AZE | RUS | ENG |


Kaspi Liseyinin balaca vunderkindi... – Kəşf

Kaspi Liseyinin balaca vunderkindi... – Kəşf
Faiq Nəcəfli: “Riyaziyyatda həll yollarını asanlaşdıracağam”


Bu gün Azərbaycanda istedadlı gənclər yetişməkdədir. Həmin gənclərin elmdə və digər sahələrdə etdiyi nailiyyətlərin səsi dünyanın hər tərəfindən eşidilir. Ancaq danılmaz faktdır ki, bütün uğurlar təməldən başlayır. Bu məsələdə məktəblərin də üzərinə böyük yük düşür. Məhz məktəblər uşaqlardakı qığılcımı görür, inkişaf etdirir və uğura doğru aparır.
Bu gün sizə təqdim edəcəyimiz müsahibimiz də belə gənclərdəndir.
Həmsöhbətimiz Kaspi Liseyinin 7-ci sinif şagirdi Faiq Nəcəflidir. Faiqin yaşının az olmasına baxmayaraq, natural ədədlərin 3-ə (9-a) bölünməsinin yeni baxış formasını kəşf edib. Belə ki, normal riyazi qaydada natural ədədlərin 3-ə və (9-a) bölünməsi üçün bu ədədin rəqəmlərinin cəmi 3-ə (9-a) bölünməlidir.
Məsələn, 1713 ədədini 3-ə bölmək üçün, 1+7+1+3-ü toplayıb 3-ə bölürük. Əgər alınan ədəd 3-ə bölünürsə, deməli, 1713 də 3-ə bölünür. Faiqin təklif etdiyi üsulla bu misalı aşağıdakı formada hesablamaq olar:
1713 -> 17+13 = 30 -> 3+0=3, deməli, 3 ədədi 3-ə bölünürsə,  1713 ədədi də 3-ə qalıqsız bölünür.
1713 -> 171+3 = 174 -> 17+4=21 -> 2+1=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür.
1713 -> 1+713 = 714 -> 71+4=75 -> 7+5=12 -> 1+2=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. Bu qayda ilə daha böyük ədədləri kiçik hissələrə ayıraraq 3-ə bölünüb bölünmədiyini asanlıqla yoxlamaq olar.
 
"Fərqli həll etdiyimin fərqində deyildim”

Faiq deyir ki, misalın həllinin fərqli yollarla tapdığının fərqində olmayıb: "Müəllimim evdə və ya sinifdə test verəndə mən həmişə öz üsulumla həll edirdim. Düzünü desəm, heç fərqinə varmamışdım ki, fərqli üsulla həll edirəm. İlk dəfə nənəm mənə tapşırıq verəndə o üsuldan istifadə etmişdim. Düşünmürdüm ki, fərqli nəsə edirəm. Elə bilirdim sinif yoldaşlarım da bu cür edirlər. Bir gün evdə nənəmlə misal həll edəndə, o, mənə izah etməyə çalışırdı ki, bu misalı belə yox, bu cür həll etmək lazımdır. Onda nənəm gördü ki, əslində, mən də düzgün cavabı alıram”.
 
Faiq ədədləri elə qruplaşdırır ki…

Faiqin nənəsi Nəzimə Vəliyeva riyaziyyat müəlliməsidir. Nəvəsinin dediklərini təsdiqləyən nənə deyir ki, hələ Faiq 5-ci sinifdən riyaziyyatda fərqli üsullar tətbiq edərək həll yollarını tapırdı: "Faiqin məntiqi çox güclüdür. 5-ci sinifdə kəsrlərin ixtisarı dərsində də, öz üsulları ilə bölürdü. Ona izah edəndə gördüm ki, bu uşaq prosesi tamam başqa cür aparır. Onun 5-ci sinifdə tətbiq etdiyi qayda yenilik deyildi. Amma o qaydanı hələ yuxarı siniflərdə keçəcəkdi. Bu gün haqqında danışdığımız üsul isə riyaziyyatda tətbiq olunmayıb. Natural ədədləri Faiqin etdiyi üsulla özüm də həll etdim, gördüm ki, cavab düz alınır. Ədədləri necə qruplaşdırırsa, cavabı düzgün alır. Faiq ədədləri elə qruplaşdırır ki, ona toplamaq da asan olur, həm də cavabı tez tapır. O, iştirak etdiyi olimpiadalarda və sınaqlarda da bu metoddan istifadə edir”.
Nəzimə nənənin sözlərinə görə, artıq özü də məktəbdə hesablamalarda Faiqin kəşf etdiyi üsulu tətbiq edir: "Faiqin tətbiq etdiyi yeniliyi təhsil aldığı Kaspi Liseyinə bildirdik. Liseydəki müəllimlər yoxladı və mənə bildirdilər ki, bu riyaziyyatda yeni baxış formasıdır. Sonra rəhbərlik səviyyəsində Faiqlə məşğul olmağa, ona motivasiya verməyə başladılar. Mən özüm də məktəbdəki həmkarlarıma bu üsulu deyir, daha tez həll yolunu tapmaq üçün Faiqin üsulundan istifadə edirəm”.
 
"Ən böyük motivasiyam müəllimlərim və direktorumdur”

Faiq deyir ki, riyazi tətbiqini öz yoldaşlarına da öyrədir: "Yoldaşlarımın hamısı eyni cür qarşılamır. Bəziləri mənə "halal olsun” deyir, bəziləri isə "bu elə də böyük kəşf deyil” deyib ruhdan salmağa çalışırlar. Amma liseydəki müəllimlərim, direktorumuz bu istiqamətdə mənə dəstək olurlar. Bu, mənim üçün ən böyük motivasiyadır”.
Faiq riyaziyyatda yenilik etməsinə baxmayaraq, bütün fənləri eyni dərəcədə sevir. Onun coğrafiyada, tarixdə də müəyyən uğurları var. İştirak etdiyi bütün olimpiadalarda, yarışlarda yoldaşlarından seçilir: "Mən fənlər arasında fərq qoymuram. Çünki bir dəfə fərq qoymuşam, nəticəsini görmüşəm. Bir fənni zəif oxuyub, digərini sevirəm deyə yaxşı oxuya bilmərəm. Şagird bütün fənlərə sevgi ilə yanaşmalı və eyni dərəcədə oxumalıdır. Hansısa fənni zəif bilməyim mənim xeyrimə yox, ziyanımadır. Digərləri əla olsa da, bir mənfi məni geri salır”.
 
"Uşaqlar riyaziyyatdan qorxur”

Müsahibimizin ən böyük arzusu riyaziyyatda bütün həll yollarını asanlaşdırmaqdır. Deyir ki, məhz belə çətinliklərə görə, şagirdlər bu fəndən qorxurlar: "Ən böyük planım riyaziyyatı asanlaşdırmaqdır. İstəyirəm ki, uşaqlar daha asan həll yollarını tapsınlar. Çox uşaq riyaziyyatdan qorxur, çətinlik çəkir. Amma riyaziyyatdan qorxmaq lazım deyil. Riyaziyyat elə fəndir ki, həll edildikcə öyrənilir. Bir-iki dəfə həll yolunu tapmadıqda bəzi uşaqlarda riyaziyyata nifrət yaranır. Amma bir az çalışsalar, nəticə əldə edəcəklər. Ən maraqlı fənn riyaziyyatdır. Riyaziyyatdan qorxmaq lazım deyil. Kitabı açırsan, iki cümləlik qayda əzbərləyirsən, bu, kifayət edir. Düsturları bildinsə, bütün həlləri tapırsan. "Hamı yaxşı oxumalıdır” deyə bir şey yoxdur. Biri "3”, biri "5”, digəri "5+” alır. 3 alan da nə vaxtsa yaxşı oxuyub. Amma hansısa çətinliklərdən qorxaraq geri düşüb. Uşaqlar düsturlardan qorxurlar. Riyaziyyat diqqət və məntiq tələb edir. Diqqətli, məntiqli olsan və vaxta qənaət etsən, görərsən ki, riyaziyyat ən maraqlı fənlərdəndir”.
Faiq vurğulayır ki, o da hər dəfə əla qiymətlər almır. Amma ailəsinin və liseyin dəstəyi ilə pis qiymət alsa belə, məqsədindən dönmür: "Valideynlərim və müəllimlərim mənim uğurlarımı sevinclə qarşılayırlar. Mənim də zəif qiymət aldığım vaxtlar olub. Amma ailəm hər dəfə mənə dəstək çıxıb. Məni cəzalandırmayıblar və səhvlərimi ailədə müzakirə ediblər. Mənə səhvlərimdən nəticə çıxarmağı cəza verməklə yox, izah etməklə öyrədiblər. Bütün valideynlər və müəllimlər belə olsa, bütün şagirdlərin istedadları üzə çıxar”.
 
"Faiq fərqli şagirddir”

Kaspi Liseyinin direktoru Tural Əliyev deyir ki, Faiq istər məntiqi, istərsə də zəkası ilə digər uşaqlardan fərqlənir: "Faiq liseyin yaxşı oxuyan uşaqlarındandır. Hətta yüksək bal topladığı üçün liseydə güzəştli qiymətlə təhsil alır. Uşaqlardan tam fərqlənir. Riyaziyyatla bağlı isə xüsusi istedadı var. Faiqin 3-ə və 9-a bölünmənin fərqli üsulunu tapdığını müəllimləri bizə demişdi. Biz də gördük ki, həqiqətən də yaradıcı üsuldur. Faiqin fərqli yanaşmasını müşahidə etdik. O, istər ünsiyyətdə, istər dərslərdə tam fərqlidir, kənardan müşahidə etdikdə görürsən ki,  daim nə isə düşünür, nəyinsə axtarışındadır. Onu hansısa əyləncə ilə məşğul olduğunu görmürük, tənəffüs vaxtı da dərsləri ilə məşğul olmağa üstünlük verir. Təkcə riyaziyyatdan yox, digər fənlərdən də yaxşı nəticə göstərir”.
 
"Məqsədimiz şagirdlərdəki qığılcımı görüb, üzə çıxarmaqdır”

Direktor deyir ki, lisey hər bir uşağın potensialının üzə çıxarılması və inkişaf etdirilməsi üçün əlindən gələni edir: "Biz çalışırıq ki, hər bir uşağın potensialını üzə çıxaraq. Liseydə təhsil alan şagirdin nəyə həvəsi varsa, bunu üzə çıxarıb üzərində çalışırıq. Onu düzgün istiqamətləndirmək üçün əlimizdən gələni edirik. Əsas məqsədimiz odur ki, o qığılcımı görək, görəndən sonra da üzərində işləyib üzə çıxaraq. Faiqdə də bu qığılcımı gördük və bütün müəllimlərlə birgə ona bu uğurunu davam etdirmək üçün motivasiya verib düzgün istiqamətləndirdik”.
Aygün ƏZİZ 
 



 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001