• çərşənbə axşamı, 23 aprel, 23:59
  • Baku Bakı 20°C

Kaspi Təhsil Şirkəti və Giresun Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19.12.14 19:02 1047
Kaspi Təhsil Şirkəti və Giresun Universiteti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb
Dünən “Kaspi Liseyi”ndə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva və Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attar arasında görüş keçirilib. Görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq və gələcək inkişaf prioritetləri müzakirə olunub.
Aygün Attar Kaspi Təhsil Şirkətinin Türkiyədə doğurduğu əks-sədadan bir azərbaycanlı olaraq qürur duyduğunu vurğulayıb, bu əməkdaşlığa çox böyük ümid bəslədiyini qeyd edib: “Getdiyim bütün Avropa dövlətlərində qarşıma Azərbaycan dövlətinin dəstəyi ilə təhsil üçün xaricə göndərilən gənc potensiallar çıxır. Dünyadakı bütün iqtisadi investisiyalardan daha qüvvətlisi təhsildir. Məsələn, Amerikanı bu dərəcədə inkişaf etdirən fərqli, ağıllı beyinləri ölkəsinə toplaya bilməsidir. Azərbaycan əslində dünyanın müxtəlif ölkələrinə bilikli gəncləri seçib göndərərək möhtəşəm bir iş görür. Ölkənin gələcəyi üçün ağıllı bir strateji investisiya qoyur. Bunu gördüyüm üçün çox şadam”.
Rektor qeyd edib ki, Kaspi Təhsil Şirkəti elm, təhsil sahəsində uğurlu addımlar atıb: “Burada ilk olaraq uşaq bağçasından tutmuş orta məktəbə qədər uşaqlara çox gözəl təhsil verilir. Mən istəyərdim ki, “Kaspi Liseyi” gələcəkdə universitet statusu alsın. Kaspi Təhsil Şirkəti ticarət məqsədi ilə xaricə tələbə göndərmir. Burada tələbəyə keyfiyyətli təhsil verərək biliyini yüksəldib sonra xaricə təhsil almağa göndərir”.
Görüşdə çıxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva Azərbaycanda təhsil siyasətinə dövlətin həssas yanaşdığını və bu sahədə xüsusi Dövlət proqramları qəbul edildiyini bildirib. S.Vəliyeva qeyd edib ki, 2015-ci il ərəfəsində müxtəlif sahələr üzrə tam püxtələşmiş 500-ə qədər gənc kadr xaricdə təhsil alaraq ölkəyə qayıdır: “Bu layihə həyata keçirilən ilk gündən dövlət dəstəyi görür. Yəni dövlət bu gənclərə maddi dəstək göstərərək, orada oxuyub təhsil almalarının təminatçısı kimi çıxış edir. Biz də Kaspi Təhsil Şirkəti olaraq həmin layihəyə qatıldıq. Dövlət dəstəyi alan bəzi gənclər var ki, onların da 300-dən çoxu məhz Kaspi Təhsil Şirkətinin hazırlayıb göndərdiyi gənclərdir. Biz də qürur duyuruq ki, dövlətin təhsil siyasətində bizim az da olsa əməyimiz var”.
S.Vəliyeva qeyd edib ki, Kaspi Təhsil Şirkəti özəl təhsil şirkəti kimi ilk təhsil müəssisəsidir: “Xaricdə təhsil almaq istəyən gənclər məsafə qət etmədən, pul xərcləmədən yerindəcə xarici universitetlərlə Bakıda tanış olurlar. Həmin gənclərin suallarına o universitetlərdən gələn mütəxəssislər cavab verir. Biz artıq məktəbdən əlavə 8 filialla da fəaliyyət göstəririk. Çünki biz hiss etdik ki, buna ehtiyac var”.
Görüşün sonunda Kaspi Təhsil Şirkəti və Giresun Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında Müqavilə imzalanıb. Sonra A.Attar "Kaspi Liseyi" ilə tanış olub.
banner

Oxşar Xəbərlər