• şənbə, 20 Aprel, 00:00
  • Baku Bakı 15°C

“Kaspi” Təhsil Mərkəzinin növbəti nailiyyəti

27.08.13 09:39 5100
“Kaspi” Təhsil Mərkəzinin növbəti nailiyyəti
Bir neçə gün öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Prezident təqaüdü almaq üçün tələb olunan minimum balları açıqladı. Belə ki, 2013-2014-cü tədris ilində hər qrup üzrə 25 nəfər Prezident təqaüdünə layiq görüləcək. TQDK-nın verdiyi məlumata görə, I qrupda Prezident təqaüdünə düşən 25-ci abituriyent 679, II qrupda 665, III qrupda 686, IV qrupda 680 bal toplayıb. İmtahanda bu nəticələri əldə edən tələbələrin hər birinə 150 manat məbləğində təqaüd ayrılacaq.
Prezident təqaüdünə layiq görülən tələblərin siyahısında “Kaspi” Təhsil Mərkəzində təhsil alan Vəfa Qəmbərova və Qulu Quliyev də var. Ali məktəblərə qəbul zamanı yüksək bal toplayan abituriyentlər və onların valideynləri bizimlə söhbətlərində uğurlarının sirlərindən danışdılar.
Vəfa Qəmbərova bu il qəbul imtahanlarında ikinci qrup üzrə 674 bal toplayıb və Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə qəbul olub. Bu qrup üzrə Prezident təqaüdü almaq üçün keçid balı 665 olduğu üçün “Kaspi” Təhsil Mərkəzinin tələbəsi də adını bu siyahıya yazdırmağa müvəffəq olub. Qəbul imtahanlarında yüksək nailiyyət əldə edən abituriyent bizimlə söhbətində təəssüratlarından və uğurlarının səbəblərindən danışdı: “11 illik gərgin əməyin nəticəsində mən bu balı topladım. Bu yolda mənimlə birlikdə valideynlərim, məktəb müəllimlərim və “Kaspi” Təhsil Mərkəzinin müəllim kollektivi çox böyük zəhmət çəkdilər, uğur qazanmağım üçün dəstəklərini əsirgəmədilər. Xüsusilə “Kaspi” Təhsil Mərkəzinə qəbul olduğum gündən etibarən burada olan müəllimlərin mənə və digər abituriyentlərə göstərdiyi qayğıdan çox razıyam və bu yolda mənim yanımda olduqları üçün bütün müəllimlərimə təşəkkür edirəm”.
Vəfanın valideyni İlham Qəmbərov da qızının təhsil aldığı “Kaspi Təhsil Mərkəzində” abituriyentlərə yüksək səviyyədə qayğı göstərildiyini dedi: “Qızım bu uğuru əldə etmək üçün gecəsini gündüzünə qataraq çalışdı. Ona bu yolda müəllimləri çox böyük dəstək göstərdilər. Xüsusilə qızımın qəbul olduğu təhsil mərkəzinin müəllimlərindən çox razıyam. Çünki abituriyentlə gözəl davranmağı bilirlər, uşaqlara yüksək səviyyədə qayğı göstərirlər. Qızımı ilk dəfə təhsil mərkəzinə gətirəndə onlar hansı fəndən zəif olduğunu araşdırdılar və bu fənn üzrə ən yaxşı müəllimi axtarıb tapdılar ki, ciddi məşğul olsun. “Kaspi” Təhsil Mərkəzi üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi. Digər valideynlər də mənimlə razılaşar. Abituriyent böyük nailiyyət əldə edəndə müəllimlərin də əziyyətini qiymətləndirmək lazımdır”.
“Kaspi” Təhsil Mərkəzinin bu il Prezident təqaüdünə düşən ikinci tələbəsi Qulu Quliyev isə qəbul imtahanlarında birinci qrup üzrə 680 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Qulu bizimlə söhbətində bildirdi ki, bu nailiyyəti əldə etməkdə ilk öncə valideynlərinə, orta məktəb müəllimlərinə və “Kaspi” Təhsil Mərkəzinə borcudur: “Orta məktəb müəllimlərim 9-cu sinfə qədər məndə bünövrə yaratdı. “Kaspi” Təhsil Mərkəzinə daxil olarkən isə 303 bal toplamışdım. Mərkəz məni 303 baldan 680 bala kimi qaldırdı. Bu fərq də onu göstərir ki, bu təhsil mərkəzinin müəllimlərinin mənim üzərimdə zəhməti çoxdur, buna görə də onların hər birinə təşəkkürümü bildirirəm”.
Qulunun valideyni Məmmədova Zülfiyə də bizimlə təəssüratlarını bölüşdü: “Biləndə ki Qulu imtahanda 680 bal toplayıb, sevincimdən ağlamağa başladım. Bir valideyn üçün bundan böyük fəxr nə ola bilər ki? Bu il qrup üzrə 38 min abituriyent imtahan vermişdi, mənim övladım onların içindən seçilərək ilk 25-liyə düşdü. “Kaspi” Təhsil Mərkəzinin müəllimlərinin övladımın üzərində zəhmətləri böyükdür. Bu reallıqdır ki, mərkəzin eksperti Elşən Əliyev övladımızın təhsili ilə bəlkə bizim özümüzdən də çox maraqlanırdı. Müşahidələrimiz onu göstərir ki, Elşən müəllim yalnız mənim övladımla yox, burada təhsil alan hər bir uşaqla belə rəftar edir. Uşaqda bir az problem olan kimi bizi çağırtdırıb söhbətlər aparır, əlavə müəllimlər tapır, yüksək səviyyədə hazırlıq təşkil edirdi. Uşaq saat 3-dən 7-yə kimi, bəzən də 9-a kimi burada təhsillə məşğul olurdu. Təhsil mərkəzinin müəllimlərinin zəhməti nəticəsində mənim övladım bu nailiyyəti əldə etdi”.
Qeyd edək ki, “Kaspi“ Təhsil Mərkəzi 2007-ci il mayın 1-də Sona xanım Vəliyevanın təsisçiliyi ilə yaradılıb. Təhsil Mərkəzinin yaranmasına səbəb ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaq olub. Altı ildir ki, seçilən hədəfə düzgün istiqamətlənən mərkəz Azərbaycan vətəndaşlarına həm də bu sistemlə xarici dilləri mükəmməl öyrənmək, kompyuter biliklərini genişləndirmək, beynəlxalq arenaya inteqrasiya etməkdə əhəmiyyətli dərəcədə yardımçı olur. 60-a yaxın xarici universitetlə əlaqə quran təhsil mərkəzi daim aktual və novator layihələri ilə müstəqil təhsil məkanında tamamilə fərqlənir.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər