• çərşənbə, 24 Aprel, 03:47
  • Baku Bakı 14°C

“Kaspi” Təhsil Mərkəzi və Azercell şirkəti iki jurnalisti Londona göndərdi

29.09.14 18:17 2037
“Kaspi” Təhsil Mərkəzi və Azercell şirkəti iki jurnalisti Londona göndərdi
Hər zaman media ilə əməkdaşlığa böyük önəm verən Azercell Telekom-un jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları bu il də davam edəcək. Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azercell Telekom MMC-nin “Kaspi” Təhsil Mərkəzi ilə birlikdə jurnalistlər üçün təşkil etdiyi 6 aylıq ingilis dili kurslarında iştirak edəcək jurnalistlərin müəyyənləşməsi üçün elan verildi və ötən kursu bitirən media nümayəndələri sertifikatla təltif olundular.
Tədbirdə qeyd olundu ki, 2006-cı ildən etibarən İnkişafı Paylaşmaq Platforması layihəsi çərçivəsində Azercell jurnalistlər üçün müxtəlif peşəkar və xarici dil kursları təşkil edir. Uğurla davam etdirilən bu layihədə iştirak etmək üçün “Kaspi” Təhsil Mərkəzində peşəkar müəllimlər tərəfindən aparılan dərslərə bu il 48 nəfər jurnalist qatılıb. Şirkətin təşkil etdiyi ingilis dili kursları hər il 6 ay davam edir. Dərslər zamanı müxtəlif KİV təmsilçilərinə bir neçə səviyyəli proqram üzrə kurs keçirilir, mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək şansı yaradılır. Kursların məqsədi azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdır.
“Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev sözügedən kursun vacibliyindən danışdı: “Artıq beşinci ildir ki, bu layihə “Kaspi” şirkəti ilə birgə həyata keçirilir. Şirkətimiz 8 ildir ki, fəaliyyət göstərir və bu 8 ildə bizim ilk dəfə “poliqlot” bölməmiz açılıb. Hazırda şirkətimiz 8 təhsil mərkəzi və bir məktəblə fəaliyyətini davam etdirir. Bunların hər birində ingilis dilinin tədrisi mütləq hesab edilir. Şirkət olaraq ingilis dilinin tədrisinə çox önəm veririk. Xarici dillər üzrə müəllimlərin seçilməsi və proqramların hazırlanmasına xüsusi həssaslıqla yanaşırıq. Artıq beşinci ildir ki, Azərcell şirkəti “Kaspi” TM-lə birlikdə jurnalistlər üçün ingilis dili dərsləri keçir. Jurnalistlərin ildən-ilə müraciətlərinin sıxlığını nəzərə alsaq, elə hesab edirik ki, bu kurslarda jurnalistlər maraqlıdır”.
E.Əliyev kursa qəbul olmaq istəyən jurnalistlərə ətraflı məlumat verməyi də unutmadı: “Jurnalistlər üçün keçirilən ingilis dili kursları müxtəlif səviyyələrlə təşkil olunub. Belə ki, 4 səviyyədən ibarət olan ingilis dili dərslərinə qəbul olmaq üçün müəyyən imtahanlar keçirilir. Onlar ilk olaraq imtahan verərək öz biliklərinə uyğun səviyyədən ingilis dilinə başlayırlar. Dərslər qrup şəklində keçirilir. Əsasən dərsləri səhərlər ya iş vaxtından əvvələ, ya da axşamlar iş saatından sonraya salırıq. Biz jurnalistlərin iş qrafikinə uyğun işləyirik. Qruplar 8-10 nəfərdən ibarət olur. Bu il də yaxşı oxuyan, dərslərə məsuliyyətlə yanaşan iki iştirakçımızı xaricə yola salacağıq. Onların bütün kommunal, yol, otel xərcləri ödənilir. Bu, ingilis dilini öyrənən hər bir jurnalistin arzusudur. Səfər Azərcell şirkəti tərəfindən jurnalistlər üçün bir hədiyyədir. Müsabiqənin qalibi olmaq üçün jurnalistlər il boyu kurslarda fəal iştirak etməli, dərslərə hazırlıqlı gəlməlidirlər. Sonda iştirakçılardan seçilmiş ən yaxşı 4 jurnalist Azərcell şirkətinə təqdim olunur. Onlar da həmin uşaqların içindən 2 ən yaxşı iştirakçını seçirlər. Əgər kim müsabiqənin qalibi olmaq istəyirsə, ilboyu davamlı çalışmalı, dərsə məsuliyyətlə yanaşmalıdırlar”.
Azərcell şirkətinin korporativ əlaqələr departamentinin sədri Nigar Şıxlinskayanın sözlərinə görə, indiki zamanda ingilis dilinə tələbat çoxdur və bu gün jurnalistlərimizin ingilis və rus dilində rahat ünsiyyət qurub, yazı hazırlaması mühüm əhəmiyyət kəsb edir: “Biz hər zaman jurnalistlərin inkişafına dəstək verməklə yanaşı, söz azadlığının da inkişafına dəstək verməyin tərəfdarı olmuşuq. Jurnalistikanın inkişafı məhz söz azadlığının inkişafı deməkdir. Biz isə bunu şirkətimizin sağlam inkişafı üçün əsas şərtlərdən biri hesab edirik. Artıq neçə ildir ki, biz bu kursları açıq elan etmişik. Bu il dörd ingilis dili və bir rus dilli qrupumuz oldu. İngilis dili qrupları jurnalistlər tərəfindən böyük maraqla qarşılandı. Rus dili qrupunda isə iştirakçıların sayı bir qədər az oldu. Onun üçün də jurnalistləri bir qədər fəal olmağa çağırıram. Gələn il hər şey jurnalistlərin rus dilinə tələbatından asılı olacaq. Biz istəyirik ki, bütün jurnalistlərimiz təmənnasız olaraq dil kurslarından faydalansın”.
N.Şıxlinskaya Azercell Telekom MMC-nin fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrindən də söhbət açdı: “Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir. Bundan əlavə, Azercell indiyə qədər ölkə jurnalistləri üçün bir sıra təlimlər, o cümlədən ilk dəfə olaraq regionlarda işləyən media nümayəndələri üçün treninq keçirib. Şirkət “Ən yaxşı xəbərin yazılması və satılması” mövzusunda seminar təşkil edərək, Türkiyənin tanınmış media ekspertləri Mehmet Binay və Ayzen Atalayı, eyni zamanda “Biznes Jurnalistikası" mövzusunda Amerikanın nüfuzlu media eksperti Debora Potteri təlimçi qismində ölkəmizə dəvət edib. Azercell Telekom hər zaman olduğu kimi, Azərbaycan mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edəcək. Ümid edirik ki, öyrəndiyiniz dil biliklərini gələcəkdə öz fəaliyyətinizdə istifadə edəcəksiniz”.
“Kaspi” Təhsil Mərkəzinin İngilis dili şöbəsinin rəhbəri Xalidə İsayeva çıxışında kursa qeydiyyat haqqında lazım olan sənədlərdən danışdı. O bildirdi ki, qeydiyyat üçün təqdim edilən sənədlər sırasına iş yerindən arayış, son iki ay ərzində jurnalistin adı ilə nəşr edilən məqalələrin nüsxəsi, “Kaspi” Təhsil Mərkəzinin təqdim etdiyi ərizə formasını doldurmaq daxildir: “Bu sənədlər “Kaspi” Təhsil Mərkəzinin “Elmlər” filialına təqdim edilməlidir. Qeydiyyat müddəti isə bu gündən başlayaraq oktyabrın 15-dək davam edəcək. Qurban bayramı ilə əlaqədar 4-7 oktyabrda qısamüddətli fasilə olacaq. 20 oktyabrda isə dərslər başlanacaq. 15 oktyabrla 20 oktyabr arasında isə müraciət etmiş şəxslərin imtahanları keçiriləcək ki, bu imtahan nəticəsində onların bilik səviyyələri ortaya çıxaraq qruplaşdırılacaq”.
Tədbirin sonunda ötən kurslarda təhsil almış jurnalistlər sertifikatlarla təltif edildi. 2 jurnalist - Ramin Hüseynov və Səbinə Seyidova isə Londonda 2 həftəlik dil öyrənmək kursunda iştirak şansı qazandı.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər