AZE | RUS | ENG |

Kaspi Təhsil Şirkətinin təşkilatçılığı ilə “Dünya Alimlər Kuboku” keçirilir - Fotolar

Kaspi Təhsil Şirkətinin təşkilatçılığı ilə “Dünya Alimlər Kuboku” keçirilir - Fotolar
Beynəlxalq olimpiadanın “Regional” mərhələsinə müxtəlif məktəblərdən 200-ə yaxın şagird qatılıb

Yanvarın 24-də Kaspi Təhsil Şirkətində beynəlxalq The World Scholar’s Cup (Dünya Alimlər Kuboku) olimpiada yarışmasının açılış mərasimi oldu. Açılış mərasimində təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, Kaspi liseyinin Bakıxanov filialının direktoru Tural Əliyev, Dünya Alimlər Kubokunun komandası, şagird və müəllim kollektivi, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Xatırladaq ki, Dünya Alimlər Kuboku 2007-ci ildə təsis edilib, hər il 50-dən çox ölkədən 20 mindən artıq şagirdi bir araya gətirir. On ildən sonra həmin ölkələr arasına Azərbaycan da öz adını yazdırıb. Kaspi Təhsil Şirkəti bu ilki yarışın təşkilatçısı olmaqla yanaşı, həm də orada iştirakçı kimi də çıxış edir. 
 
Şagirdlər elmi potensiallarını ortaya qoya biləcəklər
 
Mərasimin rəsmi açılışnı Dünya Alimlər Kubokunun təsisçisi Daniel Berdiçevski etdi. Sonra sözü Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevaya verdi. S.Vəliyeva iştirakçıları və media nümayəndələrini salamlayaraq, onlara uğurlar arzuladı, bu cür mötəbər beynəlxalq yarışın Azərbaycan və Cənubi Qafqaz regionu məktəbləri arasında Kaspi Liseyində keçirilməsinin qürurverici olduğunu bildirdi: "Çox yaxşı haldır ki, burada bütün şagirdlər bilik və bacarıqlarını ortaya qoya biləcəklər. Hər bir şagird sahib olduğu elmi potensialını və yaradıcılıq qabiliyyətini göstərəcək. Eyni zamanda, fərdi və qrupla işləmək məharətini nümayiş etdirəcək. İnanıram ki, hər bir şagird yarışmadan uğurla ayrılacaq. Söhbət 1-ci, yaxud 2-ci yeri tutmaqdan getmir, burada iştirakın özü belə, böyük təcrübə toplamaq deməkdir. Bu günkü olimpiadanın iştirakçıları arasında gələcəyin alimləri, ixtiraçıları var. Çünki hər bir ixtiraçı vaxtilə məktəb dövrünü keçib, hansısa yaradıcılıq xəyalları qurub. Ona görə sizin aranızda da gələcəyin böyük alimlərini görürəm. Hər birinizə, bütövlükdə olimpiadanın ümumi işinə uğurlar arzulayıram. İnanıram ki, Kaspi liseyi bundan sonra da böyük olimpiadalara ev sahibliyi edəcək”.
 
Şəxsi keyfiyyətlərin inkişafı

Sonra Daniel və komandası bu Kubok haqqında iştirakçılara interaktiv şəkildə geniş məlumat verib, komandalarla yaxından tanış oldular. Bildirdilər ki, Dünya Alimlər Kuboku şagirdlərin elmi bilikləri ilə yanaşı, yaradıcı düşünmək, fikirlərini səlis və sərbəst şəkildə ifadə etmək və digər şəxsi keyfiyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.
Gün ərzində şagirdlər müxtəlif aktual mövzular üzrə debat yarışları keçirdilər. Bununla yanaşı, digər mərhələ olan Esse kateqoriyasında iştirakçılar ənənəvi olaraq fərdi şəkildə deyil, qrup halında esseləri yazdılar. Daha sonra iştirakçıların bilikləri interaktiv test mərhələsində sınandı. Sonda isə ən yaxşı nəticə əldə etmiş komandalar Qrup mübarizəsində yarışdılar.
 
"Qlobal” turnirdə iştirak hüququ
 
Yarış haqqında liseyin direktoru Tural Əliyevin də fikirlərini öyrəndik. O qeyd etdi ki, bu turnir dörd kateqoriya üzrə - Debat, Esse, Alimlərin mübarizəsi (test), Qrup mübarizəsi və səkkiz istiqamətdə həyata keçirilir. Yarışma üç mərhələdən ibarətdir: "Birinci mərhələni, yəni "Regional” turniri keçən şagirdlər daha sonra "Qlobal” turnirdə iştirak hüququ əldə etmək üçün mübarizə aparacaqlar. "Qlobal” turnirlərdə (20 ölkə üzrə) uğur qazanan iştirakçılar isə ABŞ-ın Yel Universitetində (YALE University) keçirilən "Çempionlar” turnirində öz güclərini sınayacaqlar”.
Direktor yarışa qatılan məktəblər haqqında məlumat verdi: "Turnirdə Azərbaycandan olan komandalar - TİSA, Baku Oxford School, Avropa Azərbaycan Məktəbi, ABC (Azerbaijan British College), Zərifə Əliyeva adına Lisey, Kaspi liseyi - Ağ şəhər və Bakıxanov filialları, 23 nömrəli məktəb və digər özəl və dövlət məktəbləri ilə yanaşı, Cənubi Qafqazın müxtəlif regionlarının aparıcı təhsil qurumlarından olan komandalar iştirak edirlər. Beynəlxalq olimpiadaya yuxarıda qeyd olunan məktəblərdən 200-ə yaxın şagird qatılıb. Bizim liseyimiz "Regional” turnirdə on dörd komanda ilə təmsil olunur”.
 
"İstəyirdim ki, bu yarış Azərbaycanda da olsun”

Yarışa qatılan şagirdlər çox sevincli görünürdülər. Və hiss olunurdu ki, bu yarışdan gözləntiləri böyükdür. Debatlarda çox fəal iştirak edir, biliklərini sınayırdılar. Şagirdlərdən bir neçəsi ilə söhbət edib, bizimlə təəssüratlarını bölüşmələrini istədik.
Rumiyə Hüseynova yarışa Kaspi liseyinin Ağ şəhər filialından qatılıb. Hazırda 7-ci sinifdə təhsil alan Rumiyə çox həyəcanlı olduğunu dedi: "Təxminən bir aydır ki, biz bu yarışa hazırlaşırıq. Verilən bütün mövzular haqqında araşdırma edib, məlumat toplamışam. Bu işdə bizə müəllimlərimizin köməyi çox oldu. Boş vaxtlarımızda kitabxanaya gedib, orada mövzularla bağlı araşdırmalar edirdik. Öz qrup uşaqlarımızla debatlar keçirir, esselər yazırdıq”.
Cavid Rəsulzadə isə 23 nömrəli məktəbin şagirdidir. O da bu yarışda məktəb yoldaşları ilə birlikdə iştirak edir: "Bizə məlumat verəndə ki debat xarakterli bir yarış keçirilir, bu mənim diqqətimi cəlb elədi. Və qərara gəldim ki, məktəbimiz adından bu yarışa qatılım. Bu, iştirak etdiyim ilk beynəlxalq turnirdir. Komandamız üç nəfərdən ibarətdir. Bura qatılmaqda əsas məqsədim şəxsi inkişafıma və xarici dil səviyyəmi genişləndirməyə kömək edəcək biliklər əldə etməkdir”.
Digər iştirakçı Nuranə Əliyeva isə deyir ki, bu olimpiadanın ölkəmizdə keçirilməsi onu xeyli sevindirib: "Bu yarış haqqında məlumatım var idi. Bilirdim ki, dünyada şagirdlər arasında belə yarışlar keçirilir. Və çox istəyirdim ki, bu yarış Azərbaycanda da olsun. Ölkəmizin bu yarışa ev sahibliyi etdiyini öyrənən zaman qatılmaq qərarına gəldim. Bu mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, komandamızla birlikdə növbəti mərhələyə keçə bilərik”.
Ümumilikdə şagirdlər bu yarışın ölkəmizdə keçirilməsindən və burda iştiraklarından çox məmnun olduqlarını bildirdilər. Ən əsası isə, bu olimpiadanın onların dil bilgilərinin və dünyagörüşünün genişlənməsində, intellektual səviyyələrinin artmasında, başqa məktəblərin şagirdləri ilə əlaqələrinin yaranmasında böyük rol oynadığını dedirlər. Onu da əlavə etdilər ki, bu turnir həyatlarında maraqlı və xoş xatirə kimi qalacaq.
Qeyd edək ki, yarışlar sabah da davam edəcək və qaliblər günün sonunda müəyyənləşəcək. Qalib komandalar müxtəlif kateqoriyalar üzrə kubok və medallarla təltif olunacaqlar.
 
Günel Azadə











Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9340
GEL 1 1 Gürcüstan larisi 0.6361
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7094
KWD 1 1 Küveyt dinarı 5.5912
TRY 1 1 Türkiyə lirəsi 0.3157