• cümə, 19 Aprel, 04:13
  • Baku Bakı 18°C

“Kaspi” Təhsil Şirkəti hesabat verdi

10.09.14 13:49 2906
“Kaspi” Təhsil Şirkəti hesabat verdi
Sona Vəliyeva: “Bu nailiyyətin arxasında gərgin iş durur”

“Kaspi Təhsil Şirkətində təhsil alan abituriyentlərin qazandığı uğurlar təkcə bizim uğurumuz deyil. Bütövlükdə uğurumuzun kökündə dövlətimizin inkişafı durur və bundan bir zərrə də bizə pay düşür. Hazırladığımız gənclər dövlətimizin gələcək qurucularıdır». Bu fikirlər Kaspi Təhsil Şirkəti (KTŞ) tərəfindən (əvvəlki Kaspi Təhsil Mərkəzi) 2013-2014-cü təhsil ilinə dair ilkin hesabatın verilməsi və gələcək plan və layihələrdən ictimaiyyəti xəbərdar etmək məqsədilə keçirilən ənənəvi mətbuat konfransında səslənib. Kaspi Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev və digər əməkdaşları, KİV nümayəndələri, Kaspi Təhsil mərkəzlərində hazırlaşan keçmiş abituriyentlər və onların valideynlərinin qatıldığı tədbirdə 2013-2014-cü tədris ilində mərkəzlərin abituriyent hazırlığı üzrə 97 faiz nəticə göstərdiyi qeyd edilib. Ümumən, tələbələrin 10 faizi 600-dən yuxarı, 25 faizi 500-600 arası, 35 faizi isə 400-500 arası bal toplayıb. 3 tələbə isə – Pinar Məcidova (677 bal), Orxan Xəlilov (668 bal), Müşkünaz Məmmədova (660 bal) daha yüksək nəticələr göstərərək Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar.
Dövlətimizin gələcək qurucuları

