• cümə, 29 Mart, 18:41
  • Baku Bakı 14°C

“Kaspi”dəki hekayəm

10.12.16 13:24 2116
“Kaspi”dəki hekayəm
Yubileylər hansısa tarixi hadisə ilə bağlı olanda qürurverici səslənir. 135 yaşını qeyd etdiyimiz "Kaspi” qəzetinin yubileyi kimi. Bu gün hamı "Kaspi” deyir. Bu gün hamı qəzetin 135 illik yubileyi ilə bağlı bizi təbrikə gəlir. Təbrikləri eşitmək xoşdur...
Hər şey "Dövran” qəzetində birgə çalışdığımız həmkarım Nurəddin Heydərovun məni "Kaspi”yə mədəniyyət müxbiri lazımdır” deyərək, dəvət etməsindən sonra başladı. 1999-cu il. Ona qədər radioda və qəzetçilikdə müəyyən təcrübəm olsa da jurnalistikanın peşəkarlıq sirlərinə məhz bu qəzetdə yiyələndim. Təbii ki, heç bir sənətə asanlıqla yiyələnmək olmur. Bu yollar həyatın qarlı-sazaqlı, yağışlı-dumanlı, dərəli-təpəli yolları kimidir. Xüsusən də o peşəni həyatının ayrılmaz hissəsinə çevirirsənsə...
Yenidən fəaliyyətə başladığı illərdə - agentliklərin tək-tük olduğu, internet qəzetlərin yoxluğu, sosial medianın hələ çox uzaqda olduğu bir dönəmdə "Kaspi” sələflərindən miras qalan maarifçilik yolunu ləyaqətlə davam etdirirdi. O zaman həftədə üç dəfə işıq üzü görən "Kaspi”də Azərbaycan mədəniyytinin, incəsənətinin, ədəbiyyatının ən görkəmli simaları ilə müsahibələr, həmçinin dünyadan köçən tanınmış sənət adamları, görkəmli insanlarla bağlı yazılar, reportajlarla qəzetin səhifələrində çıxış etməyə başladım. Hələ o vaxtlar "Bizim qonaq” rubrikası çərçivəsində redaksiyaya dəvət etdiyimiz tanınmış insanlarla söhbətlərimizdə incəsənətimizin müasir vəziyyəti, keçmiş ənənələr, problemlər və s. haqda geniş müzakirələr açdıq. Sosial həyatın, cəmiyyətin, təhsilin, ekologiyanın, iqtisadiyyatın və s. sahələrin durumu və problemlərinə güzgü tutduq.
İndi çağdaş "Kaspi”nin arxivini vərəqləyəndə ən görkəmli sənət adamları, alimlər, pedaqoqlar boylanır onun səhifələrindən. O görkəmli insanların bəzisi indi həyatda yoxdur. Amma bizimlə görüşlərindən, söhbətlərindən qəlbimizdə və "Kaspi”də izləri, sözləri qalıb. Onlar "Kaspi”nin dostları idi.
"Kaspi”də işlədiyim dönəmdə İnqilab Məmmədov, Nurəddin Heydərov və Natiq Məmmədli kimi redaktorlarla işlədim. Hər birinin qəzetə rəhbərlik etdiyi vaxtda "Kaspi” müxtəlif janrların inkişafı, dəyişikliyi, obyektivliyi və qərəzsizliyi ilə fərqləndi. Hər bir redaktorun qəzetin səhifələrinə gətirdiyi yeni ideyalar qəzeti zənginləşdirdi, daha da oxunaqlı etdi, oxucu auditoriyamızı genişləndirdi.
Mən ilk gündən "Kaspi”də çalışan jurnalistlərin öz işlərinə məsuliyyətinin şahidi oldum. Çiyin-çiyinə çalışdığım Ülfət Əhmədova, Rüstəm Qaraxanlı, Elman Babayev, Araz Ağayev, Eldəniz Sucəddinoğlu, Jalə İsmayıl, Ayaz Pirimov, Sənan Nəcəfov və digər jurnalistlər indi "Kaspi”dən ayrılıb müxtəlif sahələrdə çalışsalar da, dostluq əlaqələrimiz qırılmır. "Kaspi” bizə həm də dostluğu, sədaqəti, bir-birinə dəyəri öyrətdi.
Mən yubileyini qeyd etdiyimiz sevimli qəzetimizin ad günündə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs aldığım müəllimlərimi xatırlamaya bilmərəm. Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Famil Mehdi, Tofiq Rüstəmov, Seyfulla Mustafayev, Cahangir Məmmədli və digər müəllimlərimin həmişə təkrarladığı "jurnalist qərəzsiz, vicdanlı və obyektiv olmalı, jurnalist etikasından kənara çıxmamalıdır” sözlərini özüm üçün peşə şüarına çevirdim. İndi jurnalistika ilə sosial medianın sərhədlərinin bir-birinə qarışdığı bir vaxtda "nə yaxşı ki, müəllimlərimin o sözlərini qulağımda sırğa etmişəm” deyirəm. "Kaspi” mənəviyyat qəzetidir. Mənəvi dəyərlərin qoruyucusudur. Bu qəzetin səhifələrində insanın əxlaqi davranışlarına zidd heç bir sözə, heç bir qərəzə rast gəlməzsən. Bu günün "Kaspi”sini gerçək mənada cəmiyyətimizin güzgüsü adlandırmaq olar.
"Kaspi” mənəviyyat qəzetidir, mənəvi dəyərlərin qoruyucusudur. Bu qəzetin səhifələrində insanın əxlaqi davranışlarına zidd heç bir sözə, heç bir qərəzə rast gəlməzsən. Kaspi"də insanlara sevgi var, qayğı var, anlayış var. "Kaspi”ni fərqləndirən xüsusiyyətlərdən biri də budur. Bu gün "Kaspi”yə işləməyə gələn gənclər ilk növbədə insanın insana, kiçiyin böyüyə hörmət hissləri ilə qarşılaşırlar. Bu mənada "Kaspi” təcrübə məktəbidir.
"Kaspi” mənim hər gün işə tələsdiyim qəzetdir. Qəzetin təsisçisi Sona Vəliyeva ilə təkcə yaradıcılıq məsələlərini deyil, həmçinin ailənin başçısı kimi sevinc və kədərimizi bölüşür, məsləhətlərimizi ondan alırıq.
"Kaspi”ni yeni rubrikalarla, layihələrlə zənginləşdirmək üçün arzular və planlarımız çoxdur. Hekayəmiz davam edir...
Təki sağlıq olsun!
Təranə Məhərrəmova
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər