• cümə, 29 Mart, 02:25
  • Baku Bakı 7°C

“Kaspi” Liseyində “Xocalım” adlı tədbir keçirilib

22.02.17 21:11 2155
“Kaspi” Liseyində “Xocalım” adlı tədbir keçirilib
Müharibənin uşaqları... Soyuq küləklər əsdi, körpə dünyalarında, qızarmış gözlərlə baxdılar səmaya... Məhv olmuş uşaqlıqlarını unudub, ölmüş oyuncaqlarını basdırdılar... Onlar körpə tellərinə ağ dənlər düşən, yaşlarından yaddaşlarından çox böyük olan, lalə kimi al qana boyanan müharibənin uşaqlarıdır...
Bu sətirlər dünən "Kaspi” Liseyində keçirilən Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Xocalım” tədbirində səsləndi.
Liseyin şagirdlərinin hazırladıqları kompozisiyadan sonra çıxış edən "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva 25 il keçməsinə baxmayaraq, Xocalı dərdinin bu gün də eyni hisslərlə yad edildiyini bildirdi: "Tədbir salamsız-kəlamsız, təqdimatsız başladı. Bu, Xocalı dərdinin bir gecədə gözlənilməyən bir dərd kimi gəlməsinə işarə idi. 25 il keçməsinə baxmayaraq, biz o günü sanki dünən olmuş kimi qarşılayırıq və bundan sonra da belə qarşılayacağıq. Çünki o insanların qisası alınmayıb, qanı yerdə qalıb. Həmin gün Xocalıya divan tutuldu. Azərbaycanın gözəl yurdu bir gecənin içində yerlə-yeksan edildi. 613 nəfər həmin gecədə şəhid oldu. Burada iki hərbin zabit və əsgərləri üz-üzə gəlmədi, dinc sakinlər, əksəriyyəti də qadın və uşaqlar olan insanlar qətlə yetirildi. Xocalının dərdini anlamaq üçün Xocalıdan olmaq lazım deyil. Azərbaycanın hansı nöqtəsindən olsaq da, bu bizim dərdimizdir. Heminqueyin bir sözü var: "Əgər Avropada sel gəlirsə, bir qayadan bir daş qoparırsa, demək, Avropa bir qaya qədər kiçilir. Bir evi aparırsa, deməli, dünya bir ev qədər kiçilir. Kilsə zəngləri çalınır, kimsə ölürsə, demə kimdi ölən. Bu sənin yerdaşındır”. Amma dünya bizim dərdimizə kardır, kordur”.
Şagirdlərə müraciət edən təsisçi vurğuladı ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması bu günün uşaqlarının, gənclərinin vəzifəsidir: "Həmin gün hamilə qadın ərinin gözləri önündə öldürülüb ki, dünyaya türk gəlməsin. Qarabağ mahnısını ifa edib deyə, gitara ifaçısının barmaqları qırılıb.Təhqir olunmuş qadınlar, mənliyi, şəxsiyyəti təhqir olunmuş insanlar... Tarixdə misli görünməyən faciə baş verdi həmin qanlı gecə... Bunları həmin günün şahidləri deyir. Yəhudilər İkinci Dünya müharibəsində yaşadıqları faciəyə baxmayaraq, sonradan şahidlərin hesabına bu məsələdən qalib çıxdılar. O şahidlər dünyaya car çəkdilər və inandırdılar. Biz də şahidlərin sözünü dünyaya çatdırmaları üçün mübarizə aparmalıyıq. Bu təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş terror aktı, soyqırımıdır. Dünya buna biganə qalmamalıdır. Çünki belə olduqca, bu cür hadisələr dünyanın hər bir yerində baş verəcək”.
S.Vəliyeva bildirdi ki, hər bir şagird, tələbə öz üzərində işləməli, başımıza gətirilən hadisələri dərindən öyrənməli və heç vaxt unutmamalıdır.
Tədbirdə iştirak edən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması İctimai Birliyinin sədri Bayram Səfərov bildirdi ki, faciənin şahidi kimi, başımıza gətirilən müsibətləri uşaqlara danışmaq onun borcudur: "Balalarımız o qədər təhsilli olmalı, tarixi gözəl bilməlidirlər ki, dünyanın hər yerində həqiqətləri çatdıra bilsinlər. Mən Şuşada yaşamışam. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bu gün də yadımdadır. Baxmayaraq ki, Şuşa ilə Xocalının arasında 30 kilometrə yaxın məsafə var, insanların fəryadı, vahiməli səslər bu gün də qulağımda səslənir. Biz hər birimiz elə tərbiyə almışdıq ki, bütün xalqlar qardaşdır. Biz bilməmişdik ki, qapımızda işləyən, süfrəmizi açdığımız ermənilər düşmənimizdir”.
Millət vəkili Flora Qasımova bildirdi ki, Xocalıda törədilən bu cinayət tarximizin ən qanlı səhifəsidir: "Bir gecədə 613 nəfər öldürüldü. Onların 106-sı uşaq, 70-i yaşlılar idi. 1275 nəfəri əsir tutdular. 470 nəfərdən çoxu yaralandı. Əsir tutulanlardan 150 nəfərdən hələ də məlumatımız yoxdur. Ümumiyyətlə 4000-ə yaxın azərbaycanlılar əsir götürülüb və onların haqqında heç bir məlumatımız yoxdur. Torpaq namus məsələsidir. Necə ana, bacı namusu çəkiriksə, torpağımızın da namusunu çəkməliyik”.
Xocalı sakini, Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov faciə zamanı hər iki valideynini itirib. O, tədbirdə atasının qəhrəmancasına həlak olmasından danışdı: "Faciə zamanı atam, anam, əmim, iki nənəm və bir çox yaxın qohumum şəhid oldu. Xocalıdan hər iki valideyni şəhid olmuş 25 uşaq çıxmışdı. Bu 25 uşağa müxtəlif adlar qoyurlar. Müharibə uşaqları və ya böyüməyən uşaqlar. Çünki biz uşaqlıq görmədik. Ən böyüyümüzün 12, ən balacamızın 3 yaşı var idi. Biz körpəlikdən gənclik çağına keçdik. Hadisələr vaxtı atama "Mixaylo” ləqəbi qoylumuşdu. Atam səlis erməni dilində danışa bildiyi üçün erməni kəndlərinə gedib onların texnikalarını məhv edirdilər. Buna görə ermənilərin bizə qarşı kini var idi. Atam tapşırmışdı ki, heç kim erməniyə təslim olmasın. Hər kəs bir güllə saxlasın və erməni tutanda, özünü öldürsün. Atam özü mühasirəyə düşdükdə, təslim olmamaq üçün əl qumbarası ilə özünü partlatdı və özü ilə birgə erməniləri də öldürdü. Nənəm, babam, əmim son güllələri ilə özlərini güllələmişdilər”.
Çıxışlardan sonra tədbir kompozisiyalarla davam etdirildi.

Aygün Əziz




banner

Oxşar Xəbərlər