• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Kaspi Təhsil Mərkəzi yeni “Elektron Təhsil” Layihəsini təqdim etdi

23.09.13 17:15 4238
Kaspi Təhsil Mərkəzi yeni “Elektron Təhsil” Layihəsini təqdim etdi
«Özəl fəaliyyət strukturu dövlətin həmişə diqqət mərkəzində olan sahədir. Ancaq özəl fəaliyyət strukturu kimi təhsillə məşğul olanları dövlət birbaşa dəstəkləyir. Çünki təhsil dövlətin əsas prioritetlərindən biridir. Çox qürurverici haldır ki, biz dövlətin təhsil siyasətinə dəstək veririk». Bu fikirlər Kaspi Təhsil Mərkəzinin 2012-2013 tədris ilinin ənənəvi yekun hesabatı və növbəti tədris ilində qarşıda duran planlar və layihələrlə bağlı keçirdiyi mətbuat konfransında səslənib.
Xaricdə təhsilə töhfə

«Biz təhsil mərkəzini yaradanda söz verdik ki, bütün nailiyyətlərimizi sizinlə qeyd edək» - deyən Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva mərkəzin müxtəlif iş istiqamətləri haqqında məlumat verərək təhsil mərkəzinin yarandığı tarixə nəzər salıb: «Biz öncə «Kaspi poliqlot» bölməsini yaratdıq və bu, bir neçə iş sektoru ilə sizin xidmətinizə gəldi. Bu bölmə 6-9, 15-16, 21-22 və daha yuxarı yaşda professional ingilis dilini öyrənmək və bu dildə sərbəst danışmaq istəyənlər üçün mərhələli ingilis dili, orta məktəb, bakalavr, kollec və magistr səviyyəsində xaricdə təhsil almaq istəyənlərə şərait yaratdı. Daha sonra mərkəzin nəzdində TOEFL və IELTS imtahan hazırlıqlarının keçirilməsi, xaricdən müəllimlərin dəvət olunması və bunun nəzdində beynəlxalq TOEFL imtahan mərkəzinin açılması mərkəzin iş fəaliyyətinin genişlənməsinin göstəricisi oldu. Bu, ilk dəfə ölkədə özəl təhsil mərkəzi olaraq Kaspi Təhsil Mərkəzi tərəfindən açıldı. Bununla da biz işimizi inkişafa doğru yönəltdik”. Kaspi Qlobal bölməsini açmaqla xaricdə təhsil layihəsini ortaya qoyan mərkəzin hazırda dünyanın 150-ə yaxın nüfuzlu universitetləri ilə partnyorluq əlaqələrinin olduğunu bildirən S.Vəliyeva qeyd edib ki, bölmə beynəlxalq təhsil sərgilərinə qoşulmaqla həmin universitetləri Azərbaycanla əməkdaşlıq etməyə dəvət edib: “Uzağa getmədən, heç bir maddi vəsait xərcləmədən tələbələr bu təhsil ocaqları ilə əlaqələr qurdu və bunun nəticəsi olaraq hazırda 350-yə qədər məzunumuz həmin universitetlərdə “Kaspi”ni təmsil edir. Biz uğurlu imtahan verən 80-ə yaxın məzunu Kaspi Qlobal-ın xətti ilə xaricə yola salacağıq. Bu, dövlətin xaricdə təhsil siyasəti nəticəsində təhsil alıb ölkəyə qayıdacaq 5000 gəncin bir hissəsi deməkdir. Sevinirik ki, bu proqrama bizim də töhfəmiz oldu».
S.Vəliyeva həmçinin mərkəzin magistraturaya hazırlıq bölməsi olan «Kaspi Professional»-ın uğurundan danışaraq qeyd edib ki, mərkəzin yüzlərlə məzunu təhsilini ölkənin ayrı-ayrı ali məktəblərinin magistratura pilləsində davam etdirir.
Təsisçi həmçinin mərkəzin məktəbəqədər hazırlıq üzrə xidməti olan Kaspi Kids-in fəaliyyətinə toxunub: «Kaspi Kids Kaspi Təhsil Mərkəzinin məktəbəqədər hazırlıq üzrə xidmətidir. Məktəbəqədər yaş dövrü uşağın fəal sosiallaşması, böyüklər və yaşıdları ilə daha çox ünsiyyət qurması, mədəni vərdişləri mənimsəməsi, mənəvi və estetik hisslərin oyanması dövrüdür. Artıq 3 ildir ki, bölmə 5 filialda fəaliyyət göstərir. 2 ildir ki, ölkə məktəblərinin birinci sinfinə daxil olan şagirdlərin 500-ə yaxını Kaspi Kids-də hazırlıq kursu keçən uşaqlardır».
Kaspi Abituriyent-in uğuru

Kaspi Abituriyent-in mərkəzin ən gərgin iş fəaliyyətinə malik olan bölmələrindən olduğunu qeyd edən S.Vəliyeva şöbənin təkcə mərkəzə deyil, bütövlükdə cəmiyyətə, bütün valideynlərə və cəmiyyətin gələcəkdəki inkişafına öz töhfəsini verdiyini diqqətə çatdırıb. Belə ki, 2008-2009-cu tədris ilindən fəaliyyətə başlayan bölmə ilk vaxtda 88 faiz nailiyyəti ilə diqqət çəkib: “Bu, sevindirici hal idi. Çünki bir illik işimiz hədər getmədi. Bu günə qədər respublika daxilində fəaliyyət göstərən universitetlərə 550-yə yaxın məzun verilməsi artıq böyük nailiyyətdir. Təkcə abituriyent bölməsində 60-dan çox peşəkar müəllim kollektivi çalışır. Onların içərisində 2 elmlər doktoru, 16-a yaxın fəlsəfə doktoru, müxtəlif təltiflər və ödüllər alan, ilin müəllimləri, əməkdar müəllimlər, test banklarının müəllimləri yer alıb”. S.Vəliyevanın sözlərinə görə, ən mütərəqqi təhsil üsullarını seçmək, onlardan səmərəli istifadə etmək və onları ümumiləşdirib yerli şəraitə tətbiq etmək kimi addımlar mərkəz üçün öz səmərəsini verib.
S.Vəliyeva həmçinin Kaspi Abituriyent-in Azərbaycanda abituriyentlərə təqaüd verən ilk təhsil mərkəzi olduğunu da diqqətə çatdırıb. Belə ki, mərkəz «Qızıl təqaüd», «Gümüş təqaüd» və «Bürünc təqaüd» paketlərini təqdim edir: «Bu təqaüdü alan abituriyentin şansı əvvəlcədən bəllidir. Artıq onlar 700 bal toplamağa iddialıdırlar. Sevindirici haldır ki, iki məzunumuz – Qulu Quliyev və Vəfa Qəmbərova TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək bal yığaraq ali məktəbə daxil olub və prezident təqaüdçüsü kimi fərqləndilər. Onlar «Bu günün Kaspi təqaüdçüsü, sabahın prezident təqaüdçüsü» devizini uğurla həyata keçiriblər».
Yaxın gələcəyə hesablanmış layihə

Tədbirdə təqdimatı keçirilən yeni «Elektron təhsil» layihəsindən danışan təsisçi bildirib ki, mərkəz elektron təhsilə keçən ilk müəssisədir: «Pulsuz təqdim etdiyimiz «Oxu TV» layihəsi üçün 550-yə yaxın dərsin videoformatda çəkilişi həyata keçirilib. Biz bu işin formatını dəyişib daha müasir variantda elektron təhsil sisteminə keçdik. Mən istərdim ki, gələcəkdə bütün təhsil ocaqları bu metoddan istifadə etsinlər».
Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyev mərkəzin bölmələrinin ölkə məkanında təqdim etdiyi məhsullardan və onların fərqli xüsusiyyətlərindən danışıb. Kaspi Abituriyent-in uğuruna toxunan mərkəz rəhbəri bu il prezident təqaüdçüsü adını qazanan tələbələrin mərkəzdə təhsil aldığı illərdə həmçinin “Kaspi” təqaüdçüləri olduğunu və ümumilikdə təqaüdlərin təsis olunmasının tələbələrdə motivasiyaedici stimul yaratdığını qeyd edib. “Növbəti üstünlük isə ondan ibarətdir ki, tələbələr üçün ilin əvvəlindən sonunadək dərslərdən əlavə məşğələlər təşkil olunur. Bu, onlara özlərini inkişaf etdirmək üçün imkan yaradır. Bu metodlar bizim rəqib mərkəzlərin heç birində tətbiq olunmur. Digər bir üstünlüyümüz isə müəllimləri seçərkən həssaslıq göstərməyimizdir. Ola bilməz ki, təsadüfi bir müəllim bizim abituriyentlərin qarşısına çıxsın”.
Kaspi Abituriyent-in nəşrlərinə toxunan mərkəz rəhbəri qeyd edib ki, hazırda bölmənin bütün fənlər üzrə nəşrləri yoxdur: «Bu o demək deyil ki, biz onları nəşr etdirə bilmirik. Bu o deməkdir ki, biz sadəcə hər bir dərs vəsaitinə və test bankına ciddi yanaşırıq. Biz testləri toplu şəkildə çap etmək baxışını ortaya qoymamışıq. Biz tələbənin hər gün burada keçdiyi dərsə uyğun vəsaitlərə və test banklarına uyğunlaşmasını istəyirik. Yəni əlavə materiala gərək olmadan, tələbəni yükləmədən onu qısa vaxt ərzində hazırlaya bilərik». Mərkəzin ölkədə təhsil sərgiləri keçirən yeganə şirkət olduğunu vurğulayan E.Əliyev bu uğuru universitetlərin təhsil mərkəzi ilə rəsmi partnyorluq əlaqəsi ilə izah edib. Mərkəz rəhbərinin sözlərinə görə, yaxın gələcəkdə elektron təhsil sahəsində qazanılacaq uğurlar mərkəzin növbəti layihəsi ilə bağlı olacaq. “Oxu TV”ni sosial layihə kimi ictimaiyyətə təqdim etdik və bu, 40 min istifadəçini əhatə edir. Hazırda 500-ə yaxın dərs çəkilib. Bu portaldan gündəlik təhsil yeniliklərini izləmək mümkündür. «Elektron təhsil» layihəsi yaxın gələcəyə hesablanmış layihədir. Bu il Azərbaycanda informasiya texnologiyaları ilidir və biz də təhsil şirkəti olaraq buna öz dəstəyimizi göstəririk».
Mərkəzin elektron təhsil layihələri üzrə rəhbəri Tural Əliyev yeni «Elektron təhsil» layihəsi barədə məlumat verərək qeyd edib ki, bu sistem Azərbaycanda nəinki özəl təhsil müəssisələrində, hətta, dövlət təhsil müəssisələrində ilk olacaq: «Bu layihə ölkədə bu qəbildən tamamilə fərqli bir sistem və imkanlar təqdim edəcək».
Tədbirin sonunda Kaspi Abituriyent bölməsinin ölkənin ali məktəblərinə daxil olan və tələbə adını qazanan məzunlarına qiymətli hədiyyələr təqdim olunub.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər