlki illərə nisbətən daha qəti şəkildə səsləndirilirdi. Hər ay Yaponiyadan qısa müddətdə həvəslə oxuyub, bitirəcəyim cizgi romanlarından, jurnallardan, təlim materiallarından ibarət bağlama gələrdi. Yeniyetməlik illərimin bir dövründə bu bağlamaların arası kəsildi – yəqin ki, babam rəhmətə getdiyi üçün. Amma valideynlərimin dostları, qohumları haqqında xatirələri, Yaponiyada yaşadıqları hadisələr yaddaşımda canlı və sabit təsvirlər, təsirlər oyadırdı. Sonra isə bu xatirələri yaddaşımda səhmana salmağa başladım: nənə-babamın, orada qoyub gəldiyim sevimli oyuncaqlarımı, yaşadığımız ənənəvi yapon evini (hətta bu gün də o evi beynimdə otaq-otaq rekonstruksiya edirəm), uşaq bağçasını, tramvay dayanacağını, körpünün yanında məskən salmış quduz iti, bərbərin dükanın qarşısında sırf balaca oğlan uşaqları üçün qoyulmuş stulu, qarşısında maşın təkəri ilə bərkidilmiş güzgünü unutmamağa çalışdım.
Nəzmdə qurmaca dünyalar yaratmaq haqqında düşünməyə başlamamışdan çox-çox əvvəl, mən özüm bu dünyaların içində böyüyürdüm. Beynimdə zəngin detallarla bəzədilmiş "Yaponiya” adlı bir diyar inşa edirdim. Bura mənim hansısa hələ dərk etmədiyim bir yolla bağlı olduğum, kimliyimi, özgüvənimi buradan aldığım yer idi. Bütün bu illər ərzində bir dəfə də olsun fiziki şəkildə Yaponiyada olmadım. Amma eyni zamanda bütün bu illər ərzində bu ölkənin yaddaşımda daha canlı və xüsusi bir görünüşdə qalmasına çalışdım.
Başqa sözlə, bu mənim Yaponiyanı yaddaşımda qorumağa duyduğum ehtiyacdan yarandı. Zaman axıb keçdi, iyirmi yaşlarımın ortalarına çatdım. Bunu heç vaxt açıq şəkildə ifadə etməmiş olsam da, artıq bəzi şeylərin əhəmiyyətini dərk etməyə başladım. Daha "mənim” Yaponiyamın təyyarə ilə gedə biləcəyim bir yer olmadığını qəbul edirdim. Valideynlərimin nəql etdikləri həyat tərzi, uşaqlıq illərimdən xatırladıqlarım 1960-70-ci illərdə artıq tamamilə yox olub, sıradan çıxmışdı. Mənim təxəyyülümdəki Yaponiya uşaqlıq xatirələrindən, xəyal gücündən, iki dünyanın qarışığından yaranmış emosional bir konstruksiya idi. Və bütün bunların fonunda ən vacib məsələ bu idi ki, hər il yaş üstünə yaş gəldikcə, böyüdükcə, mənim olan Yaponiya, onunla böyüdüyüm dəyərli məkan yaddaşımda ildən-ilə solğunlaşırdı.
Artıq tamamilə əminəm ki, Norfolkda, o balaca otaqda məni yazmağa sövq edən də məhz içimdəki bu başqaları tərəfindən kəşf olunmağa qapalı, özünəməxsus və eyni zamanda incik Yaponiyamın oyatdığı duyğu idi. Mən sadəcə o dünyanın rənglərini, ənənələrini, vərdişlərini, ağırçəkililiyini, çatışmazlıqlarını – bu dünyanı "inşa edərkən” ona aid etdiyim hər şeyi, onlar yaddaşımdan silinmək taleyi ilə üzləşməmiş kağıza köçürürdüm. Öz Yaponiyamı bir romanda yenidən inşa etmək, onu əbədiyyən qorumaq mənim arzum idi. İstəyirdim ki, nə zamansa bir kitabı göstərib, əminliklə deyə bilim: "Bəli, bu mənim Yaponiyamdır, o, bunun içindədir”.
***
Üç il yarım sonra, 1983-cü ilin yazı. Lorna ilə Londondayıq artıq. Şəhərin ən yüksək təpəsində tikilmiş yığcam, hündür binanın ən üst mərtəbəsində iki otaq kirayələdik. Evin düz yanında televiziya dirəyi vardı. Nə vaxt səs yazılarına qulaq asmaq istəsək, qorxunc radio xətləri araya girib, valdakı səslərə mane olurdu. Qonaq otağında nə divan, nə kreslo vardı, əvəzində üstü yastıqlarla örtülmüş iki matras qoyulmuşdu. Bir də böyük bir masa. Gündüzlər bu masada mən işləyirdim, axşamlar isə şam edirdik. Heç də dəbdəbəli mənzil deyildi, amma ikimizə də burada yaşamaq xoş idi. Bir müddət əvvəl ilk romanım çapdan çıxmışdı. Və tezliklə Britaniya televiziyasında yayımlanacaq qısametrajlı filmin ssenarisi üzərində işləyirdim.
İlk romanımın nəşrindən sonra bir müddət özümlə fəxr edirdim və buna əsasım da var idi. Ancaq elə həmin yaz içimə qayğılı bir narahatlıq doldu. Nəsə problem var idi. İlk romanım və ilk televiziya ssenarim bir-birinə çox oxşayırdı. Mövzu baxımından fərqli olsa da, metod və üslub eyni idi. Bir az da çək-çevir edəndən sonra başa düşdüm ki, romanım ssenariyə daha çox oxşayırdı, dialoqlar, istiqamətləndirmələr bənzərdir. Bu müəyyən mənada başadüşülən idi, amma mənim o dövr üçün arzum yalnız kitab səhifələrində işləyən metodlarla bir roman yazmaq idi. Əgər insanlar televizoru açanda da eyni şeyi görəcəklərsə, onda niyə roman yazıram ki? Əgər hekayə oxucuya digər forma və janrların aşılamadığı özünəməxsus bir şey vəd etmirsə, onun kino və televiziya ilə "mübarizədən sağ çıxması”na necə ümid bağlamaq olar?
Elə həmin vaxtlarda bədənim virusa yoluxdu və bir neçə günü yataqda keçirtdim. Xəstəliyin yuxululuqla müşayiət olunan lap ağır dövründən qurtulub, özümü artıq daha ayıq hiss etməyə başlayanda yorğan-döşəyimin altında nəsə sərt bir şeyin məni narahat etdiyini duydum. Bu, Marsel Prustun "İtirilmiş zamanın axtarışında” romanının ilk nəşrinin bir nüsxəsi idi. Madam ki, əlimin altındadır, oxumağa başladım. Bəlkə də, hələ də qızdırmalı olmağımın da bunda rolu var idi, odur ki, "Svana doğru”daki iki hissəyə çox bağlandım. Onları dönə-dönə oxudum. Bu hissələrin hər səhifəsindəki gözəllik bir yana, Prustun bir epizoddan digərinə keçərkən sərgilədiyi ustalıq, yaradıcı metodlar məni valeh elədi. Hadisələrin və səhnələrin sıralanması heç bir ənənəvi xronologiyaya uyğun gəlmirdi, bizə tanış süjetlərlə ayaq uydurmurdu. Əvəzində toxunaqlı fikir assosiasiyaları, yaddaşın dəlilikləri yazını bir epizoddan digərinə doğru aparırmış kimi görünürdü. Bəzən oxuduqlarımı saf-çürük edirdim: necə olub ki, açıq-aşkar bir-birilə heç bir əlaqəsi olmayan anlar təhkiyəçinin şüurunda paralel şəkildə canlanıb? Qəfildən mənə ikinci romanımı yazmaq üçün həyəcanverici və daha azad yol göründü. Heç bir ekran əsərində alınmayacaq dərəcədə daxili bir axına yol verməklə bir səhifədə istənilən qədər zənginliyə yer vermək mümkündür. Əgər mən bir hissədən digərinə təhkiyəçinin fikir assosiasiyaları və həyatın axarına uyğunlaşmış xatirələr hesabına keçid edə bilsəydim, abstrakt rəssamın kanvasın ətrafına rəngləri və formaları yerləşdirmək üçün seçim etdiyi üsullarla nəsə yaza bilərdim. Mən isə iki gün əvvəl ağlıma gəlmiş bir səhnəni, iyirmi il əvvəldən beynimdə ilişib qalmış bir səhnənin yanında təsvir edə və oxucudan bu ikisi arasındakı əlaqə haqqında düşünməsini istəyə bilirdim. Bu üsullara baxa-baxa düşünməyə başladım. İstənilən insana onun daxilinə və keçmişinə dair baxışını ört-basdır edən özünüinkar və rəddetmənin müxtəlif yollarını təklif edə bilərdim.
(ardı var)
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
banner

Oxşar Xəbərlər