«Hər bir işin nəticəsi və yekun uğuru olmalıdır» - deyən “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva hər bir təhsil müəssisəsinin ilin sonunda hesabatla çıxış etməsinin zəruri olduğunu qeyd etdi: “2013-2014-cü illərin yekunu olaraq qazandığımız nailiyyətlərlə qarşınıza çıxmışıq. Hesab edirəm ki, bu nailiyyətlərlə qürurlanmaq olar. Ancaq bu nailiyyətlərə arxayınlaşıb dayanmaq olmaz». S.Vəliyeva “Kaspi- Abituriyent”in 2013-2014-cü illərdəki fəaliyyəti barədə məlumat verərək qeyd etdi ki, şöbə şirkətin ən geniş struktura malik, tədrisin aktuallığını anbaan qorumaq nöqteyi-nəzərindən vacib bölmələrindən biridir. “Burada 100-ə qədər müəllim çalışır. Bütün filiallar üzrə toplansa təxminən 400-500 abituriyent orada təhsil alıb. Bu qədər abituriyentə xidmət etmək, ilin yekununda cəmiyyətin qarşısına üzüağ çıxmağın özü də məsuliyyətlidir və bu işin öhdəsindən gəlmək üçün kollektiv var gücü ilə çalışıb. Bugünkü göstəricilər onu sübut edir ki, fəaliyyət sistemini yaxşı quranda uğur özü insanın qapısını döyür”. Təsisçi diqqətə çatdırdı ki, 2007-2008-ci illərdə KTM fəaliyyətə başlayanda birinci il üçün nailiyyət 85-87 faiz idisə, növbəti il 87-89 faiz olub. Şöbə keçən il 93-95, bu il isə 97 faiz göstərici əldə edib. “Kaspi Mərkəzinin abituriyentləri ölkənin sayılıb-seçilən universitetlərinə daxil oldular. Bu, bizim uğurumuzdur. Burada böyük bir kollektivin əməyi var. Bu nailiyyətin arxasında gərgin iş durur. Təhsil müəssisəsində mütləq tədrisin operativ və ən aktual metodlarından istifadə etmək lazımdır. “Kaspi- Abituriyent” bölməsi ilk dəfə olaraq özəl təhsil müəssisəsi kimi elektron tədris sisteminə keçib. Bu, təkcə “Kaspi” abituriyentləri üçün deyildi. Bu, sosial layihə kimi Azərbaycan məktəblərində hazırlanan 500-dən artıq dərsin videoformatda «Oxu TV» saytına yerləşdirilərək xidmətə verilməsi kimi əhəmiyyətli idi. Biz bu layihəni getdikcə təkmilləşdirdik. Fikirləşdik ki, abituriyentlər, şagirdlər, müəllimlər bu layihədən istifadə etsələr böyük uğur əldə etmiş olarlar. Yəni təhsil prosesini izləməklə, tədrisin metodikası, onlara verilən üstünlüklə bərabər, təhsilin idarə olunması sirlərinə də yiyələnsinlər”. S.Vəliyeva qeyd edib ki, ölkə rəhbərliyinin də təhsil müəssisələrinin qarşısına qoyduğu əsas məsələlərdən biri dünyanın aparıcı təhsil müəssisələri ilə rəqabətə girən elektron təhsil sisteminin yaradılmasıdır. “Ən böyük layihələrimizdən biri təkcə öz abituriyentlərimiz üçün deyil, həm də respublikamızın ən ucqar rayonlarında yaşayan, mərkəzə əli çatmayan, bəzən sınaq imtahanlarında iştirak etməyə yol tapa bilməyən şagirdlər üçün elektron sınaq testlərinin hazırlanıb abituriyentlərin ixtiyarına verilməsi layihəsidir. Bu testlər vasitəsilə istənilən Azərbaycan gənci özünü sınaya bilər. Bilirsiniz ki, Təhsil Nazirliyinin nəzarətində olan məktəblər bunu edə bilər. Çünki onlara vəsait ayrılır. Ancaq özəl təhsil müəssisəsi bunu edirsə, bunun özü böyük hadisədir. Əgər bir müəssisə təkcə özünü düşünmürsə, böyük bir layihəni sosial olaraq abituriyentlərin ixtiyarına verirsə, bu, artıq yüksək qiymətləndirilməlidir”. KTŞ-nin müasir təhsil üsullarından yararlanmasından qürur duyduğunu bildirən təsisçi şirkətin maddi resurslarını təhsilin inkişafına yönəltdiklərini və nailiyyətlər əldə etdiklərini diqqətə çatdırdı: “Ölkə rəhbəri İlham Əliyevin irəli sürdüyü əsas məsələlərdən biri də əmək kapitalının insan kapitalına çevrilməsidir. Çünki dünyada bütün təbii sərvətlər tükənəndir. “Kaspi” Abituriyent öz fəaliyyəti dövründə ölkənin sayılıb-seçilən ali məktəblərinə 5000-ə yaxın abituriyent verib. Fəaliyyətimizin əsas üstünlüyü ondan ibarətdir ki, onların 30 faizə qədəri 650-678, 40-35 faizə qədəri 500-600 bal toplayıblar. Bu nailiyyəti xaricdə təhsil alan abituriyentlərimizə şamil edəndə, 250-yə yaxın abituriyenti xaricdə bakalavr pilləsi üzrə təhsil almağa göndərəcəyik. Bu, təkcə bizim uğurumuz deyil, bütövlükdə uğurumuzun kökündə dövlətimizin inkişafı durur və bundan bir zərrə də bizə pay düşür. Hazırladığımız gənclər dövlətimizin gələcək qurucularıdır».
7 illik gözləntinin nəticəsi

Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev bu tədris ilinin KTŞ üçün daha gərgin olduğunu qeyd etdi. Belə ki, şirkət il ərzində istifadəyə verdiyi yeni təhsil müəssisələri ilə inkişaf edib: «Yanvar ayında Sumqayıtda “Kaspi-Kids” və “Kaspi-Poliqlot” şöbələri fəaliyyətə başladı, sentyabr ayından isə bu filialda abituriyent şöbəsi də fəaliyyətə başlayıb. Artıq Sumqayıtdakı şöbəyə yüzlərlə müraciət olunub. Düşünürəm ki, növbəti ildə abituriyentlər öz uğurlarını bizimlə birgə qeyd edəcəklər”. Şirkət rəhbəri KTŞ-nin fəaliyyətə başladığı ildən planını cızdığı Kaspi Liseyinin də bu ildən fəaliyyətə başladığını diqqətə çatdırdı: “Bu, Kaspi Təhsil Şirkətinin əməyi nəticəsində mümkün olub. Lisey yaratmaq ideyası birdən-birə meydana gəlməyib. Bu, 7 illik gözləntinin və gərgin zəhmətin nəticəsidir”. Şirkət rəhbərinin sözlərinə görə, liseydə ən müasir tələblərə cavab verən texnoloji imkanlar yer alıb. Tədrisin hərtərəfli mükəmməl olması üçün rəhbərlik əlindən gələn hər şeyi edir». Şirkət rəhbəri eyni zamanda, Kaspi Liseyin nəzdində bu ildən başlayaraq uşaq bağçasının fəaliyyətə başladığını da diqqətə çatdırdı. Belə ki, Kaspi Uşaq bağçası “Kaspi-Kids” proqramlarının davamıdır. «Kaspi Kids” olaraq artıq 4 ildir ki, fəaliyyət göstəririk. Bu, artıq milli brendə çevrilib. Azərbaycanda məktəbə hazırlıq üzrə belə bir proqrama, sistemə və keyfiyyətə malik hazırlıq mərkəzi yoxdur. Bu mərkəz 5 yaşlı 400-500 uşağı məktəbə hazırlayır. Onlar müsabiqə yolu ilə məktəblərə daxil olurlar. Bizim nəticələrimiz çox yüksəkdir. Biz bu göstəricidən cəsarətlənərək liseyin nəzdində uşaq bağçasının açılmasına qərar vermişik”. E.Əliyev insanlara yaxın yerlərdə fəaliyyət göstərməklə bağlı KTŞ-nin devizindən söhbət açaraq bu aydan “Kaspi-Kids” və poliqlot şöbələrinin fəaliyyət göstərdiyi Nəsimi filialının və Masazır qəsəbəsində filialın fəaliyyətə başladığını bildirdi: “Bir il ərzində bu qədər müəssisənin fəaliyyətinə start vermək gərgin zəhmətin nəticəsidir. Əsas odur ki, insanlar Kaspi Təhsil Şirkətinin fəaliyyətini öyrənir və onunla ünsiyyətdə olmaq istəyirlər. Yoxsa heç bir yeni filial yaranmaz”. Əvvəllər Elmlər Akademiyası və Əhmədli filialında “Kaspi-Abituriyent” şöbəsinin fəaliyyət göstərdiyini qeyd edən şirkət rəhbəri artıq qurumun «Nərimanov» və «Sumqayıt» filialında da Abituriyent şöbəsinin fəaliyyətə başladığını söylədi: «Abituriyentlərimizin nailiyyətlərini görən digər məzunlar da bizim kurslara üz tuturlar. Eyni zamanda, bu, bizim müəllimlərimizin əməyinin nəticəsidir. Təhsil ömür boyu olmalıdır. Təkcə instituta daxil olmaqla bitməməlidir. Bizim şirkətin təhsilə baxışı da bu cürdür. Əsas odur ki, ölkəyə layiq vətəndaşlar olaraq yetişəsiniz və öz ixtisasınızın peşəkarı olasınız. Ölkəmizin hər bir sahədə yaxşı mütəxəssisə ehtiyacı var».
Valideynlər bir daha əmin olacaqlar ki...

KTŞ-nın “Elmlər Akademiyası” filialının direktoru Rəsul Ağayev qeyd etdi ki, övladının tələbə olması hər bir valideynin arzusu olduğu kimi, hər oxuyan şagirdin də arzusudur. Belə ki, bu adı qazanmaq üçün tələbə olana qədərki prosesin yaxşı qurulması lazımdır. Bu da tədris prosesidir: “Biz Kaspi Təhsil Şirkəti olaraq prosesi mükəmməl şəkildə qurmuşuq. Həmin prosesin nəticəsidir ki, onun uğurunun nəticələrini görürük. Bu gün həmin abituriyentləri tələbə kimi təbrik edə, valideynlərə gözaydınlığı verə bilirik». R.Ağayev KTŞ-da tədris prosesinin, valideyn-müəllim əlaqələrinin və s. yüksək səviyyədə qurulması nəticəsində yüksək nailiyyətlər əldə etdiklərini bildirdi: «Sentyabrın 15-dən Kaspi Abituriyent yenidən fəaliyyətə başlayacaq. Valideynlər bir daha əmin olacaqlar ki, onlar Kaspi Təhsil Şirkətini seçməklə doğru seçim ediblər və bunun bəhrəsini görəcəklər”.
2013-2014-cü tədris ilində KTŞ-nin Abituriyent kursunu bitirib tələbə adını qazanan Tərlan Məmmədlinin atası Rahim Məmmədli valideynlər adından çıxış edərək KTŞ-nin rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirdi.
Tədbirin sonunda yüksək nəticə əldə edib ali məktəblərə daxil olan tələbələrə hədiyyələr təqdim edildi.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər